Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-612/2023 05.04.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh əmək haqqından ¼ hissə miqdarında olan alimentin azaldılaraq hər ay 300 manat sabit pul məbləğində alimentin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X1 izahat verərək bildirmişdir ki, Salyan Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(057)-715/2020 saylı qətnaməsinə əsasən cavabdehlə nümayəndəsi olduğu şəxs arasında nikah pozulmuş, nikah pozulduqdan sonra 09 fevral 2014-cü il təvəllüdlü X11 cavabdehin yanında saxlanılmış, oğlundan 09 fevral 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 05 may 2020-ci il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərin ¼ hissəsi miqdarında aliment tutularaq cavabdeh X4 verilməsi qət edilmişdir. Oğlu 12 dekabr 2022-ci il tarixdə X8 ilə rəsmi nikaha daxil olmuş, lakin aralarında olan ər-arvad münasibətləri ondan əvvəl olmuşdur.Ona görə də oğlunun nikah bağlamazdan əvvəl Cəmilə adlı qadından bir uşağı olmuş və həmin uşağın hazırda 5 yaşı tamam olacaqdır. Tərəflər arasında nikah bağlandıqdan sonra 22 fevral 2022-ci il təvəllüdlü X9 doğulmuşdur. Ümid Xüsusi Təyinatlı Qüvvələrdə işləməklə hərbiçidir. Oğlunun evi və maşını olmamışdır. Qanunvericiliyə əsasən bir uşaq üçün 220 manat aliment tutulmalıdır.İddiaçının başqa iki uşağı olduğu üçün iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, uşaqların sağlam böyüməsi üçün pula ehtiyac vardır. İddiaçı cavabdeh ilə nikahda olduğu halda başqa qadınla ailə həyatı qurmuşdur. Tərəflərin birgə nikahlarından olan 09 fevral 2014-cü il təvəllüdlü X11 hal-hazırda 10 yaşındadır. Ona görə də, alimentin azaldılması tələbinə dair iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş Salyan Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(057)-715/2020 saylı qətnaməsinin surətindən görünür ki, X3 cavabdeh İddiaçı qarşı aliment tələbinə dair ilkin və İddiaçı X4 qarşı nikahın pozulması tələbinə dair qarşılıqlı iddiaları təmin edilmiş, X7 ilə İddiaçı arasında Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış 02 noyabr 2011-ci il tarixli, 396 saylı nikah pozulmuş, nikah pozulduqdan sonra 09 fevral 2014-cü il təvəllüdlü X11 anası X3 yanında saxlanılmış, İddiaçı 09 fevral 2014-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 05 may 2020-ci il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq X4 verilməsi qət edilmişdir. Məhkəmədə elan olunmuş N nömrəli hərbi hissəsinin komandiri tərəfindən verilmiş SQ ******* nömrəli şəxsi vəsiqənin surətindən görünür ki, xx xxxxxx 1989-cu il təvllüdlü İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. Məhkəmədə elan olunmuş nikahın haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X8 arasında nikah 12 dekabr 2021-ci il tarixdə Sumqayıt Şəhər “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində 3203 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının C.İsgəndərova ilə nikahından 22 fevral 2022-ci il təvəllüdlü X9 adlı uşağı doğulmuşdur. Məhkəmədə elan olunmuş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X7 arasında nikah Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmiş və bu barədə xx.xx.2020-ci ildə nikahın pozulması haqqında akt qeydləri kitabında 117 nömrə ilə qeyd edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçıya məhkəmə qətnaməsi ilə aliment kəsilmiş və sonuncu həmin alimenti ödəməyə borcludur. İddiaçının qeyd etdiyi əsaslara görə məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin azaldılması mümkün deyildir. Cavabdehdən alimentin tutulması qanunvericiliyin tələbinə əsasən hissə ilə müəyyən edilmiş və həmin alimentin dəyişdirilməsi üçün məhkəmədə hər hansı bir hal aşkar olunmamışdır.İddiaçının başqa qadınla evli oldğu və iki uşağı olması halında hissə ilə kəsilmiş alimentin miqdarının azaldıması üçün əsas ola bilməz.İddiaçının ikinci dəfə evləndiyi qadın ondan aliment tələb etməmiş və ondan tələb olunan aliment hazırda əmək haqqının yarısından çox deyildir.Cavabdehin himayəsində olan uşağın hazırda 10 yaşında olması və tələbatının artması fonunda alimentin azaldılması məqsədəuyğun deyildir.İddiaçının qazancı və gəliri məlumdur və həmin əsasla ondan aliment hissə ilə tutulur. Ona görə də məhkəmə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını daha əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar.Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinin məzmunundan göründüyü kimi, valideynlər öz uşaqları barəsində bərabər hüquqa malik olmaqla və bərabər vəzifələr daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh ödənilən əmək haqqından tutulan ¼ hissədə olan alimentin azaldılaraq hər ay 300 manat sabit pul məbləğində aliment verilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə yazılmışdır. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-612/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-612/2023
05.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver