Məhkəmə qərarları › İş №2(059)-344/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-344/2025

19.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-344/2025 19.05.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində alimentin tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş 08 aprel 2016-cı il il təvəllüdlü X2 və 03 noyabr 2017-ci il təvəllüdlü X1 atalarından alınaraq analarına verildiyi tarixədək olan müddət ərzində ərizə verildiyi tarixdən başlayaraq, yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqı (2025-ci ilə görə 400 manat) məbləğinin 0,615 misli həddində, yəni bir uşağa görə 246 manat olmaqla, ümumilikdə iki uşağa münasibətdə 492 manat sabit pul məbləğində alimentin, eləcə də mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 60 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, 08 iyun 2015-ci il tarixdən Siyəzən Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli qətnaməsi qanuni qüvvəsini alanadək hazırki iş üzrə cavabdeh olan keçmiş arvadı Cavabdehyla rəsmi nikahda olmuş, habelə cavabdeh 15 iyun 2023-cü il tarixdə ailə dəyərlərini saymayaraq, ona məxsus normal şəraitli evi tərk edib, heç bir zərurət olmadan Bakı şəhərində anası ilə birlikdə kirayələdiyi iki mərtəbəli evin artırması olan bir otaqlı mənzilində, çətin mənzil-məişət şəraitində yaşamağa başlamışdır. Belə ki, Cavabdeh gecə vaxtlarında öz əyləncəsini uşaqların mənafeyindən üstün tutaraq, yaşayışa yararsız şəraitdəki evdə, sonuncuları qorxu içərisində tək qoyub guya kirpik qaynağı etmək üçün getmiş, bu zaman uşaqlar ananın gecə qayıtmayacağını bildikdən sonra ağlayıb ona yalvarmaqdan (bu faktları qızları Leyla bildirmişdir) bezərək öz istəkləri ilə onu arzulamış, bununla da, Cavabdeh 24 noyabr 2024-cü il tarixdə ona zəng edərək, uşaqları, yanında yaşamaq, habelə təhsillərini davam etdirmək məqsədi ilə Bakı şəhərindən gətirdiyini və ona təhvil vermək istədiyini bildirmişdir. Uşaqlar böyük məmnunluqla onun yanında yaşamağa başladıqdan sonra, İlkanə yenidən onları yanına aparmaq istəmiş, lakin övladları şəraitsiz, habelə darısqal bir otaqlı kirayə evə getməyərək, atalarının yanında qalmaq istəmişlər. Bundan başqa, uşaqlar həm anaları, həm də onlarla qalan nənələri gündüz vaxtı işlədiklərindən onların evdə tək qaldığını və bu zaman çox qorxu və həyəcan hissi keçirdiklərini bildirmişlər. Habelə, Leyla və Eldəniz analarının onlara qarşı davranışından, eləcə də, cavabdehin yaşam tərzindən heç xoşlanmırlar. Belə ki, uşaqlar qarşı tərəfin bəzən onları gecələr tanımadıqları şəxslərin evlərinə apardığını və cavabdeh başqa kişi ilə yatarkən qorxduqlarını bildirmişlər. Belə hallarda, yəni kənar yerlərdə gecələyərkən övladları Leyla və Eldəniz dərslərini hazırlaya bilməmişlər. Bununla belə, İlkanənin və Siyəzən Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının maraqlı üzvlərinin qanunsuz təkidi ilə 11 dekabr 2023-cü il tarixdə uşaqları anasına təhvil vermək məqsədilə Bakı şəhərinə aparmış və avtomobildən uzaqlaşaraq, Cavabdeh uşaqları götürüb aparmasını təklif etmişdir. Lakin, uşaqlar ağlayaraq anaları ilə getməkdən imtina etmişlər. Beləliklə, yuxarıda qeyd edilən halların nəticəsində Siyəzən Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə cavabdehlə aralarında 08 iyun 2015-ci il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş 08 aprel 2016-cı il təvəllüdlü Leylanın və 03 noyabr 2017-ci il təvəllüdlü Eldənizin ondan alınaraq Cavabdeh verilməsi və həmin uşaqların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün sonuncuların atasından alınıb anasına verildiyi tarixdən başlayaraq, ondan cavabdehin xeyrinə hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Lakin, övladlarının analarına getməmələri, yəni anaları ilə birlikdə sonuncunun himayəsində yaşamaq istəməmələri səbəbindən sözügedən qətnamənin qeyd edilən hissəsinin icrası bu günədək mümkün olmamışdır. Başqa sözlə, Siyəzən rayon icra və probasiya şöbəsinin icraatında olan icra vərəqəsinin “uşaqların atadan alınıb ananın himayəsinə verilməsi” hissəsinin, azyaşlı uşaqlar könüllü olaraq anaları ilə birlikdə yaşamaqdan imtina etdiklərinə görə dəfələrlə məcbur icrasına cəhd edilsə də, icra işinin icrası mümkün olmamışdır. Qeyd edildiyi kimi, dəfələrlə aparılan məcburi icra hərəkətləri uşaqların emosional və psixoloji tarazlığının ciddi şəkildə pozulmasına, habelə uşaqların üstün mənafelərinin qorunmasına zərər yetirilməsinə səbəb ola bilər. Beləliklə, azyaşlı uşaqlar könüllü olaraq anaları ilə birlikdə yaşamaqdan imtina etdiklərinə görə, icra sənədinin icrası mümkün olmur və bu məsələ hazırki mübahisəyə aid olmasa da, sözügedən icra sənədinin məhkəməyə qaytarılması barəsində qərar qəbul edilməlidir. Bu fakt, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2024-cü il tarixli ekspert rəyinin “08 aprel 2016-cı il təvəllüdlü X2 və 03 noyabr 2017-ci il təvəllüdlü X1 psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamağı seçmələri ilə bağlı kənar psixoloji təzyiq əlamətləri müəyyən olunmur” yekun tədqiqatın nəticəsi ilə bir daha sübuta yetirildiyindən, uşaqlar könüllü şəkildə analarının yanında onunla birlikdə yaşamaq istəmirlər. Lakin, uşaqlar 24 noyabr 2023-cü il tarixdən onun yanında və himayəsində yaşayırlar. Bu müddət ərzində cavabdeh bir dəfə də olsun uşaqlarla hər hansı formada ünsiyyət yaratmaq məqsədi ilə yaşadıqları ünvana gəlməmiş, habelə onların saxlanması üçün hər hansı məbləğdə maddi köməklik göstərməmişdir. Bundan başqa, Cavabdeh Siyəzən Rayon Məhkəməsinin sözügedən qətnaməsi qəbul edilərkən, Yasamal rayonu Elmlər Akademiyasında yerləşən gözəllik salonunda saç və makyaj ustası işləyərək, aylıq 1000 manatadək gəlir əldə etməsini bildirməsinə baxmayaraq uşaqların saxlanması üçün könüllü surətdə onlara maddi köməklik etmir. Beləliklə, cavabdeh uşaqların atadan alınıb, anaya verilənədək olan müddət ərzində övladlarının saxlanmaları üçün könüllü surətdə maddi köməklik göstərməkdən qəsdən boyun qaçırır. Bu fakt cavabdehin mediasiya sessiyasında iştirak etməkdən qərəzli boyun qaçırması ilə bir daha sübut olunur. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin, uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ona görə də iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, o, Siyəzən Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə razılaşmış, habelə bu qətnamədən apellyasiya şikayəti verməmişdir. Bundan sonra, sözügedən qətnamə 24 oktyabr 2024-cü il tarixdə qanuni qüvvəsini almış və icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Belə ki, Siyəzən Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli qətnaməsinin qanuni qüvvəsini alaraq, icraya yönəldilməsindən kifayət qədər müddət keçsə də, təyin olunmuş icra tədbirləri zamanı uşaqları rayon icra və probasiya şöbəsinə gətirərək, özü kənarda dayanıb gözləmiş, lakin, Leyla və Eldəniz ağlayaraq anaları ilə birlikdə getmək istəməmişlər. Bundan başqa, təxminən 2 ildir ki, övladları Leyla və Eldəniz onun yanında qaldıqlarından, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsini icra edə bilməməsinə baxmayaraq, hazırki tələb ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, Leyla və Eldəniz hazırda Siyəzən rayon Feyruz Cəlilov adına Məşrif kənd tam orta məktəbdə təhsil almaqla, sonunculara anası Yasəmən Kərimova və o, özü baxır. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi absurddur. Belə ki, İddiaçı iddia ərizəsində uşaqları 24 noyabr 2023-cü il tarixdə cavabdehin guya ona təhvil verməsini qeyd etməsi də, həqiqəti əks etdirmir. Çünki, Leyla və Eldəniz anaları Cavabdeh yanında olmuş, habelə Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən Rayon İcra Hakimiyyətinin Qəyyumluq Komissiyasında təyin edilmiş iclasdan bir gün əvvəl iddiaçı Xaqani, cavabdeh İlkanəyə uşaqları görmək istədiyini bildirdiyi üçün Siyəzən rayonuna gətirməsini xahiş etmiş və hüquqlarını təmsil etdiyi şəxs də insanlıq göstərərək, uşaqları özü ilə 24 noyabr 2023-cü il tarixdə keçirilmiş Komissiyanın iclasına gətirmiş və bu zaman İddiaçı uşaqları özü ilə apararaq geri gətirməmişdir. Bundan başqa, Cavabdeh hazırda Bakı şəhərinin Səbail rayonunda, Bayıl qəsəbəsində yerləşən şəraitli, 3 otaqdan ibarət yeni tikilmiş binada anası Təhminə ilə birlikdə yaşayır. Həmçinin, İlkanə övladlarını istəməklə yanaşı, sonuncuları görmədiyi üçün hazırda depressiya vəziyyətindədir. 13 may 2025-ci il tarixdə uşaqların atadan alınıb anaya verilməsi ilə bağlı icra tədbiri həyata keçirilmiş, habelə orada cavabdeh İlkanə Kərimov və sonuncunun anası Təhminə iştirak etmişdir. Belə ki, həmin icra tədbiri zamanı uşaqlar ağlamışdır. Lakin, o, özü də, əvvəllər 10 ilə yaxın icra məmuru işlədiyindən, uşaqların hazırda atanın təsiri altında olduğunu, habelə icra tədbiri zamanı İddiaçı uşaqları təhvil verdikdən sonra çıxıb gedərsə, sonuncuların anaları ilə qalmaq istəyəcəklərini düşünür. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Siyəzən rayon İcra Hakimiyyəti başçısının Məşrif kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 02 may 2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı, 625580 nömrəli və 04 dekabr 2017-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 031251 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq atası İddiaçı, anası Cavabdeh olan X4 08 aprel 2016-cı il tarixdə Siyəzən şəhərində, X3 isə 03 noyabr 2017-ci il tarixdə Bakı şəhərinin Nəsimi rayonunda doğulmuşlar. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(059)-20/2024 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında Siyəzən RİHB-nın Məşrif kənd İƏD üzrə nümayəndəliyində 08 iyun 2015-ci il tarixdə, 03 saylı akt qeydi ilə bağlanmış nikah pozulması, onların birgə nikahından doğulmuş 08 aprel 2016-cı il təvəllüdlü X2 və 03 noyabr 2017-ci il təvəllüdlü X1 İddiaçı alınaraq Cavabdeh verilməsi, habelə Leylanın və Eldənizin yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün sonuncuların atasından alınıb anasına verildiyi tarixdən başlayaraq İddiaçı, Cavabdeh xeyrinə hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, İddiaçı “Azneft” İstehsalat Birliyində maşinist işləməklə, aylıq 1133,85 manat əmək haqqı alır. İşdə olan 15 mart 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ailə münasibətlərindən irəli gələn mübahisə ilə əlaqədar mediasiya sessiyasına müraciət edərkən, 60 (altmış) manat məbləğində mediasiya xərcini ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər 08 iyun 2015-ci il tarixdə rəsmi nikaha daxil olub evlənməklə, bu nikahdan 08 aprel 2016-cı il tarixdə Leyla adlı qızları, 03 noyabr 2017-ci il tarixdə Eldəniz adlı oğulları doğulsa da, sonradan aralarında olan münasibətlərin kəskinləşməsi səbəbindən Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 09 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, həmçinin birgə nikahdan doğulmuş uşaqların İddiaçı alınaraq Cavabdeh verilməsi, habelə Leylanın və Eldənizin yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün sonuncuların atasından alınıb anasına verildiyi tarixdən başlayaraq İddiaçı, Cavabdeh xeyrinə hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Eyni zamanda, həmin qətnamədə İddiaçı uşaqlarının onun himayəsində qalacağı təqdirdə, Cavabdeh aliment tələb etməyəcəyini bildirmişdir. Lakin, İddiaçı həmin qətnamənin icrası ilə bağlı lazımi hərəkətlər etməyərək, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə görə uşaqları anaya vermək, habelə verdiyi tarixdən onların saxlanılması üçün aliment ödəmək əvəzinə, hər hansı bir qanuni əsası olmayan mövqeyindən sui-istifadə edib, hazırda Cavabdeh qarşı “sabit pul məbləğində alimentin tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Bu Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Bu mənada tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri, digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi, əmlak vəziyyəti, özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Mülki prosessual qanunvericilikdə göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 88-ci maddələri). Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə, iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübut isə, yalnız iddiaçının özünün izahatı olmuşdur. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı “Azneft” İstehsalat Birliyində maşinist işləməklə, aylıq 1133,85 manat əmək haqqı alır. Eyni zamanda, iddiaçı cavabdehlə nikahlarının pozulmasından, yəni 09 sentyabr 2024-cü il tarixdən ötən dövr ərzində (8 ay 10 gün) dövlətin adından çıxarılmaqla, icrası məcburi olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməyərək, tərəflərin birgə nikahından doğulmuş Leyla və Eldəniz adlı uşaqları anaları Cavabdeh verməməklə, onların saxlanılması üçün sözügedən qətnamə ilə müəyyən edilmiş aliment məbləğini ödəməmiş, faktiki olaraq uşaqların tələbatlarını özü ödəmiş, bunun əksini sübut edəcək hallar müəyyən edilməmişdir. Nəzərə alınsa ki, ailə qanunvericiliyi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün sabit pul məbləğinin miqdarının müəyyən edilməsi məqsədilə tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halların əsas tutulmasına diqqət yetirilməsini tələb edir, bu mənada qeyd olunur ki, iddiaçı, özünün maddi vəziyyətinin ağırlaşması, ailə vəziyyətinin dəyişməsi, eləcə də əmək qabiliyyətində və sağlamlıq vəziyyətində pisliyə doğru dəyişikliklərin baş verməsi, öhdəsində digər şəxslərin, o cümlədən əmək qabiliyyəti olmayan valideynlər və s. olması ilə əlaqədar qanunsuz himayəsindəki uşaqlarını saxlaya bilməməsi, cavabdehin isə əksinə maddi vəziyyətinin yüksək olması, sonuncuya münasibətdə ailə vəziyyəti, diqqətəlayiq olan digər halların müsbət istiqamətdə dəyişməsi ilə bağlı mötəbər sənəd və ya sübutu məhkəməyə təqdim edə bilməmiş, əksinə uşaqların onun yanında saxlanılmasının hökmən icra olunmalı olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 09 sentyabr 2024-cü il tarixli qətnaməsinə zidd olduğu müəyyən edilmişdir. Digər tərəfdən, əvvəlki məhkəmə prosesi dövründə iddiaçı uşaqlar özündə qalacağı təqdirdə anadan (cavabdehdən) aliment tələb etməyəcəyini yazılı və ya protokolda bəyan etmişdir. Bu bəyanat özlüyündə öhdəlik xarakteri daşıyır, çünki ata həmin bəyanatı verərkən hüquqi nəticələrini dərk edərək bu hüquqdan könüllü imtina etmiş, bu hal məhkəmə qətnaməsinin bir hissəsi olaraq qeyd edilmiş və tərəflərin razılığı kimi qiymətləndirilmişdir. Bu bəyanat könüllüdür (öz iradəsi ilə verilib), açıqdır (məhkəmə protokolunda və qətnamədə əks olunub), hüquqi niyyət daşıyır (açıq məqsədlə verilib – alimentdən imtina). Həmin bəyanat şəxsin hüquqi iradəsinin ifadəsi olub, iddiaçının aliment tələb etmək niyyətində olmadığını sübut edir və bu günkü iddiasını ziddiyyətli və əsassız edir. Bundan başqa, ata qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin tələblərini pozaraq və uşaqları qeyri-qanuni şəkildə saxlayaraq, yaranmış vəziyyətdən istifadə edib məhkəməyə müraciət edir. Bu da, hüquqdan sui-istifadədir. Ancaq, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Hüquqi baxımdan bu, təkcə əsassız iddia deyil, həm də ədalət mühakiməsinin məqsədlərinə zidd olan davranışdır. Belə hallarda məhkəmə, hüququ pozan şəxsin tələbini təmin etməklə qanunsuz davranışı stimullaşdırmış olar. Bu isə hüquqi təhlükə yaradır və hüquq sisteminə inamı sarsıdır. Əgər şəxs məhkəmə qərarının tələblərini yerinə yetirmirsə, bu zaman qanunsuz davranış nəticəsində formalaşmış vəziyyətdən (yəni, uşaqların onda qalmasından) faydalanaraq əlavə hüquqlar tələb edə bilməz. Bu hal hüquq sistemində qanun pozuntusu nəticəsində hüquq qazanmaq cəhdi kimi qiymətləndirilir və qanunla yolverilməz sayılır. Əslində, hazırkı məqamda iddiaçı qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin tələblərini yerinə yetirməməklə, yəni uşaqları anaya təhvil verməməklə, qəsdən və davamlı şəkildə qanun pozuntusuna yol verir. Ədalət və vicdan prinsiplərinə əsasən, qətnaməni pozan şəxs (bu halda iddiaçı), pozuntunun nəticələrindən fayda əldə edə bilməz. Bu baxımdan, iddiaçının aliment tələbi hüquq və ədalət prinsiplərinə uyğun deyildir. Deməli, iddiaçının cavabdehə qarşı “sabit pul məbləğində alimentin tutulması" tələbi ilə məhkəmə müraciət etməsi, onun iddia ərizəsində və məhkəmə iclasında qeyd etdikləri şəxsi arqumentləri olmaqla, hər hansı bir mötəbər sübuta və ya sənədə əsaslanmamaqla yanaşı, əsassız və qanunsuzdur. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin tutulması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Bu Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, həmçinin iddiaçı hazırkı tələb üzrə dövlət rüsumunu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduğundan dövlət rüsumunun tutulmasına münasibətdə bu hal nəzərə alınmalı, mediasiya sessiyası üzrə ödənilmiş 60 (altmış) manat xərc də iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin tutulması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 60 (altmış) manat məhkəmə xərci İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar