Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-290/2025 08.08.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 27 yanvar 2020-ci il tarixdə, 333 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş 10 oktyabr 2018-ci il təvəllüdlü X3 və 25 iyul 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 29 aprel 2024-cü il tarixdən (mediasiya müraciət etdiyi vaxtdan) başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli olmaqla, ümumilikdə 1,23 misli həddində sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulub ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, cavabdehlə əvvəl faktiki, 27 yanvar 2020-ci il tarixdə isə rəsmi nikaha daxil olmaqla evlənmiş və bu nikahdan 10 oktyabr 2018-ci il tarixdə Mədinə, 25 iyul 2020-ci il tarixdə Məhəmməd adlı övladları doğulmuşdur. Həmçinin, evliliklərinin ilk vaxtlarında onlar mehriban yaşasalar da, sonradan ailə münasibətləri pozulmuşdur. Belə ki, Cavabdeh 2023-cü ilin aprel ayında Türkiyə Respublikasına işləmək məqsədilə getmiş və həmin vaxtdan etibarən ailəsinə qarşı laqeyd münasibət nümayiş etdirməyə başlamışdır. Bundan sonra, əri onu və uşaqları ata evinə gətirərək orada qoymuş, 2023-cü ilin avqust ayından etibarən isə aralarındakı münasibətlər kəskin şəkildə pisləşmişdir. Belə ki, cavabdeh ona qarşı dəfələrlə fiziki və mənəvi şiddət göstərmiş, səbəbsiz yerə döyüb təhqir etmişdir. Nəticədə, aralarında bir neçə dəfə narazılıqlar yaranmasına baxmayaraq, hər dəfə o, qarşı tərəfi bağışlamışdır. Lakin, hazırda münasibətlər dözülməz həddə çatdığından, o, uşaqları ilə birlikdə ata evində yaşamağa məcbur olmuşdur. Habelə, o, özü işləmədiyindən uşaqların maddi təminatını təkbaşına qarşılaması mümkün olmadığına görə, cavabdehdən alimentin tutulması zəruridir. Çünki, birgə nikahdan olan hər iki uşağın səhhətində böyük problemlər vardır. Belə ki, qızları Mədinə “Parlaq Nitq və X11”ndə həftədə 3 dəfə, aylıq məbləği 156 manat təşkil edən reabitoloji seanslarda, oğulları Məhəmməd isə həmin Mərkəzdə həftədə 3 dəfə aylıq məbləği 312 manat təşkil edən duyğusal və psixoloji seanslarda iştirak edir. Eyni zamanda, o, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mediasiya xidmətinə müraciət etmiş və bununla əlaqədar müvafiq rüsum olan 50 manat məbləğində pul ödəmişdir. Mediatorun rəhbərliyi ilə mediasiya prosesi keçirilsə də, cavabdeh ailə münasibətlərindən irəli gələn mübahisə üzrə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bu barədə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qismən müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, o, hazırda işləməməklə, 2023-cü ilin aprel ayından Cavabdeh ayrılaraq, iki övladı ilə birlikdə atası Səlimin evində yaşayır. Belə ki o, Cavabdeh ilə 28 aprel 2017-ci il tarixdə faktiki nikah münasibətinə daxil olmuş, habelə həmin tarixdə onların toy mərasimi baş tutmuşdur. Buna baxmayaraq, cavabdehin şəxsiyyət vəsiqəsi olmadığı üçün onlar, 27 yanvar 2020-ci il tarixdə bu nikahı rəsmiləşdirmişlər. Bundan başqa, müvəqqəti təminat tədbirinin tətbiqi barədə Siyəzən Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli qərardadı ilə təyin edilən aliment cavabdeh tərəfindən vaxtında ödənilməklə yanaşı, hazırda da, sonuncudan 27 fevral 2025-ci il tarixdən, yəni, məhkəməyə müraciət etdiyi vaxtdan başlayaraq iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulmasına etiraz etmir. Beləliklə, cavabdehlə məhkəmə tərəfindən barışmaları üçün 3 ay müddət verilməsinə baxmayaraq, bu müddət ərzində də, barışıq olmamışdır. Odur ki, nikahın pozulmasında israrlı olmaqla yanaşı, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 5 saylı Bakı “ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsi tərəfindən 27 yanvar 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 384358 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X10 27 yanvar 2020-ci il tarixdə, 333 saylı akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə "Mahmudova" soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş konsulluğu tərəfindən 04 aprel 2023-cü il tarixdə verilmiş AZ-İV seriyalı, 672337 nömrəli və 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 23 avqust 2020-ci tarixdə verilmiş AZ-İV seriyalı, 496966 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, müvafiq olaraq ataları Cavabdeh, anaları İddiaçı olan X5 10 oktyabr 2018-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində, X4 isə 25 iyul 2020-ci il tarixdə Bakı şəhərində doğulmuşlar. İşdə olan mötəbər maliyyə sənədlərindən görünür ki, İddiaçı mediasiya xidmətinin göstərilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəməklə, yanaşı dövlət rüsumuna görə 50 manat vəsait də sərf etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə görə, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda, nikah məhkəmə qaydasında pozulur. Bu Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.2-ci hissəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. İşdən görünür ki, Siyəzən Rayon Məhkəməsi tərəfindən 08 may 2025-ci il tarixdə tərəflərə barışmaları üçün 3 (üç) ay vaxt verilməklə işin baxılması təxirə salınmış, lakin onlar nikah münasibətlərini bərpa etmək üçün cəhd göstərməmişlər. Bununla da, təsdiq olunur ki, iddiaçı ilə cavabdeh arasında ər-arvad münasibətləri faktiki olaraq kəsilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.1-ci və 22.2.2-ci maddələrinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün aliment hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Adı çəkilən Məcəllənin 100.2-ci maddəsinə görə isə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında 25 noyabr 2024-cü il tarixli Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2025-ci il üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında 2025-ci il üçün də minimum aylıq əmək haqqının məbləği 400 manat təşkil etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, 10 oktyabr 2018-ci il təvəllüdlü X3 və 25 iyul 2020-ci il təvəllüdlü X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Həmçinin, qanuni qüvvəsinin almış Siyəzən Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 16(059)-24/2025 saylı qərardadı ilə Cavabdeh 10 oktyabr 2018-ci il təvəllüdlü X3 və 25 iyul 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0,5 misli həddində, iki uşağa münasibətdə 1 misli həddində aliment tutulması və alimentin tutulmasının əvvəlinin 02 iyun 2025-ci il tarixdən hesablanması, qərardadın icrasının Naxçıvan Muxtar Respublikası Şərur rayonu İcra və Probasiya Şöbəsinə tapşırılması qərara alınmışdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.4-1 bəndinə və 8.4-2-cü bəndinin İ cümləsinə əsasən məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Belə olan halda, iddia ərizəsinin 2025-ci ildə məhkəməyə təqdim edilməsi nəzərə alınmalı, tərəflərin birgə nikahından doğulmuş iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin məbləği, həmin il ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının müvafiq misli həddinə uyğunlaşdırılmaqla, bir uşağa münasibətdə aylıq alimentin məbləği 400 x 0,50 =200 manatla hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasında 2025-ci il üçün uşağa münasibətdə yaşayış minimumunun 246 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin aylıq qazancı, həmin məbləğin onun, eləcə də iddiaçının himayəsində olan uşaqların saxlanılması zərurəti, həmçinin iddiaçının da, müəyyən işlərdə işləmə imkanının olması, habelə onun iddianı qalan hissədə müdafiə etməməsi nəzərə alınsa, sosial ədalət nöqteyi-nəzərdən qeyd olunan yaşayış minimumunun tutulması məqsədəmüvafiq deyildir. Belə ki, tərəflərin ümumi nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlaması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşaqların maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürülməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək, həmçinin tərəflərin maddi və əmlak vəziyyətini, cavabdehin, eləcə də, iddiaçının ötən müddət ərzində müvəqqəti təminat tədbirinin tətbiqi barədə qeyd edilən qərardad ilə tutulan cəmi 400 manat alimentin məbləği ilə razılaşaraq ondan şikayət verməmələrini, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması vacibliyini, eləcə də uşaqların valideynlərindən təminat almaq hüququnu nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 27 yanvar 2020-ci il tarixdə, 333 saylı akt qeydi ilə bağlanmış nikah pozulmalı, tərəflərin birgə nikahından doğulmuş 10 oktyabr 2018-ci il təvəllüdlü X6 və 25 iyul 2020-ci il təvəllüdlü X4 anaları İddiaçı himayəsində və yanında saxlanılmalı, həmin uşaqların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 27 fevral 2025-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli olmaqla, ümumilikdə 1 misli həddində sabit pul məbləğində aliment (müvəqqəti təminat tədbirinin tətbiqi barədə” Siyəzən Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 16(059)-24/2025 saylı qərardadı ilə tutulan aliment nəzərə alınmaqla) tutulmalı, qətnamə aliment tutulmasına dair hissədə dərhal icra edilməlidir. Həmçinin, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsinə münasibətdə qeyd edilir ki, tələb bu hissədə iddiaçı tərəfdən müdafiə edilmədiyindən, eləcə də sübutlarla təsdiq olunmadığından təmin edilməsi istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sözügedən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bu Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi və iddia tələbi üzrə ödənilmiş cəmi 100 (bir yüz) manat məhkəmə xərcinin tutulması həm iddia ərizəsində, həm də məhkəmə iclasında iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 27 yanvar 2020-ci il tarixdə, 333 saylı akt qeydi ilə bağlanmış nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş 10 oktyabr 2018-ci il təvəllüdlü X6 və 25 iyul 2020-ci il təvəllüdlü X4 anaları İddiaçı himayəsində və yanında saxlanılsın. 10 oktyabr 2018-ci il təvəllüdlü X3 və 25 iyul 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 27 fevral 2025-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli olmaqla, ümumilikdə 1 misli həddində sabit pul məbləğində aliment (müvəqqəti təminat tədbirinin tətbiqi barədə” Siyəzən Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 16(059)-24/2025 saylı qərardadı ilə tutulan aliment nəzərə alınmaqla) tutulsun. Qətnamə aliment tutulmasına dair hissədə dərhal icraya yönəldilsin. Mediasiya xidmətinin göstərilməsi və iddia tələbi üzrə ödənilmiş cəmi 100 (bir yüz) manat məhkəmə xərci İddiaçı aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(059)-290/2025
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-290/2025
08.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver