Məhkəmə qərarları › İş №2(059)-180/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-180/2025

15.01.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-180/2025 15.01.2026 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Siyəzən rayonu Beşdam Bələdiyyəsinə qarşı “ödənilməmiş əmək haqlarının, istifadə edilməmiş əsas məzuniyyət günlərinə görə pul əvəzi və son haqqhesab pullarının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək haqqı borcunun, istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzinin, eləcə də, bələdiyyə üzvünə verilməli olan iki aylıq əmək haqqı məbləğində vəsaitin ona verilməsini tələb edir, cavabdehin nümayəndəsi isə iddia tələbinin yalnız əmək haqqının ödənilməsi hissəsində təmin edilməsinə etiraz etmir. İddia tələbi İddiaçı cavabdeh Siyəzən rayonu Beşdam Bələdiyyəsinə qarşı “ödənilməmiş əmək haqlarının, istifadə edilməmiş əsas məzuniyyət günlərinə görə pul əvəzi və son haqqhesab pullarının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hər iki "xxxx" ASC-nin Siyəzən filialındakı və Siyəzən rayon Poçt filialındakı hesablarından onun xeyrinə 2013-cü ilin mart ayından 2014-cü ilin dekabr ayı da daxil olmaqla ödənilməmiş 3382,20 manat məbləğində əmək haqqı borcu, 2007-ci ildən 2014cü ilədək 7 ilin əsas məzuniyyət günlərinə görə 1190 manat pul əvəzinin, müalicə olunmaq və istirahət etməsi üçün bələdiyyə üzvünə verilməli olan iki aylıq əmək haqqı məbləğindəcəmi 4760 manat pulun, həmçinin 60 manat ödənilməmiş mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Siyəzən rayonu Beşdam bələdiyyə sədrinin 17 yanvar 2000-ci il tarixli, 02 nömrəli əmri ilə Azərbayan Respublikası Prezidentinin 27 iyun 1990-cı il tarixli, 162 saylı Fərmanını rəhbər tutaraq, 12 dekabr 1999cu il tarixli Beşdam bələdiyyəsinə keçirilən seçkilərə əsasən 17 yanvar 2000-ci il tarixdə Beşdam bələdiyyəsi tərəfindən 10 dekabr 2014-cü il tarixli, 01 nömrəli əmri ilə tutduğu sədr müavini vəzifəsindən azad olunmuşdur. Lakin vəzifədən azad olunduqdan sonra ona fəaliyyət göstərdiyi müddət ərzində ödənilməyən, o cümlədən əmək haqları, istifadə edilməmiş əsas məzuniyyət günlərinə görə pul əvəzi və il ərzində müalicə və istirahət etməsi üçün bələdiyyə üzvünə verilməli olan iki aylıq əmək haqqı məbləğində pul təminatı hesablanıb ödənilməmişdir. Tələb olunan işlədiyi dövrlərdə aylıq əmək haqqı 170 manat təşkil etmişdir. Əmək haqqı ona sonuncu dəfə 2013-cü ilin fevral ayında verilmişdir. Bundan sonra, o 2013-cü ilin mart ayından 2014-cü ilin dekabr ayı da daxil olmaqla, əmək haqqı, habelə 2007-ci ildən 2014-cü illər üçün əsas məzuniyyət pulları və 2000-ci ildən 2014-cü illər üçün müalicə və istirahət etməsi üçün bələdiyyə üzvünə verilməli olan iki aylıq əmək haqqı məbləğində pul təminatlarını almamışdır. Beləliklə, Xaçmaz Regional Ədliyyə İdarəsinin verdiyi 04/kd-342/2 nömrəli, 17 sentyabr 2021-ci il tarixli məktubuna əsasən, “Beşdam bələdiyyəsi tərəfindən X1 4590 manat və İddiaçı 3740 manat ödənilməmiş əmək haqqı borcunun qaldığı qeyd olunur. Bələdiyyənin qeyd edilən məlumatında göstərilən əmək haqqı borcundan 13 sentyabr 2021-ci il tarixdə onların adına barat hesabı açaraq hər birinə ayrılıqda 257,80 manat olmaqla vəsait köçürdüyü və bələdiyyə tərəfindən ödənilməmiş əmək haqqı borclarından bələdiyyə büdcəsinin imkanları daxilində hissə-hissə ödəniləcəyi bildirilir. Yuxarıda göstərilən əmək haqqı borcundan 13 sentyabr 2021-ci il tarixdə 257,80 manat, 23 yanvar 2023-cü il tarixdə 100 manat, cəmi 357,80 manat ödənildiyi nəzərə alınsa, hazırda cavabdehin ona 3740 manat- 357,80 manat=3382,20 manat ödənilməmiş əmək haqqı borcu, işçiyə işdən çıxan günədək istifadə etmədiyi bütün iş illərinin 2007-ci ildən 2014-cü ilədək 7 ilin əsas məzunyyətinə görə pul əvəzi 7 il x170 manat=1190 manat məzuniyyət pulu, 2000-ci ildən 2014-cü ilədək 14 il fasiləsiz iş dövrlərinə görə müalicə olunmaq və istirahət etmək üçün bələdiyyə üzvünə verilməli olan iki aylıq əməjk haqqı məbləğində 14 il x 2 əmək haqqı məbləği 340 manat, cəmi 14 il x340 manat =4760 manat məbləğində pul təminatı təşki edər. Beləliklə, ödənilməmiş əmək haqqı borcu 3382,20 manat, işçiyə işdən çıxan günədək istifadə etmədiyi bütün iş illəri üçün əsas məzuniyyətlərinə görə 1190 manat pul əvəzi və müalicə və istirahət üçün bələdiyyə üzvünə verilməli olan iki aylıq əmək haqqı məbləğində cəmi 4760 manat məbləğin cavabdehin iddiaçının xeyrinə tutulmalıdır. Pozulmuş hüquqlarının bərpası üçün o, bir yerdə işlədiyi Beşdam bələdiyyəsinə xəzinədar vəzifəsindən azad olunan X4 ilə birlikdə mübarizə aparmışdır. Belə ki, məhkəməyə iddia ərizəsini təqdim etməzdən əvvəl bələdiyyə sədrinə ödənilməyən əmək haqlarının ödənilməsi və ödənilməmiş əmək haqları barəsində çıxarışların verilməsi haqqında rəsmi müraciət edilmişdir. Cavabdeh tərəfindən verilən 24 nömrəli, 08 iyun 2021-ci il tarixli məktubla “2013-cü il üçün müvafiq əmək haqqı çıxarışları barədə "xxxx" ASC-nin Siyəzən filialına sorğu göndərilməsi və bələdiyyənin büdcəsinə daxil olan vəsaitə uyğun olaraq qalmış əmək haqqı hissə-hissə ödəniləcəyi” bildirilmişdir. Habelə, cavabdeh onlara sonuncu dəfə 100 manat poçt vasitəsilə ödədikdən sonra, onları arxayın etmək üçün onlara "xxxx" ASC-də kart hesabı açmağı təklif edilmiş və onlar cavabdehin yağlı vədinə inanıb əslində aldanıb kart hesabı açsalar da, cavabdeh bu günədək müxtəlif bəhanələr gətirərək onlara pul ödənişi həyata keçirilməmişdir. Xüsusilə qeyd etməlidir ki, onlara bələdiyyənin borcu olduğu, habelə vəsaitin olmadığını bildirdiyi halda, eyni vaxtda digər tərəfdən bələdiyyə işçilərinin əmək haqlarının 2 qat qaldıraraq 340 manat yüksəltmişdir. Bununla da, cavabdehin borcun ödənilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyi icra etməyərək onları aldatması məlum olmuşdur. Belə ki, cavabdehin iki "xxxx" ASC-nin Siyəzən filialında, həmçinin Siyəzən rayon Poçt Filialında hesablarının mövcudluğu müəyyən edilmişdir. Bununla da, cavabdeh ona gözdən pərdə asmaqla əmək haqlarının ödənilməsi üçün müvafiq sənədləri "xxxx" ASC-nin Siəzən filialına göndərməsini bildirmiş, eyni zamanda isə bütün maliyyə işlərini Siyəzən rayon Poçt Filialında aparmaqla, istədiyi yerə və şəxsə pul ödəmələri həyata keçirməklə onu aldatmışdır. Bütün bu illər ərzində aldadıldıqlarını bildikdən sonra, X5 Xidmətinin Quba regional ərazi şöbəsinə şikayət edilmiş və sonuncu, cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən 19 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və ona son haqq-hesabının ödənilməsi məqsədilə Beşdam bələdiyyəsinə göstəriş xarakterli məktub göndərmişdir. Beləliklə, cavabdeh Xaçmaz Regional Ədliyyə idarəsi, X6 Xidmətinin Quba regional ərazi şöbəsi, habelə Siyəzən RHBnın hazırkı tələbin mahiyyəti üzrə ödənişlərinin hökmən ödəniləcəyini bildirməklə onları arxayın etmişlər. Habelə aidiyyəti orqanlar tərəfindən Beşdam bələdiyyəsi tərəfindən son haqq-hesabları tam ödənilmədiyi təqdirdə, 27 yanvar 2023-cü il tarixli məktubla məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, o, Beşdam Bələdiyyəsində işədiyi müddət ərzində bələdiyyə sədrləri qısa müddətdə müxtəlif şəxslər olmuş, habelə həmin bələdiyyənin sonuncu sədr olmuş Rəna adlı şəxs hazırda Həmyə bələdiyyəsinin üzvüdür. Həmçinin, Xaçmaz Regional Ədliyyə İdarəsinə etdiyi müraciətdən sonra, Rəna ondan kart hesabı açmasını istəmiş, habelə bələdiyyə tərəfindən ona ödənilməli olan vəsaitin həmin karta köçürüləcəyini bildirmişdir. O, kart hesabı açmasına və həmin kartın istifadə müddətinin bitməsinə baxmayaraq, həmin karta hər hansı məbləğdə pul köçürülməmişdir. Qeyd edir ki, bələdiyyə mülkiyyətində olan əmlakı girov qoymaqla iddia tələbində qeyd olunan məbləğləri ona ödəyə bilər. Odur ki, iddia tələbinin tam edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qismən qəbul edərək, izahatında göstərdi ki, iddiaçının ödənilməyən əmək haqqını 6 ay müddət ərzində hissə-hissə və yaxud bir dəfəlik ödəyə bilərlər. Bundan başqa, o, ötən ilin fevral ayından hazırki vəzifədə işlədiyi üçün cavabdehin məzuniyyətə çıxıbçıxmamasından məlumatı deyildir. Habelə, özü də, 6 ilə yaxın müddətdir məzuniyyətdə çıxmamışdır. Həmçinin, Beşdam və Zarat bələdiyyələri arxiv sənədlərini təqdim etmədiyi üçün, bununla bağlı rəsmi məlumat da, təqdim edə bilmir. Bundan əlavə, 30-a yaxın keçmiş bələdiyyə işçisinin əmək haqqısı ödənilməmişdir. Odur ki, bələdiyyə büdcəsində pul olmadığı üçün iddianın ancaq əmək haqqı borcu hissəsində təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun: 15-ci maddəsinin 1-ci hissəsinə əsasən bələdiyyə üzvü - bələdiyyə seçkilərində seçilmiş, mandatı ərazi seçki komissiyası tərəfindən təsdiq edilmiş şəxsdir. 15-ci maddəsinin 2-ci hissəsinə əsasən öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü - bələdiyyə büdcəsi hesabına aylıq əmək haqqı alan və əsas iş yeri bələdiyyə hesab edilən bələdiyyə üzvüdür. Elmi, yaradıcılıq və pedaqoji fəaliyyət istisna olmaqla, öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü əsas iş yeri üzrə başqa yerdə işləyə bilməz. 19-cu maddəsinin 2-ci hissəsinə görə ehtiyac olduqda bələdiyyə bələdiyyə sədrinin müavinlərini seçir. Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvlərinin yarıdan çoxunun səsini topladıqda seçilmiş hesab olunur. “Bələdiyyə üzvünün statusu haqqında” Azərbaycan Respublikası Qanununun: 10-cu maddəsinə əsasən bələdiyyə üzvünün səlahiyyətlərinin maneəsiz və səmərəli həyata keçirilməsinə, onun hüquqlarının, şərəf və ləyaqətinin qorunmasına dövlət tərəfindən təminat verilir. 13-cü maddəsinə əsasən əmək haqqını bələdiyyədən alan bələdiyyə üzvünün əsas iş yeri bələdiyyə hesab olunur. 15 oktyabr 1999-cu il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Bələdiyyənin nümunəvi Nizamnaməsinin: 5-ci bəndində əsasən bələdiyyənin səlahiyyət müddəti ərzində bələdiyyə sədri və sədr müavini bələdiyyənin qərarı ilə müəyyən olunan müddətə seçilə bilərlər. 8-cı bəndinə əsasən bələdiyyə üzvünün səlahiyyət müddəti beş ildir. Bələdiyyə üzvünün səlahiyyətləri onun seçildiyi gündən başlanır və bələdiyyənin yeni tərkibinin işə başladığı gün qurtarır. Bələdiyyə üzvləri öz səlahiyyətlərini daimi əsasla icra edə bilərlər. Öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvlərinə əmək haqqı bələdiyyə büdcəsinin vəsaiti hesabına ödənilir səlahiyyət müddəti onun ümumi və fasiləsiz iş stajına daxil edilir. Bələdiyyənin qərarı ilə yerli büdcənin hesabına səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvünə müalicə olunması və istirahət etməsi üçün hər il onun orta aylıq əmək haqqının 1 misli məbləğində müavinət verilir. Səlahiyyətlərini daimi əsasla icra etmiş və səlahiyyət müddəti qurtardıqdan sonra yeni müddətə seçilməyən bələdiyyə üzvlərinə bələdiyyənin qərarı ilə iki ay müddətində onların orta aylıq əmək haqqının 2 misli məbləğində müavinət verilir Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan əmək kitabçasının, eləcə də, Siyəzən rayon Beşdam Bələdiyyəsinin 10 dekabr 2014-cü il tarixli, 01 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı 12 dekabr 1999-cu il tarixdə Beşdam bələdiyyəsinə keçirilən seçkilərə əsasən 17 yanvar 2000-ci il tarixdə Beşdam bələdiyyə sədrinin müavini vəzifəsinə təyin edilmiş, 10 dekabr 2014-cü il tarixdən tutduğu vəzifədən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsinin rəisinin X2 və İddiaçı ünvanlandığı 17 sentyabr 2021-ci il tarixli, 04/kol-342/2 nömrəli məktubundan görünür ki, Beşdam bələdiyyəsi tərəfindən X2 4590 manat və İddiaçı 3740 manat ödənilməmiş əmək haqqı borcunun olduğu qeyd olunmuş, habelə bu borcdan 13 sentyabr 2021-ci il tarixdə adlarına açılmış barat hesaba ayrılıqda 257,80 manat vəsait köçürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 28 fevral 2023-cü il tarixli məktubdan görünür ki, Siyəzən rayonu Beşdam bələdiyyəsi tərəfindən regional ədliyyə idarəsinə verilən məlumatda 17 yanvar 2000-ci ildən 10 dekabr 2014-cü il tarixədək Beşdam bələdiyyəsində sədr müavini vəzifəsində işlədiyi, işlədiyi dövrdən ödənilməmiş 3390 manat əmək haqqı borcunun qaldığı qeyd edilmiş, həmçinin bu məlumatda əmək haqqı borcundan 23 yanvar 2023-cü il tarixdə ona 100 manat vəsaitin köçürülməsi, bələdiyyənin hazırda 1319,45 manat DSMF-na vergi borcu olduğuna görə həmin tarixdə əmək haqqı borcundan ödənilən 100 manat vəsaitdən artıq ödəniş edilmədiyi, habelə bələdiyyə büdcəsinə vəsait daxil olduqca ödənilməmiş əmək haqqı borcundan ödənişlərin ediləcəyi bildirilmişdir. Bununla əlaqədar, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinin tələbləri qaydasında məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilmişdir. İşdə olan Siyəzən Rayon Beşdam Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 42 saylı arayışından müəyyən olunur ki, maliyyə sənədləri arxivə verildiyi üçün İddiaçı verilməsi mümkün olmamışdır. İşdə olan Siyəzən Rayon Beşdam Bələdiyyəsinin sədri Rəna Quliyevanın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Quba-Xaçmaz regional ərazi şöbəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli 27 saylı məktubdan müəyyən edilir ki, İddiaçı 12 dekabr 1999-cu il tarixdə Beşdam bələdiyyəsinə keçirilən seçkilərə əsasən 17 yanvar 2000-ci il tarixdə Beşdam bələdiyyə sədrinin müavini vəzifəsinə təyin edilmiş, 2014-cü ilin dekabr ayında keçirilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmədiyi üçün 10 dekabr 2014-cü il tarixdən tutduğu vəzifədən azad edilmişdir. X3 müraciəti əsasında ona 3740 manat əmək haqqı borcunun qaldığı və həmin borcun hissə-hissə ödəniləcəyi bildirilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbindən də göründüyü kimi, tələb üç hissədən ibarətdir: 1) ödənilməmiş əmək haqqının ödənilməsi 2) istifadə edilməmiş məzuniyyət günlərinə görə haqqın ödənilməsi 3) müalicə olunmaq və istirahət etməsi üçün bələdiyyə üzvünə verilməli olan iki aylıq əmək haqqının ödənilməsi Məhkəmə iddia tələbinin ödənilməmiş əmək haqqının ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iş materiallarında olan biri digərini tamamlayan sənədlərdən də müəyyən edildiyi kimi İddiaçı 17 yanvar 2000-ci il tarixdə Beşdam bələdiyyə sədrinin müavini vəzifəsinə təyin edilmiş, 10 dekabr 2014-cü il tarixdən tutduğu vəzifədən azad edilmiş, lakin ona son haqq-hesab ödənilməmişdir. Beşdam Bələdiyyəsi tərəfindən ünvanlanmış məktublardan müəyyən edilir ki, iddiaçıya 3740 manat məbləğində ödənilməmiş əmək haqqı hesablanmış ondan 13 sentyabr 2021-ci ildə 257,8 manat və 23 yanvar 2021-ci il tarixdə 100 manat pul ödənilmiş, 3382,20 manat məbləğində pul ödənilməmiş qalmışdır. Qeyd olunan bu hal cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatla da təsdiq olunmuş, cavabdeh orqan həmin məbləği ödəməkdən imtina etmədiyini bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin istifadə edilməmiş məzuniyyət günlərinə görə haqqın ödənilməsi və müalicə olunmaq və istirahət etməsi üçün bələdiyyə üzvünə verilməli olan iki aylıq əmək haqqının ödənilməsi hissələrinə münasibət bildirərək məhkəmə qeyd edir ki, həmin məbləğlər mübahisəli olduğu üçün məhkəmənin xx.xx.2025-ci il tarixli 2(059)-180/2025 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspetizası təyin olunsa da, cavabdeh orqan tərəfindən müvafiq sənədlər təqdim edilmədiyi üçün ekspertizanın keçirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. İddia tələbinin qeyd olunan hissələri ilə bağlı cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında izahat verən zaman həqiqətən də İddiaçı məzuniyyət və müalicə xərci ödənilmədiyini, lakin bununla bağlı sənədlər mövcud olmadığı üçün məbləğinin nə qədər olduğunu dəqiq bilmədiyini qeyd etmiş, hazırda bələdiyyələr birləşdiyindən həmin məbləğləri ödəməyin onların imkanı xaricində olduğunu bildirmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Siyəzən Rayon Beşdam Bələdiyyəsinin sədri Rəna Quliyevanın hələ xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Quba-Xaçmaz regional ərazi şöbəsinə ünvanladığı məktubda iddiaçıya 3740 manat əmək haqqı borcunun olduğu göstərilmişdir. Həmin məktubda istifadə edilməmiş məzuniyyət günlərinə görə haqqın ödənilməsi və müalicə olunmaq və istirahət etməsi üçün bələdiyyə üzvünə verilməli olan iki aylıq əmək haqqının ödənilməsi hissələrinə münasibət bildirilməsə də, məhkəmə hesab edir ki, nə qədər ki bir aylıq əmək haqqının məbləği 170 manat təşkil edirdi, onda təkcə 22 ay iddiaçıya əmək haqqı ödənilməmiş və nəticədə 3740 manat borc hesablanmışdır. Belə olduğu halda iddiaçıya cavabdeh tərəfindən istifadə edilməmiş məzuniyyət günlərinə görə haqqın ödənilməsi və müalicə olunmaq və istirahət etməsi üçün bələdiyyə üzvünə verilməli olan iki aylıq əmək haqqının ödənilmiş olması inandırıcı deyildir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissələrdə də əsaslı hesab edilərək qismən təmin edilməli, qeyd olunan tələb üzrə məbləğlər cavabdeh orqan tərəfindən hesablanaraq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 21 dekabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı mediasiya xidmətinin göstərilməsi üçün 60 manat vəsait ödəmişdir. Məhkəmə hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üzrə ödənilmiş 60 (altımış) manat xərcinin əvəzi Siyəzən rayonu Beşdam bələdiyyəsi tərəfindən iddiaçının xeyrinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Siyəzən Rayon Beşdam Bələdiyyəsindən İddiaçı xeyrinə son haqq-hesab olaraq 3382,20 manat əmək haqqı borcu tutulmalı, istifadə edilməmiş məzuniyyət günlərinə görə haqq, müalicə olunmaq və istirahət etməsi üçün bələdiyyə üzvünə verilməli olan iki aylıq əmək haqqının məbləği isə cavabdehdən iddiaçının xeyrinə hesablanaraq tutulmalı, həmçinin ödənilmiş 60 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə

q ə t e t d i:

İddia qismən təmin edilsin. Cavabdeh Siyəzən rayonu Beşdam Bələdiyyəsindən İddiaçı xeyrinə son haqqhesab kimi 3382,20 (üç min üç yüz səksən iki manat iyirmi qəpik) manat pul tutularaq ödənilsin. 2007-ci ildən 2014-cü ilədək əsas məzuniyyət günlərinə görə pul əvəzi, müalicə və istirahət etməsi üçün bələdiyyə üzvünə verilməli olan iki aylıq əmək haqqı məbləğində pul hesablanaraq, cavabdeh Siyəzən rayonu Beşdam bələdiyyəsi tərəfindən İddiaçı xeyrinə tutulsun. Mediasiya xidmətinin göstərilməsi üzrə ödənilmiş 60 (altımış) manat məhkəmə xərci Siyəzən rayonu Beşdam Bələdiyyəsi tərəfindən İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar