Məhkəmə qərarları › İş №2(059)-221/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-221/2023

22.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-221/2023 22.05.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13 yanvar 2020-ci il təvəllüdlü X6 və 24 sentyabr 2022-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 20 noyabr 2018-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu nikahdan 13 yanvar 2020-ci il tarixdə Murad və 24 sentyabr 2022-ci il tarixdə isə Ömər adlı övladları doğulmuşdur. Beləliklə, o, heç yerdə işləmir. Bundan başqa, Cavabdeh ailəyə laqeyd yanaşaraq, müxtəlif bəhanələr gətirir, habelə evə əmək haqqı gətirmir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, hazırda birgə yaşasalar da, cavabdeh ailəyə, iki azyaşlı uşağına laqeyd yanaşır. Bundan əlavə, sonuncu borclarının olmasını bəhanə edərək, ailəyə qazanc gətirmir. O cümlədən, özü hazırda işləmədiyindən azyaşlı uşaqlarının maddi ehtiyaclarını qarşılaya bilmir. Bu səbəbdən də, aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, 13 yanvar 2020-ci il təvəllüdlü Murad Ağazadənin yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment miqdarı müəyyən edilmiş və hazırda cavabdeh alimenti ödəyir. Odur ki iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, izahatında göstərdi ki, o, hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsində elektrik montyoru işləməklə, aylıq ortalama 852,57 manat əmək haqqı alır. Lakin, borcları olduğundan qazancı həmin borclarının qarşılanmasına sərf olunur. Belə ki, ailənin zəruri ərzaq ehtiyaclarının bir qismini qarşılasa da, uşaqların digər maddi ehtiyacları onun tərəfindən ödənilmir. Bununla yanaşı, onun "xxxx" ASC-yə və "xxxx" ASC-yə kredit borcları olduğundan müvafiq olaraq, aylıq 192 və 40 manat olmaqla, kredit ödənişlərini edir. Eyni zamanda, geyim və yol xərclərinə də vəsait sərf edir. Lakin, hazırkı iddianın təmin edilməsinə dair qətnamə qəbul edilərsə, aliment məbləği müvafiq olaraq, əmək haqqına yönəldilməklə, iddiaçının kart hesabına köçürülə bilər. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsində dalandar vəzifəsində işləməklə, aylıq 400 manat əmək haqqı alır. X20 15 yaşı olmaqla, 9-cu sinif şagirdidir, həmçinin müxtəlif fənlərdən məşğələlərə gedir. Bundan əlavə, oğlu Sübhan Ağayev isə 5-ci sinif şagirdidir. Beləliklə, o, uşaqlarının təhsilinə görə əlavə vəsait xərclədiyindən, maddi cəhətdən çətinlik çəkir. Buna baxmayaraq, o çətinliklə də olsa uşaqların gündəlik artan tələbatlarını qarşılayır. Bununla yanaşı, iki banka borcu vardır. Bundan əlavə, o, aliment tələbi ilə bağlı mediasiya qurumuna müraciət etdikdən sonra, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, tərəflərin nikahından doğulmuş birinci uşağa görə aliment tutulmasından xəbəri olmamışdır. Eyni zamanda, cavabdeh aliment məbləğini vaxtında ödədiyindən, sonuncunun aliment borcu yoxdur. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd edilən normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh münasibətdə qətnamənin əsaslandırıcı hissəsində iddianın etiraf edilməsi və onun qəbul edilməsi ilə kifayətlənmək olsa belə, aşağıdakıların qeyd edilməsi zəruridir. Belə ki, Sumqayıt “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 20 noyabr 2018-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 301711 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X10 20 noyabr 2018-ci il tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 3191 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə "Ağayeva" soyadı verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 30 yanvar 2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 374040 nömrəli və 03 oktyabr 2022-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 794263 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq atası Cavabdeh, anası İddiaçı olan X12 13 yanvar 2020-ci il tarixdə, X13 isə 24 sentyabr 2022-ci il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan Cavabdeh 13 mart 2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, o, iddia tələbini qəbul edərək, birgə nikahdan doğulmuş uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün iddia üzrə tələb olunan aliment məbləğini iddiaçının xeyrinə ödəməyə razıdır. İşdə olan myGov portalından 13 mart 2023-cü il tarixdə əldə edilmiş vətəndaşın iş yeri haqqında arayışa əsasən Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsində elektrik montyoru işləməklə, aylıq 852,57 manat əmək haqqı alır. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(059)-334/2019 saylı qətnaməsinin surətindən görünür ki, 06 sentyabr 2009-cu il təvəllüdlü X5 və 07 aprel 2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh iddiaçı X4 xeyrinə hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(059)-412/2021 saylı qətnaməsinə əsasən 13 yanvar 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı xeyrinə 01 iyul 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutulmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 20 noyabr 2018-ci ildə nikahlarını rəsmiləşdirməklə evlənmiş və bu nikahdan 13 yanvar 2020-ci il tarixdə Murad və 24 sentyabr 2022-ci il tarixdə isə Ömər adlı uşaqları doğulmuşdur. Tərəflər arasında nikahın pozulmamasına baxmayaraq, uşaqların saxlanılması, yəni onların maddi ehtiyaclarının qarşılanması ilə bağlı ailənin daxilində mübahisə yaranmışdır. Cavabdehin uşaqlarının saxlanmasında iddiaçıya maddi cəhətdən yardım etməməsi səbəbindən sonuncu hazırda yetkinlik yaşına çatmayan uşaqlarını maddi cəhətdən təmin etməkdə çətinlik çəkir. Məhz buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa, cavabdehin üçüncü şəxs X7 ilə nikahından 06 sentyabr 2009-cu il tarixdə Solmaz, 07 aprel 2013-cü il tarixdə isə Sübhan adlı övladları doğulmuş, habelə Siyəzən Rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli qətnaməsi ilə sonuncuların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh üçüncü şəxs X3 xeyrinə hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutulmuşdur. Eyni zamanda, Siyəzən Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən 13 yanvar 2020-ci il təvəllüdlü Murad Ağazadənin yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2 bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Bu məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 13 yanvar 2020-ci il təvəllüdlü X6 və 24 sentyabr 2022-ci il təvəllüdlü X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Məhkəmə, tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və uşaqların əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, uşaqların minimum maddi təminat almaq hüququnu nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, 13 yanvar 2020-ci il təvəllüdlü X6 və 24 sentyabr 2022-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Murad Ağazadəyə münasibətdə hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan, Ömər Ağazadəyə münasibətdə isə 01 mart 2023-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay qazancının (başqa gəlirinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutulmalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il, 8-2/2016 saylı qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu qərarın, 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qeyd olunan qərarın 8.7-ci bəndinin İ cümləsinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Beləliklə, cavabdehin iddia tələbini qəbul etməsinə, habelə alimen ödənişlərini lazımı qaydada icra etməsinə baxmayaraq, məhkəmə zəruri hesab edərək qeyd edir ki, ailə qanunvericiliyinin yuxarıda sadalanan normaları baxımından bu cür mübahisələr ilk növbədə uşaqların hüquq və mənafelərinə uyğun həll edilməli, yetkinlik yaşına çatmayan uşaqlar valideynlər arasında yaranmış mübahisə və ədavətin qurbanına çevrilməməlidir. Alimentin həcminin müəyyən edilməsi zamanı uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün əvvəlki təminatlarının səviyyəsi, habelə uşaqların maraqları nəzərə alınmalıdır. Həmçinin, cavabdeh bir ata, valideyn kimi keçən müddət ərzində böyüyən və zəruri ehtiyacları artan yetkinlik yaşına çatmayan övladlarının saxlanmasına maddi cəhətdən köməklik göstərməli, onların qayğısına qalmalıdır. Eyni zamanda, məhkəmə alimentin miqdarını müəyyən edərkən bunun yalnız bir tərəfin deyil, hər iki tərəfin maddi durumuna, o cümlədən həyat şəraitinə təsirini nəzərə almalıdır. Bununla yanaşı, alimentin həcmi müəyyən edilərkən uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün əvvəlki təminat səviyyəsi, habelə onların maraqları nəzərə alınmaqla, tərəflərin diqqətəlayiq maraqlarına da diqqət yetirilməlidir. Bundan əlavə, cavabdehin ikinci nikahından olan övladlarına qayğı göstərməsi onu digər övladlarına, yəni Solmaza və Sübhana münasibətdə valideynlik öhdəliklərini yerinə yetirməkdən azad etmir. Beləliklə, müəyyən edilir ki, cavabdehin birinci nikahdan doğulmuş uşaqlarına görə ödədiyi və hazırkı iddia üzrə tələb olunan aliment məbləğlərin məcmusu cavabdehin aylıq gəlirinin 61%-ni təşkil etdyinindən hazırkı tələb üzrə sonuncunun qazancının (başqa gəlirinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutulması ədalət nöqteyi-nəzərdən məqsədəmüvafiqdir. Belə ki, yeni məhkəmə qərarı cavabdehin birinci nikahdan doğulmuş uşaqlarına görə ödədiyi alimentin məbləğinin aşağı düşməsinə səbəb olmur. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il, 8-2/2016 saylı qərarının 8.8-ci bəndinə əsasən aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununlada onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin, məhkəmə hesab edir ki, İddiaçı azad edildiyi 54,10 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. 13 yanvar 2020-ci il təvəllüdlü X6 və 24 sentyabr 2022-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Murad Ağazadəyə münasibətdə hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan, Ömər Ağazadəyə münasibətdə isə 01 mart 2023-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay qazancının (başqa gəlirinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutulsun. X2 dair hissədə dərhal icraya yönəldilsin. İddiaçı azad edildiyi 54,10 (əlli dörd manat 10 qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar