Məhkəmə qərarları › İş №2(057)-512/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-512/2024

19.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-512/2024 19.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı iştirakı ilə aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə verdiyi iddia ərizəsində Cavabdeh 10 may 2013-cü il təvəllüdlü X4 və 06 oktyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına qədər saxlanması üçün hər ay hər uşağa 200 manat olmaqla cəmi 400 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, Cavabdeh ilə 2009-cu ilin dekabr ayında evlənmiş, birgə nikahlarından 10 may 2013-cü il təvəllüdlü X4 və 06 oktyabr 2014-cü il təvəllüdlü X3 doğulmuşdur. Uşaqlar məhkəmə qətnaməsi ilə onun yanında qalmışlar. Heç vaxt aliment istəməmiş, cavabdehin imkanının olub-olmaması barədə məlumatı yoxdur. Cavabdeh Bakıda restoranların birində qabyuyan işləyir. Ona alimentin lazım olmadığını, lakin sosial yardım almaq üçün rəsmi sənədin lazım olduğunu bildirərək, hər uşağa görə 70 manat olmaqla cəmi 140 manat ailmentin Cavabdeh alınaraq ona verilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, sonuncu məhkəmə bildirişini şəxsən almasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nın 185-ci maddəsinə əsasən sonuncunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-983/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Salyan rayonu Kərimbəyli kənd inzibati ərazi nümayəndəliyində xx.xx.2014-cü il tarixdə 25 nömrə ilə qeyd edilmiş nikah pozulmuş və tərəflərin birgə nikahlarından doğulmuş 10 may 2013cü il təvəllüdlü X4 və 06 oktyabr 2014-cü il təvəllüdlü X3 ataları İddiaçı himayəsində saxlanılması qət edilmişdir. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 10 may 2013-cü il təvəllüdlü X4 və 06 oktyabr 2014-cü il təvəllüdlü X3 doğulmuşdur. Məhkəmədə elan olunmuş Salyan rayon İHB-nın Qaraçala qəsəbə İƏN-li tərəfindən verilmiş 08 yanvar 2024-cü il tarixli 08 saylı arayışdan görünür ki, İddiaçı Salyan rayonu Qaraçala qəsəbəsində himayəsində ailə üzvləri ilə birlikdə yaşayır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iddiaçı alimentin lazım olmadığını, lakin sosial yardım almaq üçün ona sənəd lazım olduğunu bildirmişdir.Həmçinin məhkəmə baxışı zamanı iddiaçı cavabdehin alimenti vermək imkanı olub olmaması barədə məhkəməyə hər bir sübutut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə iddianın rədd olunmasını daha əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ Cavabdeh10 may 2013-cü il təvəllüdlü X4 və 06 oktyabr 2014-cü il təvəllüdlü X1 üçün hər ay hər uşağa 70 manat olmaqla cəmi 140 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar