Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-404/2024 31.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşaq” tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “uşaq” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X5 onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(057)-143/2021 saylı Qətnaməsi ilə iddiaçı X1 ona qarşı uşaq tələbinə dair iddiası təmin edilmiş və xx.xx.2016-cı il təvəllüdlü X10, xx.xx.2017-ci il təvəllüdlü X5 anasına verilməsi qərara alınmışdır. Qeyd olunan qətnamənin icrası Salyan rayon icra və probasiya şöbəsinə həvalə edilmiş və həmin qurumda başlanılmış icraat 4 dəfə həyata keçirilmişdir. xx.xx.2016-cı il təvəllüdlü X10, xx.xx.2017-ci il təvəllüdlü X7 heç bir icraat zamanı analarına getməmişdir. Salyan rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi icra edilə bilmədiyindən Salyan Rayon Məhkəməsinə geri qaytarılmışdır. Hazırda uşaqlar onunladır və himayəsində yaşayırlar. Uşaqlar məktəb yaşlıdır və hər iki uşağa cavabdeh razı olmadığından şəxsiyyət vəsiqəsi alına bilmir. Uşaqlar da cavabdehlə getmədiyindən bu günə qədər şəxsiyyət vəsiqəsi alınmamışdır. Elektron hökümət dövründə yaşayırıq və məktəbdən tutmuş bütün orqanlar şəxsiyyət vəsiqəsi tələb edir. Cavabdeh isə bunda maraqlı deyil və könüllü olaraq şəxsiyyət vəsiqələrinin alımasından yayınır. Onun əlində hər hansı hüquq təsdiqedici sənəd olmadığından heç bir iş görə bilmir. Mediasiyaya müraciət etsə də, cavabdeh iştirak etməmişdir. 50 manat mediasiya, 50 manat dövlət rüsumu, cəmi 100 manat ödənilmişdir. Bütün bunlara görə uşaqların ona gəlmədiyini görən cavabdeh Aysel Zərbalıyeva evə köçürməkdən istifadə etmək istəyərək uşaqlarının yanına gəlmək istəsə də, uşaqlar onu qəbul etməmişdir. Buna görə də, iddia tələbi təmin edilməlidir. Uşaqların bütün təminatı, təhsili sağlamlığı və yaşayışı onun üzərinə düşür. Buna görə də, Salyan rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarını əsas götürməklə, uşaqların mənafeyi nəzərə alınmaqla onun himayəsinə verilməlidir. Qeyd olunanları nəzərə alaraq xx.xx.2016cı il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X7 onun himayəsinə verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Aysel ilə onun oğlu xx.xx.2016-cı il tarixdə ailə qurmuş, birgə nikahlarından 27 avqust 2016-cı il təvəllüdlü X10 və 31 avqust 2017-ci il təvəllüdlü X7 anadan olmuşlar. Aysel başqa kişi ilə telefon əlaqəsi saxlayan zaman bundan onun oğlu xəbər tutmuş, sonradan iddiaçı və onun əlaqə saxladığı şəxs bir-birilə yaxın münasibətlərdə olduğunu etiraf etmiş, buna görə də, oğlu buna dözməyərək özünə qəsd etmişdir. Azyaşlı nəvələri ataları öldükdən sonra onun yanında yaşayır, məhkəmə qətnaməsi olmasına baxmayaraq, nəvələri analarının yanına getməkdən və görüşməkdən qəti şəkildə imtina edir. Hazırda nəvələri məktəb yaşlı olduqları üçün onlara şəxsiyyət vəsiqəsinin alınması zəruridir. Cavabdeh isə könüllü olaraq şəxsiyyət vəsiqələrinin alımasından yayınır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında göstərmişdir ki, uşaqların nənədən alınıb anasına qaytarılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır, lakin həmin qətnamə hal-hazıra kimi icra olunmamış, uşaqlar iddiaçıdan alınıb cavabdehə verilməmişdir. Uşağın cavabdehə qaytarılması ilə əlaqədar iddiaçı və cavabdeh icra və probasiya şöbəsində olmuşlar, iddiaçı uşağı anasına qaytarmış, lakin uşaqlar analarına getmək istəməmişdir. Hazırda uşaqlar məktəb yaşlı olduqları üçün onlara şəxsiyyət vəsiqəsinin alınması zəruridir. Salyan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi ilə razıdır, həmin rəy düzgündür. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, həmin iddia əsassız və ədalətsizdir. Belə ki, xx.xx.2016-cı il tarixdə iddiaçının oğlu X11 ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 27 avqust 2016-cı il təvəllüdlü X10 və 31 avqust 2017-ci il təvəllüdlü X7 anadan olmuşlar. Əri xx.xx.2020-ci il tarixdə vəfat etmiş, həmin ərəfədə özü xəstəxanada olmuşdur. Həyat yoldaşı özünə qəsd etdikdən sonra onun anası Solmaz və qardaşı Ayşad onun 2 azyaşlı övladını zorla əlindən alaraq qanunsuz olaraq öz himayəsində saxlamışdır. O, uşaqlarının alınıb ona qaytarılmasından ötrü məhkəmədə iddia qaldırmış və Salyan Rayon Məhkəməsinin qətnaməsinə əsasən hər iki uşağın nənəsindən alınaraq ona verilməsi qət edilmişdir. Bütün bunlara baxmayaraq, Solmaz uşaqları ona verməkdən qəsdən boyun qaçıraraq özündə saxlamaqdadır. Məhkəmənin qətnaməsi icra olunmadığından indi də Solmaz uşaqların onun himayəsinə verilməsi barədə məhkəmədə iddia qaldırır. Bu mümkün olmayan işdir. Nə qədər ki, uşaqların anası sağdır, uşaqları necə onun nənəsinin himayəsinə verə bilərlər? İddiaçı ərizəsində göstərir ki, guya o, uşaqların doğum şəhadətnaməsi və şəxsiyyət vəsiqələrinin alınmasında maneçilik törədir. Bu tam yalandır. Onlar heç vaxt uşaqları onun yanına gətirib birlikdə Asan Xidmətə getməyi təklif etməmişlər. Əgər belə bit təklif olsa idi, o, bundan imtina etməzdi. İstənilən vaxt əgər uşaqları onunıa birlikdə Asan Xidmətə getmək istəsələr, o, buna hazırdır və onların məktəbə getmələrində bütün köməkliyini etməyə hazırdır. O, uşaqları Kərimov Asəf və Kərimova Mələyin anası kimi heç vaxt onların nənəsinin himayəsinə verilməsinə razı deyildir. Əgər onun başına bədbəxt hadisə gələrsə yenə də uşaqların uşaq evinə verilməsini istəyər. Qeyd olunanlara əsasən, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Salyan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin komissiyanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə İddiaçı, onun vəkili Vəkil və Cavabdeh izahatlarını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; AZ-İİİ 833470 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2016-cı il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, atası X11, anası X3r. AZ-İV 008923 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, atası X11, anası X3r. Salyan Rayon Məhkəməsinin 2(057)-143/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh İddiaçı qarşı uşaq tələbinə dair iddası təmin edilmiş, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 alınaraq X4 verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2586/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 2(057)-143/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin 2(102)-1125/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2586/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Salyan Rayon Məhkəməsi tərəfindən verilmiş 2(057)-143/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 alınaraq iddiaçı X4 verilməlidir. Qeyd olunan icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, borcluya “İcra haqqında” Qanunun 8-ci maddəsinə əsasən 10 gün könüllü icra müddəti verilmiş və rəsmi bildiriş göndərilmişdir. Uşaqların cavabdehdən alınıb iddiaçıya verilməsi ilə bağlı Salyan rayon icra və probasiya şöbəsində xx.xx.2022-ci il tarixdə icra tədbiri təyin olunmuş, lakin uşaqlarla müvafiq profilaktik, psixoloji söhbətlər aparılmasına baxmayaraq, onlar ağlayaraq anaları Cavabdeh getməkdən imtina etmiş və icra tədbiri baş tutmamışdır. Növbəti dəfə icra tədbiri xx.xx.2022-ci il tarixinə təyin olunmuş, bu dəfə də uşağın anaya alınıb verilməsi baş tutmamış və bu barədə tərəflərindən akt tərtib olunaraq işə əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “icra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsi tərəfindən verilmiş 2(057)-143/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin Salyan Rayon Məhkəməsinə qaytarılması qərar alınmışdır. xx.xx.2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, Cavabdeh uşaqların nənələri İddiaçı öhdəsində olma faktının təsdiq olunması barədə mübahisə üzrə xx.xx.2023-cü il tarixində, 14:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Salyan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 nənələri, iş üzrə İddiaçı himayəsinə verilməsi məqsədəuyğun hesab edilmişdir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, komissiyanın iclasına dəvət olunmuş İddiaçı azyaşlı nəvələrinin ataları öldükdən sonra onun yanında yaşadıqlarını, məhkəmə qətnaməsi olmasına baxmayaraq nəvələrinin analarının yanına getməkdən və görüşməkdən qəti şəkildə imtina etdiklərini bildirmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.4-cü maddəsində göstərilir ki, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərindən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Həmin Məcəllənin 61.4-cü maddəsinə əsasən, məhkəmənin qətnaməsinə əməl etməyən valideynə qarşı mülki-prosessual qanunvericiliyə uyğun ölçü götürülür. Bu qətnaməyə qəsdən əməl edilmədikdə, məhkəmə uşaqdan ayrı yaşayan valideynin tələbi ilə uşağın mənafeyi və rəyi nəzərə alınmaqla onun həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən, valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən, valideynlərin və ya başqa şəxslərin yanında yaşayan uşağın tərbiyəsinin və inkişafının təmin olunmaması məhkəmə tərəfindən müəyyən edilərsə, məhkəmə uşağı müvafiq icra hakimiyyəti orqanının himayəsinə verə bilər. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən, valideynlər (onlardan biri) öz valideynlik vəzifələrini yerinə yetirmədikdə; alimenti qəsdən ödəmədikdə; heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə; valideynlik hüquqlarından sui-istifadə etdikdə; uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə; xroniki alkoqol və narkomaniya xəstəsidirsə; uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə; uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə valideynlik hüquqlarından məhrum edilə bilərlər. Həmin Məcəllənin 68.3-cü maddəsinə əsasən, valideynlərin davranışı onlarla qalan uşaq üçün təhlükəlidirsə, valideynlik hüquqlarından məhrumetmə üçün əsas yoxdursa, valideynlik hüquqlarının məhdudlaşdırılmasına yol verilir. Valideynlər öz davranışını dəyişməzlərsə, valideynlik hüquqlarının məhdudlaşdırılması barədə məhkəmə qətnaməsinin çıxarılmasından 6 ay keçdikdən sonra müvafiq icra hakimiyyəti orqanı uşaqların mənafeyini nəzərə alaraq valideynlik hüquqlarından məhrumetmə iddiası qaldırmalıdır. Müvafiq icra hakimiyyəti orqanı valideynləri (onlardan birini) bu müddətdən də tez valideynlik hüquqlarından məhrumetmə barədə iddia qaldıra bilər. “Uşaq Hüquqları Bəyannaməsi və Uşaq Hüquqları Haqqında" BMT Konvensiyasının 6-ci prinsipinə əsasən, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir, azyaşlı uşaq müstəsna şərait mövcud olduğu hallardan başqa anasından ayrılmamalıdır. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s. Baxılan işdə azyaşlı uşaqların analarında ayrılması üçün yuxarıda göstərilən hallardan hər hansı biri işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Ailə Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə Salyan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli rəyini müzakirə edərək hesab edir ki, həmin rəy işin hallarına, Asəf və Mələk adlı uşaqların mənafeləri baxımından əsaslı və düzgün deyildir. Belə ki, Salyan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası əvvəllər məhkəmənin icraatında olmuş 2(057)-1518/2020 saylı mülki iş üzrə Asəf və Mələk adlı uşaqların anaları Aysel Zərbaliyevanın himayəsinə verilməsinin məqsədəmüvafiq olması barədə rəy vermiş, həmin rəy verilərkən də uşaqlar nənələri ilə birlikdə yaşamışdır. Hazırkı iş üzrə verilmiş rəydə isə uşaqların nənənin yanında qalmaq istəmələri əsas tutularaq əvvəlki rəyin əksinə, yəni uşaqların nənəsinin himayəsinə verilməsinin məqsədəmüvafiq olması barədə rəy verilmişdir. Lakin həmin rəy natamam olmaqla tam şəkildə əsaslandırılmamış, uşaqların hazırkı yaşda fizioloji və bioloji cəhətdən ana qayğısına daha çox ehtiyacının olması araşdırılmamışdır. Odur ki, məhkəmə Salyan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının yuxarıda göstərilən məlum rəyini əsas sübut kimi qəbul etmir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 7.1-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Həmin qərarın 7.6-cı bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Salyan Rayon Məhkəməsinin 2(057)-143/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 alınaraq iddiaçı X4 verilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla da, sözügedən qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İddiaçı hazırkı iddiasını həm də onunla əsaslandırmışdır ki, uşaqlar ataları öldüyü andan faktiki olaraq onunla birlikdə yaşayır və nəvələri məktəb yaşlı olduqları üçün onlara şəxsiyyət vəsiqəsi alınması zəruridir. Halbuki, Salyan Rayon Məhkəməsinin yuxarıda göstərilən məlum qətnaməsi qəbul edilərkən də, uşaqlar iddiaçının yanında yaşamış, lakin bununla belə, məhkəmə tərəfindən həmin uşaqların anasının himayəsinə verilməsi məqsədəmüvafiq hesab edilərək uşaqların nənəsindən alınıb anasına verilməsi qət edilmişdir. Odur ki, məhz həmin əsasa görə və uşaqlara şəxsiyyət vəsiqəsinin alınmasından ötrü uşaqların iddiaçının himayəsinə verilməsi qanuni və əsaslı deyildir. Bundan başqa, Salyan Rayon Məhkəməsinin həmin qətnaməsi qanuni qüvvəyə minməklə icraya yönəldilsə də, indiyədək icra olunmamış və həmin uşaqların alınıb analarına verilməsi təmin olunmamış, indiyədək icra sənədinin icrası lüzumsuz olaraq süründürməçiliyə yol verilərək davam etdirilir. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayaraq hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “uşaq” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-404/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-404/2024
31.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver