Məhkəmə qərarları › İş №2(057)-773/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-773/2023

24.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-773/2023 24.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X18 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X1 üçün sabit pul məbləğində hər uşağa 220 manat olmaqla, cəmi 440 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2000-ci ildə nikahlarını Salyan RİH Arbatan kənd İnzibati Ərazi Nümayəndəliyində rəsmi qeydə almışlar. Birgə nikahdan 4 uşaqları xx.xx.2001-ci il təvəllüdlü X11, xx.xx.2003-cü il təvəllüdlü X4, xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X7 doğulmuşdur. Salvan Rayon Məhkəməsində nikahları pozulmuşdur. Uşaqlar onun yanında saxlanılmışdır. Odur ki, Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X1 üçün sabit pul məbləğində hər uşağa 220 manat olmaqla, cəmi 440 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq sübutlar təqdim etmək üçün xx.xx.2023cü il tarixli məhkəmə iclasını 1 ay müddətinə təxirə salınmasnı xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, ürək çatışmamazlığı xəstəliyindən əziyyət çəkir. Eyni zamanda başqa xəstəlikləri də var. Füzulinin evində xəstəlik tapdığını, maddi imkanının olmadığını, bacı-qardaşının yanında qaldığını bildirmişdir. Uşaqlarını 3 ildir ki, görmür. Evli olduqları vaxtları böyük təsərrüfatları olub, 25 baş iri buynuzlu inək, xeyli sayda qoyunları, 70-ə yaxın hindquşu, çoxlu sayda toyuq-cücələri olmuşdur. Füzuli onu evdən çıxarılması ilə bağlı məhkəməyə ərizə vermişdir, iş baxılması üçün Şirvan Apelliyasiya Məhkəməsinə göndərilmişdir. Füzuli aliment tələb etməklə onu məcbur etmək istəyir ki, mülki tələbinə dair iddiasını qəbul etməyə məcbur olsun. Bunları nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə cavabdehin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, hesab ediri ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan X9 surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X7 doğulmuşdur. Salyan Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(057)-715/2022 saylı qətnamənin surətindən görünür ki, İddiaçı ilə X12 arasında Salyan rayon Arbatan kənd İnzibati Ərazi Nümayəndəliyində xx.xx.2000-ci il tarixdə, 11 nömrə ilə qeyd alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X8 İddiaçı himayəsində saxlanılması qət edilmişdir. İş materiallarına olan X10 xx.xx.2023-cü il tarixli Ambulator stasionar xəstənin Tibbi Kartasından çıxarışdan görünür ki, Cavabdeh sağ ayaqcığınıın blokadası diaqnozu qoyulmuşdur. Tibbdə ürəyin keçiricilik sistemində baş verən pozğunluq sayılır. Bu patoloji hala səbəb ürək əzələsinin qan təchizatıının pozulması - işemiya, iltihabı - miokardit, bəzən də zəhərlənmə, sağ mədəciyin həddən ziyadə yüklənməsi halları ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından doğulmuş uşaqları X5 və X7 iddiaçının yanında qalır. İddiaçı uşaqlarının saxlanılması üçün cavabdehdən aliment tələb etsə də, maddi çətinlikləri olması, cavabdehin qazancı barədə hər hası bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda iddiaçı məhkəməyə ünvanladığı teleqramda iddia tələbi ilə bağlı sübut təqdim edəcəyini qeyd etməsi onu göstərir ki, o, iddia tələbini əsaslandıra biləcək sübutu olmadığını bilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar