Məhkəmə qərarları › İş №2(059)-273/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-273/2023

22.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-273/2023 22.05.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 iyul 2007-ci il təvəllüdlü X1 və 04 aprel 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(059)-288/2021 saylı qətnaməsi ilə hər ay qazancının (başqa gəlirinin) 1/3 (üçdə bir) hissəsində cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilərək, sonuncudan hər ay, hər uşağa görə 220 manat olmaqla, cəmi ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutulması, eləcə də ödənilmiş 55 manat məbləğində mediasiya xərcinin alınaraq, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, Siyəzən Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə 11 iyul 2007-ci il təvəllüdlü X1 və 04 aprel 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 07 iyun 2021-ci il tarixdən başlayaraq, Cavabdeh iddiaçı X3 xeyrinə hər ay qazancının (başqa gəlirinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Lakin, hazırda uşaqlar böyüdükləri üçün onların maddi vəsaitlə həll edilən sosial qayğıları, eləcə də təhsillərinə çəkilən xərclər artmışdır. Həmçinin, məhkəmə tərəfindən müəyyən olunmuş və hazırda ödənilən aliment məbləği, yəni təxminən hər uşağa görə ödənilən 120 manat məbləğ Azərbaycan Respublikasında uşağa münasibətdə 2023-cü il üçün yaşayış minimumdan aşağı olduğundan, habelə uşaqların adi halda gündəlik minimum həddə yeməyinə, geyiminə, həmçinin təhsil almalarına kifayət etmədiyinə görə o, uşaqların maddi təminatını qarşılamaqda çətinlik çəkir. Bu səbəbdən də, o, “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, alimentin məbləği ən azından Azərbaycan Respublikasında qüvvədə olan yaşayış minimumu normasına uyğun gəlməlidir. Ona görə də, uşaqların bu hüquqları məhkəmədə təsdiq olunmalı və onların saxlanması üçün cavabdehdən hər ay, hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya ödənilməlidir. Bundan əlavə, cavabdehin rəsmi iş yeri və müvafiq olaraq hər ay müntəzəm ödənilən sabit əmək haqqı vardır. Həmçinin, o, mediyasiya sessiyasında iştirak edərək 55 manat məbləğində mediasiya xərci çəksə də, cavabdeh ilkin Mediyasiya sessiyyasında iştirak etməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qismən müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, o, hazırda 3 saylı bağçada müdirə işləməklə, tutmalardan sonra 440 manat əmək haqqı alır. Uşaqların səhhətində olan narahatçılıqlara görə cavabdehin ödədiyi alimetin miqdarı və aldığı aylıq əmək haqqı məbləği maddi təminatlarını qarşılamaq üçün kifayət etmir. Bundan əlavə, Azərbaycan Respublikasında uşağa münasibətdə 2023-cü il üçün yaşayış minimumu 220 manat müəyyən edilməsi aliment məbləğinin artırılması üçün əsasdır. Belə ki, bu məbləğ uşaqların həm hüququ, həm də haqqıdır. Bundan əlavə, qızı Xumar Qurbanova 10-cu sinif şagirdi olmaqla, 5 fənn üzrə hazırlığa getdiyi üçün müəllimlərinə aylıq ümumilikdə 180 manat vəsait sərf edir, habelə bir il olar ki, sonuncunu Bakı şəhərində müalicə etdirərək, ona da vəsait xərcləyir. Həmçinin, oğlu Kənan Qurbanlı 7-ci sinif şagirdi olmaqla, 2 fənn üzrə hazırlığa getdiyi üçün aylıq 60 manat ödəniş edir. Ölkə üzrə qiymətlərin yüksəlməsinə, yaşayış minimumunun artmasına görə hazırda maddi cəhətdən çətinlik çəkir. Bundan əlavə, hazırda cavabdehin əlavə gəlirinin olub-olmaması barədə məlumatı yoxdur. Cavabdehlə birgə yaşadıqları dövrdə sonuncunun səhhətində problemlər olsa da, bu durum sonradan daha da kəskinləşmişdir. Ona görə də, o, cavabdehin səhhətində narahatçılıqlar olmasını nəzərə alaraq, hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, səhhətində olan narahatçılıqlara görə iddia üzrə tələb olunan aliment məbləğini ödəmək imkanına malik deyildir. Belə ki, 17 iyun 2021-ci il tarixdə keçirdiyi insult xəstəliyinə görə hazırda da müalicə alır, habelə bu günədək səhhətində irəliləyiş olmamışdır. Bundan əlavə, o, keçirdiyi insult xəstəliyi ilə əlaqədar, Siyəzən MDM-də, həmçinin Bakı şəhəri X7 dəfələrlə müalicə almaqla, vəsait xərcləmişdir. Artıq, iki ilə yaxındır ki, sözügedən xəstəlikdən əziyyət çəkir. Eyni zamanda, xəstəliyi üçün dərman preparatlarına aylıq 70 manat, üç aydan bir yenidən müayinə olunaraq, aldığı müalicə kurslarına isə 400-450 manat vəsait sərf edir. Bu səbəbdən də, apteklərə müəyyən qədər borcu da vardır. Bununla belə, o hazırda işləyərək aldığı aylıq əmək haqqını dərman preparatlarına, eləcə də kommunal xərclərə sərf edir, habelə əlavə gəliri yoxdur. Bundan başqa iddiaçıya aliment borcu qalmamışdır. Eyni zamanda o, dəfələrlə pensiya üçün müraciət etsə də, əlillik dərəcəsi ala bilməmiş, ona imtina məktubu gəlmişdir. Odur ki, ondan hər ay qazancının (başqa gəlirinin) 1/3 (üçdə bir) hissəsi miqdarında tutulan alimentin miqdarının dəyişdirilmədən saxlanılması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Siyəzən rayon VVADQ şöbəsi tərəfindən 03 avqust 2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 931052 nömrəli, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 03 may 2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 397382 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq atası Cavabdeh, anası Qurbanova (Əhmədova) Turan Ənvər qızı olan X4 11 iyul 2007-ci il tarixdə, X5 isə 04 aprel 2010-cu il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin Siyəzən Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(059)-288/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Qurbanova (Əhmədova) Turan Ənvər qızı ilə Cavabdeh arasında Siyəzən rayon VVADQ şöbəsində 19 oktyabr 2006-cı il tarixdə 192 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 11 iyul 2007-ci il təvəllüdlü X4 və 04 aprel 2010-cu il təvəllüdlü X5 anası, iddiaçı X3 himayəsində və yanında saxlanılması, eləcə də uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün 07 iyun 2021-ci il tarixdən başlayaraq, Cavabdeh iddiaçı X3 xeyrinə hər ay qazancının (başqa gəlirinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutulması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Baş Prokurorluğunun 11 may 2023-cü il tarixli, 2-2-20/2-490/2023 nömrəli arayışından görünür ki, Cavabdeh 1999-cu ildən prokurorluq orqanında işləyir və hazırda aylıq əmək haqqı 841 manat olsa da, 250,39 manat məbləğində aliment və digər tutmalar çıxıldıqdan sonra, kartına ödənilən aylıq əmək haqqı 456,58 mannat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Quba-Xaçmaz regional təhsil idarəsində baş idarə müdiri işləməklə, aylıq 468 manat əmək haqqı alır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş xəstəlik tarixindən çıxarışın surətindən görünür ki, Cavabdeh X7 beyin qan dövranının işemik tipli pozğunluğu diaqnozu qoyulmaqla, sonuncu 18 aprel 2022-ci il tarixdən-25 aprel 2022-ci il tarixədək orada müalicə almış və vəziyyətində dəyişiklik qeydə alınmamışdır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 19 oktyabr 2006-cı il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu nikahdan 11 iyul 2007-ci il tarixdə Xumar, 04 aprel 2010-cu il tarixdə isə Kənan adlı iki övladları doğulmuşdur. Tərəflər bir müddət mehriban yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlməməsi səbəbindən Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə onların arasında olan nikah pozulmuş və 11 iyul 2007-ci il təvəllüdlü Xumarın və 04 aprel 2010-cu il təvəllüdlü Kənanın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin hər ay qazancının (başqa gəlirinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment iddiaçının xeyrinə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında 09 dekabr 2022-ci il tarixli Qanuna əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2023-cü il üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 11 iyul 2007-ci il təvəllüdlü Xumar Qurbanovanın, eləcə də 04 aprel 2010-cu il təvəllüdlü Kənan Qurbanlının saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il, 8-2/2016 saylı qərarının 8.6-cı bəndinə əsasən daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Həmçinin, həmin qərarın 8.3-cü bəndinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Bu qərarın, 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Beləliklə, məhkəmə alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun yalnız bir tərəfin deyil, hər iki tərəfin maddi durumuna, o cümlədən həyat şəraitinə təsirini nəzərə almalıdır. Belə ki, tərəflərin birgə nikahından olan uşaqlarının saxlanılması üçün alimentin məbləği 07 iyun 2021-ci il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və cavabdehin aliment borcunun olmaması sübutlarla öz təsdiqini tapmışdır. Həmçinin, həmin qətnamənin çıxarıldığı vaxtdan iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyi müddətədək cavabdehin əmək haqqında artımlar olsa da, sonradan səhhətində yaranmış problemlərlə əlaqədar müalicə, müayinə və yaşam xərcləri də artmışdır. Bununla belə, cavabdeh bir ata, valideyn kimi keçən müddət ərzində böyüyən və zəruri ehtiyacları artan yetkinlik yaşına çatmayan övladlarının saxlanmasına maddi cəhətdən köməklik göstərməli, onların qayğısına qalmalıdır. Lakin, alimentin həcmi müəyyən edilərkən uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün əvvəlki təminat səviyyəsi, habelə onların maraqları nəzərə alınmaqla, tərəflərin diqqətəlayiq maraqlarına da diqqət yetirilməlidir. Belə olan halda, Azərbaycan Respublikasında 2023-cü il üçün uşağa münasibətdə yaşayış minimumunun 220 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin real aylıq aldığı 706,97 manat əmək haqqı məbləğinin onun, eləcə də iddiaçının himayəsində olan uşaqların saxlanılmasına, həmçinin bu vəsaitin özünün əziyyət çəkdiyi, uzun müddətli ciddi xəstəliyinin mütəmadi müalicə və müayinələrinə sərf edilməsi, habelə cavabdehin fiziki problemlərinin əlavə işlərdə işləmək məhdudiyyəti yaratmasını, eyni zamanda iddiaçının özünün də işləməklə, aylıq 468 manat qazanca malik olması nəzərə alınarsa, sosial ədalət nöqteyi-nəzərdən qeyd olunan yaşayış minimumunun tutulması məqsədəmüvafiq deyildir. Belə ki, tərəflərin ümumi nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlaması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşaqların maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürülməlidir. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onun minimum maddi təminatını və uşaqların əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşaqların maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 11 iyul 2007-ci il təvəllüdlü X1 və 04 aprel 2010cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(059)-288/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsi sübutlarla təsdiq olunmadığından və bu məbləğin bir qismi iddiaçı tərəfindən müdafiə edilmədiyindən təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il, 8-2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin, məhkəmə hesab edir ki, İddiaçı ödəməkdən azad edildiyi 72,80 manat dövlət rüsumunun 68%-i, yəni 49,50 (qırx doqquz manat 50 qəpik) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, xidmətinin göstərilməsi üçün ödənilmiş 55 manat mediasiya xərcinin 68%-i, yəni 37,40 (otuz yeddi manat 40 qəpik) manatı Cavabdeh alınaraq, İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 11 iyul 2007-ci il təvəllüdlü X1 və 04 aprel 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(059)-288/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulsun. Mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 55 manat mediasiya xərcinin 68%i, yəni 37,40 (otuz yeddi manat 40 qəpik) manatı Cavabdeh alınaraq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi 72,80 manat dövlət rüsumunun 68%-i, yəni 49,50 (qırx doqquz manat 50 qəpik) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar