Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-30/2022 28.02.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar X5 və İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş mənəvi zərərin əvəzi olaraq iddiaçı Güldənə Şahbazovanın xeyrinə 20 000, İddiaçı xeyrinə isə 10 000 manat məbləğində pul tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra, Siyəzən Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(059)- 245/2021 nömrəli qərardadına əsasən iddiaçılar X2 və İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına digər iddiaçı X3 münasibətdə sonuncu öldüyünə görə xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, mərhum anası X2 cavabdehlər Cavabdeh və X1 qarşı “kompensasiya verilməklə, fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin 15 mart 2021-ci il tarixdə, saat 16:00-da Siyəzən Rayon Məhkəməsinin məhkəmə zalında keçirilən məhkəmə baxış iclasında Cavabdeh baxılan işlə heç bir əlaqəsi olmayan hallar barəsində izahat verərək, qərəzli şəkildə şərəf və ləyaqətini ləkələyən sözlər işlədərək onu təhqir etmişdir. Belə ki, Cavabdeh həmin məhkəmə prosesinin gedişində işlə əlaqəsi olmayan məsələlər barəsində böhtan xarakterli ifadələr işlətməklə, ona “sən mənim bacım deyilsən, sən, atam öləndən sonra anadan olmusan, yəni “bic” dünyaya gəlmisən, sənin kimdən dünyaya gəldiyini də, yəni əsil atanı da tanıyıram” deyə bildirmişdir. Anaları, iddiaçı Güldənə Şahbazova barəsində isə “Güldənə mənim anam deyil, bioloji anam Məhidir. Başqa sözlə, mən atamın İ arvadından dünyaya gəlmişəm, Güldənə Şahbazova isə mal-dövlətə sahib olmaq məqsədilə, habelə oğlu olmadığına görə məni övladlığa götürüb, başqa sözlə oğurlayıb” ifadəsini işlətmişdir. Cavabdehin işlətdiyi ifadələrin, rəsmi sənədlərdən istifadə etmədən məntiqi mühakimə yolu ilə həqiqətə uyğun gəlməməsi, böhtan və təhqir xarakterli olması sübut olunur. Belə ki, cavabdehin özünə ana hesab etdiyi Məhi adlı qadınla atası Həbib Şahbazovun 1954-cü ildə nikahları pozulduqdan sonra 1955-ci ildə atası Həbib, cavabdehin özünə ana hesab etmədiyi Güldənə Şahbazova ilə evlənmiş və bundan beş il sonra, yəni 1960-cı ildə Cavabdeh doğulmuşdur. Bununla sübut olunur ki, cavabdeh birinci nikahdan olan Məhi adlı qadından anadan ola bilməz, onun anası Güldənə Şahbazovadır. Habelə atası X4 27 avqust 1963-cü il tarixdə öldüyündən, o, xx xxxxxx 1963-cü ildə, yəni atasının ölümündən 7 ay əvvəl doğulduğu üçün “bic” olmamışdır. Bundan əlavə, cavabdeh böhtan xarakterli fikirlərini genişləndirərək anasının Güldənə olmamasını, sonuncunun dünyaya oğlan uşağı gətirmədiyinə görə, habelə mülkə sahib olması üçün cavabdehi oğurlayaraq oğlu kimi ona qanunsuz yolla sahib olmuşdur. Başqa sözlə, cavabdeh özünün doğma anasını oğru hesab edərək onun əzab-əziyyətini heçə endirməklə, böyük mənəvi zərbə vurmuş və bu hadisədən sonra anası Güldənənin yatağa düşməsinə səbəb olmuşdur. Rəsmi sənədlərdən istifadə etmədən, məntiqi mühakimə ilə sübut olunur ki, cavabdehin “sadəcə olaraq Güldənə dünyaya oğlan uşağı gətirmədiyinə görə, habelə mal-mülkə sahib olması” ifadəsi əsassızdır, ona görə ki, Xanəlidən sonra Güldənə dünyaya övlad gətirmişdir, yenidən oğlu olmamasını heç kim deyə bilməzdi. Mal-mülkə münasibətdə isə cavabdeh dünyaya gələndə hansı mal-dövlətə sahib idi ki, anası Güldənə bu məqsədlə cavabdehə qanunsuz oğlu kimi sahib olmuşdur. Məhkəmədə cavabdeh tərəfindən səslənən bu alçaldıcı sözləri anasına, başqa sözlə, cavabdehi dünyaya gətirən anaya bildirərkən onun necə stress keçirtdiyini, şərəfinin alçaldığını və ləyaqətinin sındığını hiss etmiş, habelə özü də sarsılaraq mütəmadi stress keçirmiş, anası ölmüşdür. Onda isə yaşamaq və işləmək həvəsi sönmüşdür. Hesab edir ki, cavabdeh məhkəmə prosesində əsaslı tələbdən əxlaqsız, pozğun, habelə əxlaqsız, nikahdan kənar qadından bic olaraq doğulması kimi böhtan xarakterli ifadələri işlətməklə onlara təzyiq etmək və tələblərindən əl çəkməyə nail olmaq məqsədi güdmüşdür. Odur ki, Cavabdeh ona böhtan və iftira atması əxlaq və mənəviyyatını, qürur hisslərini ləkələdiyinə görə cavabdeh vurduğu 10 000 manat məbləğində mənəvi zərərin əvəzini ödəməlidir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, iddianı əsassız hesab edir. Belə ki, 15 mart 2021-ci il tarixdə, saat 16:00-da Siyəzən Rayon Məhkəməsinin məhkəmə zalında keçirilən məhkəmə baxış iclasında onun iddiaçı barəsində ifadə edilmiş “sən atam Həbib öləndən sonra anadan olmusan, mənim bacım deyilsən və səni ümumiyyətlə bacı gözündə görmürəm” cümləsində qeyd edilən sözlər təhqir və alçaltma kimi qəbul edilə bilməz. Çünki, bu onun öz fikri və iradə ifadəsidir. Bu sözlərlə heç kimi təhqir etməmiş, belə bir niyyəti olmamışdır. Hesab edir ki, uzun müddət iddiaçı tərəfindən məhkəmə proseslərinə cəlb edilməklə əsl mənəvi zərbələri o, almış, bacısı İddiaçı onu ata evində yaşamağa qoymamış, əşyalarını həmin evdən yoxa çıxarmışdır. Belə olan halda əsl maddi və mənəvi zərər çəkən odur. İddia ərizəsində qeyd edilənlərdən belə məlum olur ki, iddiaçı özü heç bir qanunsuz hərəkətə yol verməmiş, yalnız o, iddiaçını təhqir edərək ictimaiyyət qarşısında nüfuzdan salmağa çalışmışdır. Lakin, o, iddiaçını heç vaxt kiminsə yanında hər hansı informasiya vasitəsilə təhqir etməmiş, məlumat yaymamışdır. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 yanvar 2022-ci il tarixli, 4/1831 saylı rəyindən görünür ki, iddiaçı X2 cavabdehlər Cavabdeh və X1 qarşı “kompensasiya verilməklə fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin 15 mart 2021-ci il tarixdə, saat 16:00-da Siyəzən Rayon Məhkəməsinin məhkəmə zalında keçirilən məhkəmə baxış iclasında cavabdehin iddiaçı barəsində ifadə edilmiş “sən atam Həbib öləndən sonra anadan olmusan, mənim bacım deyilsən və səni ümumiyyətlə bacı gözündə görmürəm” cümləsində İddiaçı birbaşa olaraq şərəf və ləyaqətini ləkələyən (alçaldan) söz və ifadələr müəyyən olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-linqvistik ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. İşdə olan 29 mart və 02 aprel 2021-ci il tarixli qəbzlərdən görünür ki, iddiaçı Güldənə Şahbazova məhkəməyə müraciət edərkən 30 (otuz) manat rüsum ödəmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə həm iddiaçının, həm də cavabdehin üzərinə düşür. Çünki, İddiaçı Cavabdeh tərəfindən 15 mart 2021-ci il tarixdə, saat 16:00-da Siyəzən Rayon Məhkəməsində keçirilən məhkəmə baxış iclasında “sən atam Həbib öləndən sonra anadan olmusan, mənim bacım deyilsən və səni ümumiyyətlə bacı gözündə görmürəm” cümləsində cavabdehin onun barəsində şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən (alçaldan) söz və ifadələr işlətdiyini göstərmiş, nəticədə, ciddi mənəvi sarsıntı və iztirab keçirdiyini qeyd etmişdir. Cavabdeh isə həmin cümlədəki söz və ifadələrdə öz fikrini ifadə etdiyini, iddiaçının şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələmədiyini (alçaltmadığını), subyektiv fikirlərini ifadə etdiyini bu zaman hər hansı bir pozuntuya yol vermədiyini bildirmişdir. Məhkəmə iclasında işin faktiki halları, toplanmış sübutlar, habelə ekspert rəyi ilə müəyyən edildi ki, “sən atam Həbib öləndən sonra anadan olmusan, mənim bacım deyilsən və səni ümumiyyətlə bacı gözündə görmürəm” cümləsində, cavabdeh iddiaçı barəsində hər hansı bir neqativ qiymətləndirməyə yol verməmiş, bu cümlədə o, öz təəssürat və qənaətini irəli sürülmüş, həmin sözlər vəziyyətdən asılı olaraq müəyyən gərginlik və mənfi hisslər yaratsa da, bu məlumat cavabdehin özünə aid fikir kimi ifadə edilmişdir. Həmçinin, bu cümlədə işlədilmiş söz və ifadələr neytral məzmunlu olmaqla, şəxsiyyətə aid mənəvi və əxlaqi keyfiyyətləri neqativ qiymətləndirici nitq vahidlərindən istifadə olunmamışdır. Azərbaycan Respublikası MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bu Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla da, məhkəmə təqdim edilmiş ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyi iş üçün əhəmiyyətli olan halları özündə əks etdirdiyindən əsaslı və mötəbər hesab edilməlidir. Belə ki, xüsusi bilik tələb edən sualların aydınlaşdırılması üçün aparılan ekspert tədqiqatı nitq fəaliyyəti məhsullarının tədqiqatı metodikasına əsaslanmaqla, nəticədə tərtib edilmiş rəy ekspertiza qarşısında qoyulan sualların kifayət qədər aydın və tam cavablandırılması ilə hazırlanmışdır. Bu isə ekspertin rəyi ilə məhkəmənin razılaşmamasını istisna edir. Həmçinin, məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, hər bir cəmiyyətin müəyyən olunmuş birgə yaşayış qaydaları və bu qaydaları təmin edən hüquq normaları mövcuddur. Bu qaydaları məcəllələşdirən və ümumməcburi davranış qaydalarına çevirən dövlət isə bu normaların cəmiyyətə tətbiqi və onlara əməl edilməsinə nəzarəti həyata keçirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1-ci maddəsinin İİ hissəsinin İİİ bəndinə əsasən fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi və ailə həyatının, şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaq bu məcəllənin vəzifələrindəndir. Şərəf, ləyaqət və işgüzar nüfuz haqqında məsələ, hər şeydən əvvəl, insan hüquqları, onların real təminatı haqqında məsələdir. Hər kəsin şərəf, ləyaqət və nüfuzu bir-biri ilə sıx bağlı olan mənəvi, əxlaqi, sosial dəyərlər olduğuna görə dövlət tərəfindən müdafiə olunur. Vətəndaşın şərəf, ləyaqət və işgüzar nüfuzu konstitusiya və digər qanunvericilik aktları ilə qorunur. İnsanlar öz aralarında ictimai münasibətlərə, yəni mürəkkəb və çoxtərəfli münasibətlərə girdikləri üçün şərəf, ləyaqət və işgüzar nüfuz real olaraq mövcud olur. Şərəf, ləyaqət və işgüzar nüfuz hüququ, vətəndaş və ya hüquqi şəxsin mənəvi, işgüzar və digər cəhət və xassələrinin özünüqiymətləndirməsi hüququdur ki, cəmiyyətdə bu şəxslərin mövqeyi onlardan asılıdır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 nömrəli qərarının 3-cü bəndinə görə məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı, yəni məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması hallarını aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” konvensiyanın 10-cu maddəsinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 nömrəli qərarında göstərilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 22-ci bəndinin İİ yarımbəndinə əsasən fikir ifadə etmək azadlığı demokratik cəmiyyətin mühüm əsaslarından biri olmaqla yanaşı fərdi fikirlərə münasibətdə dözümlülük demokratik siyasi sistemin mühüm ünsürüdür. Nəzərə alınmalıdır ki, təkcə məlumatın məzmunu deyil, onun şəxsin şərəf və ləyaqətinin alçaldılmasına səbəb olmayan ifadə forması da fikir azadlığı ilə müdafiə olunur. Fikir ifadə etmək azadlığına qoyulan məhdudiyyət məcburi xarakterə malik ictimai zərurətlə bağlı olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 2001-ci il tarixli "Jerusalem Avstriyaya qarşı" qərarında subyektiv fikir baxımından məhkəmə qərar vermişdir ki, bunun müəyyən formalı faktoqrafik əsası olmalıdır: “Hətta bəyanatın subyektiv fikrə əsaslandığı hallarda məhdudiyyətin mütənasibliyi mübahisəli bəyanat üçün kifayət qədər faktoloji əsasın olub olmamasından asılı ola bilər, çünki hətta faktoloji əsası olmayan subyektiv fikir üçün bu ifrat səciyyə daşıya bilər.” İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 2007-ci il tarixli "Flux və Samson Moldovaya qarşı" qərarında göstərmişdir ki, "keçmiş Dövlət məmuru özünə qəsrlər tikir" və "sabiq G.C Tikinti Naziri başqalarının bədbəxtliyi üzərində varlanmağa qərar verib" cümlələri qəzetin G.C-nin tikinti fəaliyyətləri və onun qonşuları üzərindəki təsirləri haqqında rəyində olduğu kimi subyektiv fikri ifadə edir. Bundan başqa fikirlər həqiqətə uyğun olmadığı sübut edilməmiş faktlara əsaslanırdı, bəziləri isə məqalənin özündə qeyd edilmişdi və bəzilərinə isə məhkəmə araşdırması zamanı istinad edilmişdi. Bu cür hallarda Məhkəmə hesab edir ki, qəzetin subyektiv fikirlərinin həqiqiliyini sübut etməsini gözləmək olmaz və bundan başqa onun fikirlərinin faktiki əsasları mövcuddur. Bundan əlavə, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 2004-cü il tarixli "X6rşı" qərarında isə məhkəmə bir daha ifadə azadlığının əhəmiyyətini vurğulamış və şəxsi həyatın mühafizəsini ifadə azadlığı əleyhinə balanslaşdırmalı olduğu işlərdə hər zaman mətbuatda yayılmış şəkillərin və ya məqalələrin ümumi marağın müzakirəsinə verdiyi töhfəni vurğulamışdır. İfadə azadlığı həm müstəqil hüquqdur, həm də, Konvensiya ilə qorunan digər hüquqların, məsələn, toplaşmaq azadlığının komponentidir. Eyni zamanda, ifadə azadlığı Konvensiya ilə qorunan digər hüquqlarla, məsələn, ədalətli məhkəmə araşdırması hüququ ilə, şəxsi həyata hörmət hüququ ilə, vicdan və din azadlığı ilə ziddiyyətə girə bilər. Belə ziddiyyət baş verdikdə, məhkəmə bu hüquqlardan hansının digərinə nisbətən daha üstün olduğunu müəyyən etmək üçün balanslı yanaşma nümayiş etdirir. Digər hüquqların maraqları ilə onlarla ziddiyyətə girən ifadə azadlığının maraqları arasında balans axtarılarkən sonuncunun mühüm əhəmiyyət daşıması nəzərə alınır. Bu mənada, İnsan hüquqları üzrə Avropa Məhkəməsi ifadə azadlığının demokratik cəmiyyətin mühüm dayaqlarından, onun tərəqqisi və hər bir fərdin inkişafı üçün əsas şərtlərdən birini təşkil etdiyini bildirmişdir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 01 oktyabr 2021-ci il tarixədək qüvvədə olan Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməli, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu isə iddiaçı tərəfin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı tərəfə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-30/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-30/2022
28.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver