Məhkəmə qərarları › İş №2(059)-372/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-372/2022

06.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-372/2022 06.07.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində aliment tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində aliment tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16 yanvar 2014-cü il təvəllüdlü X3 və 19 mart 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat məbləğində alimentin, eləcə də ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddia ərizəsində göstərilən tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 12 may 2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş, bu nikahdan 16 yanvar 2014-cü il tarixdə Aytac, 19 mart 2017-ci il tarixdə isə Bəxtiyar adlı övladları doğulmuşdur. 2021-ci ilin yay aylarına qədər cavabdehlə ailə mübahisələri olmasına baxmayaraq, ümumilikdə normal yaşamış, habelə uşaqların gələcəyini nəzərə alaraq məsələləri böyütməmişdir. Qeyd etdiyi vaxtdan sonra Xızı rayonunda yerləşən Giləzi quşçuluq fabrikində işləyərək, xeyli miqdarda əmək haqqı alan cavabdeh uşaqların saxlanılması üçün ona maddi köməklik göstərməmişdir. Valideynləri bu barədə məlumatı olduqdan sonra ailənin dağılmasının qarşısını almaq məqsədilə ona maddi yardım etməyə başlamışlar. Sonradan cavabdehin ailəyə qarşı heç bir isti və səmimi münasibətinin, habelə sonuncunun yanında qalmasına heç bir əsasın olmadığını görüb, uşaqları ilə birlikdə valideynlərinin yanına Siyəzən şəhərinə qayıtmşlar. Maddi cəhətdən ona və uşaqlarına valideynləri köməklik etdiyindən, yalnız gecələmək məqsədilə cavabdehlə birlikdə yaşaması mənasızdır. O, 15 fevral 2022-ci il tarixdən etibarən övladları ilə birlikdə valideynlərinin himayəsində yaşasa da, uşaqlarını çətinliklə saxlayır. Ayrı yaşadıqları müddətdən bəri ilk dəfə onun Mediasiya Şurasına müraciət etməsindən xəbər tutduqdan sonra cavabdeh ona SMS yazaraq evə qayıtmasını istəmişdir. Hesab edir ki, cavabdeh alimentin qorxusundan bu SMS-i yazmışdır. Cavabdeh 2021-ci ilin yay ayından, o cümlədən 5 ay ayrı yaşadıqları müddətdə, uşaqlara nəinki maddi yardım etmiş, ümumiyyətlə onlarla maraqlanmamışdır. Qeyd olunduğu kimi, cavabdeh uşaqların saxlanılmasına maddi köməklik etməməsinə baxmayaraq, Giləzi quşçuluq fabrikində işləyir və aliment ödəməyə kifayət qədər imkanı vardır. Eyni zamanda, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də, uşaqların saxlanılması üçün aliment məhkəmə qaydasında tutulmalıdır. Bundan əlavə, qanunvericilik aktlarına əsasən belə nəticəyə gəlmək olar ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, "xxxx" MMC-də fəhlə işləməklə, aylıq 395 manat əmək haqqı alır. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada əmək haqqından müvafiq faiz miqdarında tutulmasına rica edir, habelə uşaqların saxlanılmasından boyun qaçırmır. Həmçinin, aylıq hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat alimenti iddiaçının xeyrinə ödəməyə razıdır. İddiaçı ilə aralarında onun uşaqları saxlamaması ilə bağlı münaqişə yaşanmır. Belə ki, o, bir ay əvvəl iddiaçıdan evə qayıtmasını tələb etdikdə, sonuncu ondan uşaqları saxlaması ilə bağlı deyil, ona məxsus evin satılaraq, Siyəzən şəhərindən iddiaçıya bir və ya üç otaqlı evin alınması ilə əlaqədar mübahisə yaratmışdır. Bundan başqa, əlavə gəlirə malik olmamaqla, hər hansı bir təsərrüfat işi ilə məşğul olmur. Hər həftənin çərşənbə axşamı istirahət günü olmasına baxmayaraq, digər günlər saat 06:00-dan 12:00-a qədər fasiləsiz işləyir. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Siyəzən rayonu İHB-nin Yenikənd İƏV üzrə nümayəndəliyi tərəfindən 12 may 2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 620091 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 12 may 2011-ci il tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 12 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə "Muradova" soyadı verilmişdir. İşdə olan Siyəzən rayonu İHB-nin Yenikənd İƏV üzrə nümayəndəliyi tərəfindən 24 yanvar 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 175609 nömrəli və 14 aprel 2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 871136 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, müvafiq olaraq ataları Cavabdeh, anaları İddiaçı olan X6 16 yanvar 2014-cü il tarixdə, X4 isə 19 mart 2017-ci il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMCdə fəhlə işləməklə, aylıq 439 manat əmək haqqı alır. İşdə olan 07 may 2022-ci il tarixli, 083487 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ailə münasibətlərindən irəli gələn mübahisə ilə əlaqədar mediasiya xidmətinin göstərilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 12 may 2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş və bu nikahdan 16 yanvar 2014-cü il tarixdə Aytac adlı qız, 19 mart 2017-ci il tarixdə isə Bəxtiyar adlı oğlan övladları doğulmuşdur. Həmçinin, tərəflər arasında nikah pozulmasa da, ailə daxilində münasibətlərin kəskinləşməsi səbəbindən onlar uzun müddət faktiki olaraq birgə təsərrüfat idarə etmirlər. İddiaçı hazırda tək qadın olaraq yetkinlik yaşına çatmayan uşaqlarını maddi cəhətdən təmin etməkdə çətinlik çəkir. Cavabdeh isə övladlarının maddi təminatı ilə maraqlanmır. Məhz buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında 23 dekabr 2021-ci il tarixli Qanuna əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumu 193 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 16 yanvar 2014-cü il təvəllüdlü X3 və 19 mart 2017-ci il təvəllüdlü X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. İşin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasında 2022-ci il üçün uşaqlara münasibətdə yaşayış minimumunun 193 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin aldığı əmək haqqı məbləği, həmçinin bu məbləğlə iddiaçının himayəsində olan uşaqların saxlanılması zərurəti, eləcə də iddiaçının qadın olmaqla, müəyyən işlərdə işləmə imkanının məhdudluğu nəzərə alınsa, sosial ədalət nöqteyinəzərdən qeyd olunan yaşayış minimumunun tutulması məqsədəmüvafiq deyildir. Belə ki, tərəflərin ümumi nikahından doğulmuş uşaqları yetkinlik yaşına çatanadək saxlaması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşaqların maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürülməlidir. Məhkəmə, tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların, əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşaqların valideynlərindən təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, 16 yanvar 2014-cü il təvəllüdlü X3 və 19 mart 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 12 may 2022-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsi sübutlarla təsdiq olunmadığından əsassız sayılmalı və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sözügedən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 50 (əlli) manat məhkəmə xərcinin 67%-i, yəni 33,50 (otuz üç manat 50 qəpik) manatı Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə tələbin təmin edilmiş hissəsinin məbləğinə mütənasib olaraq İddiaçı azad edildiyi 66,32 manat dövlət rüsumunun 65%-i, yəni 43,10 (qırx üç manat 10 qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş 16 yanvar 2014-cü il təvəllüdlü X3 və 19 mart 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 12 may 2022-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin təmin edilən hissəsində dərhal icraya yönəldilsin. Mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 50 (əlli) manat məhkəmə xərcinin 67%-i, yəni 33,50 (otuz üç manat 50 qəpik) manatı Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddiaçı azad edildiyi 66,32 manat dövlət rüsumunun 67%-i, yəni 44,43 (qırx dörd manat 43 qəpik) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar