Məhkəmə qərarları › İş №2(059)-332/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-332/2022

13.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-332/2022 13.06.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində aliment tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində aliment tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18 dekabr 2005-ci il təvəllüdlü X1 və 26 noyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, 16 dekabr 2005-ci il tarixdə cavabdehlə rəsmi nikaha daxil olmaqla evlənmiş, bu nikahdan 18 dekabr 2005-ci il tarixdə Çinarə adlı qızları, 26 noyabr 2007-ci il tarixdə Samir adlı oğulları doğulmuşdur. Cavabdehlə münaqişələri səbəbindən Siyəzən Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, habelə birgə nikahdan doğulmuş övladları onun yanında və himayəsində saxlanılmışlar. Hər iki övladı 03 sentyabr 2020-ci il tarixdən onun himayəsində və yanında yaşamaqla, onların bütün maddi tələbatlarını özü ödəyir. Ona görə də, məcbur qalıb mediasiya qurumuna müraciət etsə də, mediator Azər İbrahimovun rəhbərliyi ilə 02 aprel 2022-ci il tarixdə keçirilmiş mediasiya sessiyasında cavabdehlə hər hansı razılıq əldə edilmədiyinə görə prosesə xitam verilmişdir. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, cavabdehlə nikahları pozulduqdan sonra, ikinci dəfə ailə qurmamışdır. Hazırda "xxxx" ASC-də qazanxana maşinisti işləməklə, aylıq əmək haqqı 410 manat olsa da, tutulmalardan sonra 373 manat məvacib alır. Bundan əlavə, Qarabağ müharibəsi veteranı kimi 80 manat təqaüd almaqla yanaşı özünə məxsus torpaq sahəsində təsərrüfatla məşğul olaraq, aylıq təxminən 200- 300 manat qazanc əldə edir. Nikahları məhkəmə qaydasında pozularkən cavabdehə qarşı aliment tələbi olmamış, şifahi olaraq, aliment istəyəcəyini qeyd etsə də, bununla əlaqədar nə isə yazmalı olduğunu bilməmişdir. Uşaqlar böyüdükcə, problemləri və xərcləri də artdığından onları saxlamaqda çətinlik çəkir. Belə ki, uşaqlar dərslərində zəif olduqları üçün müəllim yanına hazırlığa gedirlər. Həmçinin, uşaqlar əvvəllər 2 fəndən hazırlığa getsələr də, artıq, 5 fəndən hazırlaşırlar. Uşaq 1 fəndən hazırlığa gedərkən 20 manat ödəsə də, hazırda müəllimlərə ümumilikdə təxminən 150 manat pul ödəyir. Bundan başqa, uşaqların pal-paltar, geyim xərcləri də vardır. Nikahları pozulduqdan sonra, təxminən 5-6 ay olar, ehtiyacları qarşılamaq üçün 3000 manat məbləğində bankdan kredit götürməklə, hər ay onun ödənişlərini həyata keçirir. Cavabdehin hazırda qazanc əldə etməsi ilə bağlı heç bir sübutu olmasa da, uşaqların istənilən kimi yaşamalarına köməklik göstərmək, onun bir ana kimi valideynlik borcudur. Ona görə də iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, cavabdehin ailə vəziyyəti, eləcə də durumu aliment ödəməyə imkan vermir. Belə ki, cavabdeh 26 fevral 2021-ci il tarixdən 17 oktyabrın 2021-ci il tarixədək Sumqayıt şəhərində ticarət mərkəzində xadimə vəzifəsində çalışmaqla, aylıq 200-235 manat qazanc əldə etsə də, sonradan keçirmiş olduğu cərrahiyyə əməliyyatları ilə əlaqədar əlillik dərəcəsi verilməsə də, əmək qabiliyyətini itirmişdir. Hazırda cavabdehin aşağı ətraflarında demək olar, fəaliyyət qabiliyyəti yoxdur, ayaqlarında şişmələr olduğuna görə yenidən əməliyyata ehtiyac vardır. İstanbul hospitalın və Premium klinikasının təqdim etdiyi sənədlərdən göründüyü kimi cavabdeh ağır cərrahi əməliyyatlar keçirdikdən sonra ambulator müayinələrə, yəni ev şəraitində müayinə və müalicələrə buraxılmışdır. Cavabdeh hazırda demək olar, çölə çıxmır və Sumqayıt şəhərində yaxın qohumunun himayəsində yaşayır. Cavabdeh vəkil ilə təmin olunması üçün Sumqayıt Regional Vəkil bürosuna aztəminatlı ailə kimi müraciət edərək, hüquqi yardım istəmiş, order üçün lazımi ödənişləri özləri həyata keçirsə də, etibarnamə üçün xərci cavabdeh çəkmişdir. Bundan başqa, ay ərzində büroya müraciət edən bir neçə ailəyə pulsuz hüquqi yardım göstərirlər. Cavabdehin vəziyyəti həqiqətən də kritikdir. Belə ki, sonuncunun durumu vaxtaşırı ağırlaşır və düzəlir. Xəstəlik ağırlaşan zaman işə çıxmır. Bundan əlavə, cavabdeh yenidən işləyəcəyi təqdirdə, uşaqlarına yardım edəcəyini bildirsə də, hazırda faktiki olaraq gəliri olmadığı üçün obyektiv səbəblərdən aliment ödəməyə heç cür imkanı yoxdur. Buna görə də, iddia tələbini qəbul etmir. Odur ki, etirazının əsası kimi istinad etdiyi halları müdafiə edərək, cavabdehin ailə vəziyyətinin, yaxın qohumunun himayəsində qalmasının, eyni zamanda ağır cərrahi əməliyyatlara məruz qalmasının və əməliyyatdan sonrakı müddətdə reabilitasiya dövrü keçməsinin nəzərə alınaraq ədalətli, yəni iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Siyəzən rayon İcra Hakimiyyəti başçısının Həmyə İƏV üzrə nümayəndəliyi tərəfindən 23 yanvar 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 701456 nömrəli və AZ-İİ seriyalı, 011213 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq atası İddiaçı, anası Cavabdeh olan X3 18 dekabr 2005-ci il tarixdə, X4 isə 26 noyabr 2007-ci il tarixdə Siyəzən rayonu, Böyük Həmyə kəndində doğulmuşlar. İşdə olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 12 oktyabr 2021-ci il tarixli, 2(059)-42/2021 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında Siyəzən rayon İcra Hakimiyyəti başçısının Həmyə İƏV üzrə nümayəndəliyində 16 dekabr 2005-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 35 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 18 dekabr 2005-ci il təvəllüdlü Çinarə və 26 noyabr 2007-ci il təvəllüdlü Samir ataları, İddiaçı himayəsində və yanında saxlanılmışdır. İşdə olan, X7 Mərkəzi tərəfindən 11 may 2022-ci il tarixdə verilmiş 981 nömrəli epikrizin surətindən görünür ki, Cavabdeh çanaq dibinin sallanması sindromu və sistosele İİİ dərəcəli uşaqlığın sallanması diaqnozu qoyulmuş, ona fiziki işə məhdudiyyət və pəhriz məsləhət görülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə Sistemində olan şəxsi məlumatlardan edilmiş çıxarışdan görünür ki, İddiaçı "xxxx" ASC- qazanxana maşinisti işləməklə, aylıq 410 manat əmək haqqı, müharibə veteranı kimi isə 80 manat təqaüd alır. İşdə olan 02 aprel 2022-ci il tarixli, 083466 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ailə münasibətlərindən irəli gələn mübahisə ilə əlaqədar mediasiya sessiyasına müraciət edərkən, 100 (bir yüz) manat məbləğində mediasiya xərcini ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər 16 dekabr 2005-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənməklə, bu nikahdan 18 dekabr 2005-ci il tarixdə Çinarə adlı qızları, 26 noyabr 2007-ci il tarixdə Samir adlı oğulları doğulsa da, sonradan aralarında olan münasibətlərin kəskinləşməsi səbəbindən Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, həmçinin birgə nikahdan doğulmuş uşaqlar ata İddiaçı himayəsində və yanında saxlanılmışlar. Eyni zamanda, həmin vaxt İddiaçı uşaqlarının onun himayəsində olmaqla, maddi tələbatlarını tam şəkildə qarşılaya bildiyi üçün Cavabdeh hər hansı bir formada və məbləğdə aliment tələbi olmamışdır. Lakin, iddiaçı hazırda uşaqların böyüdükcə, problemlərinin və xərclərinin artması ilə əlaqədar onları saxlamaqda çətinlik çəkdiyini göstərsə də, cavabdehin qazanc əldə etməsi barədə sübutunun olmamasına baxmayaraq, uşaqların istənilən kimi yaşamalarına cavabdeh tərəfindən köməklik göstərilməsinin bir ana kimi onun valideynlik borcu olmasına əsaslanaraq, aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Bu Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Bu mənada tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri, digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi, əmlak vəziyyəti, özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Mülki prosessual qanunvericilikdə göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri). Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə, iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəmələrə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübut isə, yalnız iddiaçının özünün izahatı olmuşdur. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" ASC-də qazanxana maşinisti işləməklə, aylıq əmək haqqı 410 manat olsa da, tutulmalardan sonra 373 manat məvacib alır. Bundan əlavə Qarabağ müharibəsi veteranı kimi 80 manat təqaüd almaqla yanaşı özünə məxsus torpaq sahəsində təsərrüfatla məşğul olaraq, aylıq təxminən 200- 300 manat qazanc əldə edir. Eyni zamanda, iddiaçı cavabdehlə nikahlarının pozulmasından, yəni 12 oktyabr 2021-ci il tarixdən ötən dövr ərzində (8 ay 1 gün) uşaqların tələbatlarını vaxtlı-vaxtında ödəməklə, onların saxlanmasında valideynlik vəzifəsini lazımınca icra etmiş, bunun əksini sübut edəcək hallar müəyyən edilməmişdir. Nəzərə alınsa ki, ailə qanunvericiliyi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün sabit pul məbləğinin miqdarının müəyyən edilməsi məqsədilə tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halların əsas tutulmasına diqqət yetirilməsini tələb edir, bu mənada qeyd olunur ki, iddiaçı, özünün maddi vəziyyətinin ağırlaşması, ailə vəziyətinin dəyişməsi, eləcə də əmək qabiliyyətində və sağlamlıq vəziyyətində pisliyə doğru dəyişikliklərin baş verməsi, öhdəsində digər şəxslərin, o cümlədən əmək qabiliyyəti olmayan valideynlər və s. olması ilə əlaqədar himayəsindəki uşaqlarını saxlaya bilməməsi, cavabdehin isə əksinə maddi vəziyyətinin yüksək olması, sonuncuya münasibətdə ailə vəziyyəti, diqqətəlayiq olan digər halların müsbət istiqamətdə dəyişməsi ilə bağlı mötəbər sənəd və ya sübutu məhkəməyə təqdim edə bilməmiş, əksinə əmək qabiliyyətində və sağlamlıq vəziyyətində problemlərin olması ilə əlaqədar istinad etdiyi halı cavabdeh tərəf mötəbər sübutla təsdiq etmişdir. Bütün bu qeyd olunanlar isə iddiaçının hazırkı məqamda da, maddi və ailə vəziyyətində, eləcə də ona aid diqqətəlayiq hallarda dəyişikliklər olmamaqla, uşaqlarını saxlaması üçün zəruri vəsaitə malik olmasına dəlalət edir. Yəni, iddiaçının maddi cəhətdən çətinlik çəkməsi ilə bağlı məhkəmə iclasında bildirdikləri onun şəxsi arqumentləri olmaqla, hər hansı bir mötəbər sübuta və ya sənədə əsaslanmamışdır. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində aliment tutulması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Bu Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, həmçinin iddiaçı hazırkı tələb üzrə dövlət rüsumunu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduğundan dövlət rüsumunun tutulmasına münasibətdə bu hal nəzərə alınmalı, mediasiya sessiyası üzrə ödənilmiş 100 (bir yüz) manat xərc də iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində aliment tutulması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar