Məhkəmə qərarları › İş №2(058)-1210/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1210/2023

18.09.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1210/2023 18.09.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, iddiaçının nümayəndəsi X5 və cavabdeh (Borclu prosessual hüquq varisi) X2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Borclu və X8 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: "xxxx" ASC xx.xx.2016-cı il tarixdə borclular Borclu və X8 qarşı “kredit borcunun qaytarılması” tələbi ilə məhkəməyə müraciət edərək borclulardan 1946 manat əsas borc, 486,25 manat faiz borcu olmaqla cəmi 2432,25 manat və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Borclu ilə arasında bağlanmış xx.xx.2015-ci il tarixli restruktrizasiya (mikro) müqaviləsinə əsasən bank borcluya 24 ay müddətinə, illik 31,52 faiz olmaqla 1946 manat kredit vermişdir. Borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faziləri banka ödəməkdən yayınır və beləliklə kredit müaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan tərəfindən ödəniş gecikdirildikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Borclu X10 (zamin) həmin müqavilənin 5.6.3-cü bəndinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Borclu ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Borclu bütün öhdəliklərini icra etməlidir. Ona görə də, borcun boclulardan müştərək qaydada tutulmasına dair məhkəmə əmri çıxarılması xahiş olunmuşdur. Məhkəmənin 2(058)1037/2016 saylı, 24 may 2016-cı il tarixli məhkəmə əmri ilə ərizə təmin edilərək Borclu və X6 əsas borc kimi 1946 manat, faiz borcu kimi 486,25 manat, cəmi 2432,25 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyirinə verilməsi əmr edilmişdir. X11 məhkəməyə xx.xx.2023-cü il tarixdə etiraz ərizəsi ilə müraciət edərək məhkəmə əmrinin ləğv edilməsini və iş üzrə iddia icraatına keçilməsini xahiş etmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)1210/2023 saylı qərardadı ilə etiraz təmin olunaraq, xx.xx.1016-cı il tarixli, 2(058)-1037/2016 saylı məhkəmə əmri ləğv olunaraq iş üzrə iddia icraatına keçilmişdir. Əvvəlki məhkəmə iclasında müəyyən olunmuşdur ki, borclulardan Borclu ölmüşdür. Ona görə də onun prosessual hüquq varisi müəyyən edilərək hazırda işə cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, məcburi icra tədbirləri nəticəsində cavabdeh X7 əmək haqqından tutulmalar olduğundan hazırda ödənilməmiş borc 790,57 manat təşkil edir. Ona görə də cavabdehlərdən cəmi 790,57 manat pulun müştərək qaydada "xxxx" ASC-nin xeyirinə tutulmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh (Borclu prossesual hüquq varisi) X4 iddia tələbini etiraf edərək bildirir ki, əri Borclu 2017-ci ildə ölmüşdür, onun ölümündən sonra ondan miras qalmış evdə o, uşaqları və qaynanası yaşayırlar. Ərinin yerinə yetirilməmiş öhdəliyini yerinə yetirməyə razıdır, tələbin təmin olunmasına etirazı yoxdur. Cavabdeh X8 isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir üzürlü səbəb bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərk, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli RF/53054/53/29 saylı kredit sazişinə əsasən, "xxxx" tərəfindən Borclu 24 ay müddətinə, illik 31,52 faiz dərəcəsi ilə 1946 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə Borclu (borcalan) öhdəliyinin icrasının təminatı kimi X10 "xxxx" ASC qarşısında zaminlik öhdəliyi götürmüşdür. İş materiallarına əlavə edilmiş arayışa əsasən, cavabdehin xx.xx.2015-ci il tarixli müqavilə üzrə xx.xx.2016-cı il tarixə 1946 manat əsas borcu, 486,25 manat faiz borcu olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti Başçısının Samux Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 30 avqust 2023-cü il tarixli arayışından görünür ki, Borclu xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Borclu vəfat etdikdən sonra ona məxsus evdə X4 öz övladları ilə və mərhum Borclu anası ilə birlikdə yaşayır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, "xxxx" ASC ilə Borclu arasında kredit müqaviləsi bağlanmış, X10 isə əsas borclunun öhdəliyinin icrasının təminatı kimi bank qarşısında zaminlik öhdəliyi götürmüşdür. Borclu 2017-ci ildə ölmüş və ona görə də sözügedən müqaviləyə əsasən öhdəliyini tam yerinə yetirə bilməmişdir. Hazırda Borclu prossesual hüquq varisi kimi işə cəlb edilmiş arvadı X4 iddia tələbini etiraf edir və ərindən qalmış mirası qəbul etdiyindən onun borcunu ödəməyə etirazının olmadığını bildirir. X3 əsas Borclu (borcalan) öhdəliklərinin icrasına görə kreditor qarşısında birgə məsuliyyət daşıdıqlarından məhkəmə əsas və faiz borcunun cavabdehlər X4 və X6 müştərək qaydada tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Beləliklə, iddia tələbi təmin edilməli, cavabdehlər X1 və X6 müştərək qaydada 790,57 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər X1 və X6 müştərək qaydada 790,57 (yeddi yüz doxsan manat, əlli yeddi qəpik) manat pul tutularaq "xxxx" ASC-nə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (ay) keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar