Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-135/2025 18.03.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nurəddin qızına qarşı Cavabdeh1 ona məxsus fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi, Cavabdeh2 Nurəddin qızının cehiz əşyaları ilə birilikdə ona məxsus evdən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ona məxsus, Samux şəhəri, Kolayır prospekti, 22 nömrəli evdən istifadə hüququnun itirilməsinə, Cavabdeh2 Nurəddin qızının isə cehiz əşyaları ilə birlikdə həmin evdən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, Samux şəhəri, Kolayır prospekti, 22 nömrəli ev onun xüsusi mülkiyyətindədir. Cavabdeh1 onun oğlu, Cavabdeh2 isə onun gəlnidir. Onlar faktiki olaraq xx.xx.2014-cü il tarixdə evlənərək nikahlarını rəsmi olaraq 2014-cü ilin dekabr ayında rəsmiləşdirmişlər. Birgə yaşayış dövründə onların üç uşaqları (X4 xx.xx.2014-cü il, X3 xx.xx.2016-cı il, Qəhrəmanova laləgül Elşad qızı xx.xx.2024-cü il) olmuşdur. Cavabdeh2 onun oğlu Elşad ilə evlənərkən cehiz əşyalarını da onun evinə gətirmişdir. Şahnaz evinə gələn gündən nə ona, nə də onun həyat yoldaşı X1 hörmət etməmişdir. O, daima səbəbsiz dava salır, onları ağır sözlərlə təhqir edir. Yaşlı vaxtlarında öz evlərində rahat yaşaya bilmirlər. Onların digər iki oğlanları da evlənərək ayrılıb özlərinə ev tikmişlər. Cavabdehlər isə demişlər ki, biz bu evdə yaşayıb evin digər hissəsində qapı açıb ayrı yaşayacaqlar. Onlar evin pəncərəsinin birini arxa tərəfdən qapı edib orada yaşadılar. Buna baxmayaraq cavabdeh Şahnaz daim ara qapıda dayanıb onları söyüb təhqir edirmiş, ona görə məcbur olub aranı əlavə taxta ilə möhkəmlətmişdir. Amma o, balta ilə vurub taxtaları qıraraq əvvəlki hərəkətlərini davam etdirmişdir. Ara qapını daşla hörmək istədikdə, dava salıb ona da imkan verməmişdir. Oğlu Elşad da arvadının tərəfini saxlayıb, onun qeyri-qanuni hərəkətklərinin qarşısını almır. Onlar dəfələrlə DİN-nin “102 xidmət “mərkəzinə zəng etmişlər. Onların ailəsi münaqişəli ailə kimi polis şöbəsində qeydiyyatdadır. Şahnaz həm onlara, həm də polis əməkdaşlarına böhtan atır. Polis əməkdaşları onalara deyirlər ki, gücümüz çatmır, məhkəməyə müraciət edin. Şahnaz ona qarşı nalayiq sözlər işlədəndə o, çox əsəbləşdiyindən infarkt keçirib ürəyindən əməliyyat olunmuşdur. O, dəfələrlə cavabdehlərdən cehizlərini də götürüb evdən çıxmalarını tələb etsə də, onlar hər dəfə daha ağır sözlərlə onaları söyüb təhqir edirlər. Əgər belə davam edərsə ailələrində faciəli hadisələr baş verəcəkdir. Şahnaz daim onu və həyat yoldaşını zəhərləyib öldürməklə hədələyir. Ümumiyyətlə, onun psixoloji vəziyyəti qeyri-sabitdir. O, heç bir səbəb olmadan saatlarla danışıb söyüş söyür. Ona görə də hazırda məkəməyə müraciət etməli olmuşdur. Cavabdeh Şahnaz heç vaxt evində qeydiyyatda olmamışdır. Onun evində olan cehizləri, 1 dəst yataq mebeli, 1 ədəd iki nəfərlik çarpayı, 1 ədəd paltar şfaneri, 1 ədəd tumba, 1 ədəd stol və 6 ədəd dəmir stul, 1 ədəd çilçıraq, 1 ədəd döşək, 1 ədəd yorğan, 4 ədəd balıncdan ibarətdir. Cavabdeh Şahnazın evin mülkiyyətçisi kimi onunla evdən istifadə ilə əlaqədar notariat qaydasında təsdiqlənən heç bir yazılı razılaşma olmadığına görə, həmçinin, onun həmin mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığına görə onun ona məxsus evdə yaşamaq hüququ olmamışdır. O, heç onun evində qeydiyyatda da olmamışdır. Göründüyü kimi, cavabdeh Şahnaz cehiz əşyaları ilə birlikdə onun evindən çıxarılmalıdır. Cavabdeh Elşad isə daim onları söyüb təhqir etdiyinə görə birgə yaşayış qaydalarına əməl etmədiyinə görə onun evdən istifadə hüququna xitam verilməlidir. Ona görə tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, həmçinin bildirdi ki, oğlu Elşad və gəlini Şahnaz 2014-cü ildə nikahlarını rəsmiləşdirmişlər və həmin ildən Cavabdeh2 ona məxsus Samux şəhəri, Kolayır prospekti, 22 nömrəli evə köçərək onlarla birlikdə yaşamağa başlamış, lakin Şahnaz həmin evdə qeydiyyatda deyil. Oğlu Cavabdeh1 isə həmin evdə doğularaq orada böyümüşdür, həmçinin həmin evdə qeydiyyatdadır. Cavabdeh Şahnazın evin mülkiyyətçisi kimi onunla evdən istifadə ilə əlaqədar notariat qaydasında təsdiqlənən heç bir yazılı razılaşması olmamış, həmçinin, onun həmin mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Ona görə də hesab edir ki, Cavabdeh2 cehiz əşyaları ilə birlikdə həmin evdən çıxarılmalıdır. Cavabdeh1 isə onları söyüb təhqir etdiyinə görə və birgə yaşayış qaydalarına əməl etmədiyinə görə onun evdən istifadə hüququna xitam verilməlidir. Odur ki, tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi onların qeydiyyatda olduğu inzibati ərazi dairəsi üzrə nümayəndəlik vasitəsi ilə təqdim edilmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X6 Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirindən **********97-10301 reyster nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında 0.31 ha torpaq sahəsi üzərində yerləşən, sahəsi 170 kv.m olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən fərdi yaşayış evi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh1 iddiaçının oğludur və sözügedən evdə doğularaq hazırki vaxtadək orada yaşamış, həmçinin həmin evdə qeydiyyatdadır. Cavabdeh2 isə iddiaçının gəlinidir və 2014-cü ildən iddiaçının oğlu Cavabdeh1la evlənərək iddiaçıya məxsus həmin evə köçmüşdür. Məhkəmə qeyd edir ki, hazırki mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin həmin məsələləri tənzimləyən müvafiq normaları tətbiq edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Qanunvericiliyin tələbindən göründüyü kimi Cavabdeh2 mülkiyyətçinin ailə üzvü olmadığından onun iddia tələbinə sözügedən evdən istifadə hüququ yoxdur, ona görə də iddiaçının həmin cavabdehə yönələn tələbi onun mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılması xarakterini daşıyır. Belə ki, Cavabdeh2 hazırda heç bir hüquqi əsas olmadan iddiaçıya məxsus evdən istifadə etdiyindən iddiaçı, onun cehiz əşyaları ilə birlikdə sözügedən evdən çıxarılmasını tələb etməkdə haqlıdır və iddia tələbi həmin hissədə təmin olunmalıdır. Lakin Cavabdeh1 iddiaçının oğlu olmaqla ailə üzvüdür və o, qanunvericiliyin tələbinə görə sözügedən yaşayış sahəsindən iddiaçı ilə bərabər istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 Nurəddin qızı cehiz əşyaları ilə birilikdə İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-135/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-135/2025
18.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver