Məhkəmə qərarları › İş №2(059)-403/2020

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-403/2020

16.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-403/2020 16.11.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay cavabdehin aylıq əmək haqqının ¼ hissəsi, eləcə də, uşağın əlavə xərclərinin ödənilməsi üçün 100 manat məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, cavabdehlə xx xxxxxx 2018-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu nikahdan xx xxxx 2020-ci il təvəllüdlü Əbəlfəz adlı övladları doğulmuşdur. Evləndikdən sonra münasibətləri bir müddət normal olsa da, xasiyyətlərinin uyğun gəlməməsi və cavabdehin laqeydliyi səbəbindən münasibətləri pozulmuşdur. Bu səbəbdən də, o, birinci dəfə 2019-cu ilin avqust ayında valideynlərinin yanına qayıtsa da, həmin ilin dekabr ayında cavabdeh onu gəlib aparmışdır. Bundan sonra, təkrarən aralarında olan narazılıqlar başlamış, nəticədə o, xx xxxxxx 2020-ci il tarixdə cavabdehdən faktiki olaraq ayrılmaqla, valideynlərinin yanına qayıtmış və orada yaşamağa başlamışdır. Hazırda cavabdehlə aralarında olan nikah pozulmasa da, sonuncu ailəsinin maddi və mənəvi tələbatını ödəmir. Belə ki, cavabdeh Siyəzən RPŞ-nin DYPB-də məsul vəzifədə işləməklə yüksək əmək haqqı almasına baxmayaraq, ötən müddət ərzində ailəsi və yeni doğulmuş övladı ilə maraqlanmamış, onların maddi təminatını qarşılamamışdır. Özü isə əvvəllər işləməklə, aylıq 300 manat əmək haqqı almış olsa da, cavabdehin qısqanclığı səbəbindən 2018-ci ilin may ayından işdən çıxmış, bununla da gəlirindən məhrum olmuşdur. Bundan əlavə, oğlu Əbəlfəz azyaşlı olmaqla, qayğıya ehtiyacı olduğu üçün hazırkı vaxtda işləmək imkanı mövcud deyildir. Beləliklə, övladının maddi tələbatını ödəyə bilmədiyindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, iddiaçı ilə xx xxxxxx 2018-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu nikahdan xx xxxx 2020-ci il tarixdə Əbəlfəz adlı övladları doğulmuşdur. Evləndikləri ilk vaxtlar aralarında normal münasibətlər olsa da, sonradan münasibətləri pozulduğundan iddiaçı ilə sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdən etibarən faktiki ayrılmış, habelə iddiaçı övladı ilə birgə yaşamaq üçün valideynlərinin evinə qayıtmışdır. O, Siyəzən RPŞ-nin DYPB-nin baş dövlət avtomobil müfəttişi vəzifəsində işləməklə, 1011 manat əmək haqqı alsa da, tutulmalardan sonra ona 678,80 manat vəsait qalır. Bundan əlavə, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxx 2016cı il tarixli əmrinə əsasən ondan xx xxxx 2016-cı il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq övladları, xx xxxxxx 2012-ci il təvəllüdlü Rzanın və xx xxxxxx 2015-ci il təvəllüdlü Rəsulun saxlanmaları üçün X2 verilir. Eyni zamanda, himayəsində İ qrup əlil anası vardır. Digər tərəfdən, xx xxxx 2018-ci il tarixdə "xxxxxxx" KB ASC ilə bağladığı kredit və bank hesabı müqaviləsinə əsasən bank tərəfindən ona 36 ay müddətinə, illik 25 % ödəmək şərti ilə 10000 manat məbləğində kredit verilmiş, o cümlədən hər ay 398 manat, sonuncu ay isə 385,75 manat ödəməyi öhdəsinə götürmüş, bu vəsaitin bir hissəsini birinci nikahdan olan ailəsinə yaşayış sahəsi almaq, qalan hissəsini isə ikinci dəfə evlənmək üçün sərf etmişdir. Bütün bu xərclərə baxmayaraq, o, iddiaçının qeyd etdiyi kimi oğlu Əbəlfəzə laqeyd münasibət bəsləməmiş, sonuncuya geyim əşyaları almışdır. Beləliklə, qeyd olunanlara əsasən o, iddia tələbini azyaşlı oğlunun saxlanması üçün hər ay qazancının ¼ hissəsinin iddiaçının xeyrinə tutulması hissəsində qəbul etsə də, ondan iddiaçının xeyrinə hər ay 100 manat əlavə vəsaitin tutulması hissəsində qəbul etmir. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Sumqayıt “Asan” Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 308508 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 xx xxxxxx 2018-ci il tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 3338 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Əliyeva” soyadı verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxx 2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 374140 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan X5 xx xxxx 2020-ci il tarixdə Şabran şəhərində doğulmuşdur. İşdə olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxx 2016-cı il tarixli, 2(059)-327/2016 saylı məhkəmə əmrinin surətindən görünür ki, Cavabdeh xx xxxx 2016-cı il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutularaq xx xxxxxx 2012-ci il təvəllüdlü Rzanın və xx xxxxxx 2015-ci il təvəllüdlü Rəsulun saxlanmaları üçün X2 verilməlidir. İşdə olan xx xxxx 2018-ci il tarixli, 296nkXCHZ/18 saylı kredit və bank hesabı müqaviləsinin surətindən görünür ki, borcverən “xxxxxxx” KB ASC tərəfindən borcalan Cavabdeh 36 ay müddətinə, illik 25 % ödəmək şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. Həmçinin, Kredit və bank hesabı müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, 10000 manat məbləğində kredit 36 ay müddətinə faizlərlə birlikdə hər ay 398 manat, sonuncu ay isə 385,75 manat hesablanmaqla ödənilməlidir. İşdə olan Siyəzən Rayon Polis Şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli, 183-10185- 1220 saylı arayışından görünür ki, Cavabdeh RPŞ-nin DYPB-nin baş dövlət avtomobil müfəttişi vəzifəsində işləyir və onun aylıq əmək haqqı 678,80 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı cavabdehlə xx xxxxxx 2018-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu nikahlarından xx xxxx 2020-ci ildə Əbəlfəz adlı övladları doğulmuşdur. Tərəflər arasında nikah pozulmasa da, ailə daxilində münasibətlərin kəskinləşməsi səbəbindən onlar xx xxxxxx 2020-ci il tarixdən etibarən faktiki olaraq bir yerdə yaşamırlar. İddiaçı hazırda heç bir yerdə işləmədiyindən yetkinlik yaşına çatmayan uşağını maddi cəhətdən təmin etməkdə çətinlik çəkir. Məhz buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, eyni zamanda işləyən və əmək haqqına malik olan cavabdeh uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçının xeyrinə qazancının ¼ hissəsi miqdarında aliment ödəməyə etiraz etməmiş, razılaşmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. X1 "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2 bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında xx xxxxxx 2019-cu il tarixli Qanuna əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumu 170 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, xx xxxx 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Məhkəmə, tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini və onun əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşağın minimum maddi təminat almaq hüququnu nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, xx xxxx 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutulmalıdır. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə iddia tələbinin "uşağın əlavə xərclərinin ödənilməsinə görə hər ay 100 manat məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması" hissəsinə münasibətdə belə nəticəyə gəlir ki, tələb bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ailə qanunvericiliyi bu cür alimentin tutulmasını zəruri vəsaitə malik olan cavabdehin ailə və maddi vəziyyəti, eləcə də, tərəflərin digər diqqətəlayiq olan maraqları ilə şərtləndirmişdir. Hazırkı vəziyyətdə isə iddiaçı tərəf cavabdehin uşağının 3 yaşına çatanadək saxlanması üçün ona maddi yardım göstərməsi məqsədilə aylıq qazancından əlavə zəruri vəsaitə malik olmasını təsdiq edəcək mötəbər sübutu və ya sənədi iş materiallarına əlavə etməmiş, o cümlədən tələbini əsaslandırmamışdır. Əksinə, məhkəmə iclası zamanı cavabdehin aylıq qazancının onun kredit borclarının ödənilməsi, əvvəlki nikahdan olan övladlarının yetkinlik yaşına çatanadək saxlanması və digər xərclərinin ödənilməsi üçün sərf edildiyi məlum olmuşdur. Bundan əlavə, verilmiş izahatlardan, eləcə də iş materiallarına əlavə edilmiş digər mötəbər sübutlardan cavabdehin əmək haqqından başqa digər zəruri vəsaitə malik olduğu müəyyən edilməmişdir. Belə olan halda isə iddia tələbinin bu hissədə təmin edilməsi məqsədə müvafiq hesab edilə bilməz, o cümlədən istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə-iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq, dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxxx 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutulsun. Qətnamə təmin edilən hissədə dərhal icraya yönəldilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar