Məhkəmə qərarları › İş №2(059)-281/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-281/2021

19.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-281/2021 19.05.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "nəvələrinin saxlanması üçün alimentin tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "nəvələrinin saxlanması üçün alimentin tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 04 iyun 2012-ci il təvəllüdlü X1 və 15 iyul 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, cavabdehin oğlu Elvin Hüseynovla 27 iyul 2011-cü il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş və bu nikahdan 04 iyun 2012-ci il tarixdə Nejla, 15 iyul 2015-ci il tarixdə isə Cahid adlı iki övladları doğulmuşdur. Evliliklərinin ilk vaxtlarında Elvin Hüseynovla mehriban yaşasalar da, sonradan bu münasibətlər kəskinləşmiş, nəticədə Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 26 yanvar 2021-ci il tarixli qətnaməsi ilə onlar arasındakı nikah pozulmuş, uşaqlar onun himayəsinə verilmiş, habelə sonuncuların saxlanması üçün Elvin Hüseynovdan onun xeyrinə hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Keçmiş əri X4 alimentin qət edildiyi tarixdən bu günədək onu ödəməkdən qərəzli boyun qaçırmış, olduğu yer müəyyən edilməməklə, uşaqları saxlamaqdan imtina etmiş, nəticədə onun 1400 manat ödənilməmiş aliment borcu yaranmış, hətta qət edilmiş alimenti ödəməyəcəyini bildirmişdir. Bundan əlavə, keçmiş əri Elvin Hüseynovun olduğu yer müəyyən edilmədiyindən sonuncu barəsində Siyəzən rayon İcra və Probasiya şöbəsi tərəfindən axtarış qərarı qəbul edilərək, rayon Polis Şöbəsinə göndərilmiş, nəticədə 12 mart 2021-ci il tarixdə axtarış işi açılmışdır. Göründüyü kimi keçmiş əri Elvin Hüseynov aliment ödəməmək üçün qaçıb gizləndiyindən birgə nikahdan doğulmuş uşaqlarının hüquqları pozulmuşdur. Həmçinin, Siyəzən rayon İcra və Probasiya şöbəsi tərəfindən alimentin ödənilməsi məqsədi ilə nəzərdə tutulmuş bütün icra hərəkətləri görülmüş, o, cümlədən ümumi və şəxsi əmlakların mövcudluğu yoxlanılmış və nəticədə tələbin yönələ biləcəyi heç bir əmlak aşkar edilməmişdir. Bununla da, hazırda borcludan konkret aliment ala bilmir. Hazırda X6 ödənilməmiş 1400 manat aliment borcunun olması ilə yanaşı, sonuncu uşaqlara görə hər ay cəmi 200 manat aliment ödəməlidir. Lakin, həmin məbləğlərin Elvin Hüseynov tərəfindən ödənilməyəcəyi məlumdur. Bu səbəbdən də keçmiş qayınatası Cavabdeh qarşı belə bir iddia tələbi ilə çıxış etmişdir. Belə ki, Cavabdeh, eləcə də keçmiş qayınanası Rəsmiyyə Hüseynova Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyində işləməklə, kifayət qədər yüksək əmək haqqı alırlar. Eyni zamanda, özü Siyəzən rayon Gigiyena və Epidemiologiya Mərkəzində tibb bacısı işləməklə, aylıq 366,85 manat əmək haqqı alsa da, bu müddət ərzində uşaqların təkbaşına saxlanması çətinlik yaratdığından, bəzi hallarda ona bu barədə atası yardım etmişdir. Hazırda uşaqların tələbatı artdığından onları maddi cəhətdən saxlaya bilmir. Qeyd edildiyi kimi cavabdehin nəvələrinə yardım etmək üçün yetərincə maddi vəsaiti var və onları saxlaya bilər, ancaq baba həmin vəzifəni könüllü surətdə yerinə yetirmək arzusunda deyildir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, keçmiş gəlini, İddiaçı oğlu Elvin Hüseynovla evli olduqları müddətdə onların və nəvələrinin maddi tələbatlarını o, qarşılamışdır. Lakin, hazırda iddiaçının tələb etdiyi alimenti ödəmək iqtidarında deyildir. Belə ki, o, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyində avadanlıqların təmiri üzrə çilingər işləməklə, aylıq 746 manat əmək haqqı alır. Buna baxmayaraq, “xxxx” ASC-yə hər ay özü üçün 289 manat, arvadının borcuna görə isə 105 manat, ümumilikdə 394 manat kredit ödəməsi, həmçinin ürək-damar xəstəliyindən əziyyət çəkməsi (bu yaxınlarda əməliyyat olunmuşdur), himayəsində 7 (yeddi) nəfər işləməyən ailə üzvünün olması ilə əlaqədar hazırkı iddia ilə razı deyildir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(059)-40/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Elvin Hüseynov arasında Siyəzən rayon qeydiyyat şöbəsində 27 iyul 2011-ci il tarixdə, 132 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, onların birgə nikahından doğulmuş 04 iyun 2012-ci il təvəllüdlü Nejla və 15 iyul 2015-ci il təvəllüdlü Cahid anaları, İddiaçı himayəsində və yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün 18 sentyabr 2020-ci il tarixdən başlayaraq, X5 Hüseynovanın xeyrinə hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulmuşdur. Həmçinin, bu qətnamənin surətindən görünür ki, X4 “X10” MMC-də sosial işçi işləməklə, 250 manat aylıq əmək haqqı alır. İşdə olan Siyəzən rayon İcra və Probasiya şöbəsinin 08 aprel 2021-ci il tarixli, 617/21 nömrəli məktubundan və ona əlavə edilmiş sənədlərin surətindən görünür ki, 2 yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün 18 sentyabr 2020-ci il tarixdən başlayaraq borclu X2 hər ay cəmi 200 manat alimentin tutularaq İddiaçı ödənilməsinə dair Siyəzən Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli icra sənədi 28 yanvar 2021-ci il tarixdə Siyəzən rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, lakin, alimentin ödətdirilməsi mümkün olmamışdır. Belə ki, borcluya icraata başlamaq haqqında qərar bildirişlə göndərilmiş, əlavə xəbərdarlıqlar verilmiş, lakin o, aliment borcunu ödəməkdən və şöbəyə gəlməkdən qərəzli olaraq yayınmışdır. Bundan sonra, borclunun yeri məlum olmadığından onun barəsində axtarış qərarı qəbul edilərək, Siyəzən rayon Polis Şöbəsinə göndərilmiş, nəticədə 12 mart 2021-ci il tarixdə onun barəsində axtarış işi açılmıdır. X6 1400 manat ödənilməmiş aliment borcu vardır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə Sistemində olan şəxsi məlumatlardan edilmiş çıxarışdan görünür ki, İddiaçı Siyəzən rayon Gigiyena və Epidemiologiya Mərkəzində tibb bacısı işləməklə, aylıq 366,85 manat əmək haqqı alır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə Sistemində olan şəxsi məlumatlardan edilmiş çıxarışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyində avadanlıqların təmiri üzrə çilingər işləməklə, aylıq 746,03 manat əmək haqqı alır. İşdə olan 06 avqust 2019-cu il tarixli, BPM**********16 nömrəli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh "xxxx" ASC-dən götürdüyü 10000 manat məbləğində krediti 52 ay müddətinə faizlərlə birlikdə hər ay 289,10 manat, sonuncu ay isə 283,61 manat hesablanmaqla ödəməlidir. İşdə olan Mərkəzi Klinika tərəfindən 15 noyabr 2019-cu il tarixdə təqdim edilmiş exokardioqrafiya müayinə nəticəsinin surətindən görünür ki, Klinikanın kardiologiya şöbəsində olmuş Cavabdeh müayinəsi nəticəsində onun ürəyinin sol mədəciyinin sistolodiastolik ölçülərinin və sistolik funksiyasının azaldığı (LVEF-48%), relaksativ tipdə diastolik disfunksiyasının qeyd edildiyi, sol qulaqcıq və sağ boşluqların normal vəziyyətdə olduğu, seqmentar divarın hərəkət qüsurunun (inferior divar, anterio divarın septumun bazalı hipokinetik) qeyd edildiyi, mitral qapağın ön tayının fibrotik qalın olduğu, İAS və İVS tamlığı, aorta və pulmonar arteriyanın normal olduğu, perikard boşluğun təmiz olması, pulmonar arteriya təzyiqinin normal olması müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı cavabdehin oğlu Elvin Hüseynovla 27 iyul 2011-cü il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş və bu nikahdan 04 iyun 2012ci il tarixdə Nejla, 15 iyul 2015-ci il tarixdə isə Cahid adlı iki övladları doğulmuşdur. Bundan sonra, iddiaçı ilə Elvin Hüseynovun nikahı 26 yanvar 2021-ci il tarixdə məhkəmə qaydasında pozulmuş və birgə nikahdan olan uşaqlar anasının himayəsinə verilməklə, onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin Elvin Hüseynovdan alınaraq İddiaçı verilməsi qət edilmişdir. Lakin, Elvin Hüseynov məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş alimenti ödəməkdən yayınmış və buna görə də barəsində 12 mart 2021-ci il tarixdə Siyəzən rayon İcra və Probasiya şöbəsinin qərarı əsasında rayon Polis Şöbəsində axtarış işi açılmışdır. Eyni zamanda, Cavabdeh hər ay almış olduğu 746,03 manat məbləğində əmək haqqından başqa əlavə qazanca malik olmadığı məlum olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəf iddia üzrə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Belə ki, iddiaçı ərizəsində yetkinlik yaşına çatmayan nəvələrin saxlanması üçün öz valideynlərindən (ata və anadan) maddi yardım ala bilməməsini və cavabdehin isə kifayət qədər zəruri vəsaitə malik olmasını vurğulasa da, bu halları təsdiq edə biləcək mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının Siyəzən rayon Gigiyena və Epidemiologiya Mərkəzində tibb bacısı işləməklə, aylıq 366,85 manat əmək haqqı almasını etiraf etməsi və 04 iyun 2012-ci il təvəllüdlü Nejlanın, eləcə də 15 iyul 2015-ci il təvəllüdlü Cahidin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin Elvin Hüseynovdan alınaraq İddiaçı verilməsinin qət edilməsi faktlarının özü də uşaqların saxlanması üçün öz valideynlərindən maddi yardım ala bilməsinə dəlalət edir. Bundan əlavə, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 26 yanvar 2021-ci il tarixli qətnaməsindən də göründüyü kimi Elvin Hüseynov “X10” MMC-də sosial işçi işləməklə, 250 manat aylıq əmək haqqı alır. Bu isə Elvin Hüseynov axtarışda olsa belə, əmək qabiliyyətli olmasını və əmək haqqı almaqla, gəlirə malik olmasını sübut edir. Eyni zamanda, Cavabdeh 59 yaşının olması, onun hər ay aldığı 746,03 manat əmək haqqının onun özünün, ailə üzvlərinin saxlanmasına, eləcə də bank kreditlərinin ödənilməsinə sərf edilməsi, o cümlədən onun bu əmək haqqından başqa əlavə qazanca malik olmaması, cavabdehin zəruri vəsaitə malik olmasını istisna edir. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "nəvələrinin saxlanması üçün alimentin tutulması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə-iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, eləcə də iddiaçı məhkəmə xərcindən azad edilmiş şəxslər kateqoriyasından olduğundan bu hallar dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı "nəvələrinin saxlanması üçün alimentin tutulması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar