Məhkəmə qərarları › İş №2(059)-103/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-103/2022

07.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-103/2022 07.02.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 19 iyul 2010-cu il təvəllüdlü X1 və 03 dekabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, cavabdehlə 18 noyabr 2008-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu nikahdan 19 iyul 2010-cu il tarixdə Fatimə və 03 dekabr 2011-ci il tarixdə Sevinc adlı qız övladları doğulmuşdur. Evliliklərinin ilk vaxtlarından mehriban yaşamamışlar. Belə ki, cavabdehin işləmək məqsədi ilə Moskva şəhərinə getmək istədiyini bildirməsi onun narazılığına səbəb olsa da, sonuncu buna məhəl qoymayaraq çıxıb getmişdir. Lakin, oradan qayıtdıqda cavabdehin heç bir qazanc əldə etmədiyi məlum olmuşdur. Bundan sonra, cavabdeh Giləzi quşçuluq fabrikində işləməyə başlamış, lakin aylıq qazancı ilə ailənin heç bir maddi tələbatını ödəməmişdir. Belə ki, ər-arvad münasibətləri tamamilə pozulduğundan iki ildən artıq müddət olar, birgə təsərüffat idarə etməməklə, 05 yanvar 2022-ci il tarixdən isə ayrı-ayrı ünvanlarda yaşayırlar. Ona görə də, aralarındakı nikah formal xarakter daşıyır, habelə cavabdehlə barışaraq, yenidən bir ailə kimi yaşamaqları mümkün deyildir. Uşaqların maddi ehtiyaclarını qarşılamaq üçün cavabdehdən vəsait istəsə də, sonuncu imtina edərək ona heç bir köməklik göstərməmişdir. Özü Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xaçmaz Regional Mədəniyyət İdarəsində muzey bələdçisi işləyərək, aylıq 294 manat əmək haqqı alır. Lakin, bu vəsait hazırda həm özünün, həm də uşaqların saxlanılması üçün kifayət etmir. Bu səbəbdən də məcbur olub, övladlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən onun xeyrinə aliment tutulması üçün məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət edərkən ölkə üzrə uşaqların yaşayış minimumunun məbləği 175 manat təşkil etsə də, hazırda bu məbləğ 193 manat təşkil edir. Qızları Fatimənin səhhətində ciddi problem olduğundan alimentin uşaqların hazırkı yaşayış minimumuna uyğun müəyyən edilməsini istəyir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərdi ki, o, iddiaçı ilə 18 noyabr 2008-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu nikahdan 19 iyul 2010-cu il tarixdə Fatimə və 03 dekabr 2011-ci il tarixdə Sevinc adlı qız övladları doğulmuşdur. İddiaçının iddia ərizəsində qeyd etdikləri həqiqəti əks etdirmir. Belə ki, 2021-ci ilin may ayınadək quşçuluq sexində işlədiyi dövrlərdə əmək haqqı kartı iddiaçıda olmuşdur. Keçən ilin may-oktyabr aylarında taksi fəaliyyəti ilə məşğul olaraq gündəlik əldə etdiyi 20 manat vəsaiti ailənin saxlanılmasına sərf etmişdir. Hazırda “Bolt” taksi şirkətində sürücü işləməklə gündəlik 18 manat, aylıq 480 manat qazanc əldə edir və övladlarını saxlamaqdan imtina etmir. Belə ki, uşaqlarının saxlanması üçün ondan iddiaçının xeyrinə hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulmasına etiraz etmir. Ona görə də iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsinə razıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd edilən normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh münasibətdə qətnamənin əsaslandırıcı hissəsində iddianın etiraf edilməsi və onun qəbul edilməsi ilə kifayətlənmək olsa belə, aşağıdakıların qeyd edilməsi zəruridir. Belə ki, Xaçmaz rayon qeydiyyat şöbəsi tərəfindən 18 noyabr 2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 455162 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 18 noyabr 2008-ci il tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 387 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə "İsayeva" soyadı verilmişdir. İşdə olan Xaçmaz rayon qeydiyyat şöbəsi tərəfindən 18 avqust 2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 494099 nömrəli və 10 yanvar 2012-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 797256 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq atası Cavabdeh, anası İddiaçı olan X3 19 iyul 2010-cu il tarixdə, X4 isə 03 dekabr 2011-ci il tarixdə Xaçmaz şəhərində doğulmuşlar. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 18 noyabr 2008-ci ildə nikahlarını rəsmiləşdirməklə evlənmiş və bu nikahdan 19 iyul 2010-cu il tarixdə Fatimə və 03 dekabr 2011-ci il tarixdə Sevinc adında uşaqları doğulmuşdur. Tərəflər arasında nikahın pozulmamasına baxmayaraq, ailə daxilində münasibətlərin kəskinləşməsi səbəbindən onlar faktiki olaraq ayrılmışlar. Cavabdeh uşaqlarının saxlanmasında iddiaçıya maddi cəhətdən yardım etməməsi səbəbindən sonuncu hazırda yetkinlik yaşına çatmayan uşaqlarını maddi cəhətdən təmin etməkdə çətinlik çəkir. Məhz buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında 23 dekabr 2021-ci il tarixli Qanuna əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumu 193 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 19 iyul 2010-cu il tarixdə Fatimənin və 03 dekabr 2011-ci il tarixdə Sevincin saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Məhkəmə, tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və uşaqların əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, uşaqların minimum maddi təminat almaq hüququnu nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, 19 iyul 2010-cu il təvəllüdlü X1 və 03 dekabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 17 dekabr 2021-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 175 manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin, məhkəmə hesab edir ki, İddiaçı azad edildiyi 62 (altmış iki) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 19 iyul 2010-cu il təvəllüdlü X1 və 03 dekabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 17 dekabr 2021-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 175 manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icraya yönəldilsin. İddiaçı azad edildiyi 62 (altmış iki) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar