Məhkəmə qərarları › İş №2(059)-284/2020

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-284/2020

24.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-284/2020 24.08.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əlavə xərcin tutulması” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əlavə xərcin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı, xx xxxxxxx 2001-ci il təvəllüdlü X2 23 yaşına çatana qədər cavabdehdən alimentin tutulub, onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, cavabdehlə nikahlarını xx xxxx 2000-ci il tarixdə rəsmiləşdirməklə, evlənmiş, bu nikahdan xx xxxxxxx 2001-ci il təvəllüdlü Vüqarə adında qız övladları doğulmuşdur. Bir müddət sonra ailədaxili münasibət kəskinləşdiyindən Siyəzən Rayon Məhkəməsinin xx xxx 2003-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, habelə qızı Vüqarə onun yanında qalmışdır. Bundan sonra, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2002-ci il tarixli əmri ilə xx xxxxxxx 2001-ci il təvəllüdlü Vüqarənin yetkinlik yaşına çatandək saxlanması üçün cavabdehdən xx xxxxxx 2002-ci il tarixdən başlayaraq, sonuncunun qazancının ¼ hissəsi miqdarında alimentin tutulub onun xeyrinə ödənilməli olması müəyyən edilmişdir. Qızı Vüqarə hazırda talassemiya xəstəliyindən əziyyət çəksə də, əmək qabiliyyətli olmaqla, ona əlillik dərəcəsi təyin edilməmişdir. Həmçinin, o, qızı Vüqarəni Türkiyə və İran İslam Respublikalarına müayinə və müalicə üçün aparmış, hətta, 2 dəfə əməliyyat da etdirmişdir. Lakin, Azərbaycan Respublikası DNŞ “Neft Daşları” NQÇİ-də işləyən cavabdeh bu müddət ərzində aliment ödənişlərini icra etsə də, qızının əməliyyat olunmasında ona maddi cəhətdən yardım etməmişdir. Bundan əlavə, cavabdeh heç vaxt qızı ilə görüşməyə cəhd etməmişdir. Əlavə olaraq qeyd edir ki, hazırda aliment ödənişləri qızının yetkinlik yaşına çatması səbəbindən dayanmışdır. Bununla belə, qızı Vüqarə talassemiya xəstəliyindən əziyyət çəkməklə, yanaşı Azərbaycan Dövlət X1 və standartlaşdırma fakültəsinin metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi ixtisası üzrə təhsil alır. Lakin, hazırkı vaxtda qızı üçün aliment ödənişinin dayanması övladının diqqətəlayiq xərclərini ödəməyinə mane olur. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, Cavabdeh iddia tələbini qəbul etməyərək, etirazında göstərmişdir ki, o, iddiaçı ilə 2001-ci ildə rəsmi nikaha daxil olmaqla evlənmiş, xx xxxx 2000-ci il tarixdə rəsmiləşdirməklə, evlənmiş, bu nikahdan xx xxxxxxx 2001-ci il təvəllüdlü Vüqarə adında qız övladları doğulmuşdur. Bundan sonra, aralarındakı nikah Siyəzən Rayon Məhkəməsinin 2003-cü il tarixli qətnaməsi ilə pozulmuş, həmçinin, həmin vaxtlar da Azərbaycan Respublikası DNŞ “Neft Daşları” NQÇİ-də operator işində işləmişdir. Bununla da, əmək haqqının 25%-i həcmində yəni, 375 manat məbləğində aliment məbləği hər ay tutularaq vaxtlı-vaxtında qızı Vüqarənin 18 yaşı tamam olana kimi yəni, xx xxxxxxx 2019cu il tarixədək iddiaçıya ödənilmişdir. Sonradan 2-ci dəfə X5 ilə xx xxxxx 2004-cü il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş və birgə nikahdan xx xxxxxx 2005-ci il tarixdə Bircəxanım, xx xxxxxx 2006-cı il tarixdə Vüqar, xx xxxxxxx 2014-cü il tarixdə isə Yağmur adlı üç övladları doğulmuşdur. Hazırkı arvadı Aida heç bir yerdə işləmir, özünün isə bir sıra sağlamlıq problemləri var. Belə ki, onurğa sütununun bel-oma nahiyələrinin fəqərəarası disklərin degenerativ dəyişikliyi xəstəliklərdən əziyyət çəkir, həmçinin bundan əlavə böyrəklərində duz, daş aşkar olunmuşdur. Nəzərə çatdırır ki, qarşı tərəf bu illər ərzində onun övladı ilə görüşməsinə maneə olsa da, o, övladı Vüqarənin 18 yaşı tamam olana kimi hər ay aliment ödəmiş, uşağın 18 yaşı isə xx xxxxxxx 2019-cu il tarixdə tamam olmuş, bununla da, alimentin tutulması dayandırılmışdır. Yenidən iddiaçı Vüqarə Məmmədovanın 23 yaşına çatanadək ondan alimentin tutulmasına dair iddia qaldırmışdır, halbuki bu əsassızdır. Belə ki, yuxarıda qeyd etdiyi kimi 3 azyaşlı övladı var və onlar da məktəbdə oxuyurlar, onunsa imkanları məhduddur. İddiaçı isə öz tələbini qızları Vüqarənin Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alması ilə əlaqələndirmişdir. Onun isə bundan məlumatı yoxdur. Qızı Vüqarə yetkinlik yaşına çatmış müstəqil şəxsdir, tam əmək qabiliyyətlidir. Bu barədə onun tələb irəli sürmək hüququ vardır. Hazırda iddiaçının ondan aliment tələb etməsinin hüquqi əsası yoxdur. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, AZE seriyalı, 17306158 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx xxxxxxx 2001-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin xx xxx 2003-cü il tarixli, 2-52/2003 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X6 arasındakı nikah ləğv edilmişdir. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2002-ci il tarixli əmrinin surətindən görünür ki, Cavabdeh qazancının ¼ hissəsi xx xxxxxx 2002-ci il tarixdən başlayaraq, tutulub xx xxxxxxx 2001-ci il təvəllüdlü Vüqarə adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün X3 verilməlidir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 281205 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx xxxx 2003-cü il tarixdə ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında həmin gün 13 nömrəli qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişi öz soyadında qalsa da, qadına “Abdullazadə” soyadı verilmişdir. İşdə olan xx xxxxxxxx 2019-cu il tarixli, **********112210 nömrəli tələbə biletinin surətindən görünür ki, X4 Azərbaycan Dövlət X1 və standartlaşdırma fakültəsinin metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi ixtisası üzrə təhsil alır. Təhsil müəssisəsini 2023-cü ildə bitirməlidir. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı birgə nikahdan doğulmuş Vüqarə Məmmədovanın yetkinlik yaşına çatdıqdan sonra təhsil haqqının, eləcə də müalicə və müayinə məsrəflərinin ödənilməsi ilə bağlı əlavə xərclərdə cavabdehin iştirakının təmin edilməsi predmetli iddia qaldırmışdır. Həmin məsələni tənzimləyən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsində təsbit edilmişdir ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmə tərəfindən yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün tutulan alimentin miqdarı təyin edilərkən, tərəflərin ailə və maddi vəziyyəti, bütün gəlir mənbələri, habelə onların diqqətəlayiq başqa maraqları (aliment ödəyən valideynin əmək qabiliyyətinin olmaması; yetkinlik yaşına çatmış övladın ağır xəstəliyi səbəbindən müalicə, tutumlu xüsusi qida və qulluq göstərmə xərcləri; valideynin xüsusi qulluğa ehtiyacının olması; aliment alanın başqa valideyndən də aliment alması; aliment verəcək valideynin himayəsində digər övladlarının olması və s.) əsas götürülür. Bu zaman əsas meyar övladın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olmasıdır. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair xx xxxxxx 2015-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıbgətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda həmçinin qeyd etmişdir ki, təhsil cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayan, strateji əhəmiyyəti ilə fərqlənən fəaliyyət sahəsidir. Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. Belə ki, Konstitusiyanın 42-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun (bundan sonra - “Təhsil haqqında” Qanun) 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsil alanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Göründüyü kimi həm qanunvericiliyin istinad olunan normaları və həmin normaların bəzi müddəalarının şərh olunmasına dair Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə valideynlərdən ali təhsil haqqının ödənilməsi ilə bağlı əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsaitin tələb olunması yolverilməzdir. Bundan əlavə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Maddənin də məzmunundan göründüyü kimi, uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəliklərinin xitam olunmasına baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması halları mövcud olmalıdır. Yəni, bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Bununla da, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmə tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Onu da xüsusilə qeyd etmək lazımdır ki, yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün alimentin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ prosessual qanunvericiliyin tələbi baxımından yetkinlik yaşına çatmış övladın özü tərəfindən həyata keçirilməlidir. Çünki o, əmək qabiliyyəti olmayan şəxs olmasına baxmayaraq, tam fəaliyyət qabiliyyətlidir. Yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övlad ilə birlikdə yaşayan valideynlərdən birinin bu barədə tələb irəli sürməsi prosessual qanunvericiliyin tələblərinə uyğun deyil və o, əsl iddiaçı hesab edilə bilməz. Yəni, məhz tərəflərin birgə nikahından doğulmuş xx xxxxxxx 2001-ci il təvəllüdlü X4 əmək qabiliyyətinin olmamasını və onun maddi yardıma ehtiyacının olması hallarını təsdiq edəcək mötəbər sübuta və ya sənədə malik olduğu təqdirdə, atası Cavabdeh qarşı "aliment" tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Çünki, ailə qanunvericiliyi ilə müəyyən edilmiş bu hüquq onun digər valideyni anası, İddiaçı münasibətdə deyil, Vüqarənin özünə münasibətdə təsbit edilmiş və tanınmışdır. Göründüyü kimi bu halda, ananın, yəni İddiaçı qızı Vüqarəyə görə aliment (əlavə xərc) tələb etmək hüququ istisna edilir, onun tələbi əsaslı deyildir və hər hansı bir hüquqi əsasa söykənmir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “əlavə xərcin tutulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə-iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 124-cü maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçının tələbi təmin edilməsə də, hazırkı tələblə çıxış etməsi onu dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasına daxil edir ki, bu zaman tələb rədd edilsə belə, dövlət nəfinə rüsumun tutulması istisna edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “əlavə xərcin tutulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar