Məhkəmə qərarları › İş №2(058)-1282/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1282/2025

23.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1282/2025 23.12.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X5 Əhməd oğlunun sədrliyi, Əhmədli İnal Söhrab oğlunun katibliyi, İddiaçının nümayəndəsi - Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün mediasiya arayışı aldığı vaxtdan-xx.xx.2025-ci il tarixdən hər ay 246 manat, yəni qüvvədə olan minimum əmək haqqının 0,62 misli həddində alimentin tutularaq, onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2018-ci ildə faktiki nikaha girib ailə həyatı qurmuşdur, nikahlarını xx.xx.2019-cu il tarixdə rəsmiləşdirmişlər. Cavabdehlə onun birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 adlı övladları anadan olmuşdur. Cavabdehlə aralarında dəfələrlə narazılıqlar olmuşdur. O, xx.xx.2025-ci il tarixdən Samux rayonu, Füzuli kəndində övladları ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Ona görə də, övladlarının saxlanılması üçün o, Samux 1 saylı mediasiya təşkilatına aliment tələbi ilə rəsmi müraciət etmiş, cavaddeh mediasiya sessiyasında iştirak etməmiş, heç bir barışıq əldə olunmamışdır. Uşaqlar artıq böyümüşlər, məktəbdə oxuyurlar, böyüdükcə də tələbatları uşaqlardan asılı olmayaraq artır. Valideynlərinin yardımları olmasa uşaqları təmin etmək olduqca çətin olacaqdır, valideynləri də artıq yaşlı adamlardır, nə vaxta qədər valideynləri cavabdehin əvəzinə uşaqların saxlanılmasına yardım etməlidir. Uşaqları saxlayıb böyütmək uşaqların öz valideynlərinin borcudur. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır uşaqların bütün qayğısını və ehtiyacını tamami ilə o, çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələb artsa da, cavabdeh uşaqlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi təlabatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Ona görə də, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi - Vəkil xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək uşaqların saxlanılması üçün mediasiya arayışı aldığı vaxtdan - xx.xx.2025-ci il tarixdən hər ay hər bir uşağa 246 (iki yüz qırx altı) manat, yəni qüvvədə olan minimum əmək haqqının 0,62 misli həddində, cəmi 492 (dörd yüz doxsan iki) manat alimentin tutularaq, onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi - Vəkil iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, o, uşaqların saxlanılması üçün hər ay bir uşağa görə 200-220 manat məbləğində aliment ödəyə bilər. Məhkəmədən iddianın qismən təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixdə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, Cavabdeh ilə İlyasova (Zeynalova) Mətanət Pənah qızının nikahları xx.xx.2019-cu il tarixdə 1946 nömrəli akt qeydi ilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. Atası-Cavabdeh, anası-İddiaçıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə anadan olmuşdur. Atası-Cavabdeh, anası-İddiaçıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə Samux 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Azərbaycan Respublikasında 2025-ci ildə yaşayış minimumu haqqında” 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaysan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə tərəflərin maddi vəziyyətini, cavabdehlə yanaşı iddiaçının da uşaqları saxlamaq vəzifəsini, habelə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq, xx.xx.2019-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 (sıfır tam yüzdə əlli beş) misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə görə aliment almaq hüququ olan şəxs ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyindən, aliment həmin vaxtdan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Cavabdeh 46,40 (qırx altı manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 (sıfır tam yüzdə əlli beş) misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 46,40 (qırx altı manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilməsi onun alimentlə bağlı hissəsinin icrasını dayandırmır. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar