Məhkəmə qərarları › İş №2(058)-1156/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1156/2023

13.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1156/2023 13.12.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X4 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında xx.xx.2013-cü il tarixdə bağlanmış nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X2 və saxlanılması üçün xx.xx.2022-ci il tarixdən hər ay uşağa görə 193-220 manat sabit pul məbləğində alimentin, ödənilmiş 50 manat dövlət rüsumunun və mediasiya xidməti üçün ödənilmiş 50 manat pulun cavabdehdən tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2011-ci ildə faktiki nikaha girərək ailə həyatı qurmuş, nikahlarını xx.xx.2013-cü il tarixdə rəsmiləşdirmişlər və AZ-İ 324361 nömrəli nikah haqqında şəhadətnamə almışlar. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X3 adlı övladı anadan olmuşdur. Ailə həyatı qurduqdan sonra cavabdehlə aralarında dəfələrlə narazılıq olmuşdur. O, xx.xx.2022-ci il tarixdən cavabdehdən ayrılıb valideynlərinin yanında, Samux rayonu, Ziyadlı kəndində yaşamış, uşağı onun yanında qalır və hazırda onun himayəsindədir. Birgə nikah dövründə doğulmuş övladına özü baxır və qayğısına qalır. Cavabdeh övladı ilə maraqlanmır və uşağın saxlanılması üçün heç bir maddi köməklik göstərmir. Hazırda o, cavabdehlə xeyli müddətdir ki, ayrı yaşayır. O, uşağının saxlanılmasında maddi cəhətdən çətinlik çəkir, uşağın maddi tələbatını ödəyə bilmir, evdar qadındır və heç bir yerdə işləmir. Dəfələrlə cavabdehə maddi köməklik üçün müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də o, xx.xx.2022-ci il tarixdə cavabdehlə aralarında olan nikahın pozulmasına və himayəsində olan uşağın saxlanılması üçün aliment tələbinə dair mediasiya şurasına rəsmi müraciət etmiş, mediasiya onun iştirakı ilə mediator tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş, cavabdeh mediasiya iclasında iştirak etmədiyi üçün barışıq sazişi əldə edilməmiş, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış almış, ona görə də, alimentin onun mediasiya arayışı aldığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanması zəruridir. Cavabdehlə ailə həyatına davam etdirmək niyyətində deyil, belə olan təqdirdə cavabdehlə aralarında olan nikahın pozulması vacibdir. Uşaq azyaşlıdır, normal yaşaması, böyüməsi üçün daimi maddi və mənəvi qayğıya ehtiyacı vardır, cavabdeh uşağın ehtiyacları ilə maraqlanmır, bir ata olaraq valideynlik borcunu yerinə yetirmir, uşağın saxlanılması üçün ona mütəmadi olaraq onun valideynləri köməklik göstərir, istehlak mallarının qiymətlərinin və pullu xidmət tariflərinin artması ilə əlaqədar olaraq, uşağın saxlanılması vaxt keçdikcə çətinləşir, bu səbəbdən hər ay cavabdehdən 193 manat məbləğində alimentin alınmasına zərurət yaranmışdır. Cavabdeh fərdi əməklə məşğul olur, qazancı (gəliri) dəyişkəndir, ona görə də, alimentin hər ay üçün sabit pul məbləğində tutulması zəruridir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, məhkəmə tərəfindən verilmiş 3 ay müddət ərzində barışmamışlar. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixdə Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Səfərova (Kazımova) Venera Zahir qızının nikahları xx.xx.2013-cü ildə 57 nömrəli akt qeydi ilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş “atalığın müəyyən edilməsi haqqında” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2012-ci il tarixdə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 24 noyabr 2012-ci il tarixdə X3 doğulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Samux 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər uzun müddətdir ki, ailə münasibətlərini kəsmiş, ər-arvad kimi yaşamırlar. Ayrı-ayrı ünvanlarda yaşamaqla müstəqil təsərrüfatı idarə edirlər. Onların nikahları formal xarakter daşıyır. Ailənin bərpası mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcələsinin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Məhkəmə hesab edir ki, uşağın yaşı və mənafeyi nəzərə alınmaqla xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 nikahın pozulmasından sonra iddiaçının himayəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanılmasına kömək və uşağa qayğı göstərmək onun valideynlik borcudur. Məhkəmə tərəflərin birgə yaşamalarının qeyri-mümkünlüyünü, eyni zamanda onlara verilmiş 3 aylıq müddət ərzində barışmadıqlarını, iddiaçı tərəfin nikahın pozulmasına təkid etməsini nəzərə alaraq, hesab edir ki, tərəflər arasında olan nikah pozulmalı, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay 180 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə Samux rayon Qeydiyyat şöbəsində 57 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulsun. Tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 nikahın pozulmasından sonra İddiaçı himayəsində saxlanılsın. Cavabdeh xx.xx.2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat məbləğində pul və 50 (əlli) manat məbləğində dövlət rüsumu, cəmi 100 (yüz) manat tutularaq İddiaçı ödənilsin. Qətnamənin “alimentlə bağlı hissəsi” qəbul edildikdən sonra dərhal qüvvəyə minir və həmin hissədə dərhal icraya yönəldilsin. İddia tələbi alimentlə bağlı qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilməsi onun alimentlə bağlı hissəsinin icrasını dayandırmır. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar