Məhkəmə qərarları › İş №2(059)-220/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-220/2021

26.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-220/2021 26.05.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 15 avqust 2018-ci il tarixli qətnaməsi ilə ondan tutulan alimentin məbləğinin azaldılaraq, 25 may 2012-ci il təvəllüdlü Gülayın və 21 oktyabr 2014-cü il təvəllüdlü Həbibin yetkinlik yaşına çatanadək saxlanmaları üçün ondan X2 xeyrinə hər ay 2 uşağa görə qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında və ya hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, oğlu, İddiaçı cavabdehlə 05 avqust 2010-cu il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu nikahdan 25 may 2012-ci il tarixdə Gülay və 21 oktyabr 2014-cü il tarixdə isə Həbib adlı övladları doğulmuşdur. Bir müddət sonra, ailədaxili münasibətlər kəskinləşdiyindən Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 06 mart 2018-ci il tarixli qətnaməsinə əsasən oğlu ilə cavabdeh arasında olan nikah pozulmuşdur. Bundan əlavə, alimentlə bağlı tərəflər arasında məhkəmə mübahisələri olmuş, nəticədə Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 15 avqust 2018-ci il tarixli qətnaməsi ilə nəvələri Gülayın və Həbibin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün oğlundan cavabdehin xeyrinə hər ay hər uşağa görə 136 manat olmaqla, cəmi 272 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Eyni zamanda, oğlu, İddiaçı yenidən, yəni 03 may 2018-ci il tarixdə X9 ilə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu nikahdan isə 31 avqust 2018-ci il tarixdə Ayan və 18 aprel 2020-ci il tarixdə isə Nuran adlı övladları doğulmuşdur. Oğlu, İddiaçı “xxxx” ASC-də yardımçı fəhlə işləməklə, aylıq 364 manat əmək haqqı alsa da, belində 5 mm ölçüsü olan sol paramedian yırtq olduğuna görə xəstəlikdən əziyyət çəkir və demək olar, əmək funksiyasını çətinliklə yerinə yetirir. Oğlu xəstəliyi ilə əlaqədar əsaslı müalicəyə ehtiyacı olmasına baxmayaraq, maddi vəziyyəti ilə əlaqədar müalicəsini də ala bilmir. Həmçinin, oğlunun aylıq gəliri və ödədiyi alimentin məbləği müqayisə edilərsə, ikinci nikahdan olan arvadının, azyaşlı övladlarının və özünün yaşayışı üçün 92 manat kifayət etməz. Əgər oğlu Xəqani ağır formada xəstə olmasa idi, sonuncu birinci nikahdan olan övladları üçün daha çox aliment verərdi. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı “xxxx” ASC-də yardımçı fəhlə işləməklə, aylıq 364 manat, ikinci arvadı Aygün Səlimova isə Şabran rayon Mərkəzi Xəstəxanasında laborant kimi çalışmaqla, aylıq 300 manat əmək haqqı alır. Bundan əlavə, İddiaçı hazırda ikinci arvadının evində yaşayır. Eyni zamanda, iddiaçının arvadı Aygün Səlimova uşağına görə birinci ərindən aliment də alır. Bu səbəbdən də, İddiaçı maddi vəziyyəti heç də pis deyildir. Qızı Təbəssüm heç bir yerdə işləmir, nəvəsi Gülay Səlimova isə “Beynin biocərəyan fəallığının rezudal mənşəli dəyişiklikləri, beyin qabığı və qabığaltı nüvələr arasında subordinar əlaqələrin zəifliyi” xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən də nəvəsi Gülayın gözü 30 % görür. Bundan başqa, iddiaçı alimentin məbləğini mübahisələndirib, azaldılmasını tələb etsə də, hazırkı vaxtda ölkə ərazisində bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumunun 175 manat olmasını unutmuşdur. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 06 mart 2018-ci il tarixli, 2(059)-71/2018 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında Siyəzən RİHB-nin Məşrif İƏV üzrə nümayəndəliyində 05 avqust 2010-cu il tarixdə, 05 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, onların birgə nikahından doğulmuş 25 may 2012-ci il təvəllüdlü Gülay və 21 oktyabr 2014-cü il təvəllüdlü Həbib anası cavabdeh Təbəssüm Səlimovanın himayəsində və yanında saxlanılmışdır. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 15 avqust 2018-ci il tarixli, 2(105)-2580/2018 saylı qətnaməsinin surətindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 16 aprel 2018-ci il tarixli, 2(059)-285/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 25 may 2012-ci il təvəllüdlü Gülayın və 21 oktyabr 2014-cü il təvəllüdlü Həbibin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Siyəzən Rayon Məhkəməsinin 31 may 2017-ci il tarixli, 2(059)-420/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilib, İddiaçı hər ay hər uşağa 136 manat olmaqla, cəmi 272 manat sabit pul məbləğində alimentin tutularaq X2 xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan Şabran rayon qeydiyyat şöbəsi tərəfindən 03 may 2018-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 257679 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X9 03 may 2018-ci il tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 50 nömrəli qeyd aparılmışdır. İşdə olan Şabran RPŞ tərəfindən 25 sentyabr 2018-ci il tarixdə verilmiş AZE seriyalı, 18788245 nömrəli şəxsiyyət vəsiqəsinin, eləcə də Şabran rayon qeydiyyat şöbəsi tərəfindən 02 may 2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 393495 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, müvafiq olaraq atası İddiaçı, anası X10 olan X7 31 avqust 2018-ci il tarixdə, X8 isə 18 aprel 2020-ci il tarixdə Şabran şəhərində doğulmuşdur. İşdə olan “xxxx” ASC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı “xxxx” ASC-də 29 avqust 2018-ci il tarixdən Biotəmizlik xidməti sahəsində yardımçı fəhlə peşəsində işləyir. Onun əmək haqqı vergi və digər ödənişlər daxil 364 manat təşkil edir. İşdə olan OKİ Medical Clinik tərəfindən 22 dekabr 2020-ci il tarixdə tərtib edilmiş müayinə sənədinin surətindən görünür ki, İddiaçı tibbi müayinəsi nəticəsində onda L4-5 diskdə dural kisəni sıxan diffuz annulyar qabarma (bulging), L5-S1 diskdə dural kisəni sıxan 5 mm ölçülü sol paramedian yırtıq aşkar olunmuşdur. İşdə olan 09 mart 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin nikahından 25 may 2012-ci ildə Gülay və 21 oktyabr 2014-cü ildə Həbib adlı övladları doğulmuş, iddiaçı cavabdehə uşaqların saxlanması üçün maddi cəhətdən köməklik göstərmədiyinə görə ondan qarşı tərəfin xeyrinə Sumqayıt Apellyasiya Məhkəməsinin 15 avqust 2018-ci il tarixli qətnaməsi ilə hər ay 136 manat, iki uşağa görə 272 manat sabit pul məbləğində alimentin tutularaq ödənilməsi qət edilmişdir. İddiaçı tərəf bu qətnamə ilə ondan aliment tutulduqdan sonra onun dolanışığı, müayinəsi üçün kifayət qədər vəsaitin qalmamasını, habelə aliment tutulduqdan sonra yerdə qalan vəsaitin yeni ailəsinin saxlanılmasını mümkünsüz etdiyini qeyd etsə də, işin faktiki hallarından da göründüyü kimi bunun həqiqətən də belə olması ilə bağlı iddiaçı tərəfdən məhkəməyə əsaslı sübutlar təqdim edilməmiş, məhkəmə iclası zamanı iddiaçının söylədikləri kifayət qədər əsaslandırmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının maddi vəziyyətinin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəməyə imkan verməməsi hallarını təsdiq edəcək dəlillər təqdim edilməmişdir. Həmçinin, məhkəmə iddiaçı tərəfin alimentin hazırkı məbləğinin onun üçün böyük maddi məhrumiyyətlər yaratması ilə əlaqələndirməsinə münasibət bildirməyi zəruri hesab edərək qeyd edir ki, iddia tələbində göstərilən hallar onun haqlı olmasına dəlalət etmir. Çünki, iddiaçının maddi durumu ilə bağlı qeyd etdiyi hallar kifayət qədər əsaslandırılmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının maddi vəziyyətinin alimenti ödəməyə imkan verməməsi hallarını təsdiq edəcək dəlillər təqdim edilməmişdir. Bundan əlavə, iddiaçının ikinci nikahından olan övladlarının tələbatlarını qarşılaması onu digər övladlarına, yəni Gülaya və Həbibə münasibətdə valideynlik öhdəliklərini yerinə yetirməkdən azad etmir. Ona görə ki, alimentin həcminin müəyyən edilməsi zamanı uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün əvvəlki təminatının səviyyəsi, habelə uşağın maraqları nəzərə alınmalıdır. Bundan başqa, iddiaçının sağlamlığı ilə bağlı gətirdiyi dəlillər də kifayət qədər əsaslandırılmamışdır. Belə ki, iddiaçının sağlamlıq vəziyyəti ilə bağlı OKİ Medical Clinik tərəfindən tərtib edilmiş arayış 22 dekabr 2020-ci il tarix üçün olmaqla yanaşı, onun hazırkı sağlamlıq vəziyyətini əks etdirən göstərici deyildir və bunun üçün kifayət etmir. Çünki, verilmiş həmin arayış 22 dekabr 2020-ci il tarixi üçün etibarlı ola bilər. Yəni, iddiaçının sağlamlığında əvvəl problemlər olsa belə, indi o problemlər olmaya da bilər. Həmçinin, iddiaçının sağlamlığında hər hansı problem olsa belə, bu problemin onun həyatında mənfi dəyişikliklərə səbəb olmasını, ümumiyyətlə, iddiaçının işləmək imkanına mane olmasını təsdiq edəcək hər hansı bir mötəbər sübut və ya sənəd məhkəməyə təqdim edilməmişdir. Əksinə, iddiaçı, iddia ərizəsində xəstəliyi ilə əlaqədar işlərini görməkdə çətinlik çəkdiyini qeyd etsə də, o, 29 avqust 2018-ci il tarixdən hazırkı vaxtda da, “xxxx” ASC-də Biotəmizlik xidməti sahəsində yardımçı fəhlə peşəsində işləyir. Deməli, iddiaçı tərəfin istinad etdiyi dəlillər kifayət qədər əsasa malik olmamaqla, İddiaçı özünün valideyn məsuliyyətindən yayınması üçün irəli sürdüyü arqumentlərdən ibarətdir. Beləliklə, İddiaçı bir ata, valideyn kimi yetkinlik yaşına çatmayan övladlarının saxlanması üçün Cavabdeh maddi cəhətdən köməklik göstərməli, onların qayğısına qalmalıdır. Bundan başqa, İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 15 avqust 2018-ci il tarixli, 2(105)-2580/2018 saylı qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin həddindən artıq olmasını bildirsə də, qeyd edilməlidir ki, məhkəmə qətnaməsi çıxarılanadək artıq ikinci dəfə evlənmiş iddiaçı məhkəmənin gəldiyi nəticəni bilmiş, nəticə ilə narazı qalacağı təqdirdə qətnamədən onun verildiyi gündən 2 (iki) ay müddətində kassasiya şikayət vermək hüququ qətnamə ilə izah edilmişdir. Lakin, qeyd edilməlidir ki, qətnamədən şikayət verilməsi üçün qanunvericiliklə nəzərdə tutulan müddət kifayət qədər olsa da, İddiaçı bu hüququndan istifadə etməmiş, mövcud olan vəziyyətlə razılaşmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 15 avqust 2018-ci il tarixli, 2(105)-2580/2018 saylı qətnaməsi isə hazırda qüvvədədir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə İİ bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən “Uşaq hüquqları” haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında 29 dekabr 2020-ci il tarixli Qanuna əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumu 175 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "aliment miqdarının azaldılması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı "aliment miqdarının azaldılması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar