Məhkəmə qərarları › İş №2(059)-210/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-210/2025

25.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-210/2025 25.04.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Güliyev Kəbir Səyyar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əlavə və saxlanma xərci” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı və Cavabdeh 18 avqust 2022-ci ildə rəsmi nikaha daxil olmaqla evlənmiş və buna qədər faktiki nikah münasibətlərindən 22 iyun 2003-cü il tarixində Cavidan adlı övladları doğulmuşdur. Tərəflər arasında nikahın pozulmamasına baxmayaraq, Cavabdeh hazırda cəzaçəkmə müəssisəsində cəza çəkməsi səbəbindən onlar faktiki olaraq ayrı yaşayırlar və ümumi uşaqları Cavidan Şükürov hazırda yetkinlik yaşına çatsa da, sonuncu “dəqiqləşdirilmiş daun sindromu, daun sindromu davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, ağır dərəcəli əqli gerilik” diaqnozu ilə birinci dərəcəli müddətsiz əlil olaraq əmək qabiliyyətsizdir və iddiaçının himayəsindədir. Hazırda iddiaçı uşağın saxlanılması ilə əlaqədar heç bir yerdə işləmədiyini əsas gətirərək cavabdehdən əlavə xərclərdə iştirak etməsini tələb edir, cavabdeh isə etiraz etmir. İddia tələbi İddiaçı Cavabdeh qarşı “əlavə və saxlanılma xərci” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun saxlanılması və əlavə xərclərinin ödənilməsi üçün cavabdehdən təqaüdünün 25%-i və veteran pulunun 50%-i miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun saxlanılması və əlavə xərclərinin ödənilməsi üçün cavabdehdən veteran pulunun 50%-i miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Ərizə iddiaçı tərəfindən onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1969-cu il tarixində Siyəzən şəhərində doğulmuşdur. Cavabdeh, xx xxxxxx 1958-ci il təvəllüdlü Cavabdeh ilə 18 avqust 2022-ci ildə rəsmi nikaha daxil olmaqla evlənmiş və buna qədər faktiki nikah münasibətlərindən 22 iyun 2003-cü il tarixində Cavidan adlı övladları doğulmuşdur. Cavabdeh, əri Cavabdeh hazırda 09 saylı cəzacəkmə müəsisəsində cəza çəkir. Oğlu Cavidan “dəqiqləşdirilmiş daun sindromu, davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, ağır dərəcəli əqli gerilik” diaqnozlu xəstədir və sonuncunu özü himayə edib, ona xidmət göstərir. O, əmək haqqı almadığından uşağının maddi xərclərini qarşılaya bilmir. Həmçinin, kirayədə yaşamaqla yanaşı, kirayə və kommunal xərclərini ödəyir. Habelə, səhhəti ilə əlaqədar mütəmadi olaraq müalicə və müayinələrdə olur, buna xeyli miqdarda vəsait xərcləyir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda, o, ilkin mediasiya təşkilatından 28 dekabr 2024-cü il tarixli, MŞQ-MT-027-2024-01976 saylı arayış almış, həmçinin 60 manat məbləğində pul ödəmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş, lakin o, cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən əlahiddə müşayiət taboru vasitəsilə məhkəmə iclasına gətirilməsə də, iddia tələbinə münasibətdə məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbini qəbul etdiyini, İddiaçı ilə vətəndaş nikahında yaşadığını, bu nikahlarını 18 avqust 2022-ci ildə tarixdə rəsmiləşdirdiklərini, buna qədər faktiki nikah münasibətlərindən 22 iyun 2003-cü il tarixində Cavidan adlı övladları doğulduğunu, sonuncunun “dəqiqləşdirilmiş daun sindromu, davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, ağır dərəcəli əqli gerilik” diaqnozlu xəstəsi olduğunu, oğlunun saxlanılması və ehtiyaclarının ödənilməsi yalnız İddiaçı üzərinə düşdüyünü, iddiaçının haqlı olaraq ondan təqaüdünün 25%-i və veteran pulu olan prezident təqaüdünün tutularaq ona ödənilməsini tələb etdiyini, odur ki, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, təqaüdünün 25%-i və veteran pulu olan prezident təqaüdünün ondan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Buna görə də məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, Cavabdeh təqaüdünün 50%-i məhkəmə qətnaməsi ilə tutularaq sonuncu ilə birgə nikahından doğulmuş oğlunun saxlanılması üçün ona ödənilir. Bununla yanaşı, oğlu Cavidana kredit ilə ev alması məqsədi ilə müraciət etsə də, gəlirləri az olması səbəbindən müraciəti müsbət həllini tapmamışdır. Onun saxlanılması və əlavə xərclərinin ödənilməsi üçün Cavabdeh veteran pulunun 50%-i miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Tətbiq edilən hüquq Ailə Məcəlləsi 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. əlilliyi olan ümumi uşağa və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi övlada qulluq edən və ehtiyacı olan ər və ya arvad;

86. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.

Mülki Prosessual Məcəlləsi

76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

Məhkəmə iddiaçının izahatını cavabdehin ərizəsi və iş materialları ilə birgə araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən 18 avqust 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 496988 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 18 avqust 2022-ci il tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 111 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə "Şükürova" soyadı verilmişdir. İşdə olan Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsi tərəfindən 30 iyul 2004-cü il tarixdə verilmiş, AZ-İ seriyalı, 507607 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası X3 olan X6 22 iyun 2003-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, 22 iyun 2003-cü il təvəllüdlü əmək qabiliyyəti olmamaqla, qulluğa ehtiyacı olan X4 “dəqiqləşdirilmiş daun sindromu, daun sindromu davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, ağır dərəcəli əqli gerilik” diaqnozu ilə birinci dərəcəli müddətsiz əlildir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, İddiaçı İ qrup əlilliyi olan şəxsə qulluq etdiyinə görə 100 manat məbləğində pensiya alır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, cavabdeh X4 yaşa görə 1944,54 manat məbləğində təqaüd və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə 80 manat məbləğində müharibə veteranı pensiyası alır. İşdə olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 15 yanvar 2024-cü il tarixli, 2(059)-66/2024 saylı qətnaməsindən görünür ki, 22 iyun 2003-cü il təvəllüdlü X1 üçün 15 noyabr 2023-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay təqaüdünün 50%-i miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından da göründüyü kimi, tərəflər 18 avqust 2022-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş və buna qədər faktiki nikah münasibətlərindən 22 iyun 2003-cü il tarixdə Cavidan adında uşaqları doğulmuşdur. Tərəflər arasında nikahın pozulmamasına baxmayaraq, Cavabdeh hazırda cəzaçəkmə müəssisəsində cəza çəkməsi səbəbindən onlar faktiki olaraq ayrı yaşamaqla, yanaşı, ümumi uşaqları Cavidan Şükürov hazırda yetkinlik yaşına çatsa da, sonuncu “dəqiqləşdirilmiş daun sindromu, daun sindromu davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, ağır dərəcəli əqli gerilik” diaqnozu ilə birinci dərəcəli müddətsiz əlil olaraq əmək qabiliyyətsizdir. Həmçinin, İddiaçı əmək qabiliyyətsiz, İ dərəcəli əlilliyi olan övladı Cavidan Şükürova qulluq etdiyinə görə 100 manat, həmçinin sonuncunun saxlanması üçün Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 15 yanvar 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh hər ay təqaüdünün 50%-i miqdarında aliment alır. Mülki prosessual qanunvericilikdə göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri). Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə, iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəmələrə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübut isə, yalnız iddiaçının özünün izahatı olmuşdur. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı əmək qabiliyyətsiz, İ dərəcəli əlilliyi olan övladı Cavidan Şükürova qulluq etdiyinə görə 100 manat, həmçinin sonuncunun saxlanması üçün Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 15 yanvar 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh hər ay təqaüdünün 50%-i miqdarında aliment alır. Eyni zamanda, iddiaçı kirayədə yaşaması, mütəmadi müayinədən keçməsi və müalicə alması ilə bağlı mötəbər sənəd və ya sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq etməsinə baxmayaraq, hazırda tutulması müəyyən edilmiş alimentin miqdarı, iddiaçının cavabdehin yaşa görə pensiyasını tam həcmdə alması, faktiki onlar arasında bu barədə razılığın olması, bununla da onun əmlak (maddi) vəziyyətinə görə əlavə vəsaitə ehtiyacının olmaması nəzərə alındıqda, iddia tələbinin sözügedən hissədə təmin edilməsi ailə qanunvericiliyinin tələbləri ilə ziddiyyət təşkil etdiyinə görə məqsədəmüvafiq hesab edilə bilməz. Məhkəmə onu da qeyd edir ki, cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini qəbul etdiyini bildirsə də, işin məhkəmə araşdırması zamanı iddiaçı Amaliya Şükürova izahatında uşağına ipoteka ilə ev almaq üçün onun şəxsi gəlirlərinin artıq olmasına ehtiyac olduğunu bildirib bu əsasda iddia verdiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 84-cü maddəsində hansı əsaslarla ər-arvadın bir birinə maddi yardım etməli olması ilə bağlı müraciət etmək hüququnun olması dəqiq sadalanmış və qeyd olunan hallar sırasına “ipoteka ilə ev almaq üçün onun şəxsi gəlirlərinin artıq olması” aid edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

Məhkəmə xərcləri

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Bu Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, həmçinin iddiaçı hazırkı tələb üzrə dövlət rüsumunu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduğundan dövlət rüsumunun tutulmasına münasibətdə bu hal nəzərə alınmalı, mediasiya sessiyası üzrə ödənilmiş 60 (bir altımış) manat xərc də iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar