Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-429/2023 16.10.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi X5 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "aliment üzrə borcun ödənilməsindən azad edilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "aliment üzrə borcun ödənilməsindən azad edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən Rayon Məhkəməsinin 14 mart 2012-ci il tarixli, 2(059)-70/2012 saylı qətnaməsi üzrə hesablanmış 42000 manat aliment borcunu ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, cavabdehlə əvvəl faktiki, 14 iyul 2003-cü il tarixdə isə rəsmi nikaha daxil olmaqla evlənmiş və bu nikahdan 09 may 2003-cü il tarixdə Cavidan, 18 avqust 2004-cü il tarixdə Səid və 02 yanvar 2009-cu il tarixdə Sinan adlı uşaqları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyinə görə Siyəzən Rayon Məhkəməsinin 12 oktyabr 2011-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, həmçinin hər ay hər uşağa görə 50 manat, Cavidanın müalicəsi üçün 50 manat əlavə olmaqla, ümumilikdə 200 manat məbləğində alimentin ondan cavabdehin xeyrinə tutulması qət edilmişdir. Bundan sonra, o, alimentin hissəvi tutulması və xəstəlik pulundan azad olunması ilə əlaqədar Siyəzən Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 14 mart 2012-ci il tarixli qətnaməsi ilə müalicə üçün ödənilən puldan azad olunmasa da, aliment, qazancının və başqa gəlirlərinin yarısı məbləğində müəyyən olunmuşdur. Bununla belə, 2011-ci ilin oktyabr ayından cavabdehlə ayrı yaşasalar da, 2012-ci ilin aprel ayından artıq ailə münasibətlərini yenidən bərpa edib birgə yaşamağa davam etmişlər. O, hər zaman işləyərək, ailəsinin, üç övladının maddi və mənəvi hər cür tələbatını qarşılasa da, cavabdehlə yenidən ailə münasibətlərini rəsmiləşdirməmişdir. 2022-ci ilin iyul ayının əvvəllərində isə Cavabdeh ilə münasibətləri yenidən pisləşmiş, həmçinin həmin ərəfədə cavabdeh, ailə münaqişəsindən sonra onun barəsində Siyəzən RPŞ-yə müraciət etmişdir. Məhz həmin vaxtdan etibarən cavabdehdən faktiki ayrı, yəni qeydiyyatda olduğu Siyəzən şəhərinin Gənclik qəsəbəsindəki T.Salahov küçəsində yerləşən 12 saylı evdə yaşamağa başlamışdır. Beləliklə, o, 2012-ci ilin aprel ayından 2022-ci ilin iyul ayınadək Cavabdeh ilə birgə yaşamış, bir təsərrüfat idarə etmişdir. Ailəsini maddi cəhətdən lazımi qaydada təmin etdiyi üçün cavabdeh bu illər ərzində heç vaxt alimentin məcburi tutulması ilə əlaqədar hər hansı orqana müraciət etməmişdir. Lakin, 2022-ci ilin yay aylarında münasibətlərinin gərginləşməsindən sonra cavabdehin keçən ilin dekabr ayında icra sənədinin icrası ilə əlaqədar məhkəməyə ünvanlandığı ərizəsindən sonra, icra sənədi icraya yönəldilmiş, məhz bundan sonra, Siyəzən rayon icra və probasiya şöbəsində 26 dekabr 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Daha sonra, Siyəzən rayon icra və probasiya şöbəsi tərəfindən onun barəsində əmlakının üzərinə həbsin qoyulmasına, eləcə də ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair Siyəzən Rayon Məhkəməsinə verilmiş və surəti ünvanına göndərilmiş təqdimatlardan bəlli olmuşdur ki, bu məhkəmənin 14 mart 2012-ci il tarixli icra sənədi üzrə onun ümumilikdə 42000 manat aliment borcu yaranmışdır. Borcu ödəməkdən azad edilməsi ilə əlaqədar əvvəlcə mediasiya orqanına müraciət etsə də, qarşı tərəf iştirak etmədiyi üçün mübahisənin həlli orada baş tutmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda onun maddi vəziyyəti bu borcu ödəmək üçün yetərli olmamaqla bərabər, yuxarıda sadaladığı hallara görə, yəni 2012-ci ilin aprel və 2022-ci ilin iyul aylarınadək olan dövrdə birgə, Siyəzən rayonunun Balaca Həmyə kəndindəki evlərində yaşayaraq, uşaqların bütün maddi ehtiyacları tərəfindən ödənildiyinə görə məhkəmədən 42000 manat aliment borcunu ödəməkdən azad edilməsini xahiş edir. Bundan əlavə, özü "xxxx" Şirkətində sürücü işləyərək, vergi tutulmalarından sonra 327 manat əmək haqqı alır ki, bunun da ¼ hissəsi yetkinlik yaşına çatmayan övladı Sinan Şərifovun saxlanılması üçün cavabdehin xeyrinə tutulmaqdadır. Bundan başqa, əlavə qazancı yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, o, 14 iyul 2003-cü il tarixdə cavabdehlə rəsmi nikaha daxil olmaqla, evlənsə də, 2011-ci ildə aralarındakı nikah pozulmuş, buna baxmayaraq, onlar eyni ünvanda yaşayaraq, birgə nikahdan olan üç övladlarını birgə böyütmüşlər. Hazırda övladlarından ikisi yetkinlik yaşına çatsa da, biri hələ yetkinlik yaşına çatmamışdır. 2022-ci ilin yay aylarında aralarında yaranmış mübahisədən sonra Cavabdeh 10-11 il ərzində yığılmış alimenti ondan qərəzli şəkildə tələb etməyə başlamışdır. Lakin, o, birgə yaşadıqları dövrlər üzrə yığılıb qalan alimentin silinməsini tələb etməklə, ayrı yaşadıqları tarixdən bəri yetkinlik yaşına çatmayan övladı Sinanın saxlanması üçün cavabdehin xeyrinə aliment ödəməyə razıdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı ailəni maddi cəhətdən təmin etsə də, övladlarına atalıq qayğısı göstərməmiş, onlarla maraqlanmamışdır. 15 sentyabr 2023-cü il, yəni Bilik günü olmasına baxmayaraq, İddiaçı məktəbli övladları Sinanı məktəbə yola salmaq üçün gəlməmişdir. 2011-ci ildə nikahları rəsmi qaydada pozulsa da, valideynləri və uşaqları ilə birgə 3 il Siyəzən şəhərində kirayə yaşamışlar. 2014-cü ildə iddiaçının çoxsaylı xahişindən sonra onunla birgə həmin ildən 2020-ci ilədək Siyəzən rayonunun Balaca Həmyə kəndində yaşamağa başlamış, 2020-ci ildə isə aralarında evlə əlaqədar yaranmış mübahisədən sonra iddiaçıdan aliment tələb etməyə başlamışdır. Özü işləyərək əldə etdiyi qazanc onun üçün yetərlidir. Alimenti isə övladları üçün tələb edir. Odur ki, iddianın təmin edilməməsini xahiş etmişdir. Bundan əlavə, Cavabdeh sonuncu məhkəmə iclasında da bir daha iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı uşaqlarının xətrinə 01 iyul 2022-ci il tarixə kimi Siyəzən rayonunun Balaca Həmyə kəndindəki evdən çıxartmamış, habelə bu səbəbdən sonuncu həmin vaxta kimi orada yaşamış, həmçinin Samitin geyim əşyalarını yumaqla, yeməyini bişirmiş, bəzən, kiçik oğlunun təhsili ilə əlaqədar Siyəzən şəhərinin Gənclik qəsəbəsində (mikrorayonda) qalsa da, orada bişirdiyi yeməyi Balaca Həmyə kəndindəki evdə yemişdir. 01 iyul 2022-ci il tarixə kimi Siyəzən rayonunun Balaca Həmyə kəndindəki evə getməsə də, zəng əsasında ora getdikdə, evə ziyan dəydiyini, evin Samit tərəfindən dağıdıldığını görmüş, bundan sonra şikayətlə polisə müraciət etmişdir. Bundan başqa, 19 aprel 2023-cü il tarixdə aliment borcundan edilmiş 300 manat ödənişdən əlavə, onun hesabına İddiaçı işlədiyi müəssisədən 2023-cü ilin fevral, mart, aprel ayları üçün hər ay 254 manat olmaqla, ümumilikdə 764 manat ödəniş də edilmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi X11 izahatında göstərdi ki, tələbkar Cavabdeh müraciətinə əsasən sorğu ilə əldə etdikləri Siyəzən Rayon Məhkəməsinin 14 mart 2012-ci il tarixli, 2(059)-70/2012 saylı icra sənədinin dublikatı əsasında 26 dekabr 2022-ci il tarixdə icra işi üzrə icraata başlanılmış, habelə 03 fevral 2023-cü il tarixdə tələbkar rayon icra və probasiya şöbəsinə müraciət edərək, İddiaçı ona 42209,80 manat aliment borcunun olduğunu bildirib, məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Ərizə əsasında İddiaçı əmlakının üzərinə həbs qoyulması ilə əlaqədar təqdimatla məhkəməyə müraciət edilsə də, bu təmin olunmamış, həmçinin sonradan icra işinin materiallarında İddiaçı bundan əvvəlki icra sənədi üzrə 12 mart 2012-ci il tarixdə 1000 manat aliment ödənişi etməsi barədə 19 aprel 2012-ci il tarixli qeyd aşkar edilmişdir. Bundan əlavə, Cavabdeh 24 aprel 2012-ci il tarixli ərizəsinə əsasən İddiaçı Siyəzən Rayon Məhkəməsinin 14 mart 2012-ci il tarixli icra sənədi üzrə həmin vaxt 300 manat ödəniş etməsi məlum olmuşdur. Daha sonra, 2012-ci ilin aprel ayında İddiaçı Bakı şəhərinin Nərimanov rayonunda yerləşən “Ceta Yapı Sanayi və Ticarət Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialında sürücü işləməsi məlum olduğundan Siyəzən Rayon Məhkəməsinin 14 mart 2012-ci il tarixli icra sənədi icra olunması üçün aidiyyəti üzrə göndərilmiş, lakin, həmin ilin may ayından İddiaçı oradan işdən çıxarılmışdır. Siyəzən rayon icra və probasiya şöbəsində işlədiyi 20 noyabr 2019-cu il tarixdən Cavabdeh bu işlə bağlı müraciətinin şahidi olmamış, yalnız 2022-ci ilin sonlarında edilmiş müraciət əsasında əldə edilmiş dublikata əsasən 26 dekabr 2022-ci il tarixdə icra işi üzrə icraata başlanılmışdır. Eyni zamanda, 19 aprel 2023-cü il tarixdə İddiaçı barəsində inzibati protokol tərtib edərkən əsgərlikdən yeni gəlmiş oğlunun istəyi ilə tərəflər, İddiaçı Cavabdeh xeyrinə aliment borcundan 300 manat ödəniş etdikdən sonra hər ay 250 manat olmaqla, aliment ödənişlərinin həyata keçirilməsi ilə bağlı razılığa gəlmişlər. Bundan sonra, 27 aprel 2023-cü il tarixdə Siyəzən Rayon Məhkəməsinin 14 mart 2012-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə İddiaçı əmək haqqından 70 % tutulmanın aparılması üçün sonuncunun sürücü işlədiyi "xxxx" LTD Şirkətinə bildiriş göndərilsə də, tutulmaların aparılması barədə rayon icra və probasiya şöbəsinə hər hansı bir məlumat daxil olmamışdır. Daha sonra, 06 iyul 2023-cü il tarixdə Cavabdeh rayon icra və probasiya şöbəsinə başqa bir ərizə ilə müraciət edərək, İddiaçı aliment borcunun 40636 manat təşkil etdiyini göstərmiş, bununla da o, 03 fevral 2023-cü il tarixdən qeyd olunan tarixədək İddiaçı 1573,80 manat aliment ödədiyini etiraf etmişdir. Siyəzən Rayon Məhkəməsinin 14 mart 2012-ci il tarixli icra sənədi üzrə aliment ödənişi üçün tutulmalı məbləğ stabil olmadığından, eləcə də İddiaçı gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədiyindən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 106-cı maddəsinin tələblərinə əsasən Siyəzən rayonu üzrə orta aylıq əmək haqqının müəyyən edilməsi məqsədilə rayon statistika idarəsinə sorğu ünvanlamış və bu sorğu əsasında müvafiq cədvəl təqdim edilmişdir. Cədvəl əsasında aparılmış hesablamalara əsasən ödənilməli alimentin məbləği 27881,40 manat məbləğində müəyyən edilsə də, bu hesablamalarda icra üsulunun dəyişilməsinə yol verilməməsi üçün uşaqların 18 yaşının tamam olması nəzərə alınmamışdır. Bundan əlavə, Cavabdeh aliment borcunu 15 dekabr 2011-ci il tarixdən 03 fevral 2023-cü il tarixə kimi hesablayıb, 42000 manat olması qənaətinə gəlmişdir. Beləliklə, hazırda aparılmış dəqiqləşdirilmələrə əsasən İddiaçı tərəfindən Cavabdeh 2021-ci ildə 2705,70 manat, 2022-ci ildə 2145,40 manat, orta aylıq əmək haqqı 695,70 manat olan 2023-cü il üzrə isə iyun ayına kimi 579,75 manat ödəniş edilməli idi. Bununla da, son hesablamalara əsasən, habelə Sinan istisna olmaqla, digər uşaqların yetkinlik yaşına çatdıqları vaxt nəzərə alındığında İddiaçı Cavabdeh 26091,85 manat aliment borcunun olduğu müəyyən edilir. Məhkəmə proses iştirakçılarının izahatlarını, eləcə də şahid ifadələrini dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, əvvəlki məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, İddiaçı qardaşı, Cavabdeh isə keçmiş gəlinləridir. Belə ki, tərəflər 2003-cü ildə rəsmi nikaha daxil olmuşlar. 2011-ci ildə tərəflər arasındakı nikahın rəsmi qaydada pozulmasına baxmayaraq, onun, mərhum əmisinin və digər kənd ağsaqqallarının xahişi ilə onları barışdırmağa nail olmuşlar. 2013-cü ildən 2021-ci ilədək tərəflər 2006-2007-ci illərdə Siyəzən rayonunun Balaca Həmyə kəndində inşa etdirdikləri evdə yaşamışlar. Onların övladları da valideynləri ilə birgə qalsalar da, Siyəzən rayon 4 saylı tam orta məktəbdə təhsil almışlar. Əvvəlki məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, İddiaçı və Cavabdeh qonşuları olmaqla, sonuncular 2000-ci illərdə evlənmişlər. Tərəflər əvvəlcə Samitin ata evində yaşasalar da, təxminən 2007-ci ildən onların qonşuluğunda, birgə nikah dövründə inşa etdirdikləri evdə, 2021-ci ilədək yaşamışlar. Hazırda sözügedən ev boş olmaqla, Samit ata evində, cavabdeh isə Siyəzən şəhərində qalır. Onların övladları da valideynləri ilə birgə qalsalar da, Siyəzən rayon 4 saylı tam orta məktəbdə təhsil almışlar. X1 məhkəmə iclasında ifadəsində göstərdi ki, İddiaçı onun sinif yoldaşı olmaqla, sonuncu Cavabdeh ilə Siyəzən rayonunun Balaca Həmyə kəndində onların qonşuluğunda yaşamışdır. Belə ki, nə qədər olduğunu dəqiq xatırlamasa da, tərəflər uzun müddət onlarla qapıbir qonşu olmuşlar. Lakin, 2 ilə yaxın olar tərəflərin evlərinin qapısı bağlı olmaqla, orada heç kim yaşamır. X2 məhkəmə iclasında ifadəsində göstərdi ki, tərəflərin Siyəzən rayonunun Balaca Həmyə kəndində yaşadığı ev onun yaşadığı evdən təxminən 1 kilometr uzaqlıqda yerləşsə də, onları 2016-cı ildə toyuna gəldikdən sonra tanımışdır. Tərəflər uzun müddət olar Siyəzən rayonunun Balaca Həmyə kəndində yaşasalar da, təxminən 2 il olar ayrı yaşayırlar. İşdə olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 12 oktyabr 2011-ci il tarixli, 2(059)-150/2011 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında Siyəzən rayon VVADQ şöbəsində bağlanmış 14 iyul 2003-cü il tarixli, 67 saylı nikah pozulmuş, eləcə də İddiaçı 25 aprel 2011-ci il tarixdən başlayaraq, 09 may 2003-cü il təvəllüdlü X3, 18 avqust 2004-cü il təvəllüdlü X9 və 02 yanvar 2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü, hər ay 150 manat, Cavidan Şərifovun müalicəsinə çəkilən əlavə xərclərə görə isə hər ay 50 manat, ümumilikdə 200 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İşdə olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 14 mart 2012-ci il tarixli, 2(059)-70/2012 saylı qətnaməsindən görünür ki, İddiaçı iddiası qismən təmin edilərək, ondan 15 dekabr 2011-ci il tarixdən başlayaraq, 09 may 2003-cü il təvəllüdlü X3, 18 avqust 2004-cü il təvəllüdlü X9 və 02 yanvar 2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qazancının və başqa gəlirinin yarısı miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İşdə olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 24 may 2023-cü il tarixli, 8(059)-18/2023 saylı qərardadının surətindən görünür ki, İddiaçı ölkədən getmək hüququ Siyəzən Rayon Məhkəməsinin 14 mart 2012-ci il tarixli, 2(059)-70/2012 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə müvəqqəti, yəni həmin icra sənədi üzrə yaranmış 42000 manat aliment borcu tam ödənilənədək məhdudlaşdırılmışdır. İşdə olan 10 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh müraciəti əsasında toplanmış HK-1/668 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmçinin ona mübahisəli məsələyə dair mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşdə olan Siyəzən rayon Statistika İdarəsinin 31 iyul 2023-cü il tarixli, 3-34-75/2- 59/2023 saylı məktubunun surətindən görünür ki, 2012-ci ildə Siyəzən rayonunda orta aylıq əmək haqqı 307,50 manat, 2013-cü ildə 348,40 manat, 2014-cü ildə 362,70 manat, 2015-ci ildə 353,50 manat, 2016-cı ildə 360,80 manat, 2017-ci ildə 380,70 manat, 2018-ci ildə 396,70 manat, 2019-cu ildə 494,30 manat, 2020-ci ildə 541,40 manat, 2021-ci ildə 559,80 manat, 2022-ci ildə 643,60 manat olmuşdur. İşdə olan mötəbər maliyyə sənədlərindən görünür ki, İddiaçı mediasiya xidmətinin göstərilməsi üçün 55 manat məbləğində mediasiya xərci ödəməklə, yanaşı dövlət rüsumuna görə 161 manat vəsait də sərf etmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə şahid ifadələrinə qiymət verərək qeyd edir ki, şahidlər iddiaçının cavabdehlə olan münasibətlərini bildiklərindən, iş üzrə iddiaçı tərəfindən ifadə vermələri baxımından və beləliklə də, şahid dəvət edildikləri tərəf baxımından işin nəticəsi ilə bağlı maraqlı olduqlarından, eyni zamanda verilmiş şahid ifadələri iş üçün əhəmiyyətli halların müqəddəratına, o cümlədən tərəflərin birgə yaşayış dövrünün müddətinə dəqiqliklə, təfərrüatlı aydınlıq gətirmədiyindən əsaslı hesab edilməməli və mötəbər sübut kimi qəbul edilməməlidir. Bununla belə, məhkəmə iclasında verilən izahatlar, həmçinin tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, tərəflər 14 iyul 2003 il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, habelə onların nikah münasibətlərindən 09 may 2003-cü il tarixdə Cavidan, 18 avqust 2004-cü il tarixdə Səid və 02 yanvar 2009-cu il tarixdə Sinan adlı uşaqları doğulmuşdur. Bundan əlavə, tərəflər arasında münasibətlər kəskinləşdiyindən Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 12 oktyabr 2011 il tarixli qətnaməsi ilə nikahları pozulmaqla, yanaşı İddiaçı 25 aprel 2011-ci il tarixdən başlayaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü, hər ay 150 manat, Cavidan Şərifovun müalicəsinə çəkilən əlavə xərclərə görə isə hər ay 50 manat, ümumilikdə 200 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilsə də, sonradan bu məhkəmənin qanuni qüvvəsini almış 14 mart 2012-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək, 15 dekabr 2011-ci il tarixdən başlayaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün onun qazancının və başqa gəlirinin yarısı miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi təsbit edilmişdir. Bundan əlavə, iddiaçı, 2011-ci ilin oktyabr ayından cavabdehlə ayrı yaşamalarına baxmayaraq, 2012-ci ilin aprel ayından ailə münasibətlərini yenidən bərpa edib birgə yaşamağa davam etdiklərini bildirsə də, buna dair məhkəməyə hər hansı bir mötəbər sübutu və ya sənədi təqdim edə bilməmiş, həmçinin belə bir sübuta malik olmamış, əksinə cavabdeh tərəf 2014-cü ildən iddiaçı ilə Siyəzən rayonunun Balaca Həmyə kəndində yaşamağa başladığını etiraf etmişdir. Eyni zamanda, cavabdeh əvvəlki məhkəmə iclasında verdiyi izahatında iddiaçı ilə 2020-ci ilədək Siyəzən rayonunun Balaca Həmyə kəndində yaşadığını, 2020-ci ildə isə aralarında evlə əlaqədar yaranmış mübahisədən sonra iddiaçıdan aliment tələb etməyə başladığını qeyd etsə də, bu tərəf də istinad etdiyi halları təsdiq edəcək hər hansı bir mötəbər sübutu və ya sənədi məhkəməyə təqdim edə bilməmiş, o cümlədən belə bir sübuta malik olmamış, əksinə həm sonuncu məhkəmə iclasındakı izahatında İddiaçı uşaqlarının xətrinə 01 iyul 2022-ci il tarixə kimi Siyəzən rayonunun Balaca Həmyə kəndindəki evdən çıxartmamasını, habelə bu səbəbdən sonuncunun həmin vaxta kimi orada yaşamasını, həmçinin Samitin geyim əşyalarını yumaqla, yeməyini bişirməsini, bəzən, kiçik oğlunun təhsili ilə əlaqədar Siyəzən şəhərinin Gənclik qəsəbəsində (mikrorayonda) qalsa da, orada bişirdiyi yeməyi Balaca Həmyə kəndindəki evdə yeməsini göstərməsi, həm də 10 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda qeyd olunan tarixi bir daha vurğulaması, 01 iyul 2022-ci il tarixdə onların arasında evə dəymiş zərərlə bağlı mübahisənin baş verməsi, eləcə də alimentin tutulması ilə əlaqədar 26 dekabr 2022-ci il tarixdə Siyəzən Rayon Məhkəməsinin 14 mart 2012-ci il tarixli icra sənədinin dublikatı əsasında icra hərəkətlərinin başlanması, tərəflərin 12 oktyabr 2011 il tarixdə nikahları məhkəmə qaydasında pozulsa, habelə sonradan rəsmiləşdirilməsə belə, 01 iyul 2022-ci il tarixə kimi ailə münasibətlərində qalmalarının göstəricisidir. Digər tərəfdən, tərəflərin həmin ərəfədə nikah münasibətlərini rəsmiləşdirməməsi onların etibarlı ailə münasibətlərində olmamasına və ya bu münasibətlərin ümumiyyətlə olmamasına dəlalət etmir və belə bir düşüncə inkar edilir (Azərbaycan Respublikasının MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir). Beləliklə, bütün sadalananlar nəzərə alındıqda, həmçinin tədqiq olunmuş mötəbər sənəd və sübutlarla müəyyən edilir ki, Cavabdeh da müraciətləri nəzərə alınmaqla, Siyəzən rayon icra və probasiya şöbəsi tərəfindən Siyəzən Rayon Məhkəməsinin 14 mart 2012-ci il tarixli icra sənədi üzrə İddiaçı aliment borcunun 42000 manat məbləğində hesablanması qismən əsaslı olmuşdur. Çünki, aparılmış ilkin hesablamalar başlanğıcda heç bir mötəbər sənədə və ya sübuta əsaslanmadan yalnız Cavabdeh müraciətləri əsasında həyata keçirilmiş, həmçinin bu zaman tərəflərin övladlarından Cavidan və Səidin yetkinlik yaşlarına çatdıqları vaxt da nəzərə alınmamışdır. Bundan sonra, Siyəzən rayon icra və probasiya şöbəsi tərəfindən İddiaçı iş yeri olmadığından sonuncunun aliment borcunu statistikaya uyğun orta aylıq əmək haqqı ilə hesablanması üçün rayon statistika idarəsinə 2012-ci və 2022-ci illər üçün ayrı-ayrılıqda göstərilməklə, orta aylıq əmək haqqının miqdarı barədə şöbəyə məlumatın verilməsi xahiş edilmiş, habelə sonradan əldə edilmiş cədvəl, məhkəmə iclası gedişatında orta aylıq əmək haqqı ilə yenidən aparılmış hesablamalar, eləcə də Cavidan və Səidin yetkinlik yaşlarına çatdıqları vaxt da nəzərə alınmaqla, İddiaçı 2012-ci ildən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi dövrə, yəni 06 iyun 2023-cü ilə kimi ödəməli olduğu alimentin miqdarının həqiqətdə ümumilikdə 26091,85 manat, birgə yaşayış müddəti, o cümlədən 2014-cü ildən 01 iyul 2022-ci il tarixədək olan dövr üçün nəzərə alınmalı miqdarın isə 21333,54 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi mübahisələndirilən məbləğ Siyəzən rayon icra və probasiya şöbəsi tərəfindən həqiqətdə mövcud olan 26091,85 manat aliment borcundan 15908,15 manat artıq hesablanmaqla, yanaşı tərəflərin birgə yaşayış dövründə iddiaçının keçmiş ailəsinin maddi cəhətdən qayğısına qalması, onların ailə münasibətlərində yaşaması, ötən uzun müddət ərzində cavabdehin aliment tələbi ilə bağlı müraciətlərinin olmaması, bu müraciətlərin yalnız 2022-ci ilin sonlarından başlaması da şöbə tərəfindən nəzərə alınmamış, bununla da 42000 manat aliment borcunun 37241,69 manat hissəsi üzrsüz səbəbdən ödənilməmiş borc kimi qəbul edilmişdir. Beləliklə, mübahisələndirilən aliment borcunun 37241,69 manat hissəsi yuxarıda sadalanan səbəblər nəzərə alınmadan üzrlü olaraq yarandığından iddiaçının bu hissəni ödəməkdən azad edilməsi məqsədəmüvafiq hesab edilməlidir. Bundan əlavə, mübahisəli 42000 manatlıq borc məbləğinin qalan hissəsi, yəni 4758,31 manatı müvafiq dövrlər üzrə statistikaya uyğun orta aylıq əmək haqqı ilə hesablanmış aliment borcdur, bu borc mövcud olmaqla, realdır, o cümlədən düzgün hesablanmışdır. Bu səbəbdən də, mübahisələndirilən ümumi borc məbləğindən sonuncu məbləğin silinməsi istisna edilir və tələbin bu hissədə təmin edilməsi məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə İİ bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən “Uşaq hüquqları” haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, iddiaçı Şərifov X4 Rayon Məhkəməsinin 14 mart 2012-ci il tarixli, 2(059)- 70/2012 saylı qətnaməsi (icra sənədi) üzrə hesablanmış 42000 manat aliment borcunun 37241,69 manat hissəsini ödəməkdən azad edilməlidir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi və iddia tələbi üzrə ödənilmiş cəmi 216 (iki yüz on altı) manat xərcin tutulması həm iddia ərizəsində, həm də məhkəmə iclasında iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Şərifov X4 Rayon Məhkəməsinin 14 mart 2012-ci il tarixli, 2(059)-70/2012 saylı qətnaməsi (icra sənədi) üzrə hesablanmış 42000 manat aliment borcunun 37241,69 (otuz yeddi min iki yüz qırx bir manat 69 qəpik) manat hissəsini ödəməkdən azad edilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya xidmətinin göstərilməsi və iddia tələbinə məhkəmədə baxılması üçün ödənilmiş cəmi 216 (iki yüz on altı) manat məbləğində məhkəmə xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-429/2023
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-429/2023
16.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver