Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-751/2024 27.08.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və aliment” tələbinə dair məhkəmədə iddia qaldıraraq, 19 iyul 2017-ci il tarixdə doğulmuş Ayan adlı qızının və 20 fevral 2021-ci il tarixdə doğulmuş Babək adlı oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 300 (üç yüz) manat, ümumilikdə 600 (altı yüz) manat sabit pul məbləğində alimentin alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 10 noyabr 2016-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar və nikahlarından 19 iyul 2017-ci il tarixdə Ayan adlı qızları və 20 fevral 2021-ci il tarixdə Babək adlı oğlanları doğulmuşdur. Hazırda nikahdadırlar və bir yerdə yaşayırlar. Cavabdeh birgə nikahdan olan uşaqlarının saxlanılmasına biganə yanaşır, qazandığı pula qənaət etmir, bədxərclik edib pulu mənasız və səmərəsiz şəkildə xərcləyir. Cavabdehin əməlləri nəticəsində birgə nigahdan olan övladlarının tələbatı ödənilmir. O, cavabdehdən dəfələrlə bədxərclik etməməsini, pula qənaət etməsini, uşaqların böyüdükcə xərclərinin daha da artmasını nəzərə almağını xahiş etsə də müsbət bir nəticə əldə edə bilməmişdir. Tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Samux Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən 19 iyul 2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 160 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq 300 manat məbləğində müəyyən edilməsi, həmçinin 20 fevral 2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 300 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək, hər uşağa görə 170 manat aliment ödəyə biləcəyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Samux Rayon Məhkəməsinin 2(058)-842/2019 nömrəli, 21 oktyabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, 19 iyul 2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər növ qazancından 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. AZ İV seriyalı 551793 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Göygöl rayonunda doğulmuş X2 atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Məhkəmə, iddia tələbinin 20 fevral 2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment tələb olunması hissəsinə münasibətdə, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən çıxış edərək hesab edir ki, valideynlər ən azı uşağının minimum dolanacaq xərclərini təmin etmək öhdəliyini daşıyır. Bu baxımdan iddiaçının uşağın gündəlik qayğıları ilə məşğul olmasını və bilavasitə uşağı saxlamasını, uşağın yaşını, tərəflərin maddi vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 20 fevral 2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləği ilə 180 manat aliment tutulub İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, iddia tələbinin 19 iyul 2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Samux Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən təyin edilmiş 160 manat sabit pul məbləğində alimentin miqdarının artırılması hissəsinə münasibətdə qeyd edir ki, Samux Rayon Məhkəməsinin 2(058)-842/2019 nömrəli, 21 oktyabr 2019-cu il tarixli qətnaməsindən keçən dövr ərzində ölkə üzrə yaşayış minumumundakı artım məbləği əsas götürlərək yaşayış minimumunun artması iddiaçının maddi vəziyyətindəki dəyişiklik kimi qiymətləndirilməlidir. Belə ki, qətnamə ilə müəyyən edilmiş aliment məbləği dəyişmədiyi halda malların və xidmətlərin qiymətinin qalxması həmin aliment məbləği ilə uşağın maddi təminatının əvvəlki səviyyəsinin saxlanmasının mümkün olmadığını göstərir. Bundan başqa uşağın yaşının artması ilə əlaqədar olaraq tələb olunan xərclər də artmışdır. Lakin alimentin iddiaçı tərəfindən tələb olunduğu kimi müəyyən edilməsi üçün əlavə əsaslar (cavabdehin gəlirlərinin artması və s.) müəyyən edilmədiyindən iddia qismən təmin olunmalı, 19 iyul 2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində müəyyən edilməli və bu miqdarda alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Samux Rayon Məhkəməsinin 2(058)-842/2019 nömrəli, 21 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə 19 iyul 2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılsın. 19 iyul 2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Artırılmış aliment məbləği qətnamə qanuni qüvvəyə mindiyi tarixdən tutulsun. 20 fevral 2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-751/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-751/2024
27.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver