Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-802/2023 08.08.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X9 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və Samux rayon notariat ofisinə qarşı «bağışlanma müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və Samux rayon notariat ofisinə qarşı «bağışlanma müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında 04 mart 2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv olunması və bağışlanan əmlakın əvvəlki vəziyyəti bərpa olunmaqla onun mülkiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh onun doğma övladıdır. Samux rayonu Qovlarsarı kəndində 0.39 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi var, həmin torpaq sahəsi və fərdi yaşayış evi onun xüsusi mülkiyyətində olmaqla bu barədə ona xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. O, arvadı ilə boşanmaqla 76 yaşlı qoca kişi olmaqla tək yaşamış, ona baxıb qulluq edən şəxs olmamışdır, çox çətinlik çəkmişdir. 2022-ci ilin mart ayının əvvəlində cavabdeh olan oğlu Cavabdeh onun yanına gələrək mülkiyyətində olan həyətyanı torpaq sahəsini və evi cavabdehə bağışlama yolu ilə verməyini, arvadı ilə birlikdə ölənə kimi onun yanında yaşayaraq qulluq edəcəklərini bildirmişdir. O, cavabdehin şərti ilə razılaşmış, 04 mart 2022-ci ildə Cavabdeh ilə Samux rayon notariat ofisinə gedərək, mülkiyyətində olan həyətyanı torpaq sahəsinin 0,19 ha hissəsini və 130.4 kv.m fərdi yaşayış evini notarial qaydada “Daşınmaz Əmlakın bağışlanması müqaviləsi bağlamaqla cavabdehə bağışlamış, lakin həyətyanı torpağı və evi bağışladıqdan sonra cavabdeh bir müddət ailəsi ilə birlikdə onunla yaşayandan sonra şərtlərini pozaraq ailəlikcə onu tərk etmişlər, onu baxımsız qoyaraq kirayə evdə yaşamışlar. Əmlakını ona baxacaq, qulluq edəcək başqa övladına bağışlaya bilmir, həm əmlakın əldən çıxmaqla, həm də baxımsız qalmaqla təktənha qalmaqla bağışlama onu çətin və əlacsız vəziyyətə salmışdır. Məhkəmədən iddia tələbin təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh və Samux rayon notariat ofisi məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Samux Rayon İcra Hakimiyyəti Başçısının Qovlarsarı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 12 iyul 2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh Samux rayonu, Qovlarsarı kəndində pasport qeydiyyatındadır və yaşamır. Cavabdeh Samux rayon notariat ofisinin notariusu 07 iyun 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının notariat ofisinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli F-2 nömrəli arayışdan görünür ki, İddiaçı ailə tərkibi X1, Cavabdeh, X3, X2 və X4 ibarətdir. xx.xx.2022-ci il tarixli ********** nömrəli çıxarışdan görünür ki, Samux rayonu, Qovlarsarı kəndində yerləşən, ümumi sahəsi 130.4 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.19 ha olan torpaq sahəsi İddiaçı adına qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanmasına dair müqavilədən görünür ki, Samux rayonu, Qovlarsarı kəndində yerləşən, ümumi sahəsi 130.4 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.19 ha olan torpaq sahəsi İddiaçı tərəfindən Cavabdeh bağışlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin bağışlama müqaviləsinin formasına dair müddəalar müəyyən edən 668.1.1-ci maddəsində isə təsbit edilmişdir ki, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlı hesab edilir. Göründüyü kimi qanunvericilik daşınmaz əşyalara dair bağlanacaq bağışlama müqaviləsinin formasının yazılı şəkildə notariat qaydada təsdiqlənməklə bağlanılmalı olduğunu imperativ qaydada müəyyən edir. Bu mənada, hazırki mübahisə üzrə bağışlama müqaviləsinin forma tələbinə əməl edilmişdir. Bundan başqa, qanunvericilik bağışlama müqaviləsinin şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməsinin və ya edilməməsinin mümkünlüyünü nəzərdə tutur. Mübahisələndirilən 04 mart 2022-ci il tarixli 4Ə-169 nömrəli bağışlanma müqaviləsinin məzmunundan isə görünür ki, həmin müqavilə şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. Məhkəmə eyni zamanda iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi bağışlanmanın ləğv edilməsi və bağışlanan əmlakın əvvəlki vəziyyəti bərpa olunmaqla onun mülkiyyətinə qaytarılması tələbinə münasibətdə hesab edir ki, qeyd olunan iddia tələbi iddiaçının istinad etdiyi formal mülahizələrə əsasən təmin edilə bilməz. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 mart 2022-ci il tarixli 4Ə-169 nömrəli bağışlanma müqaviləsi qanuni əsaslarla bağlandığından onun yaratdığı hüquqi nəticələrin ləğv edilməsi istisna olunur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). İddiaçı tərəfindən iddia tələbinin təsdiq edilməsinə kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə yalnız iddia ərizəsində göstərilənlər olmuşdur. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onun təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh və Samux rayon Notariat ofisinə qarşı «bağışlanma müqaviləsinin ləğv edilməsinə» dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və Samux rayon Notariat ofisinə qarşı «bağışlanma müqaviləsinin ləğv edilməsinə» dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-802/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-802/2023
08.08.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver