Məhkəmə qərarları › İş №2(058)-1414/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1414/2023

13.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1414/2023 13.12.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Məhkəmə iclasının katibi Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən hər ay 150 manat məbləğində aliment tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun oğludur. O, 1997ci il tarixdə X2 ilə faktiki nikah münasibətləri quraraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.1998-ci tarixdə X3 və xx.xx.2002-ci tarixdə Cavabdeh adlı övladları doğulmuşdur. Həmin faktiki nikahı xx.xx.2009-cu il tarixdə rəsmiləşdirmişlər. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra o, Samux rayonu Ziyadlı kəndində tək yaşayır, oğlu isə anası ilə Gəncə şəhərində yaşayır. Hazırda Cavabdeh "xxxx" ASC-də işləyir, Ə.Həsrətova isə Sukonnu çörək zavodunda işləyir. O, heç bir yerdə işləmir, pensiya və müavinat almır, gəlir gətirən heç bir təsərrüfatı yoxdur. Oğlu ona heç bir yardım göstərmir. Ona görə də cavabdehdən aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştrak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, onun maddi imkan yaxşı deyil, o aylıq 389 manat əməkhaqqı alır, anası ilə birlikdə yaşayır və bu pul onların özlərinin tələbatını çətinliklə qarşılayır. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli doğum haqqında arayışdan görünür ki, Cavabdeh xx.xx.2002-ci ildə doğlumuşdur, atası İddiaçı, anası X1r. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Qanunun mənasına görə valideynlərini saxlamaq və onlara qayğı göstərmək vəzifəsi daşıyan yetkinlik yaşına çatmış övlad əmək qabiliyyətli olmalı, valideyn isə maddi yardıma ehtiyacı olan şəxs olmalıdır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı cavabdehin atasıdır. İddiaçı oğlundan aliment tələb etsə də, məhkəməyə əmək qabiliyyətinin olmamasına dair heç bir sübut təqdim etməmişdir. Belə ki, qanunvericilikdə yetkinlik yaşına çatmış övladların maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borclu olduğu göstərilmişdir. Halbuki iddiaçının maddi yardıma ehtiyacının olması və əmək qabiləyyətinin olmaması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında» Qanuna əsasən 2023-cü ilin yaşayış minumumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 83.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, şikəst olduqda, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər. İşin müəyyən olunmuş hallarına və qanunvericiliyin tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan şəxs hesab olunmadığından onun övladlarından aliment tələb etməsi əsassızdır, ona görə də iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar