Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-272/2021 16.05.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində alimentin tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində alimentin tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 03 oktyabr 2009-cu il təvəllüdlü X3 və 30 mart 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, cavabdehlə əvvəl faktiki 06 oktyabr 2009-cu il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu nikahdan 03 oktyabr 2009-cu il tarixdə Baloğlan, 30 mart 2011-ci il tarixdə isə Əbəlfəz adlı övladları doğulmuşdur. Evləndikdən sonra ailə münasibətləri normal olmamış, həmçinin, cavabdehin əsassız hərəkətləri səbəbindən dəfələrlə ata evinə geri qayıtmışdır. Lakin, valideynləri ailənin müqəddəsliyini əsas gətirərək təkidlə onu yenidən cavabdehin evinə geri qaytarmışlar. Sonuncu dəfə 2021-ci ilin yanvar ayında cavabdehin övladlarına və ona baxmaması səbəbindən yenidən aralarında yaranmış münaqişə zəminində ata evinə geri qayıtmağa məcbur olmuş və həmin vaxtdan da valideynlərinin himayəsində yaşamağa başlamışdır. Aralarında olan nikah hazırda rəsmi olaraq pozulmasa da, bu müddət ərzində cavabdeh nə onunla, nə də ki, övladları ilə maraqlanmamış, onların maddi təlabatlarını qarşılamamışdır. Halbuki, cavabdehin təsərrüfatında iri və xırda buynuzlu mal-qara olmaqla, əkin-biçin işləri ilə də məşğul olur. Həmçinin, əri Cavabdeh mal-qaranın südünü və balalarını böyüdüb satmaqla da qazanc əldə edir. Bundan başqa, cavabdeh hər gün mal növbəsinə gedərək, gündəlik 20 manat olmaqla, ayda orta hesabla 500-600 manat gəlir əldə edir. Eyni zamanda, cavabdeh kənddə yas mərasimlərində mollalıq etməklə də, əlavə qazanca malikdir. Sadalanan hallar cavabdehin kifayət qədər qazancı və tələb olunan alimenti ödəmək iqtidarında olmasına dəlalət edir. Özü isə qaraciyər exinokokkozu xəstəliyindən əziyyət çəkdiyi üçün əməliyyat olunduğundan hər hansı bir işdə işləmir. Bu səbəbdən də məcbur olub uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən onun xeyrinə aliment tutulması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, cavabdehlə arasında aliment tutulması barədə saziş yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, iddiaçı ilə əvvəl faktiki 06 oktyabr 2009-cu il tarixdə nikahlarını rəsmiləşdirməklə, evlənmiş, bu nikahdan 03 oktyabr 2009-cu il tarixdə Baloğlan və 30 mart 2011-ci il tarixdə Əbəlfəz adlı iki oğulları doğulmuşdur. Evliliklərinin ilk vaxtlarından ailə münasibətləri normal olmadığına görə iddiaçı dəfələrlə atasının evinə qayıtmağa məcbur olmuşdur. Buna səbəb isə iddiaçının onu bir ər kimi saymamasıdır. İddia ərizəsində qeyd edilənlər həqiqəti əks etdirməməklə, iddiaçının öz şəxsi mülahizələrindən ibarətdir. Çünki, onun daimi iş yeri və aylıq sabit qazancı vardır. Belə ki, o, artıq bir il olar X11 İnkişaf Mərkəzində bağban işləyir, əmək haqqı isə 260 manat təşkil edir. İddiaçı isə guya onun təsərrüfatında olan mal-qaranın südünü və ətini sataraq, kifayət qədər qazancı olmasını, bundan əlavə mal növbəsinə gedərək aylıq 500-600 manat qazanc əldə etməsini bildirsə də, bu faktların təsdiqi üçün məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə ki, o, dövlət orqanında 8 saatlıq iş rejimində işlədiyi üçün mal növbəsinə getməsi absurddur. Habelə, ona məxsus mal tövləsində olan 3 baş iribuynuzlu mal-qara da qardaşına məxsusdur. Belə ki, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Həmyə kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan da göründüyü kimi, onun təsərrüfatında iri və xırdabuynuzlu mal-qara yoxdur. Bununla belə, rəsmi qaydada işlədiyinə görə aliment onun əmək haqqının 1/3 hissəsi miqdarında tutulmalı olsa da, o, hər ay hər uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 90 manat olmaqla, ümumilikdə 180 manat məbləğində alimenti iddiaçının xeyrinə ödəyə bilər. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Siyəzən İHB-nın Həmyə İƏV üzrə nümayəndəliyi tərəfindən 06 oktyabr 2009cu il tarixdə verilmiş AZ-İ seriyalı, 493386 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh oğlu ilə X2 06 oktyabr 2009-cu il tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 29 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə "Dadaşova" soyadı verilmişdir. İşdə olan Siyəzən RPŞ tərəfindən 04 noyabr 2016-cı il tarixdə verilmiş AZE seriyalı, 10835573 nömrəli və AZE seriyalı, 10835574 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, müvafiq olaraq atası Cavabdeh, anası İddiaçı olan X7 03 oktyabr 2009-cu il tarixdə, X8 isə 30 mart 2011-ci il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Siyəzən rayon Məşğulluq Mərkəzi tərəfindən 10 noyabr 2017-ci il tarixdə verilmiş 139 nömrəli arayışından görünür ki, İddiaçı Siyəzən rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi X11 İnkişaf Mərkəzi tərəfindən 03 may 2021-ci il tarixdə verilmiş 52 nömrəli arayışdan görünür ki, Cavabdeh 21 aprel 2020-ci il tarixdən həmin mərkəzdə bağban vəzifəsində işləməklə, 260 manat aylıq əmək haqqı alır. İşdə olan Azərbaycan Respublikası Siyəzən RİH başçısının Həmyə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 03 may 2021-ci il tarixdə verilmiş 257 nömrəli arayışdan görünür ki, 01 yanvar 2021-ci il tarixə nümayəndəliyin təsərrüfatbaşına kitabında Cavabdeh adına iribuynuzlu və xırdabuynuzlu mal-qara qeydə alınmamışdır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı cavabdehlə əvvəl faktiki 06 oktyabr 2009-cu il tarixdə isə nikahlarını rəsmiləşdirməklə evlənmiş və bu nikahdan 03 oktyabr 2009-cu il tarixdə Baloğlan, 30 mart 2011-ci il tarixdə isə Əbəlfəz adlı övladları doğulmuşdur. Tərəflər arasında nikah pozulmasa da, ailə daxilində münasibətlərin kəskinləşməsi səbəbindən onlar faktiki olaraq bir yerdə yaşamırlar. İddiaçı hazırda tək qadın olaraq yetkinlik yaşına çatmayan uşaqlarını maddi cəhətdən təmin etməkdə çətinlik çəkir. Cavabdeh isə övladlarının maddi təminatı ilə kifayət qədər maraqlanmır. Məhz buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2 bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən “Uşaq hüquqları” haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında 29 dekabr 2020-ci il tarixli Qanuna əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumu 175 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 03 oktyabr 2009-cu il təvəllüdlü X3 və 30 mart 2011-ci il təvəllüdlü X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. İşin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumunun 175 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin aylıq qazancı, həmin məbləğin onun, eləcə də iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların saxlanması və digər xərclərinin ödənilməsi üçün sərf edildiyi, həmçinin iddiaçının qadın olmaqla müəyyən işlərdə işləmə imkanının məhdudluğu nəzərə alınsa, bu zaman sosial ədalət nöqteyi-nəzərdən valideynlər arasında qarşılıqlı balans, kompromislik, habelə tərəflərin hüquq və maraqlarının uzlaşdırılması prinsiplərinin tətbiq edilməsi ilə ağlabatan məbləğin müəyyən edilməsi məqsədəmüvafiqdir. Belə ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşaqların maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürülməlidir. Bundan başqa, cavabdeh rəsmi qaydada işlədiyinə görə aliment onun əmək haqqının 1/3 hissəsi miqdarında tutulmalı olduğunu qeyd etsə də, sonradan hər ay hər uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 90 manat olmaqla, ümumilikdə 180 manat məbləğində alimenti iddiaçının xeyrinə ödəyə biləcəyini bildirmişdir. Belə olan təqdirdə, aliment məbləği çıxıldıqdan sonra cavabdehin aylıq əmək haqqından ona çatası 80 manat təşkil edir ki, bu da öz razılığı ilə olsa da, onun yaşayış minimumunun təmin edilməsi üçün kifayət etmir. Cavabdehin məhkəmə iclası zamanı həmin məbləği ödəməyi rahatlıqla etiraf etməsi isə onun əlavə işlərdə işləməklə, əlavə qazanca malik olması imkanını istisna etmir. Deməli, cavabdehin etirazında istinad etdiyi dəlillər kifayət qədər əsasa malik olmamaqla, onun özünün valideyn məsuliyyətindən yayınması üçün irəli sürdüyü arqumentlərdən ibarətdir. Beləliklə, Cavabdeh bir ata, valideyn kimi yetkinlik yaşına çatmayan övladlarının saxlanması üçün İddiaçı maddi cəhətdən köməklik göstərməli, onların qayğısına qalmalıdır. Məhkəmə, tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların, əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşaqların valideynlərindən təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, 03 oktyabr 2009-cu il təvəllüdlü X3 və 30 mart 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün İddiaçı xeyrinə 16 aprel 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 130 manat, cəmi 260 (iki yüz altmış) sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsi sübutlarla təsdiq olunmadığından əsassız sayılmalı və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin, məhkəmə hesab edir ki, İddiaçı azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 03 oktyabr 2009-cu il təvəllüdlü X3 və 30 mart 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün İddiaçı xeyrinə 16 aprel 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 (iki yüz altmış) sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə təmin edilən hissədə dərhal icraya yönəldilsin. İddiaçı azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-272/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-272/2021
16.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver