Məhkəmə qərarları › İş №2(059)-273/2024

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-273/2024

29.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-273/2024 29.04.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, cavabdeh Cabbarova (Mustafayeva) Arzu Saleh qızının iştirakları ilə İddiaçı cavabdeh Cabbarova (Mustafayeva) Arzu Saleh qızına qarşı "sabit pul məbləğində alimentin tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Cabbarova (Mustafayeva) Arzu Saleh qızına qarşı "sabit pul məbləğində alimentin tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş 28 avqust 2017-ci il təvəllüdlü X2 və 20 iyun 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən onun xeyrinə hər ay, hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ərizəçi tərəfindən onunla əsaslandırılmışdır ki, cavabdehlə nikahları Siyəzən Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Bundan sonra, məhkəmənin 14 noyabr 2022-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş 28 avqust 2017-ci il təvəllüdlü Leylanın və 20 iyun 2020-ci il təvəllüdlü Mürşüdün onun himayəsində və yanında saxlanılması qət edilmişdir. Hazırda uşaqların hər ikisi onun yanında və himayəsindədir. Uşaqlar onun himayəsinə verilərkən aliment istəyi olmasa da, hazırda qarşı tərəfdən aliment tələb edir. Belə ki, "xxxx" ASC-də minimum əmək haqqı ilə fəhlə işləyərək aylıq 345 manat gəlir əldə edir və bundan başqa gəliri yoxdur. Bununla belə, övladlarının hər bir maddi təminatını təmin etməyə çalışır. Eyni zamanda, cavabdeh məhkəmənin 30 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə övladları ilə görüşmək hüququ əldə etsə də, valideynlik vəsifəsini könüllü qaydada yerinə yetirib uşaqların saxlanılmasında yardım etmir. Bundan əlavə, aliment ilə bağlı mübahisənin məhkəmədən kənar qaydada həlli üçün mediasiya qurumuna müraciət etsə də, cavabdeh mediasiya prosesinə gəlməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, artıq üç ilə yaxın müddətdir uşaqlar onun yanında yaşayır. Eyni zamanda, Siyəzən Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli qətnaməsi ilə də uşaqlar qarşı tərəfdən alınıb onun himayəsinə verilmiş, habelə aliment borcu qalmamışdır. Hazırda maddi cəhətdən çətinlik çəkir. Belə ki, o, "xxxx" ASC-də işləməklə, aylıq 345 manat əmək haqqı alır və əlavə gəliri də yoxdur. Bununla belə, yetkinlik yaşına çatmayan uşaqlarının yaşam xərclərini qarşılaya bilsə də, sonuncuların bu şəraitini daha da, yaxşılaşdırmaq üçün cavabdehdən aliment tələb edir. Həmçinin, cavabdeh onu tərk edib getdiyi vaxtlar ofisiant işləməklə, gəlir əldə etmişdir və hazırda da işləmək imkanı vardır. Eyni zamanda, o, səhər saat 07:00-da işə gedib, 17:00da evə qayıdır və həftənin altı günü işləyir, şənbə günləri isə evdə olur. İşdə olduğu zamanlarda anası uşaqlara baxır. Bundan başqa, uşaqlardan oğlu Mürşüdü bağçaya yazdırmış, qızı Leyla isə Siyəzən rayonunun Balaca Həmyə kəndində yerləşən məktəbdə birinci sinif şagirdidir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Cabbarova (Mustafayeva) Arzu Saleh qızı iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, uşaqların saxlanılmasına görə qarşı tərəfə aliment ödəməyə razı deyildir. Belə ki, o, hazırda heç yerdə işləmir, əvvəllər də işləməmişdir. Eyni zamanda, himayəsində başqa nikahdan doğulmuş azyaşlı övladı vardır. Bundan əlavə, əri Elməddin Cabbarovun evi olmadıqları üçün kirayə mənzildə yaşayırlar, hətta sonuncu işləmək üçün Bakı şəhərinə getdikdə o, ata evində yaşamağa məcbur olur. Həmçinin, cavabdeh Bakı şəhərində Sənan adlı dostunun yanında ondan aliment istəməyəcəyinə dair vəd vermiş, habelə notarial qaydada ərizəsində bunu qeyd etmişdir. Bundan başqa, məhkəmənin icraatında olan digər mülki iş üzrə uşaqlar atadan alınıb ona verilərsə o, uşaqlarına özü baxa bilər. Belə ki, əri Elməddin Cabbarov işləməklə, gəlir əldə edir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 26 sentyabr 2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 942109 nömrəli, 18 aprel 2023-cü il tarixdə verilmiş AZ-T seriyalı, 231759 nömrəli doğum haqqında şəhadətnamələrin (təkrarının) surətindən görünür ki, atası İddiaçı, anası Cabbarova (Mustafayeva) Arzu Saleh qızı olan X6 28 avqust 2017-ci il tarixdə, X7 isə 20 iyun 2020-ci il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 04 oktyabr 2021-ci il tarixli, 2(059)-283/2021 saylı qətnaməsinə əsasən tərəflər arasında Siyəzən rayon qeydiyyat şöbəsində 28 fevral 2020-ci il tarixdə, 16 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, 28 avqust 2017-ci il təvəllüdlü X6 və 20 iyun 2020-ci il təvəllüdlü X7 anaları, Cavabdeh himayəsində və yanında saxlanılmışdır. İşdə olan Siyəzən Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(059)-374/2022 saylı qanuni qüvvəsini almış qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş 28 avqust 2017-ci il təvəllüdlü X2 və 20 iyun 2020-ci il təvəllüdlü X3 yaşayış yeri dəyişdirilərək, onlar ataları İddiaçı himayəsində və yanında saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, atası X4, anası Cabbarova (Mustafayeva) Arzu Saleh qızı olan X5 18 dekabr 2022-ci il tarixdə Bakı şəhərinin Sabunçu rayonunda doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, İddiaçı "xxxx" ASC-də təmizləyici işləməklə, 345 manat əmək haqqı alır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, VÖEN nömrəsi ********** (aktiv), olan İddiaçı 10 iyun 2016-cı il tarixdən fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə (şəxsi ev təsərrüfatında fərdi istehlak üçün istehsal edilən məhsullar və göstərilən xidmətlər) məşğul olur. İşdə olan 22 yanvar 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı mediasiya xidmətinin göstərilməsi üçün 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər əvvəl faktiki, 28 fevral 2020-ci il tarixdə isə rəsmi nikaha daxil olmaqla evlənmiş və bu nikahdan 28 avqust 2017-ci il tarixdə Leyla, 20 iyun 2020-ci il tarixdə isə Mürşüd adlı övladları doğulmuşdur. Daha sonra, tərəflər arasındakı nikah 04 oktyabr 2021-ci il tarixdə məhkəmə qətnaməsi əsasında pozulmuş, həmçinin məhkəmənin 14 noyabr 2022-ci il tarixli qətnaməsi ilə uşaqların yaşayış yeri dəyişdirilərək, atalarının himayəsində və yanında saxlanılmışdır. İddiaçı hazırda yetkinlik yaşına çatmayan uşaqlarını maddi cəhətdən təmin etməkdə çətinlik çəkir. Məhz buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında 05 dekabr 2023-cü il tarixli Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2024-cü il üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 28 avqust 2017-ci il təvəllüdlü X2 və 20 iyun 2020-ci il təvəllüdlü X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci və 8.3-cü bəndlərinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Həmçinin, həmin qərarın 8.6-cı bəndinə əsasən daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Beləliklə, məhkəmə alimentin miqdarı təyin edilərkən bunun yalnız bir tərəfin deyil, hər iki tərəfin maddi durumuna, o cümlədən həyat şəraitinə təsirini nəzərə almalıdır. Belə ki, hazırda cavabdehin himayəsində körpəlik dövründə olan uşağının olmaqla, müəyyən işlərdə işləmək imkanının məhdud olması müəyyən edilmişdir. Çünki, uşağın həyatının 1 yaşdan 3 yaşadək olan dövrü körpəlik və ya erkən uşaqlıq dövrü adlanır ki, müasir elmi nəticələrə görə, bu dövr uşağın həyatında, onun gələcək psixi inkişafında çox mühüm mərhələdir. Beləliklə, bu dövrdə olan körpənin ana qayğısına və nəvazişinə ehtiyacının olması iddiaçının hazırkı mərhələdə işləməsində müəyyən məhrumiyyətlər yaratamasına dəlalət edir. Bununla belə, cavabdehin ikinci nikahından olan övladına qayğı göstərməsi onu digər övladlarına, yəni Leylaya və Mürşüdə münasibətdə valideynlik öhdəliklərini yerinə yetirməkdən azad etmir. Cavabdeh bir ana, valideyn kimi keçən müddət ərzində böyüyən və zəruri ehtiyacları artan yetkinlik yaşına çatmayan övladlarının saxlanmasına maddi cəhətdən köməklik göstərməli, onların qayğısına qalmalıdır. Lakin, alimentin həcmi müəyyən edilərkən uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün əvvəlki təminat səviyyəsi, habelə onların maraqları nəzərə alınmaqla, tərəflərin diqqətəlayiq maraqlarına da diqqət yetirilməlidir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən, qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. İşin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasında 2024-ci il üçün uşaqlara münasibətdə yaşayış minimumunun 235 manat müəyyən edilməsinə baxmayaraq, iddiaçının himayəsində olan uşaqların saxlanılması zərurəti, həmçinin cavabdehin hazırda müvəqqəti işləmək imkanına, eləcə də hər hansı bir əlavə gəlirə (qazanca) malik olmasa da, əmək qabiliyyətli olaraq bu imkanı özündə saxlaması, eyni zamanda iddiaçının özünün də işləməklə, aylıq aldığı 345 manat əmək haqqı məbləği və aktiv vergi ödəyicisi kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, kifayət qədər gəlir əldə etməsi nəzərə alınsa, sosial ədalət nöqteyi-nəzərdən qeyd olunan yaşayış minimumunun tutulması məqsədəmüvafiq deyildir. Belə ki, tərəflərin ümumi nikahından doğulmuş uşaqları yetkinlik yaşına çatanadək saxlaması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşaqların maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana təmin etməlidir. Lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürülməlidir. Məhkəmə, tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların, əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşaqların valideynlərindən təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, tərəflərin birgə nikahından doğulmuş 28 avqust 2017-ci il təvəllüdlü X2 və 20 iyun 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 29 fevral 2024-cü il tarixdən başlayaraq, cavabdeh Cabbarova (Mustafayeva) Arzu Saleh qızından İddiaçı xeyrinə hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsi sübutlarla təsdiq olunmadığından əsassız sayılmalı və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sözügedən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə tələbin təmin edilmiş hissəsinin məbləğinə mütənasib olaraq İddiaçı azad edildiyi 76,40 manat dövlət rüsumunun 43%-i, yəni 32,85 (otuz iki manat 85 qəpik) manatı cavabdeh Cabbarova (Mustafayeva) Arzu Saleh qızından alınaraq dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 60 (altmış) manat xərcin tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş 28 avqust 2017-ci il təvəllüdlü X2 və 20 iyun 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 29 fevral 2024cü il tarixdən başlayaraq, cavabdeh Cabbarova (Mustafayeva) Arzu Saleh qızından İddiaçı xeyrinə hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin təmin edilən hissəsində dərhal icraya yönəldilsin. İddiaçı azad edildiyi 76,40 manat dövlət rüsumunun 43%-i, yəni 32,85 (otuz iki manat 85 qəpik) manatı cavabdeh Cabbarova (Mustafayeva) Arzu Saleh qızından alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar