Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1209/2025 05.02.2026 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Məmmədova Sevinc İsa qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus olan – 1 ədəd brilyant qaşlı, 750 əyarlı (0.80 sot) çəkisi 5 qram olan nişan üzüyü-850 manat, 1 ədəd 583 əyarlı, çəkisi 15 qram olan sep rekert-1500 manat, 1 dəst brilyant qaşlı, 750 əyarlı, çəkisi 19 qram olan (kalye, qolbağ, üzük, tana) - 2800 manat və 1 ədəd 916 əyarlı, çəkisi 6.6 qram olan klon lirə-1000 manat, cəmi 6150 manat dəyərində qızıl-zinət əşyalarının natura şəklində alınmasına, bu mümkün olmadıqda isə həmin əşyaların dəyərinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə 1 saylı Gəncə “ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsində 265 nömrəli akt qeydi ilə Cavabdeh ilə rəsmi nikahları qeydə alınmışdır və birgə nikahlarından X4 adlı uşaqları doğulmuşdur. Cavabdehlə evlənəndən sonra bir müddət münasibətləri normal olsa da sonradan münasibətiləri pisləşmiş və aralarındakı nikah məhkəmə qaydasında pozulmuşdur. 2025-ci ilin fevral ayında cavabdehlə aralarında mübahisə yaranan zaman cavabdehin valideynləri onlara gəlmiş, cavabdehin atası ona demişdir ki, onlar gedir, Elnur da əsəbidir, ona xətər yetirər, ona görə də təklif etmişlər ki, onu hələlik aparıb atası evinə qoysunlar. O, cavabdehin valideynləri ilə birlikdə öz ata evinə getmişdir. Həmin vaxt qızılzinət əşyalarını özü ilə aparmamış, o, evdən çıxanda toy hədiyyəsi olaraq ona verilmiş qızıl-zinət əşyaları cavabdehin evində qalmışdır. Dəfələrlə ona məxsus qızıl-zinət əşyalarını cavabdehdən tələb etsə də cavabdeh həmin əşyaları ona verməkdən imtina etmişdir. Ona toy hədiyyəsi olaraq verilmiş qızıl-zinət əşyaları: 1 ədəd brilyant qaşlı, 750 əyarlı (0.80 sot) çəkisi 5 qram olan nişan üzüyü-850 manat, 1 ədəd 583 əyarlı, çəkisi 15 qram olan sep rekert-1500 manat, 1 dəst brilyant qaşlı, 750 əyarlı, çəkisi 19 qram olan (kalye, qolbağ, üzük, tana) - 2800 manat və 1 ədəd 916 əyarlı, çəkisi 6.6 qram olan klon lirə-1000 manat, cəmi 6150 manat dəyərində olan əşyalardan ibarətdir. Ona görə də cavabdehdən sözügedən qızıl-zinət əşyalarının naturada alınaraq ona verilməsi, bu mümkün olmayacağı təqdirdə isə həmin əşyaların dəyərinin yəni, ümumilikdə 6150 manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi və tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X2 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi verdi, həmçinin məhkəməyə ərizə təqdim edərək bildirdi ki, iddia ərizəsi tərtib edilərkən iddia tələbində texniki yanlışlıq olaraq iddiaçının vəkilə hüquqi yardım üçün ödədiyi 320 manat xərcin cavabdehdən onun xeyirinə tutulması tələbi göstərilməmişdir. Ona görə də həmin tələbin də nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi və hazırda ondan tələb etdiyi qızıl-zinət əşyaları həqiqətən də ondadır, belə ki, iddiaçı evdən gedərkən qızıl-zinət əşyaları onun evində qalıb, lakin o, bundan xəbərsiz olub. Hazırda anası ona bildirmişdir ki, iddiaçı evdən gedərkən qızıl-zinət əşyalarını aparmamışdır və həmin qızıl-zinət əşyaları onlara məxsus evdə qalmışdır. Qızıl-zinət əşyalarının qaytarılması hissəsində iddia tələbini qəbul edir və həmin qızıl-zinət əşyalarını iddiaçıya qaytarmağa hazırdır. Lakin maddi durumu aşağı olduğu üçün məhkəmə xərcləri ilə bağlı hissədə tələbin təmin olunmamasını xahiş edir, qızıl-zinət əşyalarının qaytarılması hissəsində isə iddia tələbinin təmin olunmasına razıdır. İş materiallarına əlavə edilmiş qızıl-zinət əşyalarının qiymətləndirilməsi barədə rəydən görünür ki, 1 ədəd brilyant qaşlı, 750 əyarlı (0.80 sot) çəkisi 5 qram olan nişan üzüyünün dəyəri -850 manat, 1 ədəd 583 əyarlı, çəkisi 15 qram olan sep rekert dəyəri - 1500 manat, 1 dəst brilyant qaşlı, 750 əyarlı, çəkisi 19 qram olan (kalye, qolbağ, üzük, tana) dəyəri - 2800 manat və 1 ədəd 916 əyarlı, çəkisi 6.6 qram olan klon lirənin dəyəri - 1000 manat təşkil edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sübutları (iddiaçı tərəfin təqdim etdiyi audio yazını) tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 181.1-ci maddəsinin tələblərinə görə daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respubikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Məhkəmə baxışında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə xx.xx.2023 cü ildə rəsmi nikaha daxil olaraq evlənmiş və Cavabdeh yaşadığı evə gəlin köçmüşdür. Sonradan tərəflər arasında münasibətlər pozulduğundan, iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah ləğv edilmişdir. İddiaçı iddia edir ki, ona hədiyyə edilən qızıl-zinət əşyaları hazırda cavabdehdədir və o, cavabdehə məxsus evdən çıxıb gedərkən iddia ərizəsində sayı və dəyəri göstərilən həmin qızıl-zinət əşyalarını özü ilə aparmamışdır. Cavabdeh isə məhkəmə iclasında verdiyi izahatında qızıl-zinət əşyalarının qaytarılması hissəsində iddia tələbini qəbul edərək bildirmişdir ki, iddia ərizəsində göstərilmiş qızıl-zinət əşyaları halhazırda onun evindədir və həmin əşyaları iddiaçıya qaytarmağa hazırdır. Məhkəmə qeyd edir ki, iddiaçının qızıl-zinət əşyalarının cavabdehdən alınaraq ona verilməsi tələbinin əsaslılığı məhkəmə araşdırması nəticəsində sübuta yetmişdir. Belə ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçıya məxsus, iddia tələbində qeyd olunan qızıl-zinət əşyalarının onda olduğunu açıq şəkildə etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbində sözügedən qızıl-zinət əşyaları cavabdehdən naturada alınaraq iddiaçıya verilməlidir. Həmçinin məhkəmə, iddia tələbinin qızıl-zinət əşyalarının naturada qaytarılması mümkün olmadıqda onların dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində də tələbi təmin edərkən qanunun analogiyasını tətbiq edir. Belə ki, qanunsuz sahibin mülkiyyətçiyə əşyanı qaytara bilməməsi halı Mülki Məcəllənin 157-ci maddəsində tənzimlənmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Məhkəmə hesab edir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etməsi əsassız varlanma nəticəsində əmlakdan məhrum olanın tələbi ilə oxşardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Təsadüfi deyildir ki, əsassız varlanma ilə bağlı bir sıra məsələlərin tənzimlənməsində Mülki Məcəllənin 157-ci maddəsinə göndəriş edilir (Mülki Məcəllənin 1092.1.1 və 1094-cü maddələri). Mülki Məcəllənin 1092.2-ci maddəsində əsassız varlanma nəticəsində əldə edilənlərin verilməsi mümkün olmadıqda onların dəyərinin ödənilməsi nəzərdə tutulur. Göstərilən norma tərəflər arasındakı hüquq münasibətlərinin mahiyyətinə zidd deyildir. Beləliklə, məhkəmə əşyanın özünün verilməsi mümkün olmadıqda onun dəyərinin ödənilməsi ilə bağlı qanunun analogiyası üzrə Mülki Məcəllənin 1092.2-ci maddəsinin tətbiq edilməsi qənaətinə gəlir. Qızıl zinət əşyalarının qiyməti ilə bağlı məhkəmə iddia ərizəsində göstərilən qiymətlərlə iddiaçının təqdim etdiyi, mütəxəssis tərəfindən verilmiş rəydə qeyd olunan qiymətlərin eyni olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbində qızıl-zinət əşyalarının dəyəri kimi göstərilən məbləğ ağlabatandır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” hissəsində iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı məxsus olan 1 ədəd brilyant qaşlı, 750 əyarlı (0.80 sot) çəkisi 5 qram olan nişan üzüyü (dəyəri 850 manat); 1 ədəd 583 əyarlı, çəkisi 15 qram olan sep rekert (dəyəri 1500 manat); brilyant qaşlı, 750 əyarlı, çəkisi 19 qram olan dəst (kalye, qolbağ, üzük, tana) dəyəri 2800 manat) və 1 ədəd 916 əyarlı, çəkisi 6.6 qram olan klon lirədən (dəyəri 1000 manat) ibarət qızıl-zinət əşyaları natura şəklində alınaraq iddiaçıya verilməli, bu mümkün olmadıqda isə həmin əşyaların dəyəri, yəni 6150 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, iddia tələbinin məhkəmə xərclərinin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarından məlumdur ki, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 82 manat dövlət rüsumu, həmçinin mediasiya sessiyası üçün 55 manat medisiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Lakin iddiaçı vəkilə ödənilmiş xərcin əvəzinin də cavabdehdən tutulmasını tələb etməsinə baxmayaraq bu xərcə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 82 manat dövlət rüsumunun əvəzi, həmçinin 55 manat mediasiya xərcinin ½ hissəsinin əvəzi Cavabdeh tutularaq iddiaçıya verilməli, vəkilə ödənilən xərclə bağlı məhkəməyə heç bir sübut təqdim olunmadığına görə tələb həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan, 1 ədəd brilyant qaşlı, 750 əyarlı (0.80 sot) çəkisi 5 qram olan nişan üzüyü; 1 ədəd 583 əyarlı, çəkisi 15 qram olan rekert sep; brilyant qaşlı, 750 əyarlı, çəkisi 19 qram olan dəst (kalye, qolbağ, üzük, tana) və 1 ədəd 916 əyarlı, çəkisi 6.6 qram olan klon lirədən ibarət qızıl-zinət əşyaları natura şəklində alınaraq İddiaçı verilsin, bu mümkün olmadıqda isə həmin əşyaların dəyəri, yəni 6150 manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 82 manat, mediasiya xərcinin əvəzi qismində 28 manat (yəni mediasiya xərcinin ½ hissəsi) pul cavabdehdən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-1209/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1209/2025
05.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver