Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1118/2025 02.12.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X9 Əhməd oğlunun sədrliyi, Nəcəfova Gülnar Rəhman qızının katibliyi, İddiaçının nümayəndəsi - Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,95 misli həddində sabit pul məbləğində alimentin azaldılaraq, bir uşaq üçün 0,43 misli həddində sabit pul məbləğində alimentin tutularaq, Cavabdeh xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə nikah orqanlarında nikah qeydiyyata alınmaqla, bir yerdə yaşamaqla bir təsərrüfatı idarə etmişdir. Cavabdeh ilə birgə nikahdan xx.xx.2014-cü il tarixdə X6 anadan olmuşdur. Samux Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün bir uşağa görə 100 (yüz) manat sabit pul məbləğində alimentin ondan tutularaq, Cavabdeh xeyrinə ödənilməsi qət olunmuşdur. O, ikinci dəfə X2 ilə rəsmi nikaha girmiş, həmin nikahdan xx.xx.2021-ci il tarixdə qızı X5 və xx.xx.2023-cü il tarixdə X4 anadan olmuşdur. Hal-hazırda o, və arvadı Büllur Məmmədova heç yerdə işləmirlər. Alimentin miqdarının müəyyən edilməsi, uşağın ilkin vəziyyəti nəzərə alınmalıdır. O, dəbdəbəli həyat sürməmişdir, bu səbəbdən də uşağın əvvəlki dolanışıq səviyyəsində saxlamağa maddi durumu imkan verir. Cavabdeh ilə ailə quraraq bir yerdə yaşayan zaman ailədə olan maddi problemlərin olmasını yaxşı bilmişdir. Ailə aztəminatlıdır, o, ailə üzvlərinin maddi durumunu hazırki günün səviyyəsində saxlaya bilmir, ailəsi belə bir çətin maddi durumda olduğu halda, ərizəçi heç bir möhtəbər sübut gətirmədən, aliment artırılaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının həddində indeksasiya olunması barədə qərardad çıxarılmasını xahiş etmiş, məhkəmə təmin etmişdir. O, heç yerdə işləmir, aylıq gəliri yoxdur, günəmuzd işləyir, yəni iş olanda günə 10-20 manat qazanır. O, bir aya 400-500 manat həcmində pul qazanır. Belə olan halda bir uşaq üçün minimum əmək haqqının 0,95 misli həddində, yəni 385 manat alimenti ödədikdə başqa iki uşaqlarını necə saxlaya bilər. Bu onun ailəsinin maddi imkanında deyil, ailəsində böyük maddi çətinlik mövcuddur. Bu hal ailəsinin yenidən dağılması ilə nəticələnə bilər, bu səbəbdən, alimentin məbləği azaldılmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-Vəkil iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, alimentin azaldılmasını istəmir. Məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(058)- 75/2025 nömrəli qərardadından görünür ki, Samux Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(058)-89/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunmuş, xx.xx.2025-ci il tarixdən başlayaraq, 08 iyun 2014-cü il tarixdə anadan olmuş X3 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. İşdə olan xx.xx.2020-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 nikahları xx.xx.2020-ci il tarixdə 877 nömrəli akt qeydi ilə bağlanmışdır. İşdə olan AZ-İV 525842 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 birgə nikahlarından xx.xx.2021-ci il tarixdə X5 doğulmuşdur. İşdə olan V-БД 750740 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 birgə nikahlarından xx.xx.2023-cü il tarixdə X4 doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(058)-75/2025 nömrəli qərardadına əsasən Samux Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(058)-89/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunmuş, xx.xx.2025-ci il tarixdən başlayaraq, 08 iyun 2014-cü il tarixdə anadan olmuş X3 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Bu isə faktiki olaraq 380 manat məbləğində müəyyənləşdirilmişdir (0,95 x 400 manat). Məhkəmə tərəflərin maddi vəziyyətini, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu, habelə tərəflərin birgə nikahından doğulmuş uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini nəzərə alaraq, hesab edir ki, Samux Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(058)-89/2016 nömrəli qətnaməsi ilə təyin olunmuş və Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(058)-75/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği dəyişdirilməli, İddiaçı xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,55 (sıfır tam yüzdə əlli beş) misli həddində sabit pul məbləğində aliment tutulmalı, miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən ilkin mediasiya sessiyasına çəkdiyi xərcin əvəzini tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Samux Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(058)-89/2016 nömrəli qətnaməsi ilə təyin olunmuş və Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(058)-75/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği dəyişdirilsin. İddiaçı xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,55 (sıfır tam yüzdə əlli beş) misli həddində sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Samux Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-1118/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1118/2025
02.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver