Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-253/2022 28.07.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X4, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müraciət etdiyi vaxtdan başlayaraq, birgə nikahdan doğulmuş 01 dekabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianı digər hissədə müdafiə etməklə yanaşı, onunla cavabdeh arasında Sumqayıt “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsində 17 sentyabr 2019-cu il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 2712 nömrə ilə qeyd edilmiş nikahın pozulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin İ cümləsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, tərəflər 17 sentyabr 2019-cu il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş, birgə nikahdan 01 dekabr 2020-ci il tarixdə Məhəmməd adlı oğulları doğulmuşdur. Evliliklərinin ilk dövrlərində mehriban yaşasalar da, sonradan aralarında tez-tez narazılıqlar, daha sonra münaqişələr yaranmağa başlamışdır. Tərəflər 2021-ci ilin fevral ayından etibarən ayrı yaşayırlar. Belə ki, iddiaçı övladı ilə birlikdə Siyəzən rayonu, Zarat kəndində ata evində, valideynlərinin himayəsində yaşayır. Cavabdehin qazancı olsa da, övladına maddi yardım etmir. Uşaq böyüdükcə onun maddi tələbatları da artır, ona görə də İddiaçı cavabdehdən aliment tutulmasını da tələb edir. Eyni zamanda, tərəflərə məhkəmə tərəfindən barışmaları üçün 3 ay müddət verilməsinə baxmayaraq, bu müddət ərzində də, barışıq olmamışdır. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, iddiaçı ilə 17 sentyabr 2019-cu il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişdir. Birgə nikahdan 01 dekabr 2020-ci il tarixdə Məhəmməd adlı oğulları doğulmuşdur. Əvvəllər mehriban münasibətləri olsa da, pandemiya dövründə bir müddət işsiz qalması ilə əlaqədar aralarında tez-tez narazılıqlar, daha sonra münaqişələr yaranmağa başlamışdır. 2021-ci ilin fevral ayında iddiaçının qardaşı o, evdə olmadığı vaxt evinə gələrək, arvadını övladı ilə birlikdə aparmışdır. Barışıq üçün vaxt verilərsə, ailəsini bərpa etməyə cəhd göstərəcəkdir. Lakin ailənin bərpası mümkün olmazsa, hazırda daimi işi olmamasını nəzərə alıb alimenti qarşı tərəfin tələb etdiyi məbləğdə deyil, 100 manat sabit pul məbləğində təyin edilməsini xahiş edir. Həmçinin onunla iddiaçıya məhkəmə tərəfindən barışmaları üçün 3 ay müddət verilməsinə baxmayaraq, bu müddət ərzində də, barışıq olmamışdır. İddiaçı hazırda da nikahın pozulmasında israrlı olduğuna görə o da boşanmaya etiraz etmir. Hazırda fərdi qaydada fəhləlik edərək, gündəlik 15-20, aylıq 300 manat qazanc əldə edir. Qeyd edilənlərə əsasən, iddia tələbinin qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Sumqayıt “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 17 sentyabr 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 360446 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 17 sentyabr 2019-cu il tarixdə, 2712 saylı akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə " Bayramova" soyadı verilmişdir. İşdə olan Sumqayıt “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 06 yanvar 2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 546664 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan X3 01 dekabr 2020-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşlar. İşdə olan mötəbər maliyyə sənədlərindən görünür ki, İddiaçı nikahın pozulmasına dair mediasiya xidmətinin göstərilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəməklə, yanaşı dövlət rüsumuna görə 50 manat vəsait də sərf etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə görə, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda, nikah məhkəmə qaydasında pozulur. Bu Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.2-ci hissəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. İşdən görünür ki, Siyəzən Rayon Məhkəməsi tərəfindən 25 aprel 2022-ci il tarixdə tərəflərə barışmaları üçün 3 (üç) ay vaxt verilməklə işin baxılması təxirə salınmış, lakin onlar nikah münasibətlərini bərpa etmək üçün cəhd göstərməmişlər. Bununla da, təsdiq olunur ki, iddiaçı ilə cavabdeh arasında ər-arvad münasibətləri faktiki olaraq kəsilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.1-ci və 22.2.2-ci maddələrinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün aliment hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Adı çəkilən Məcəllənin 100.2-ci maddəsinə görə isə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında 23 dekabr 2021-ci il tarixli Qanuna əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumu 193 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 01 dekabr 2020-ci il təvəllüdlü X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. İşin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasında 2022-ci il üçün uşağa münasibətdə yaşayış minimumunun 193 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin aylıq qazancı, iddiaçının himayəsində olan uşağın saxlanılması zərurəti, həmçinin iddiaçının qadın olmaqla, müəyyən işlərdə işləmə imkanının məhdudluğu nəzərə alınsa, sosial ədalət nöqteyi-nəzərdən qeyd olunan yaşayış minimumunun tutulması məqsədəmüvafiq deyildir. Belə ki, tərəflərin ümumi nikahından doğulmuş uşağı yetkinlik yaşına çatanadək saxlaması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşağın maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürülməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək, həmçinin tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın saxlanılması vacibliyini, həmçinin uşağın valideynlərindən təminat almaq hüququnu nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında Sumqayıt “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsində 17 sentyabr 2019-cu il tarixdə, 2712 saylı akt qeydi ilə bağlanmış nikah pozulmalı, tərəflərin birgə nikahından doğulmuş 01 dekabr 2020-ci il təvəllüdlü X3 anası, İddiaçı himayəsində və yanında saxlanılmalı, 01 dekabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 05 mart 2022-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulmalı və qətnamə aliment tutulmasına dair hissədə dərhal icra edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsi sübutlarla təsdiq olunmadığından əsassız sayılmalı və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bu Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üzrə ödənilmiş 50 manat və iddia tələbi üzrə ödənilmiş 50 manat olmaqla, cəmi 100 (bir yüz) manat xərcinin tutulması həm iddia ərizəsində, həm də məhkəmə iclasında iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Sumqayıt “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsində 17 sentyabr 2019-cu il tarixdə, 2712 saylı akt qeydi ilə bağlanmış nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş 01 dekabr 2020-ci il təvəllüdlü X3 anası, İddiaçı himayəsində və yanında saxlanılsın. 01 dekabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 05 mart 2022-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə aliment tutulmasına dair hissədə dərhal icraya yönəldilsin. Mediasiya xidmətinin göstərilməsi və iddia tələbi üzrə ödənilmiş cəmi 100 (bir yüz) manat məhkəmə xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-253/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-253/2022
28.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver