Məhkəmə qərarları › İş №2(057)-436/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-436/2023

09.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-436/2023 09.03.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə aliment tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə verdiyi iddia ərizəsində Cavabdeh yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün alimentin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023cü il tarixdə qüvvəyə minən yeni Sərəncamına əsasən hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat məbləğində tutulması, həmçinin mediasiyaya ödədiyi 50 manat dövlət rüsumunun tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında bildirmişdir ki, qızı Könül ilə cavabdeh arasında nikah xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilmişdir.Birgə nikahlarından xx.xx.2019cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 doğulmuşdur. Əvvəllər münasibətləri yaxşı olsa da sonradan münasibətləri korlanmışdır. Hal-hazırda ayrı yaşayırlar. Yetkinlik yaşlarına çatmayan İlqar və İlay adlı uşaqlar anasının qızının himayəsindədir.Salyan Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2(057)1447/2022 saylı qətnaməsinə əsasən iddiaçıya hissə ilə aliment kəsilmiş və hazırda cavabdeh işləmədiyi üçün qazancı məlum deyildir. Ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, iddiaçı ilə nikahlarını xx.xx.2017-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından İlqar və İlay adlı iki uşaqları olmuşdur. Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Könül ilə aralarında Salyan rayon Qeydiyyat şöbəsində 29 iyun 2017-ci il tarixdə 128 nömrə ilə qeydə alınmış nikah pozulmuş, uşaqlar analarının yanında saxlanılmış və onların saxlanılması üçün hissə ilə aliment kəsilmişdir.Hazırda işləmir və hər ay hər uşağa görə 110 manat pul verə biləcəyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehi dinləyib, iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirib, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Salyan rayon Qeydiyyat Şöbəsinin rəisi R.Hüseynov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 anadan olmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında nikah xx.xx.2017-ci il tarixdə Salyan rayon Qeydiyyat Şöbəsində 128 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında nikah pozulmuş və bu barədə xx.xx.2022-ci il tarixdə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 184 nömrə ilə qeyd olunmuşdur. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(057)-1447/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Salyan rayon Qeydiyyat Şöbəsində 29 iyun 2017-ci il tarixdə 128 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2022-ci ildən başlayaraq hər ay aylıq əmək haqqının 1/3 hissəsi miqdarında aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq, uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-ci ilin yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. İddiaçı cavabdehdən 220 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdehin xx.xx.2022-ci il tarixdə anadan olmuş İlqar və xx.xx.2021-ci ildə anadan olmuş İlay adlı iki uşağı vardır. Digər tərəfdən iddiaçının uşaqların saxlanılmasında çətinlik çəkməsi, uşağın tələbatları, uşaqlar üçün müəyyən edilmiş hazırki yaşayış minimumu da nəzərə alınaraq iddia qismən təmin edilməli, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Salyan Rayon Məhkəməsinin 27 oktyabr 2022-cü il tarixli 2(057)-1447/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respubilkasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq, dövlət gəlirlərinə alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(057)-1447/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Salyan Rayon Məhkəməsinin 27 oktyabr 2022-cü il tarixli 2(057)-1447/2022 saylı qətnaməsi ilə alimentin tutulmasına xitam verilsin. Cavabdeh 56 manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında komputerdə yazılmışdır. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar