Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-347/2021 26.07.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi X4, Cavabdeh iştirakları ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və cavabdehə ödənilmiş pul vəsaitinin sonuncudan alınaraq iddiaçıya qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və cavabdehə ödənilmiş pul vəsaitinin sonuncudan alınaraq iddiaçıya qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı MMC ilə cavabdeh arasında 27 may 2019cu il tarixdə bağlanmaqla, Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş müqavilənin ləğv edilməsi və cavabdehə ödənilmiş 7350 manat məbləğində pul vəsaitinin sonuncudan alınaraq iddiaçı MMC-yə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarına və Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 26 avqust 2016-cı il tarixli, 117 nömrəli sərəncamına əsasən Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi 72- 74-76-76a ünvanlarında 0,5 ha olan ərazidə istismar müddətini ötmüş 1-4 mərtəbəli binaların sökülərək yerində çoxmərtəbəli yaşayış binasının pilot layihə əsasında layihələndirilməsi qərara alınmış və tikinti üçün İddiaçı MMC-yə icazə verilmişdir. 11 aprel 2013-cü il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan aydın olur ki, Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi 76 ünvanında sahəsi 344,4 kv.m olan qeyri-yaşayış sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X5, Abdullayev, Əşrəf Bəkir oğlunun və X2 adına dövlət qeydiyyatına alınmışdır. Lakin, qeyriyaşayış sahəsinin faktiki ölçüsü 400 kv.m təşkil etmişdir. Bu hal adları çəkilən şəxslərin başqa məhkəmə işlərində verdikləri izahatları ilə də təsdiq olunur. Cavabdeh MMC-yə və Səbail Rayon İcra Hakimiyyətinə dəfələrlə şifahi və yazılı müraciət edərək, Elçin Çıraqov və qeyriləri ilə razılaşdırılmaqla, həmin qeyri-yaşayış sahəsinə bitişik olan, lakin dövlət qeydiyyatına alınmayan 62 kv.m sahə üçün ona ödəniş edilməsini və yeni tikiləcək binada həmin sahəyə uyğun mənzil verilməsini istəmiş, bundan sonra tərəflər arasında 27 may və 11 iyun 2019-cu il tarixlərdə müqavilələr imzalanaraq notarial qaydada təsdiq edilmişdir. 27 may 2019-cu il tarixdə bağlanmış müqavilənin tələblərinə görə cavabdeh 1995-ci ildən qanuni istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi, 76 ünvanında yerləşən 62 kv.m olan mənzilini yaşayış kompleksinin tikintisi məqsədilə cəmiyyətə təhvil verməyi, cəmiyyət isə həmin mənzilin əvəzində Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi 72 ünvanında artıq inşası tamamlanmaqda olan “Zirvə Residence” yaşayış kompleksinin A blokunun 6-cı mərtəbəsində yerləşən 4 pəncərəsi və eyvanı olan sahəsi 43.07 kv.m-lik 22 saylı 2 otaqlı təmirli mənzili tikinti-təmir işləri başa çatdıqdan sonra istifadəçiyə verməyi öhdəsinə götürmüşdür. Bundan əlavə, müqavilənin 2.2-ci bəndinə görə, iddiaçı 1.4-cü bənddə təsvir edilmiş mənzil "xxxx"yə təhvil verilənədək, 01 oktyabr 2018-01 iyun 2019-cu il tarixlər üçün cəmi 8 ay aylıq 350 manat olmaqla, 2800 manat istifadəçinin bank hesabına köçürmə yolu ilə birdəfəlik, bina təhvil verilənədək isə 2019-cu ilin iyun ayından başlayaraq hər növbəti ayın 10-dək 350 manat kompensasiya ödəməyi öhdəsinə götürmüş, həmin məbləğ, yəni cəmi 7350 manat İddiaçı MMC tərəfindən cavabdehə ödənilmişdir. Bundan başqa, cavabdeh, X3, X6, X9 və İddiaçı MMC arasında bağlanmış 11 iyun 2019-cu il tarixli qarşılıqlı razılaşma müqaviləsinin tələblərinə görə, ünvan 4 ünvanında yerləşən birinci və üçüncü tərəfin istifadəsində birgə iddialı olduqları 1995-ci ildən Cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə edilən 62 kv.m istifadəsində olan sahə hər üç tərəfin qarşılıqlı razılığı əsasında cavabdeh ilə İddiaçı MMC-nin arasında hüquqların ötürülməsi və yaşayış sahəsinin əvəzləşdirilməsi müqaviləsi notarial qaydada imzaladığı üçün birinci tərəfin tələbi təmin edilmiş, onun üçüncü tərəfə bu sahə ilə bağlı iddiası bitmiş hesab olunmuşdur. Lakin, sonradan məlum olmuşdur ki, Cavabdeh ümumiyyətlə həmin evlə hər hansı bağlılığı yoxdur. Buna görə də, müqavilənin ləğv edilməsinə və cavabdehə ödənilmiş məbləğin MMC-yə qaytarılmasına zərurət yaranmışdır. Yuxarıda da qeyd edildiyi kimi cavabdeh ünvan 4 ünvanında yerləşən 62 kv.m sahəsi olan tikiliyə heç bir aidiyyətinin olmadığını bildiyi halda, bunu gizlətmiş, hüququ olmayan evə dair müqavilə bağlamışdır. Sözügedən müqavilənin ləğv edilməsini səciyyələndirən aşağıdakı halları qeyd etmək kifayətdir: 1) müqavilə buna hüququ olmayan şəxs tərəfindən bağlanılmışdır. Həmçinin müqavilədə həmin tikilinin 1995-ci ildən Cavabdeh qanuni istifadəsində olduğu bildirilsə də, notarius bu halı təsdiq edən sənədi tələb etməmiş, yalnız cavabdehin izahatına əsaslanmışdır. 2) Müqavilə notarius tərəfindən “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olmadan bağlanaraq təsdiq edilmişdir. Bundan başqa, cavabdeh buna hüququ olmadığını bilə-bilə qeyd edilən müqaviləni imzalayaraq, gəlir əldə etmiş, dəfələrlə müraciət edilməsinə baxmayaraq, sonuncu ilə müqavilənin ləğv edilməsi ilə bağlı aralarıda razılıq əldə edilməsi mümkün olmamışdır. Buna görə də, məhkəməyə müraciət edilməsinə zərurət yaranmışdır. Eyni zamanda, cavabdehin kommunal xidmətlərlə bağlı kodu da olmamışdır. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi, 76 ünvanında yerləşən 62 kv.m olan mənzildə 1995-ci il tarixdən öz ailə üzvləri ilə birgə yaşamış, bu mənzil 2 otaqdan, mətbəx, hamam və sanitar qovşaqdan ibarət olmuşdur. 2018-ci ildə binanın digər sakinləri ilə birlikdə Səbail Rayon İcra Hakimiyyətinə dəvət edilərək, bu binaların istismara yararsız vəziyyətdə olduğu üçün söküləcəyi bildirilmişdir. Beləliklə, 2018-ci ilin iyul ayında “Hermes- S MMC tərəfindən binanın sökülməsinə başlanılmış, 2-3 aydan sonra ona 43 kv.m veriləcəyi bildirilmişdir. Onunla iddiaçı MMC arasında 27 may 2019-cu il tarixdə bağlanmış müqavilənin şərtinə əsasən 01 oktyabr 2018-01 iyun 2019-cu il tarixlər üçün cəmi 8 ay aylıq 350 manat olmaqla, 2800 manat onun bank hesabına köçürmə yolu ilə birdəfəlik, bina təhvil verilənədək isə iyun 2019-cu il tarixdən başlayaraq hər növbəti ayın 10-dək 350 manat kompensasiya ödənilməli idi. Ona 19 iyun 2020-ci il tarixədək pul ödənilsə də, sonradan pulun ödənilməsindən imtina edilmiş və həmin vaxtdan etibarən ona pul ödənilməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən 27 may 2019-cu il tarixdə reyestrdə 3M-605 nömrə ilə qeyd edilmiş müqavilənin surətindən görünür ki, istifadəçi Cavabdeh 1995-ci ildən qanuni istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi, 76 ünvanında yerləşən 62 kv.m olan mənzilini yaşayış kompleksinin tikintisi məqsədilə “Hermes-S MMC-yə təhvil verməyi, cəmiyyət isə həmin mənzilin əvəzində Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi 72 ünvanında artıq inşası tamamlanmaqda olan “Zirvə Residence” yaşayış kompleksinin A blokunun 6-cı mərtəbəsində yerləşən 4 pəncərəsi və eyvanı olan sahəsi 43.07 kv.m-lik 22 saylı 2 otaqlı təmirli mənzili tikinti-təmir işləri başa çatdıqdan sonra istifadəçiyə verməyi öhdəsinə götürmüşdür. Həmçinin, müqavilənin surətindən görünür ki, “Hermes-S MMC "xxxx"-nin mənzilinin 2018-ci ilin oktyabr ayında sökülməsini qəbul edir və MMC müqavilənin 1.4-cü bəndində təsvir edilmiş mənzil "xxxx"yə təhvil verilənədək, 01 oktyabr 2018-01 iyun 2019-cu il tarixlər üçün cəmi 8 ay aylıq 350 manat olmaqla, 2800 manat istifadəçinin bank hesabına köçürmə yolu ilə birdəfəlik, bina təhvil verilənədək isə 2019-cu ilin iyun ayından başlayaraq hər növbəti ayın 10-dək 350 manat kompensasiya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən 11 iyun 2019-cu il tarixdə reyestrdə 3M-676 nömrə ilə qeyd edilmiş müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Bayıl qəsəbəsi, Qurban Abbasov 76 ünvanında yerləşən birinci (Cavabdeh) və üçüncü (X3, X6, X9) tərəfin istifadəsində birgə iddialı olduqları, 1995-ci ildən Cavabdeh tərəfindən yaşayış sahəsi (mənzili) kimi istifadə etdiyi 62 kv.m istifadəsində olan sahə hər üç tərəfin qarşılıqlı razılığı əsasında Cavabdeh ilə ikinci tərəf İddiaçı MMC-nin arasında “hüquqların ötürülməsi və yaşayış sahəsinin əvəzləşdirilməsi müqaviləsi” notarial qaydada imzalandığı üçün birinci tərəfin tələbi təmin edilmiş, onun üçüncü tərəfə bu sahə ilə bağlı iddiası bitmiş hesab olunur. İşdə olan 02 noyabr 2020-ci il tarixdə iddiaçının nümayəndəsi tərəfindən imzalanmış və cavabdehə 27 noyabr 2020-ci il tarixdə çatdırılmış ərizənin surətindən görünür ki, İddiaçı MMC 9 saylı notariat kontorunda bağlanmış müqavilənin qanunvericiliyin tələbləri əsasında bağlanmadığı əsas gətirməklə, həmçinin Mülki Məcəllənin 390.2 və 337.1-ci maddələrinə uyğun olaraq Cavabdehla aralarında bağlanmış 27 may 2019-cu il tarixli müqaviləyə xitam verildiyini bildirilib, sonuncudan ona ödənilmiş 7350 manat pulun 5 gün müddətində MMC-yə qaytarılması tələb edilmiş, əks halda MMC-nin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət ediləcəyi qeyd olunmuşdur. İşdə olan 21 may 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə həm iddiaçı, həm də cavabdeh tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iddia tələbinə münasibətdə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, 17 dekabr 2019-cu il tarixədək qüvvədə olmuş Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarının 1.2-ci və 1.3-cü bəndlərinə əsasən mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şərait yaradılmalı, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməli və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillər ayrılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Sözügedən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Yenə həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Mülki Məcəllənin 405-ci maddəsinin İ və İİ hissəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Mülki Məcəllənin 421-ci maddəsinin İ və İİ hissələrinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd olunan Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Bu Məcəllənin 423.2-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 07 sentyabr 2018-ci il tarixli Qərarında 421-ci maddəsinin məzmununa da aydınlıq gətirilmişdir. X11 qeyd edilir ki, müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Plenum Qərarında o da qeyd edilir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 29 yanvar 2010-cu il tarixdə dərc edilmiş, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında da qeyd edilir ki, mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Qərarda həmçinin göstərilmişdir ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1-ci maddələri) Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında ifadə etdiyi hüquqi mövqeyini bir daha təsdiq edərək qeyd etmişdir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. (Konstitusiya Məhkəməsi Plenumunun "F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 19 noyabr 2004-cü il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşin faktiki hallarından, o cümlədən izahatlardan, notarial qaydada təsdiq olunmuş müqavilələrdən də göründüyü kimi Cavabdeh 1995-ci ildən Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi, 76 ünvanında yerləşən 62 kv.m olan mənzildə yaşamış, habelə bu mənzil əsasən cavabdehin sahibliyində və istifadəsində olmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində "mülkiyyət" anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da "əmlak hüquqları" və beləliklə, "mülkiyyət" kimi qiymətləndirilə bilər. "Mülkiyyət" anlayışı "mövcud mülkiyyətlə" məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və "qanuni gözləntiyə" malik olduğuna dair tələblərini də əhatə edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Akimova Azərbaycana qarşı" 27 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci bəndindəki "mülkiyyət anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatlardan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət kimi qiymətləndirilə bilər. "Akimova Azərbaycana qarşı" həmin işin hazırkı işdə əhəmiyyəti bundan ibarətdir ki, həmin iş üzrə Akimovanın mənzilə dair mülkiyyət hüquqları qeydiyyata alınmasa da, həmin mənzilə dair onun adına order verildiyindən və order qüvvədə olduğundan, order isə Akimovaya həmin evə mülkiyyət hüququ əldə etməyə imkan verdiyindən, Akimovanın həmin evlə bağlı hüquqları "mülkiyyət" kimi qiymətləndirilmiş, bununla da, Akimovanın həmin evlə bağlı hüquqları müdafiə olunmuşdur. Sadalanan əsaslardan çıxış edərək məhkəmə qeyd edir ki, iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılması əsas şərtdir. Məhkəməyə iddia tələbini müdafiə edən tərəfin bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmaması onun yoxlanılmasını, sübutların araşdırılmasını istisna edir. Belə məcburi qanunilik məhkəməyə ona əsas verir ki, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bununla da, tədqiq edilmiş mötəbər sübutlarla məhkəmədə müəyyən edildi ki, tərəflər arasında 27 may 2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh 1995-ci ildən qanuni istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi, 76 ünvanında yerləşən 62 kv.m olan mənzilini yaşayış kompleksinin tikintisi məqsədilə iddiaçı MMC-yə təhvil verməyi, cəmiyyət isə həmin mənzilin əvəzində Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi 72 ünvanında artıq inşası tamamlanmaqda olan “Zirvə Residence” yaşayış kompleksinin A blokunun 6-cı mərtəbəsində yerləşən 4 pəncərəsi və eyvanı olan sahəsi 43,07 kv.m-lik 22 saylı 2 otaqlı təmirli mənzili tikinti-təmir işləri başa çatdıqdan sonra cavabdehə verməyi öhdəsinə götürmüşdür. Bundan əlavə, bağlanmış müqavilənin şərtlərinə əsasən iddiaçı MMC cavabdehə ümumilikdə 7350 manat vəsait də ödəmişdir. Göründüyü kimi mübahisələndirilən bu müqavilə tərəflər arasında könüllü surətdə bağlanmaqla, bütün məqamlar şərtləndirilmiş, həmçinin notarial qaydada təsdiqlənərək, həmin vaxt bağlanmış müqavilə ilə bağlı tərəflər arasında mübahisə olmamış, o cümlədən müqaviləyə bu və ya digər formada etiraz edilməmişdir. Bundan əlavə, müqavilə bağlanarkən tərəflərdən biri digərinin, həmçinin üçüncü şəxslərin hüquqlarını əhəmiyyətli dərəcədə pozmamışdır. Belə ki, iddiaçı tərəf qeyd edilən müqaviləni imzalayarkən iradəsini sərbəst ifadə etmiş, o cümlədən müqavilə onun səlahiyyətli nümayəndəsinini iradəsi nəticəsində yaranmış, müqavilə mülki qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna, eləcə də müqavilənin mühüm şərtlərinə uyğun olmuş, tərəflərin sərbəst iradələrini tam əks etdirmişdir. Məhz bütün bu qeyd olunanlar 27 may 2019-cu il tarixli müqavilənin ləğv edilməsi üçün heç bir əsasın olmamasına dəlalət edir. Bundan əlavə, iddiaçı MMC 27 may 2019-cu il tarixli müqavilə üzrə cavabdehə kompensasiya ödənişləri həyata keçirməklə, tərəf olaraq bağladığı müqaviləni təsdiq etmiş, həmçinin, müqavilə əxlaq tələblərinə zidd olmamaqla, üçüncü şəxslərin mənafelərini pozmamışdır. Beləliklə, müqavilənin iddiaçı MMC tərəfindən təsdiqlənməsi, həmçinin onun icrası ilə bağlı müvafiq hərəkətlərin icra edilməsi müqavilənin ləğv edilməsi üçün heç bir əsasın olmamasına bir daha dəlalət edir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və cavabdehə ödənilmiş pul vəsaitinin sonuncudan alınaraq iddiaçıya qaytarılması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən tələb üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-yə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və cavabdehə ödənilmiş pul vəsaitinin sonuncudan alınaraq iddiaçıya qaytarılması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-yə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-347/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-347/2021
26.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver