Məhkəmə qərarları › İş №2(059)-152/2022

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-152/2022

11.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-152/2022 11.04.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xeyrinə 22 iyul 2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 1/6 miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, Cavabdeh Abşeron rayonunun Masazır qəsəbəsindəki İstiqlaliyyət küçəsində yerləşən 22 saylı binanın 7-ci mənzilində qeydiyyata alınmışdır. Göründüyü kimi, Siyəzən Rayon Məhkəməsi hazırkı mülki işi 25 yanvar 2022-ci il tarixdə icraata qəbul edərkən Cavabdeh artıq 07 fevral 2017-ci il tarixdən etibarən Cavabdeh Abşeron rayonunun Masazır qəsəbəsindəki İstiqlaliyyət küçəsində yerləşən 22 saylı binanın 7-ci mənzilində qeydiyyata alınmışdır ki, nəticədə iş icraata qəbul edilərkən aidiyyət qaydaları pozulmuş və hazırkı işə bu məhkəmədə baxılması üçün əsaslar yaranmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün onun rəsmi qeydə alındığı yerin məhkəməsinə, yəni aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılmasına etiraz etmədi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə iclasın cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Bu Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Yuxarıda qeyd olunanlara əsaslanaraq, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh Abşeron rayonunun inzibati ərazisində qeydiyyata olduğuna görə İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44, 45, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün ərzində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar