Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-158/2024 06.03.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin ata evindən ona istifadə hüququnun verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i̇ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ata evindən ona və övladına istifadə və yaşamaq hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar, birgə nikahdan bir övladları doğulmuşdur. O, evləndikdən sonra gəlin köçdüyü evdə 5 ilə yaxın müddətdə yaşamış, daha sonra cavabdeh və onun valideynləri ilə aralarında yaranmış münaqişəli münasibətlər və mübahisələr səbəbilə o atası evinə getmiş, daha sonra cavbdehin məhkəmədə qaldırdığı iddia tələbinə əsasən nikahları məhkəmə qaydasında pozulmuşdur. Hazırda o, uşağı ilə birlikdə atasının evində yaşayır. Onun cehiz əşyaları ər evində, bir otaqda qalmaqdadır. Hesab edir ki, həmin otaqdan ona və uşağına yaşayış və istifadə hüququ verilməlidir. İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilən hazırlıq iclasında məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin ata evindən ona istifadə hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək tələbin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, onun hal-hazırda yaşadığı ev əmisinə məxsusdur, həmçinin onun valideynləri əmisinə məxsus evdə yaşayırlar. Atasının, anasının və onun mülkiyətində heç bir əmlak yoxdur. İddia tələbi əsassızdır, tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehin ata evindən ona istifadə hüququnun verilməsini tələb etsə də, iddia ərizəsində həmin evin kimə məxsus olmasını göstərməmiş, həmçinin iddiaçı, məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsində sözügedən evin kimə məxsus olması barədə məlumatının olmadığını bildirmişdir. Həmçinin izahatında göstərmişdir ki, kimin mülkiyyətində olmasından asılı olmayaraq onun gəlin köçdüyü evdən on istifadə hüququ verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində sözügedən evə 2017-ci ildə gəlin köçdüyünü bildirdiyindən onun həmin evdən istifadə hüququnun tanınması o halda mümkün olardı ki, həmin ev ya cavabdehin, yəni onun keçmiş ərinin mülkiyyətində olmuş olsun və ya onun keçmiş əri evin mülkiyyətçisinin ailə üzvü olması şərtilə iddiaçı ilə evin mülkiyyətçisi arasında notarial qaydada təsdiq edilmiş yazılı razılaşma olmaqla, daşınmaz əmlakın dövlət reyestri xidmətində iddiaçının istifadə hüququ qeydə alınmış olsun. Lakin iddiaçının, ona istifadə hüququnun verilməsini tələb etdiyi evin kimə məxsus olması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə ki, iddiaçı sözügedən evə dair nəinki hər hansı bir sənəd təqdim etməmiş, həmçinin evin harada yerləşməsini və kimə məxsus olmasını göstərə bilməmişdir. Ona görə də, məhkəmə iddiasını əsassız hesab edərək o qənaətə gəlir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “cavabdehin ata evindən ona istifadə hüququ verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-158/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-158/2024
06.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver