Məhkəmə qərarları › İş №2(059)-314/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-314/2025

25.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-314/2025 25.04.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Siyəzən Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş və birgə nikahdan doğulmuş 12 oktyabr 2021-ci il təvəllüdlü X2 anası İddiaçı yanında və himayəsində saxlanılması qət edilsə də, sonuncunun saxlanılması üçün cavabdehdən alimentin tutulması müəyyən olunmamışdır. Odur ki, hazırda iddiaçı ərizə ilə müraciət edərək 12 oktyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb edir, cavabdeh isə 100 manat sabit pul məbləğində aliment ödəməyə razı olduğunu bildirir. İddia tələbi İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən birgə nikahından doğulmuş 12 oktyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, minimum aylıq əmək haqqının məbləğinin 2025-ci il yanvarın 1 dən müəyyən olunmuş 400 manat məbləğinin 0,615 misli həddində yəni, (400 manat x 0,615) = 246 manat məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən rayon İHB-nın Beşdam kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 08 yanvar 2021-ci il tarixdə qeydə alınmaqla, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah Siyəzən Rayon Məhkəməsi tərəfindən 2023-cü il tarixdə pozulmuş, nikah pozulduqdan sonra, bu nikahdan doğulmuş 12 oktyabr 2021-ci il təvəllüdlü X3 iddiaçının yanında saxlanılsa da, sonuncunun saxlanılması üçün cavabdehdən alimentin tutulması müəyyən olunmamışdır. O, ümumi xəstəliklər səbəbindən İİİ qrup əlildir və hazırda 150 manat sosial müavinət alır. Məlum olduğu kimi 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat müəyyən olunduğundan aldığı 150 manat müavinət heç onun dolaşığına yetmir, nəyinki uşağın, yəni digər tərəfdən övladını da saxlamalıdır və buna onun maddi imkanı yoxdur. Cavabdeh isə belə bir vəziyyətdə olduğunu bilsə də, uşağın saxlanması üçün ona maddi köməklik etmir. O, uşağı valideynlərinin hesabına çox çətinliklə saxlayır və artıq 4 ildir uşağı demək olar ki, tək başına böyüdür. Lakin cavabdeh, habelə onunla birlikdə yaşayan valideynləri yəni, uşağın ata tərəfdən baba və nənəsi uşağın maddi cəhətdən saxlanılmasında iştirak etmirlər və bu onlar aralarında olan mübahisəyə dair keçirilən Mediyasiya prosesində aliment ödənilməsinə razı olmamaları ilə bir daha təsdiq olunur. Beləliklə, uşağı valideynlərinin hesabına çox çətinliklə saxlayır və sözün həqiqi mənasında son dərəcədə maddi sıxıntılar içərisində yaşayırlar. Cavabdeh isə onların maddi vəziyyətlərinin çətin olduğunu bilsə də, onlara maddi cəhətdən hər-hansı formada yardım göstərmir. Hazırda ”2025-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir”. Yuxarıda qeyd edilənlərlə müəyyən olunur ki, “uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum, yəni ən azı 246 manat dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. O, uşağı saxlanması üçün hər ay 246 manat yəni, 2025-ci il üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0,615 misli həddində aliment tutulması tələb edir. Başa sözlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1dən 400 manat təşkil etdiyindən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 qərarının müvafiq müddəalarının hüququ mənasına əsaslanaraq alimentin məbləğinin hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində, yəni (400manat x 0.615 )= 246 manat məbləğində tələb edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, o, əqli gerilikdən İİİ qrup əlildir və hazırda 150 manat məbləğində pensiya alır və səhhətinə görə heç yerdə işləyə bilmir. Bununla belə, iddiaçı ondan 246 manat məbləğində aliment tələb edir. Odur ki, tələb olunan məbləğdə aliment ödəməyə imkanı olmadığının nəzərə alınmasını və ondan iddiaçının xeyrinə 100 manat məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək və məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı olan qızı ilə cavabdeh arasında olan nikah Siyəzən Rayon Məhkəməsinin 2023-cü il tarixli qətnaməsi ilə pozulsa da, həmin qətnamədə alimentin tutulması qət edilməmişdir. Nəvəsi 12 oktyabr 2021-ci il təvəllüdlü X3 təxminən 3-4 aylıq olandan onunla birlikdə yaşayır, nəvəsinin maddi xərclərini onlar qarşılayır. Hazırda cavabdehin xəstə olmasını nəzərə alaraq iddia tələbini qismən müdafiə edir və nəvəsi Tuncay Rüstəmovun yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay ölkə üzrə müəyyən edilmiş 400 manat minimum əmək haqqının 0,25 misli həddində, yəni ayda 100 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək və məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, o, iddia tələbini qismən qəbul edir, İddiaçı ilə birgə nikahından doğulmuş övladı 12 oktyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçının xeyrinə hər ay ölkə üzrə müəyyən edilmiş 400 manat minimum əmək haqqının 0,25 misli həddində, yəni ayda 100 manat məbləğində aliment ödəməyə etiraz etmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq Hüquqları haqqında” Qanun 5-ci maddəsinə əasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı 8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.4-1 və 8.4-2-cü bəndlərinə əsasən məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci ilin yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında 27 dekabr 2024-cü il tarixli Qanunu ilə 2025-ci il üçün ölkə üzrə yaşayış minimumunun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

Məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını və ərizələrini iş materialları ilə birgə araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 28 fevral 2023-cü il tarixli, 2(059)-33/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh Rüstəmova (Hüseynova) Qərənfil Ağayəddin qızı arasında Siyəzən RİH başçısının Beşdam kənd İƏD üzrə nümayəndəliyində 08 yanvar 2021-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 12 oktyabr 2021-ci il təvəllüdlü X3 anası, cavabdeh Rüstəmova (Hüseynova) Qərənfil Ağayəddin qızının himayəsində və yanında saxlanılması qət edilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 20 oktyabr 2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 597067 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan X3 12 oktyabr 2021-ci il tarixdə Quba şəhərində doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi və gəlir məlumatlar barədə çıxarışdan görünür ki, İddiaçı ümumi xəstəliklə 3-cü qrup əlil olmaqla, aylıq 150 manat pensiya alır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi və gəlir məlumatlar barədə çıxarışdan görünür ki, Cavabdeh ümumi xəstəliklə 3-cü qrup əlil olmaqla, aylıq 150 manat pensiya alır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 12 oktyabr 2021-ci il təvəllüdlü X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Məhkəmə, tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini və uşağın əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşağın minimum maddi təminat almaq hüququnu, eyni zamanda alimentin məbləği barədə tərəflərin razılığını nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, 12 oktyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 05 mart 2025-ci il tarixdə məhkəməyə müraciət edildiyi nəzərə alınmaqla həmin tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,25 misli həddində (hazırki halda 400x0,25=100 manat) sabit pul məbləğində aliment tutulmalı (“müvəqqəti təminat tədbirinin tətbiqi barədə” Siyəzən Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 16(059)-7/2025 saylı qərardadı ilə tutulan aliment nəzərə alınmaqla) , iddia qalan hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə-iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Məhkəmə qeyd edir ki, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 60 manat xərcin tutulması həm iddia ərizəsində, həm də məhkəmə iclasında iddiaçı tərəfdən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, İddiaçı azad edildiyi 32 (otuz iki) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir.

Məhkəmənin gəldiyi nəticə

Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 12 oktyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 05 mart 2025-ci il tarixdə məhkəməyə müraciət edildiyi nəzərə alınmaqla həmin tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,25 misli həddində (hazırki halda 400x0,25=100 manat) sabit pul məbləğində aliment tutulmalı (“müvəqqəti təminat tədbirinin tətbiqi barədə” Siyəzən Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 16(059)-7/2025 saylı qərardadı ilə tutulan aliment nəzərə alınmaqla), iddia qalan hissədə təmin edilməməli, həmçinin iddiaçının azad edildiyi 32 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi :

İddia qismən təmin edilsin. 05 mart 2025-ci il tarixdə məhkəməyə müraciət edildiyi nəzərə alınmaqla həmin tarixdən başlayaraq 12 oktyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulsun (“müvəqqəti təminat tədbirinin tətbiqi barədə” Siyəzən Rayon Məhkəməsinin 07 mart il tarixli, 16(059)-7/2025 saylı qərardadı ilə tutulan aliment nəzərə alınmaqla) İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən 60 (altımış) manat mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş xərc iddiaçının özünə aid edilsin. İddiaçı ödəməkdən azad edildiyi 32 (otuz iki) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar