Məhkəmə qərarları › İş №2(057)-71/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-71/2023

10.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-71/2023 10.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı iştirakı ilə aliment tələbinə dair iddiası üzrə mülki işə 10 oktyabr 2023-ci ildə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Fahreddin oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 sentyabr 2009-cu il təvəllüdlü X1 18 yaşı tamam olan günə qədər saxlanılması üçün Cavabdeh Fahreddin oğlundan hər ay hər uşağa 200 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh Fahreddin oğlu ilə nikahlarını 09 senyabr 2006-ci il tarixdə Bakı şəhəri, Səadət Sarayında qeydə aldırmaqla rəsmiləşdirmişdir.Birgə nikahlarından 13 sentyabr 2009-cu il təvəllüdlü X2 anadan olmuşdur. Daha sonra cavabdehlə münasibətləri pozulmuş nəticədə Salyan Rayon Məhkəməsinin 04 iyun 2015-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, birgə nikahlarından doğulmuş 13 sentyabr 2009-cu il təvəllüdlü X2 yanında qalması qət edilmişdir. Həmin tarixdən uşağı ilə maraqlanmamışdır.Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Fahreddin oğlu hazırda Türkiyə Respublikasında yaşadığından onun məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Cavabdeh Fahreddin oğlunun məhkəmə tapşırığı ilə bağlı verdiyi izahatında qeyd olunmuşdur ki, uşağın saxlanması üçün müəyyən köməkliklər etmiş, özü kirayədə qaldığını ayda 1400 türk lirəsi verdiyini və 200 türk lirəsi məbləğində aliment verməyə razı olduğunu qeyd etmişdir. 200 manat aliment tələbi isə yüksək məbləğ olduğundan qəbul etmədiyini bildirmişdir. Mülki işə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 13 sentyabr 2009-cu il təvəllüdlü X2 doğulmuşdur. İş materiallarında olan Salyan Rayon Məhkəməsi tərəfindən verilmiş 30 mart 2022-ci il tarixili 2(057)-316/2022 saylı qərardaddan görünür ki, mülki iş üzrə icraat dayandırılmış və məhkəmə tapşırığı Türkiyə Respublikasının səlahiyyətli orqanına göndərilmişdir. 05 dekabr 2022-ci tarixində Beynəlxalq əməkdaşlıq idarəsi tətəfindən Salayan Rayon Məhkəməsinin Cavabdeh Fahreddin oğlu barəsində Türkiyə Respublikasının Ədliyyə Nazirliyindən daxil olmuş məktubla məhkəmə tapşırığına cavab məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ilin yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinin məzmunundan göründüyü kimi, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1.-ci maddəsinə əsasən valedeynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinin məzmunundan göründüyü kimi, valideynlər öz uşaqları barəsində bərabər hüquqa malik olmaqla və bərabər vəzifələr daşıyırlar. Məhkəmə iddiyaçını dinləyib, iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirib, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında nikah bağlanmış və yaşadıqları müddətdə 13 sentyabr 2009-cu il təvəllüdlü X2 adlı uşağı olmuşdur.Tərəflər arasında nikah pozulmuş, uşaq anasının himayəsində qalmış, cavabdeh isə Türkiyə Respublikasında yaşamaqla uşağın saxlanması üçün iddiaçıya yardım göstərməmişdir.Cavabdeh uşağına maddi yardım göstərməsi və ya başqa qaydada maddi köməklik etməsi barədə dedikləri ilə məhkəmə razılaşmır, cavabdeh uşağın saxlanması üçün müəyyən köməklik etməsini bildirsə belə onun aliment verməkdən azad olunması üçün kifayət deyildir.Ona görə də cavabdehin dedikləri ilə razılaşmayaraq iddianın təmin olunmasını daha əsaslı hesab edir. Məhkəmə, yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, tərəflərin birgə münasibətlərindən olan 13 sentyabr 2009-cu il təvəllüdlü X2 iddiaçının himayəsində yaşaması təsdiq edildiyindən və alimentin yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulması qanunvericiliklə müəyyən edildiyindən həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə, valideynlərin uşaqların saxlanılması üçün məsuliyyət daşımasını nəzərə alaraq belə hesab edir ki, alimentin miqdarı göstərilən diqqətəlayiq hallar, habelə tərəflərin maddi və ailə vəziyyəti, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla alimentin miqdarının 200 manat müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən alimentin tutulması xx.xx.2021-ci ildən hesablanmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiası təmin edilsin. Tərəflərin birgə nikahlarından doğulmuş 13 sentyabr 2009-cu il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün məhkəməyə müraciət olunan xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay 200 manat sabit pul məbləğində aliment Cavabdeh Fahreddin oğlundan alınaraq İddiaçı verilsin. Qətnamə dərhal icraya edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar