Məhkəmə qərarları › İş №2(057)-486/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-486/2024

17.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-486/2024 17.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahlarını 1 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat Şöbəsində 18 avqust 2016-cı il tarixdə rəsmi qeydiyyata aldırmaqla rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahlarından 20 dekabr 2016-cı il təvəllüdlü X4 və 01 fevral 2018-cı il təvəlludlu X5 adlı uşağları doğulmuşdur. Cavabdehlə əvvəllər mehriban yaşasalarda, sonradan xasiyyətləri uygun gəlməmişdir. Cavabdehlə uzun muddətdir ki, ayrı yaşayır. Hesab edir ki, cavabdeh bir ata kimi uşaqlarını saxlamağa borcludur. Ona görə də 20 dekabr 2016-cı il təvəllüdlü X4 və 01 fevral 2018-ci təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmarı üçün Cavabdeh hər ay hər uşağa 235 manat olmaqla, cəm 470 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq iddianın təmin edilməsini və qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 doğulmuşdur. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Abuşov X1 Aygün İslam qızı ilə xx.xx.2016-cı il tarixdə 1 saylı Bakı Asan Xidmət Mərkəzinin qeydiyyat şöbəsində rəsmi nikah daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1180 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Abuşov, arvada Abuşova soyadı verilmişdir. MŞS/MT-028/2023/0772A saylı, xx.xx.2024-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Salyan 1 saylı Mediasiya Təşkilatının arayışından görünür ki, Cavabdeh İMS-də iştirak etməmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçının Cavabdeh ilə birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 adlı övladları olmuşdur. Tərəflər rəsmi nikahda olsalar da, faktiki olaraq ayrılmışlar və birgə nikahından anadan olmuş uşaqları hal-hazırda iddiaçının himayəsindədir. Sadalanan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşaqların valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar iddiaçının yanında qaldığından, uşaqların saxlanmaları üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220,0 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Həmçinin, həmin qərarda qeyd olunmuşdur ki, ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 5-ci maddəsi). Bu baxımdan məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün aliment tutulmalıdır. Tərəflərin maddi, əmlak və s. vəziyyətlərini, həmçinin uşaqların əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, məhkəmə alimentin miqdarının sabit pul məbləğində iddiaçının iddia ərizəsində tələb etdiyi kimi hər ay hər uşağa görə 235 manat deyil, hər ay hər uşağa görə 180 manat müəyyən olunmasını məqsədəuyğun hesab edir. Belə ki, hazırkı halda cavabdehin iddiaçının tələb etdiyi miqdarda alimenti ödəmək iqtidarında olması məhkəmə tərəfindən öz təsdiqini tapmamış, bu barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Əksinə, müəyyən olunmuşdur ki, iddiaçı və cavabdeh hər ikisi eyni idarədə işləməklə eyni miqdarda, yəni 697 manat məbləğində əmək haqqı alırlar, ailələrini, həmçinin, birgə nikahlarından doğulmuş uşaqlarını da, həmin əmək haqları hesabına saxlamışlar. Belə olan halda, alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib deyildir. Bundan başqa, uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024cü il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362ci maddələrini rəhbər tutaraq. məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar