Məhkəmə qərarları › İş №2(058)-1265/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1265/2025

03.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1265/2025 03.03.2026 SAMUX RAYON MƏHKƏMƏSİ X7 Əhməd oğlunun sədrliyi, Əhmədli İnal Söhrab oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin naturada bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilin-yaşayış sahəsinin Cavabdeh ilə onun ayrı-ayrı yaşamaları üçün naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən mənzil valideynlərindən sonra onun daimi istifadəsində olmuşdur və xx.xx.2012-ci il tarixdə onun adına Samux Rayon İcra Hakimiyyəti tərəfindən order verilmişdir. O, hazırda həmin mənzildə yaşayır. Onun xx.xx.2008-ci il tarixdə Cavabdeh ilə nikahı qeydə alınmış, birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü qızı X5 və xx.xx.2011-ci il təvəllüdlü oğlu X6 anadan olmuşdur. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(058)-642/2024 nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh Samux Rayon Məhkəməsində ona qarşı mənzildən istifadə hüququnun tanınması və evə köçürülməsi barədə iddia qaldırmış, Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(058)-516/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Onun daimi istifadəsinə verilmiş mənzil 3 otaqdan, ümumi sahəsi 91.8 kv.m-dən, yaşayış sahəsi 66.6 kv.m-dən ibarətdir. Mənzildə müəyyən abadlaşdırılma, təmir işləri, otaq sayının artırılması işləri aparılmışdır. Artıq cavabdehlə ailə olmadığı üçün eyni mənzildə yaşamaları çətinləşmişdir. Belə ki, kimin mənzilin hansı hissəsindən istifadə etməsi mübahisə yaratdığı üçün o, məhkəmədə yaşayış sahəsinin (mənzilin) naturada bölünməsinə dair iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmədən evin bölünməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2012-ci il tarixli 11 nömrəli orderdən görünür ki, Samux rayonu, Qarayeri qəsəbəsi, C.Məmmədov küçəsi, ev 10, 8 nömrəli mənzilin sahibi İddiaçıdur, ailə tərkibi isə anası - X1 ibarətdir. İş materiallarında olan Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(058)- 516/2025 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ünvan 1 ünvanda yerləşən evə köçürülməsi və onun ünvan 1 ünvanda yerləşən mənzilə istifadə hüququnun tanınması qət edilmişdir. İş materiallarında olan Samux Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, İddiaçı adına verilmiş xx.xx.2012-ci il tarixli, 11 nömrəli orderin bir nüsxəsi Samux Samux Rayon İcra Hakimiyyətinin arxivində mövcuddur. Həmin orderdə ev sahibi İddiaçı, digər şəxs isə onun anası X2 adları qeyd edilmişdir. Orderin verilməsinə əsas olan Samux rayonu, Qarayeri bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 690 nömrəli forma 2 arayışı və digər sənədlər Arxiv Haqqında Azərbaycan Respublikasının müvafiq qanununa əsasən saxlama müddəti keçdiyindən məhv edildiyi (utilizasiya) üçün Samux Rayon İcra Hakimiyyətinin arxivində mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2026-cı il tarixli və xx.xx.2026-cı il tarixli məktublardan görünür ki, Samux rayonu, Qarayeri qəsəbəsi, Cavad Məmmədov küçəsi, ev 10 ünvanda yerləşən 8 nömrəli mənzil Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İş materiallarında olan Samux Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, Daşınmaz əmlakın reyestri və kadastrı sisteminə Samux Rayon İcra Hakimiyyəti inteqrasiya olmadığı üçün sorğuda qeyd edilmiş ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 91.8 kv olan yaşayış evinin texniki pasportunun və həmin mənzilə dair mülkiyyət hüququnun verilib-verilməməsi barədə məlumatları məhkəməyə təqdim etmək mümkün deyildir. İddiaçı ilə əlaqə saxlanılan zaman o, həmin mənzilə aid əlində ancaq Samux Rayon İcra Hakimiyyəti tərəfindən onun adına verilmiş xx.xx.2012-ci il tarixli 11 nömrəli orderin olduğunu bildirmişdir. Həmin orderin bir nüsxəsi Samux Rayon İcra Hakimiyyətində mövcuddur. Orderdə ev sahibi İddiaçı və anası X2 adları qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə ayrılmışdır. Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(058)-516/2025 nömrəli qətnaməsinə əsasən Cavabdeh ünvan 1 ünvanda yerləşən evə köçürülmüş və onun ünvan 1 ünvanda yerləşən mənzilə istifadə hüququ tanınmışdır. Bundan sonra İddiaçı məhkəmədə həmin yaşayış sahəsinin (mənzilin) naturada bölünməsinə dair iddia qaldırmışdır. Lakin alınmış sorğu məktublarından görünür ki, İddiaçı həmin evə dair yalnız orderi mövcuddur və sözügedən mənzil Dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, iddia tələbində mənzilin bölünməsi tələbi qoyulsa da iddiaçının tələbində göstərdiyi mənzil dövlət qeydiyyatından keçməmişdir. Dövlət qediyyatından keçməyən mənzilin bölgüsü qanunvericilikdə müəyyən edilməmişdir. Bu səbəbdən də hazırki iş üzrə yaşayış sahəsinin naturada bölgüsü mümkün deyildir. Bundan başqa məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərdiyi tələbini sübut etməlidir. İddiaçı tərəfindən isə tələblərini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin naturada bölünməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar