Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-373/2022 06.07.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində aliment tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində aliment tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11 oktyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 24 sentyabr 2020-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş, bu nikahdan 11 noyabr 2020-ci il tarixdə Rüqəyya adlı qız övladı doğulmuşdur. Evləndikdən sonra bir müddət mehriban yaşasalar da, sonradan cavabdehin birinci nikahından doğulmuş övladına görə hər ay 160 manat məbləğində aliment ödəməsinə baxmayaraq, həmin övladı ilə tez-tez görüşərək ona əlavə pul da xərcləməsi səbəbindən aralarında mütəmadi narazılıqlar yaranmağa başlamışdır. Belə ki, cavabdehin aylıq 280 manat əmək haqqının 160 manatı iş yerindən mühasibatlıq vasitəsilə tutulmasına baxmayaraq, sonuncu əvvəlki nikahından olan uşağı üçün əlavə pul da xərcləyir ki, bu da ailənin dolanışığını çətinləşdirir, özü isə azyaşlı uşağı olduğu üçün işləyə bilmir. Əsasən öz atası onlara maddi köməklik göstərir. Təxminən iki ay olar, bir-birindən ayrı yaşayırlar. O, övladı ilə birlikdə Siyəzən şəhərində ata evində valideynlərinin himayəsində yaşayır. Bundan əlavə, bu müddət ərzində onun və övladının bütün maddi təminatını valideynləri ödəmişdir. Ona görə də o, məcbur olub, aliment tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Eyni zamanda, o, qanunun tələblərinə uyğun olaraq, 100 manat məbləğində pul ödəməklə, mediasiya qurumuna müraciət etsə də, cavabdehlə aliment razılığı əldə edilmədiyinə görə mediasiya prosesinə xitam verilmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, tərəflər 2022-ci ilin mart ayından etibarən ayrı yaşayırlar. Belə ki, iddiaçı hazırda valideynlərinin evində, sonuncuların himayəsində yaşayır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, 2022-ci ilin mart ayının ilk yarısından etibarən iddiaçıdan ayrı yaşayır. O, "xxxx" ASC-də texniki nəzarətçi işləməklə aylıq 330 manat əmək haqqı alır. Xızı Rayon Məhkəməsinin qətnaməsinə əsasən əvvəlki nikahından doğulmuş uşağı üçün 160 manat aliment ödəyir. Bu səbəbdən də, övladı Rüqəyya üçün 120 manat məbləğində aliment ödəyə bilər. Çünki daha çox aliment ödəməyə aylıq əmək haqqı kifayət etmir. Hər həftənin altı günü 09:00-dan 17:00-a qədər işləyir. Bəzən iş saatı bitdikdən sonra əlavə iş olduqda fəhlə kimi tikinti materialları satışı mağazalarına məxsus maşınlardan yük boşaldaraq, hər dəfəsində 20 manat olmaqla, aylıq cəmi 100 manat qazanc əldə edir. Belə ki, ayda cəmi 2-3 dəfə, ən çox halda 5 dəfə yük boşaltma ilə məşğul olur. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 24 sentyabr 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 343529 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 24 sentyabr 2020-ci il tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 68 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə "Nəzərova" soyadı verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 12 noyabr 2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 494573 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan X4 11 oktyabr 2020-ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, Cavabdeh "xxxx" ASC-də fəhlə işləməklə, aylıq 395 manat əmək haqqı alır. İşdə olan qanuni qüvvəsini almış Xızı Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli, 2(068)-102/2019 saylı qətnaməsinin surətindən görünür ki, ilk iddia təmin edilmiş, Cavabdeh ilə X8 arasında Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış 21 iyun 2012-ci il tarixli nikah pozulmuş, həmçinin qarşılıqlı iddia qismən təmin edilmiş, 03 oktyabr 2013-cü il tarixdə doğulmuş yetkinlik yaşına çatmayan X9 anası X5 himayəsində saxlanılmış, 30 sentyabr 2019-cu il tarixdən başlayaraq, uşağın yetkinlik yaşına çayanadək saxlanılması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməsi qət edilmişdir. İşdə olan 07 may 2022-ci il tarixli, 083479 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ailə münasibətlərindən irəli gələn mübahisə ilə əlaqədar mediasiya xidmətinin göstərilməsi üçün 100 (bir yüz) manat məbləğində mediasiya xərcini ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 24 sentyabr 2020-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə, evlənmiş və bu nikahdan 11 oktyabr 2020-ci il tarixdə Rüqəyya adlı qız övladı doğulmuşdur. Həmçinin, tərəflər arasında nikah pozulmasa da, ailə daxilində münasibətlərin kəskinləşməsi səbəbindən onlar bir müddət olar faktiki birgə təsərrüfat idarə etmirlər. İddiaçı hazırda tək qadın olaraq yetkinlik yaşına çatmayan uşağını maddi cəhətdən təmin etməkdə çətinlik çəkir. Cavabdeh isə övladının maddi təminatı ilə maraqlanmır. Məhz buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında 23 dekabr 2021-ci il tarixli Qanuna əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumu 193 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 11 oktyabr 2020-ci il təvəllüdlü X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. İşin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasında 2022-ci il üçün uşağa münasibətdə yaşayış minimumunun 193 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin digər nikahından doğulmuş daha bir yetkinlik yaşına çatmayan uşağına görə aliment ödəməsi, iddiaçının himayəsində olan uşağın saxlanılması zərurəti, həmçinin iddiaçının qadın olmaqla, müəyyən işlərdə işləmə imkanının məhdudluğu nəzərə alınsa, sosial ədalət nöqteyi-nəzərdən qeyd olunan yaşayış minimumunun tutulması məqsədəmüvafiq deyildir. Belə ki, tərəflərin ümumi nikahından doğulmuş uşaqları yetkinlik yaşına çatanadək saxlaması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşaqların maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürülməlidir. Məhkəmə, tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın, əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşağın valideynlərindən təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, 11 oktyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 12 may 2022-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsi sübutlarla təsdiq olunmadığından əsassız sayılmalı və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sözügedən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə tələbin təmin edilmiş hissəsinin məbləğinə mütənasib olaraq İddiaçı azad edildiyi 43,06 manat dövlət rüsumunun 83%-i, yəni 36,50 (otuz altı manat 50 qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 100 (bir yüz) manat xərcin tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş 11 oktyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 12 may 2022-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə təmin edilən hissədə dərhal icraya yönəldilsin. İddiaçı azad edildiyi 43,06 manat dövlət rüsumunun 83%-i, yəni 35,74 (otuz beş manat 74 qəpik) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-373/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-373/2022
06.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver