Məhkəmə qərarları › İş №2(058)-155/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-155/2025

07.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-155/2025 07.01.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, İddiaçı nümayəndəsi X5 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdə doğulmuş X1, xx.xx.2019-cu il tarixdə doğulmuş X2 və xx.xx.2023-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ərizə ilə müraciət etdiyi vaxtdan hər ay hər uşağa sabit pul məbləğində 230 (iki yüz otuz) manat, cəmi 690 (altı yüz doxsan) manat alimentin və 60 manat mediasiya xərcinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 12 sentyabr 2017-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuş və cavabdehin yaşadığı Samux rayonu Burunqovaq kəndinə gəlin köçmüşdür. Birgə nikahdan xx.xx.2018-ci il tarixdə Nihat adlı, xx.xx.2023-cü il tarixdə Babək adlı iki oğlanları və xx.xx.2019-cu il tarixdə Xatun adlı bir qızları doğulmuşdur. Əvvəllər mehriban yaşasalar da sonradan cavabdehin günahı üzündən ailədə söz-söhbət və ziddiyyət yaranmış və o, 2024-cü ilin avqust ayında uşaqları ilə birgə Samux rayonu Kolayır kəndinə anasının evinə gəlmiş və hal-hazırada anası ilə birgə yaşayırlar. Həmin vaxtdan cavabdeh uşaqların saxlanmasına maddi köməklik göstərmir. Uşaqların gündəlik və aylıq maddi tələbatlarını, o cümlədən qidalanmaq, geyinmək və sair tələbatlarının təmin edilməsi üçün alimentə çox ehtiyacı var. Cavabdeh Burunqovaq kəndində təsərrüfatı var, əkinçiliklə və maldarlıqla məşğuldur və traktorçuluq edir. Bu səbəbdən də o, hazırki idda tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdiyini, maddi imkanının aşağı olduğunu, işinin daimi olmadığını, hər uşağa görə cəmi 110 manat aliment ödəyə biləcəyini bildirdi və iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: AZ-İİ № 219654 nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanılmış, nikah bağlandıqdan sonra ərə Mirzəyev, arvada Mirzəyeva soyadı verilmişdir. AZ-İV № 055232 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə doğulmuş X1 atası Cavabdeh, anası İddiaçıdır. AZ-İV № 353407 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə doğulmuş X2 atası Cavabdeh, anası İddiaçıdır. AZ-İV № 857106 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə doğulmuş X3 atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli Qərarının 1.2.1-ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.4-cü bəndinə 8.4-1-ci yarımbənd əlavə edilmiş və həmin yarımbənddə göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2–ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2024-cü il tarixdən 345 manat həddində müəyyən edilmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən çıxış edərək hesab edir ki, valideynlər ən azı uşağının minimum dolanacaq xərclərini təmin etmək öhdəliyi daşıyır. Bu baxımdan cavabdehin uşağın gündəlik qayğıları ilə məşğul olmasını və bilavasitə uşağı saxlamasını nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixdə doğulmuş X1, 04 oktyabr 2019-cu il tarixdə doğulmuş X2 və xx.xx.2023-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,45 misli həddində sabit pul məbləğində (345x0,45=155) aliment müəyyən edilməlidir. Həmin məbləğdə alimentin təyin edilməsi uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır, alimentin tutulmasının əvvəli iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Dövlət rüsumu haqqında Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi qismən təmin edildiyindən ödənilməli olan dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 75.8 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Qeyd olunan normanın tələbinə uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərcinin əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixdə doğulmuş X1, 04 oktyabr 2019-cu il tarixdə doğulmuş X2 və xx.xx.2023-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə, sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. Cavabdeh 75.8 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə, 60 manat mediasiya xərcinin əvəzi tutularaq iddiaçı X4 ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar