Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1449/2023 20.12.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X5 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment və əlavə xərc» tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment və əlavə xərc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh əmək haqqının dörddə bir hissəsinin tutulması və əlavə olaraq uşağın müalicəsinə görə 100 manat pulun cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 28 iyun 2022-ci il tarixdə Gəncə regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahlarını rəsmi qeyd etdirmişlər. Birgə evlilik dövründə 29 noyabr 2022-ci il təvəllüdlü X4 adlı övladları anadan olmuşdur. Cavabdehlə xasiyyəti tutmadığı üçün aralarında ailə münasibətləri pozulmuşdur. Övladı hazırda onun yanında qalır, uşağı tək saxlamaqda çətinlik çəkir, cavabdeh ona heç bir maddi yardım göstərmir. Cavabdeh hərbi qulluqçudur, aylıq əmək haqqı 900 manatdır. Cavabdehin X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün əmək haqqının dörddə bir hissəsini verməyə imkanı çatır. Övladı xəstədir, uşağın daimi müalicəyə və qulluğa ehtiyacı vardır, cavabdehin əlavə olaraq müalicə üçün hər ay 100 manat verməyə imkanı vardır. İddiaçı məhkəmə iclasında bildirdi ki, uşaq yoluxucu qastroenterit (sepsis) xəstəliyindən əziyyət çəkir və anadan olandan hazırkı vaxtadək uşaqda qızdırma olur və heç vaxt qızdırması düşmür. Cavabdeh hərbçidir, maddi imkanı yaxşı olsa da övladına maddi cəhətdən köməklik göstərmir, lakin məhkəməyə müraciət etdikdən sonra cavabdeh ona 300 manat məbləğində pul vermişdir. Cavabdehin əlavə aldığı mükafatları vardır, alimentin həmin mükafatlardan da tutulmasını istəyir. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclasında bildirdi ki, cavabdeh hərbçidir, işi ilə əlaqədar kirayədə yaşayır, xərci çoxdur. O, uşağın müalicəsi üçün iddiaçı tərəfindən iddia ərizəsində 100 manat pulun qeyd edilməsinə dair hissədə bildirdi ki, uşaq xəstədir, cavabdehin sığortası olduğu üçün uşaq dövlət hesabına müalicə oluna bilər. Məhkəmədən iddianın qismən təmin olunması və Cavabdeh hər ay uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində alimentin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. xx.xx.2022-ci il tarixdə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları xx.xx.2022-ci il tarixdə 250 nömrəli akt qeydi ilə bağlanmışdır. xx.xx.2022-ci il tarixdə Naftalan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2022-ci il tarixdə X4 anadan olmuşdur. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş “xəstəlik tarixindən” çıxarışdan görünür ki, X2 “yoluxucu qastroenterit” xəstəliyi vardır. xx.xx.2023-cü il tarixdə Goranboy 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanamsı üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən bir uşağa görə qazancın və başqa gəlirlərin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin normalara istinadən məhkəmə irəli sürülən iddia tələbinin bir uşaq üçün alimentin miqdarının cavabdehin aylıq qazancının 1/4 hissədə müəyyən edilməsinə əsas verən halların, məsələn, cavabdehin işləməsinin, aylıq qazancının və digər gəlirlərinin iddia tələbini ödəyəcək məbləğdə olmasını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmasını təsdiq edən sübutların iddiaçı tərəfindən təqdim edilməsini, həmçinin uşağın minimum yaşayış tələbatının təmin olunmasının, eləcə də uşağın saxlanması üçün vəsaitin ödənilmə qaydasına dair tərəflər arasında şifahi razılığın əldə edilmədiyinin zəruriliyini nəzərə alır və uşaq iddiaçının öhdəsində olduğundan məhkəmə uşağın saxlanması üçün alimentin cavabdehin aylıq qazancının və digər gəlirlərinin 1/4 hissəsində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsi müəyyən edir ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Lakin məhkəmə hesab edir ki, valideynin əlavə xərclərə cəlb olunması dedikdə, bütün müalicə xərclərinin əlavə xərclərə cəlb olunmalı olan valideyndən tutulması deyil, həmin valideyndən əlavə xərcin müəyyən hissəsinin tutulmasını nəzərdə tutur. Belə ki, yuxarıda qeyd olunan normalara istinadən məhkəmə irəli sürülən iddia tələbinin dəstəklənməsinə əsas verən halların, məsələn, cavabdehin aylıq qazancının və digər gəlirlərinin iddia tələbini ödəyəcək məbləğdə olmasını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmasını təsdiq edən sübutların iddiaçı tərəfindən təqdim edilməsini, həmçinin uşağın minimum yaşayış tələbatının təmin olunmasının zəruriliyini nəzərə alır. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixdə anadan olmuş X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanılmasına kömək və uşağa qayğı göstərmək onun valideynlik borcudur. Məhkəmə eyni zamanda iddia tələbinin - uşağın müalicəsi üçün əlavə olaraq 100 manat məbləğində alimentin - əlavə xərcin cavabdehdən tutulmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından xx.xx.2022-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay Cavabdeh qazancının (və ya başqa gəlirinin) 1/4 hissəsi miqdarında aliment və uşağın müalicəsi üçün 50 manat sabit pul məbləğində aliment - əlavə xərc tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay Cavabdeh qazancının (və ya başqa gəlirinin) 1/4 hissəsi miqdarında aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. xx.xx.2022-ci il tarixdə anadan olmuş X2 müalicəsi ilə əlaqədar çəkilən xərclərdə iştirak etməsi üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, X2 müalicəsinin davam etdiyi müddətdə Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment - əlavə xərc tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-1449/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1449/2023
20.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver