Məhkəmə qərarları › İş №2(058)-103/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-103/2024

24.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-103/2024 24.01.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz və geyim əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus cehiz aşyalarını və ya onların dəyərinin, 55 manat mediasiya xərcinin və ödənilmiş 91 manat dövlət rüsümün əvəzinin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2011-ci il tarixdə rəsmi nikaha daxil olublar. Cavabdeh ilə aralarında narazılıqlar olmuş, ailə münasibətlərinə son qoyulduqdan sonra o, cavabdeh ilə birgə yaşadığı evi tərk edərək ata evinə getmişdir. Ata evinə gedərkən ona məxsus cehiz aşyaları cavabdehin yaşadığı evdə qalmışdır. Cavabdehdən ona məxsus cehiz aşyalarını tələb etsə də cavabdeh həmin əşyaları ona qaytarmaqdan boyun qaçırdır. Qeyd olunan cehiz əşyalarının yəni, 1 ədəd yataq dəsti 1350 manat dəyərində, 1 ədəd künc divan 1800 manat dəyərində, 1 ədəd televizor 600 manat dəyərində, 1 ədəd soyuducu 500 manat dəyərində, 1 ədəd paltaryuyan 700 manat dəyərində, 1 ədəd qaz sobası 300 manat dəyərində, 3 ədəd çılçıraq 250 manat dəyərində, 1 ədəd stol 400 manat dəyərində, 6 ədəd stul 300 manat dəyərində, 2 ədəd tək çarpayı 200 manat dəyərində, 1 ədəd gül qabı 100 manat dəyərində, 1 ədəd meyvə qabı 50 manat dəyərində, 1 ədəd xalça 180 manat dəyərində, geyim aşyaları 300 manat dəyərində, ümumilikdə 7030 manat dəyərində əşyaların özlərinin, əşyalar mövcud olmadıqda isə onların dəyərinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehdən ona məxsus, adları və dəyərləri iddia ərizəsində qeyd olunan cehiz aşyalarının, həmçinin ona məxsus 300 manat dəyərində geyim aşyalarının, onlar mövcud olmadıqda isə dəyərinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini etiraf etdiyini və təmin olunmasına etirazının olmadığını bildirmiş, həmçinin işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. 185.5 Məhkəmə iddiaçının izahatını, cavabdehin iddia tələbini etiraf etməsi barədə ərizəsini və iş materiallarında olan sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, o, iddia tələbini etiraf edir və tələbin təmin olunmasına etirazının olmadığını bildirir. İş materiallarına əlavə edilmiş X1 1 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 181.1-ci maddəsinin tələblərinə görə daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respubikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Göstərilən normaların tələbləri baxımından özgənin qanunsuz sahibliyindən öz əmlakını tələb edən şəxs əmlakın özünün mülkiyyətində olmasını, həmin əmlakın cavabdehin sahibliyində olmasını və bu sahibliyin qanunsuz olmasını sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə baxışında müəyyən olunuşdur ki, İddiaçı Cavabdeh ilə 2011-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və Cavabdeh yaşadığı evə gəlin köçmüşdür. Sonradan tərəflər arasında münasibət pozulduğundan, iddiaçı cavabdeh ilə birgə yaşadığı evi tərk edərək ata evinə getmişdir. İddiaçının tələbinə görə, ona məxsus cehiz əşyaları hazırda cavabdehdədir və o, iddia ərizəsində sayı və dəyəri göstərilən həmin əşyaları özü ilə aparmamışdır. Cavabdeh həmin əşyaların iddiaçıya məxsus olmasını və hazırda onun evində olmasını mübahisələndirməmiş, hətta məhkəməyə ünvanladığı ərizəsində iddia tələbini etiraf edərək tələbin təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, cehiz və geyim əşyalarının iddiaçıya məxsus olması və hazırda həmin aşyaların cavabdehdə olması sübuta yetirildiyindən iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan 1 ədəd yataq dəst-1350 manat dəyərində, 1 ədəd künc divan-1800 manat dəyərində, 1 ədəd televizor-600 manat dəyərində, 1 ədəd soyuducu-500 manat dəyərində, 1 ədəd paltaryuyan-700 manat dəyərində, 1 ədəd qaz sobası-300 manat dəyərində, 3 ədəd çılçıraq-250 manat dəyərində, 1 ədəd stol-400 manat dəyərində, 6 ədəd stul-300 manat dəyərində, 2 ədəd tək çarpayı-200 manat dəyərində, 1 ədəd gül qabı-100 manat dəyərində, 1 ədəd meyvə qabı-50 manat dəyərində, 1 ədəd xalça-180 manat dəyərində, geyim aşyaları-300 manat dəyərində, ümumilikdə 7030 manat dəyərində cehiz aşyaları və geyim aşyalarının özləri, bu mümkün olmadıqda isə onların dəyəri alınaraq İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar