Məhkəmə qərarları › İş №2(059)-24/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-24/2023

18.09.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-24/2023 18.09.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakları ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh “X5” MMC-yə qarşı “orta əmək haqqının, son haqq-hesabın və gecikdirilmiş günlərə görə ödəncin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh “X5” MMC-yə qarşı “orta əmək haqqının, son haqq-hesabın və gecikdirilmiş günlərə görə ödəncin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək haqlarının, məzuniyyət haqlarının, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş qaydada hesablanmış ödəncin, 180 manat ödənilmiş mediasiya xərcinin, ödənilmiş 50 manat dövlət rüsumunun, ümumilikdə yaranmış borc məbləğinin cavabdehdən tutulub iddiaçıların hesablarına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçılar işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia ərizəsinin dəqiqləşdirilməsinə dair başqa bir ərizə ilə məhkəməyə müraciət edərək, 36374,47 manat məbləğində pul vəsaitinin İddiaçı1, 36763,25 manat məbləğində pul vəsaitinin Hamza Denizin, 6361,43 manat məbləğində pul vəsaitinin İddiaçı3 hesabına köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, İddiaçı1 21 iyun 2013-20 avqust 2021-ci, İddiaçı2 17 oktyabr 2013-20 avqust 2021-ci, İddiaçı3 isə 30 mart 2020-21 avqust 2021-ci il tarixlər ərzində “X5” MMC-də müxtəlif vəzifələrdə çalışmış, habelə tərəflər arasında bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsi ilə 20 və 21 avqust 2021-ci il tarixlərində xitam verilmişdir. Tərəflər arasında bağlanmış əmək müqavilələrinə xitam verilərkən həmin məcəllənin müxtəlif imperativ normaları pozulmuş və işəgötürən tərəfindən işçilərə sonuncu haqqhesab haqları verilməmişdir. Bundan sonra, tərəflərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 müraciət olunmuş, müraciətlərə əsasən X3 Xidməti Sumqayıt Regional və X3 Xidməti Quba Regional Şöbələri tərəfindən 26 yanvar 2022-ci il tarixli və 01 oktyabr 2021-ci tarixli məktublarlarla X5” MMC-nin rəhbəri X1 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən MN1051552 və MN0687750 saylı protokalların tərtib olunması barədə məlumat verilmişdir. İddiaçı3 ilə bağlanmış əmək müqaviləsinə 21 avqust 2021-ci il tarixdə xitam verilməsinə baxmayaraq, bu günədək əmək müqaviləsinə xitam əmrinin surəti, əmək kitabçası ona təhvil verilməmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.6-cı maddəsinə əsasən ödənişlər edilməmişdir. Göründüyü kimi “X5” MMC təqsirindən 1 il olar iddiaçılar əmək haqlarını ala bilmirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin Məcəllənin 290-cı maddəsinə əsasən fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. İddiaçı1 ilə “X5” MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməmişdən əvvəlki 12 ay üçün 7080 manat məbləğində vəsait onun kart hesabına köçürülməli olduğu halda 4002 manat məbləğində pul vəsaiti köçürülsə də, “X5” MMC tərəfindən 3078 manat məbləğində pul isə bu günə qədər köçürülməmişdir. Bundan başqa, İddiaçı1 ilə bağlanmış əmək müqaviləsi üzrə bu günə qədər istifadə edilməmiş əmək məzuniyyətləri üçün ödənilməli olan 4744,47 manat məbləğində pul vəsaiti əmək müqaviləsinə xitam verilərkən hesaba köçürülməmişdir. Odur ki, “X5” MMC-nin İddiaçı1 7822,47 manat borcu yaranmışdır (7822,47 x 1:100 x 365=28552). İddiaçı2 ilə “X5” MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməmişdən əvvəlki 12 ay üçün 6612 manat məbləğində vəsait onun kart hesabına köçürülməli olduğu halda 3092 manat məbləğində pul vəsaiti köçürülsə də, “X5” MMC tərəfindən 3520,00 manat məbləğində pul isə bu günə qədər köçürülməmişdir. Bundan başqa, İddiaçı2 ilə bağlanmış əmək müqaviləsi üzrə bu günə qədər istifadə edilməmiş əmək məzuniyyətləri üçün ödənilməli olan 4386,25 manat məbləğində pul vəsaiti əmək müqaviləsinə xitam verilərkən hesaba köçürülməmişdir. Odur ki, “X5” MMC-nin İddiaçı2 7906,25 manat borcu yaranmışdır (7906,25 x 1:100 x 365=28857). İddiaçı3 ilə “X5” MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməmişdən əvvəlki 12 ay üçün 7845 manat məbləğində vəsait onun kart hesabına köçürülməli olduğu halda 7470 manat məbləğində pul vəsaiti köçürülsə də, “X5” MMC tərəfindən 375 manat məbləğində pul isə bu günə qədər köçürülməmişdir. Bundan başqa, İddiaçı3 ilə bağlanmış əmək müqaviləsi üzrə bu günə qədər istifadə edilməmiş əmək məzuniyyətləri üçün ödənilməli olan 455,43 manat məbləğində pul vəsaiti əmək müqaviləsinə xitam verilərkən hesaba köçürülməmişdir. Odur ki, “X5” MMC-nin İddiaçı3 830,43 manat borcu yaranmışdır (830,43 x 1:100 x 365=3031). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.6-cı maddəsinə əsasən işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin İİİ hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Odur ki, “X5” MMC son 5 ay ərzində İddiaçı3 iş tapmasında maneə yaratdığı üçün 2500 manat məbləğində əlavə ödənc verməyə borcludur. Bundan başqa, bu günə qədər İddiaçı3 Əmək Məcəlləsinin 83-cü maddəsinin İİ hissəsinin tələbləri pozularaq, xitam əmri və əmək kitabçası təqdim edilməməklə İddiaçı3 yeni iş yeri üzrə əmək müqaviləsi bağlanılmasında aşkar çətinliklər yaradılmışdır. Həmin Məcəllənin 83-cü maddəsinin İİ hissəsində “Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir” qeyd olunmuşdur. Bundan sonra, İddiaçı3 dəfələrlə şifahi müraciətlər etməsinə baxmayaraq, nəticə əldə edə bilmədiyi üçün “X5” MMC baş ofisinə yaxınlaşsa da, bu zaman şirkətin rəhbəri tərəfindən əmək kitabçasının süni şəkildə imzalanmaması kitabçanın əldə edilməsinə mane yaratmışdır. Bu günə qədər də əmək kitabçası əldə edilməmişdir. Eyni zamanda, İddiaçı1 əmək müqaviləsi üzrə satınalma departamentinin direktoru olarkən "xxxx" ASC ilə bağlamış olduğu 29 iyun 2020-ci il tarixli, CP/85210/75/11 saylı kredit müqaviləsinə əsasən 5000 manat kredit əldə etmiş, bundan sonra 2021-ci il ərzində “X5” MMC tərəfindən istər əmək müqavilələrinin, istərsə də Əmək Məcəlləsinin tələbləri pozularaq əmək haqlarını ay ərzində müxtəlif vaxtlarda az-az, lakin tam olmamaq şərti ilə işçilərin kart hesablarına köçürməyə başlanmışdır. Bu isə "xxxx" ASC qarşısında borc müqaviləsi üzrə İddiaçı1 üzərinə düşən öhdəlikləri tam icra edə bilməməsinə, son aylarda isə tam icra edə bilməməsinə səbəb olmuşdur. Şəlalə Dənizin əri İddiaçı2 da “X5” MMC-də əmək müqaviləsi üzrə fəaliyyət göstərdiyi nəzərə alınsa, Əmək Məcəlləsinin tələblərinin kobud şəkildə pozulmasının ailəyə nə qədər maddi və mənəvi zərər vurduğu aydın görünür. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, tələb etdiyi məbləğ hüquqşünasın məsləhəti ilə hesablanmış, həmçinin sonuncu ödənilməsinin gecikdirildiyi üçün əmək haqqının bir faizi məbləğində ödənc almaq hüququnun yarandığını da izah etmiş, nəticədə iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizədəki müvafiq hesablanma əsasında tələb məbləği əldə edilmişdir. Bundan əlavə, o, 21 iyun 2013-cü il tarixdə cavabdeh MMC-də direktorun köməkçisi işinə qəbul edilmiş, daha sonra müvafiq olaraq “biznes əlaqələri və müqavilələri üzrə mütəxəssis”, “xarici münasibətlər və koordinasiya şöbəsinin müdiri” vəzifələrinə keçirilmiş, 03 sentyabr 2019-cu il tarixdən 20 avqust 2021-ci il tarixə kimi isə cavabdeh MMC-də “Satınalma departamentinin direktoru” vəzifəsində çalışmış, o cümlədən həmin vəzifədə çalışdığı 2020-2021-ci illər ərzində aylıq 600 manat əmək haqqı almışdır. Bundan əlavə, mediasiya xidmətinin göstərilməsi üçün çəkmiş olduğu 60 manat xərcin də cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, 17 oktyabr 2013-cü il tarixdən 20 avqust 2021-ci il tarixə kimi cavabdeh MMC-də sistem adminstratoru vəzifəsində çalışmaqla, aylıq 600 manat əmək haqqı almışdır. Bundan əlavə, mediasiya xidmətinin göstərilməsi üçün çəkmiş olduğu 60 manat xərcin də cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, o, 30 mart 2020-ci il tarixdən 21 avqust 2021-ci il tarixə kimi cavabdeh MMC-də mühasib vəzifəsində çalışmış, habelə əmək haqqı 1500 manat olsa da, 500 manat olaraq rəsmiləşdirilmişdir. Əmək müqaviləsinə 21 avqust 2021-ci il tarixdə xitam verilsə də, hazırkı vaxta kimi cavabdeh MMC tərəfindən ona məxsus əmək kitabçası verilməmiş, habelə bununla əlaqədar işləmiş olduğu MMC-yə müraciətlər etdikdə, əmək kitabçasının itirildiyi bildirilmiş, lakin bu barədə də hər hansı bir sənəd təqdim edilməmişdir. Tədricən əmək kitabçası öz əhəmiyyətini itirsə də, əvvəllər əhəmiyyətə malik olmuş, işə düzəlməsi üçün harasa müraciət edəcəyi təqdirdə, tələb ediləcəyi zərurətinin olacağı ona məlum olmuşdur. Lakin, o, 14 yanvar 2022-ci il tarixdə təsis etdiyi MMC-nin direktoru da olduğundan əmək kitabçasına ehtiyac duymamış, habelə özünə yeni kitabça tərtib etmək məcburiyyətində qalmışdır. Həmçinin, o, əmək kitabçasının cavabdeh MMC tərəfindən təhvil verilmədiyi üçün tələb etdiyi 2500 manat məbləği 21 avqust 2021-ci il tarixdən 2022-ci ilin yanvar ayına kimi hesablamışdır. Bundan əlavə, mediasiya xidmətinin göstərilməsi üçün çəkmiş olduğu 60 manat xərcin də cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh “X5” MMC-yə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, cavabdeh “X5” MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməmələri, eləcə də iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, iddia tələbi dəqiq deyildir. İddia tələbində 3 iddiaçı olmasına baxmayaraq, hansı iddiaçıya münasibətdə hansı iddia tələbinin təmin edilməsinin xahiş edildiyi aydın görünmür. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinin pozulduğu və dəqiq olmayan iddia tələbi rədd edilməlidir. Həmçinin, hər 3 iddiaçının iddia tələbləri əmək münasibətləri ilə əlaqədar olsa da, mübahisə hər biri üçün ayrıca spesifik xarakter daşıyır. Yəni, hər bir iddiaçı özünün əmək müqaviləsinin qüvvədə olduğu dövr üçün ayrı məbləğdə iddia tələbi irəli sürə bilərdi ki, bu hal da 3 iddiaçıya münasibətdə iddia tələbinin bir iddia ərizəsində birləşdirilməsini mümkünsüz edir. Bundan başqa, iddia tələbi tamamən əsassızdır. Belə ki, iddiaçıların hər birinə müvafiq əmək haqqı və digər ödənclər edilmişdir. Sadəcə olaraq əmək haqqı ödənişləri nağdsız qaydada həyata keçirildiyi üçün ödənişlərlə bağlı cavabdehdə heç bir yazılı sübut qalmamışdır. Bununla bağlı şirkətin rəsmi bank hesablarının olduğu "xxxx" ASC-yə və "xxxx" QSC-yə müvafiq sorğu göndəriləcəyi təqdirdə qeyd edilən hallar öz təsdiqini tapacaqdır. Digər tərəfdən, iddiaçı tərəf iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə görə “pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər”. İndiki halda isə iddiaçılar iddia müddətini ötürmüşdürlər. İddia tələbinin "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş qaydada hesablanmış ödənişin" hissəsi ilə tələbin həcmini müəyyən etmək mümkün deyildir. Eyni zamanda bu da qeyd edilməlidir ki, bu məhkəmə işi məhkəmə-mühasibat ekspertizasına göndərilmiş, lakin ekspertiza qarşıya qoyulmuş sualların cavablandırılması üçün onlardan bəzi sənədlərin təqdim edilməsini tələb edilmişdir. Lakin, "X5" MMC defakto hazırkı sahibləri tərəfindən satın alındığından bütün arxiv sənədləri yeni mülkiyyətçilərinə təqdim edilmişdir. Nəticə etibarilə, sözügedən sənədlərin məhkəmə-mühasibat ekspertizasına təqdim edilməsi mümkünsüz olmuşdur. Əlavə olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən "fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər". Qeyd edilmiş normadan da göründüyü kimi iddiaçılar yaranmış mübahisə üzrə qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşlər. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin xidmət nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı1 adına 15 iyul 1997-ci il tarixdə doldurulmuş ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən, eləcə də sosial arayışdan görünür ki, İddiaçı1 21 iyun 2013-cü il tarixdə “X5” MMC-də direktorun köməkçisi işinə qəbul edilmiş, daha sonra 08 oktyabr 2018-ci il tarixdə biznes əlaqələri və müqavilələri üzrə mütəxəssis, 03 yanvar 2019-cu il tarixdə “Xarici münasibətlər və koordinasiya şöbəsinin müdiri” vəzifələrinə keçirilmiş, 03 sentyabr 2019-cu il tarixdən 20 avqust 2021-ci il tarixə kimi MMC-də “Satınalma departamentinin direktoru” vəzifəsində çalışmış, qeyd edilən sonuncu tarixdə isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan İddiaçı2 adına 17 oktyabr 2013-cü il tarixdə doldurulmuş ******* nömrəli əmək kitabçasının surətindən, eləcə də sosial arayışdan görünür ki, İddiaçı2 17 oktyabr 2013-cü il tarixdən 20 avqust 2021-ci il tarixə kimi “X5” MMC-də sistem adminstratoru vəzifəsində çalışmış, qeyd edilən sonuncu tarixdə isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan 30 mart 2020-ci il tarixli, 279-K nömrəli əmrin surətindən, eyni tarixli əmək müqaviləsindən, eləcə də sosial arayışdan görünür ki, 24 yanvar 2022-ci il tarixdən "xxxx" MMC-nin direktoru qismində işləyən İddiaçı3 30 mart 2020-ci il tarixdən 21 avqust 2021-ci il tarixə kimi “X5” MMC-də mühasib vəzifəsində çalışmışdır. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Quba regional ərazi şöbəsinin 27 sentyabr 2021-ci il tarixli, **********5 nömrəli, eləcə də 01 oktyabr 2021-ci il tarixli, **********2 nömrəli məktublarının surətlərindən görünür ki, İddiaçı2 və İddiaçı1 işdən azad olunarkən onlara çatacaq son haqq-hesabın “X5" MMC tərəfindən ödənilməməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 Çağrı mərkəzinə ünvanladığı müraciətə X3 Xidmətinin Quba regional ərazi şöbəsində baxılmış, habelə bununla əlaqədar aparılan araşdırma zamanı təqdim edilmiş sənədlərdən “X5” MMC-nin işçiləri İddiaçı2 və İddiaçı1 21 avqust 2021-ci il tarixdə işdən azad olunarkən onlara çatacaq son haqq-hesabın ödənilmədiyi məlum olmuş, bu səbəbdən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin və 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozulduğundan “X5” MMC-nin sədri X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 24 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, MMC tərəfindən müvafiq sənədlərin DƏMX-nin Quba regional ərazi şöbəsinə təqdim olunması məqsədi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət olunmuş, İddiaçı2 və İddiaçı1 son haqq-hesabının ödənilməsi üçün MMC-yə göstəriş xarakterli məktub göndərilmiş, həmçinin onlara son haqq-hesabları ödənilmədiyi təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. İşdə olan 08 iyul 2022-ci il tarixli pretenziyanın surətindən görünür ki, iddiaçılar onlara çatacaq müvafiq məbləğlərin ödənilməsi ilə əlaqədar cavabdeh MMC-ni xəbərdarlıq etmişlər. İşdə olan Siyəzən Rayon Məhkəməsinin 24 yanvar və 14 aprel 2023-cü il tarixlərdə “X5” MMC-yə ünvanlandığı məktublardan görünür ki, bu məhkəmənin 02 noyabr 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Rövşən Cəlilov məhkəməyə vəsatətlə müraciət edərək, Azərbaycan Respublikası MPM-nin 63.3-cü və "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddələrini rəhbər tutmaqla məhkəmə-mühasibat ekspertizasını aparmaq üçün əlavə materialların - İddiaçı2 əmək müqaviləsinin, əmək haqqı ştat cədvəlinin, əmək haqqının ödənilməsi üzrə bank hesabından çıxarışın, işlədiyi bütün dövr üzrə məzuniyyətlə bağlı əmrlərinin; İddiaçı1 əmək müqaviləsinin, əmək haqqı ştat cədvəlinin, bank hesabından çıxarışın, işlədiyi bütün dövr üzrə məzuniyyətlə bağlı əmrlərinin; İddiaçı3 əmək haqqı ştatı cədvəlinin, işlədiyi bütün dövr üzrə məzuniyyət əmrlərinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilməsini xahiş etmiş, həmçinin məhkəmənin 24 yanvar 2023-cü il tarixli məktubu ilə vəsatətdə sadalanan sənədlərin məhkəməyə göndərilməsi “X5” MMC-dən xahiş edilmiş, lakin, məktub icrasız qalmış, tələb olunan zəruri sənədlərin göndərilməsi təmin edilməmişdir. Bu hal isə Azərbaycan Respublikasının adından çıxarılmış qərardadın icrasının təmin edilməsinə, həmçinin işin əsassız, lüsumsuz uzanmasına şərait yaratmaqla, mübahisənin ağlabatan vaxtda hərtərəfli, tam və obyektiv həllinə maneə yaratmış və mümkünsüz etmişdir. Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Odur ki, yaranmış zərurətlə əlaqədar olaraq qeyd edilən sənədlərin təcili surətdə məhkəməyə təqdim edilməsinin təmin edilməsi “X5” MMC-dən xahiş olunmuşdur. İşdə olan mötəbər sənədlərdən, o cümlədən 11 iyun 2022-ci il tarixli mədaxil qəbzindən və arayışlardan görünür ki, iddiaçılar mediasiya xidmətinin göstərilməsi üçün ayrı-ayrılıqda 60 manat olmaqla, ümumilikdə 180 manat məbləğində mediasiya xərci çəkmişlər. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Sözügedən Məcəllənin 68-ci maddəsinin İİ hissəsinin "a" bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Bu Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qeyd olunan Məcəllənin 172-ci maddəsinin İV, V və Vİ hissələrinə əsasən İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Göstərilən maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddədə "işəgötürənin təqsiri üzündən gecikdirildikdə" dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Bu Məcəllənin 87.3-cü maddəsinə əsasən işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarına əsasən əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı1 sonuncu dəfə “Satınalma departamentinin direktoru” vəzifəsində işləməklə, 21 iyun 2013-cü il tarixdən 20 avqust 2021-ci il tarixə kimi cavabdeh “X5” MMC-də müxtəlif vəzifələrdə, İddiaçı2 17 oktyabr 2013-cü il tarixdən 20 avqust 2021-ci il tarixə kimi sistem adminstratoru, İddiaçı3 isə 30 mart 2020-ci il tarixdən 21 avqust 2021-ci il tarixə kimi mühasib vəzifəsində çalışmışdır. Beləliklə, işəgötürən, cavabdeh “X5” MMC-nin keçmiş işçiləri, hazırkı iddiaçılara işdən çıxdıqları gün son haqq-hesab ödəmək vəzifəsi, sonuncuların isə son haqq-hesabının aparılmasını tələb etmək hüququ yaranmışdır. Buna baxmayaraq, cavabdeh MMC keçmiş işçiləri, hazırkı iddiaçılara son haqq-hesabı ödəməkdən yayınmışdır. Hətta, bu hallar mülki iş materiallarında olan sosial arayışlar və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Quba regional ərazi şöbəsinin 27 sentyabr və 01 oktyabr 2021-ci il tarixli məktubları ilə də təsdiqini tapmışdır. Eyni zamanda, Siyəzən Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(059)- 574/2022 saylı qərardadı ilə işin mahiyyəti üzrə həlli baxımından mübahisənin obyektiv, tam və hərtərəfli araşdırılması məqsədilə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməklə, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş, habelə məhkəmə-mühasibatlıq ekspertindən İddiaçı1 21 avqust 2020-ci il tarixdən əmək müqaviləsinə xitam verildiyi 21 avqust 2021-ci il tarixədək “X5” MMC tərəfindən ödənilməli olan əmək haqqının, 21 iyun 2013-cü il tarixdən 21 avqust 2021-ci il tarixədək işlədiyi müddət ərzində istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzinin məbləğinin, eləcə də, gecikmələrə görə hesablanmış dəbbə pulunun miqdarının, İddiaçı2 21 avqust 2020-ci il tarixdən əmək müqaviləsinə xitam verildiyi 21 avqust 2021-ci il tarixədək “X5” MMC tərəfindən ödənilməli olan əmək haqqının, 17 oktyabr 2013-cü il tarixdən 21 avqust 2021-ci il tarixədək işlədiyi müddət ərzində istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzinin məbləğinin, eləcə də, gecikmələrə görə hesablanmış dəbbə pulunun miqdarının, həmçinin İddiaçı3 21 avqust 2020-ci il tarixdən əmək müqaviləsinə xitam verildiyi 21 avqust 2021-ci il tarixədək “X5” MMC tərəfindən ödənilməli olan əmək haqqının, 30 mart 2020-ci il tarixdən 21 avqust 2021-ci il tarixədək işlədiyi müddət ərzində istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzinin, eləcə də, gecikmələrə görə hesablanmış dəbbə pulunun miqdarının nə qədər vəsait təşkil etməsinin müəyyənləşdirilməsi tapşırılmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin vəsatəti əsasında məhkəmənin 24 yanvar və 14 aprel 2023-cü il tarixli məktubları ilə cavabdeh “X5” MMC-dən yuxarıda sadalanan əlavə materialların tələb edilməsinə baxmayaraq, sözügedən MMC bu materialları təqdim etməmiş, həmçinin qeyd olunan məsələ cavabdehin nümayəndəsi tərəfindən MMC-nin defakto hazırkı sahibləri tərəfindən satın alındığından bütün arxiv sənədlərinin yeni mülkiyyətçilərinə təqdim edilməsi, bununla da sənədlərin məhkəmə-mühasibat ekspertizasına təqdim edilməsinin mümkünsüz olması kimi ağlabatan olmayan formada əsaslandırılmışdır. Halbuki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Nəticə etibarilə, təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının aparılması üçün zəruri olan sənədlər (əmək müqaviləsinin, əmək haqqı ştat cədvəlinin, əmək haqqının ödənilməsi üzrə bank hesabından çıxarışın, işlədiyi bütün dövr üzrə məzuniyyətlə bağlı əmrlərinin) təmin edilmədiyindən ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Bununla da, hazıra kimi, yaranmış son haqq-hesab borcu cavabdeh MMC tərəfindən iddiaçılara ödənilmədiyindən, beləliklə də, cavabdeh MMC, iddiaçılar qarşısında yaranmış öhdəliyini pozduğundan, sonuncuların həmin MMC-nin keçmiş işçiləri kimi son haqqhesablarının aparılmasını, eləcə də həmin ödənişlərin gecikdirildiyi üçün əlavə ödəncin icra edilməsini tələb etmək hüquqları yaranmışdır. Belə ki, cavabdeh MMC-nin nümayəndəsi iddia tələbinə etirazında iddiaçıların hər birinə müvafiq əmək haqqının və digər ödənclərin edildiyini, sadəcə olaraq əmək haqqı ödənişlərinin nağdsız qaydada həyata keçirildiyi üçün ödənişlərlə bağlı cavabdehdə heç bir yazılı sübutun qalmadığını, bununla bağlı şirkətin rəsmi bank hesablarının olduğu "xxxx" ASC-yə və "xxxx" QSC-yə müvafiq sorğu göndəriləcəyi təqdirdə qeyd edilən halların öz təsdiqini tapacağını göstərməsinə baxmayaraq, cavabdehin nümayəndəsi tərəfindən irəli sürülən bu hal kifayət qədər əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsində müvafiq hüquq normaları ilə əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsini tənzim edən normalar təsbit edilir. Qeyd edilən normalar işçi ilə əmək müqaviləsinə xitam verildiyi hallarda da onun təminatının təminini özündə təsbit edir. Əməyin isə fərdi və ictimai rifahın əsası olduğu nəzərə alınsa, bu zaman cavabdeh tərəfin qeyd edilən əsaslardan çıxış etməklə iddiaçının əmək münasibətlərindən irəli gələn təminat almaq hüququnun, o cümlədən konstitusion hüquqlarının pozulmasına səbəb olan hərəkətlərə yol verdiyi aşkar edilir. Digər tərəfdən, əvvəl də qeyd edildiyi kimi sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir (Azərbaycan Respublikası MPM-in 78-ci maddəsinin İ hissəsi və İİ hissəsinin İ-İİ cümlələri). Hazırda cavabdehin nümayəndəsi etirazında göstərdiyi qeyd edilən halları əsaslandıran, həmçinin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları (cavabdeh MMC-nin bank əməliyyatlarına dair) müstəqil əldə etmək imkanının olmamasını təsdiq edən hər hansı sənədi və ya mötəbər sübutu məhkəməyə təqdim etməməklə yanaşı, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir. Beləliklə, qeyd edilir ki, cavabdehin nümayəndəsi tərəfindən istinad edilən hallar cavabdeh MMC-ni iddiaçılar qarşısında olan öhdəliklərindən azad etmir, o cümlədən cavabdeh MMC-nin keçmiş işçiləri qarşısında məsuliyyətdən azad edilməsi üçün irəli sürülən arqumentlərdən başqa bir şey deyildir. Bundan başqa, cavabdeh MMC-nin nümayəndəsi iddia tələbinə etirazında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinin pozulduğunu, o cümlədən hər bir iddiaçının özünün əmək müqaviləsinin qüvvədə olduğu dövr üçün ayrı məbləğdə iddia tələbi irəli sürə bilmək imkanının olduğunu, bu halın da iddiaçılara münasibətdə iddia tələbinin bir iddia ərizəsində birləşdirilməsini mümkünsüz etdiyini göstərsə də, iddia tələbinin icraata qəbul edilməsi zamanı sözügedən qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Belə ki, hakim həmin məhkəmənin icraatında müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlı olduğundan (Azərbaycan Respublikası MPM-in 169.3-cü maddəsi) hazırkı işin əvvəlcədən hər bir iddiaçıya münasibətdə ayrıca şəkildə baxılması, məhkəmənin icraatındakı işlərin sayının lüzumsuz artmasına, işlərin baxılma saatlarına münasibətdə vaxt itkisinə səbəb olacaqdı ki, bu da məqsədəmüvafiq hesab edilə bilməzdi. Yəni, hər bir iddiaçıya münasibətdə iş üzrə əhəmiyyətli halların bir mülki işin daxilində ayrı-ayrılıqda sərbəst, tam, dolğun, hərtərəfli və obyektiv şəkildə araşdırılması imkanı itirilməmiş, habelə bu, məhkəmənin izafi vaxt itkisindən yan keçməsinə, şərait yaratmaqla, ədalət mühakiməsinin səmərəli aparılmasına imkan vermişdir. Bundan əlavə, məhkəmə hazırki iddiaya cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçılar tərəfindən iddia müddəti ötürülməmiş və onlar əmək münasibətlərinə xitam verilməsi barədə əmrin elan edildiyi 20 və 21 avqust 2021-ci il tarixlərdən sonra 1 il ərzində məhkəməyə müraciət etmiş, o cümlədən iddia ərizəsi 15 avqust 2022-ci il tarixdə aidiyyəti poçt qurumuna təhvil verilmiş, bununla da iddiaçılar edilməsi üçün müddət müəyyən olunmuş hərəkəti vaxtında icra etmişlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin İ, İİ və İV hissələrinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Eyni zamanda, məhkəmə qeyd edir ki, cavabdeh tərəf iddia müddətinin həm də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin İİ hissəsinə əsasən ötürüldüyünü ifadə etsə də, pul və digər əmlak tələbləri ilə əlaqədar yaranmış əmək mübahisələrinin həlli üçün işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə biləcəyi bu məcəllənin sözügedən maddəsinin İV hissəsində xüsusilə göstərilmişdir. Yəni, hazırkı tələb orta əmək haqqının, son haqqhesabın və gecikdirilmiş günlərə görə ödəncin tutulması ilə əlaqədar yaranmış əmək mübahisəsi olduğundan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin İİ hissəsinin tətbiq edilməsi ilə iddia tələbinin rədd edilməsi istisna edilir. Beləliklə, işin faktiki hallarından göründüyü kimi iddiaçılar tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməmişdir. Bununla da, məhkəmə, işin faktiki hallarını nəzərə alaraq mövcud mübahisəyə, yəni iddiaçılarla cavabdeh MMC arasında olan əmək mübahisəsinə əmək qanunvericiliyində (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin İİ və İV hissələri) nəzərdə tutulmuş iddia müddətinin tətbiq edilməsini istisna edir. Həmçinin, məhkəmə İddiaçı3 cavabdehdən əmək kitabçasının əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilmədiyinə görə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı tələb etməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı, əmək kitabçasının əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilmədiyinə görə işə düzələ bilmədiyini bildirsə də, bu halı təsdiq edəcək mötəbər sənəd və ya sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəmə iclasında İddiaçı3 24 yanvar 2022-ci il tarixdən "xxxx" MMC-nin direktoru qismində çalışdığı məlum olmuşdur. İşin faktiki hallarından göründüyü kimi İddiaçı3 sözügedən MMC-nin direktoru olanadək kifayət qədər iş əldə etmək imkanı olmuş və bu günədək işə düzəlməməsində cavabdeh MMC-nin təqsiri olmamış, həmçinin iddiaçı həmin müddət ərzində işə düzəlməsi ilə bağlı hər hansı bir işəgötürənə müraciət etməsini və məhz əmək kitabçasına görə işə qəbul edilməməsini təsdiq edəcək mötəbər sənəd və ya sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, İddiaçı3 tələbinin həmin hissəsinin təmin edilməsi məqsədəmüvafiq hesab edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MM-nin 5.3-cü mddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. "Mahmudov Rusiyaya qarşı" iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana qarşı" 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh “X5” MMC-dən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 xeyrinə ayrı-ayrılıqda ödənilməmiş son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi və işçiyə ödənilməli əmək haqqı) verilməklə, həmin MMC-dən onların hər biri üçün gecikdirilmiş 365 günə münasibətdə əmək haqqının bir faizi məbləğində ödənc hesablanaraq, tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xidmətinin göstərilməsi üzrə ümumilikdə ödənilmiş 180 manat məhkəmə xərcinin 50 %-i, yəni 90 manatı cavabdeh “X5” MMC-dən tutularaq, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 xeyrinə ayrı-ayrılıqda 30 manat miqdarında ödənilməlidir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Bundan başqa, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar tələblərində ödənilmiş 50 manat dövlət rüsumunun da cavabdehdən onların xeyrinə tutulmasını tələb etsələr də, bu məbləğin ödənilməsinə dair mötəbər sənəd və ya sübut məhkəməyə təqdim edilməmiş, o cümlədən iş materiallarına əlavə edilməmişdir. Belə olan halda, həmin məbləğin cavabdehdən iddiaçıların xeyrinə müvafiq qaydada tutulması istisna edilir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh “X5” MMC-dən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 xeyrinə ayrıayrılıqda ödənilməmiş son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi və işçiyə ödənilməli əmək haqqı) verilməklə, həmin MMC-dən onların hər biri üçün gecikdirilmiş 365 günə münasibətdə əmək haqqının bir faizi məbləğində ödənc hesablanaraq, tutulsun. İddia qalan hissədə təmin edilməsin. Mediasiya xidmətinin göstərilməsi üzrə ümumilikdə ödənilmiş 180 manat məhkəmə xərcinin 50 %-i, yəni 90 manatı cavabdeh “X5” MMC-dən tutularaq, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 xeyrinə ayrı-ayrılıqda 30 (otuz) manat miqdarında ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar