Məhkəmə qərarları › İş №2(058)-178/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-178/2023

20.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-178/2023 20.02.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı qızının Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il tarixdə doğulmuş X5 və xx.xx.2012-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 193 manat məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə ailə qurmuş, nikahlarınını xx.xx.2010-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan iki övladları, xx.xx.2009-cu il tarixdə X9 və xx.xx.2012-ci il tarixdə X11 doğulmuşdur. Cavabdehlə aralarında olan nikah qeydi Samux Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Cavabdehlə nikahları pozulduqdan sonra barışıb bir müddət faktiki olaraq birlikdə yaşamış, daha sonra isə yenidən ayrılmışlar. Barışıb birlikdə yaşadıqları vaxt Samux Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli tarixli qətnaməsinə əsasən cavabdehdən tutulan alimentin icrasına xitam verilməsi üçün icra şöbəsinə ərizə ilə müraciət etdiyi üçün aliment üzrə icra sənədinin icraatına xitam verilmişdir. Hazırda uşaqları ilə birlikdə ata evində yaşayır, maddi durumu yaxşı deyil, heç bir yerdən gəliri yoxdur, cavabdeh uşaqların saxlanmasında ona kömək etmir, alimentə çox ehtiyacı var. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X10 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul edərək bildirdi ki, cavabdeh oğludur, hazırda oğlu Rusiyada yaşayır, tutulacaq alimenti oğlunun əvəzindən o ödəyəcək, aldığı təqaüdə uyğun olaraq hər uşağa 110 manat ödəyə bilər. Bu səbəbdən də iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 02 avqust 2009-cu il tarixdə doğulmuş X5 və 10 mart 2010-cu il tarixdə doğulmuş X6 ataları Cavabdeh, anaları X2r. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İddiaçı cavabdehin gəlirləri barədə hər hansı sübut təqdim etməmişdir. Buna görə də məhkəmə alimentin miqdarının müəyyən edilməsi üçün uşaqların saxlanılması üçün yaşayış minimumu məbləğini, uşaqların əvvəlki təminatının mümkün qədər maksimal saxlanmasını əsas götürür, eləcə də iddiaçının uşaqların gündəlik qayğıları ilə məşğul olmasını və bilavasitə uşaqları saxlamasını nəzərə alır. Qeyd edilənlərə əsasən, iddia qismən təmin olunmalı, xx.xx.2009-cu il tarixdə doğulmuş X5 və xx.xx.2012-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün sabit pul məbləğində 170 manat olmaqla, cəmi 340 manat miqdarında aliment tutulub, İddiaçı qızına ödənilməlidir. Azərbaycan Respubliaksı Ailə Məcəlləsinin 100.2-ci maddəsinə uyğun olaraq alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. İş üzrə məhkəmə xərci ödənilməli dövlət rüsumundan ibarətdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Hazırkı iddianın qiyməti 4080 manatdır. İddia qismən təmin edildiyi üçün iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 60,80 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2009-cu il tarixdə doğulmuş X5 və xx.xx.2012-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün sabit pul məbləği ilə 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat aliment tutularaq, İddiaçı qızına ödənilsin. Alimentin tutulmasının əvvəli 09 yanvar 2023-cü il tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. Cavabdeh 60,80 (altmış manat səksən qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar