Məhkəmə qərarları › İş №2(059)-435/2020

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-435/2020

11.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-435/2020 11.11.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əlavə xərcə cəlb edilərək, sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əlavə xərcə cəlb edilərək, sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin tutulub, xx xxxx 2025-ci il tarixədək, yəni 23 yaşına çatana qədər ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qətnaməsinə əsasən onun yetkinlik yaşına çatanadək saxlanması üçün atası Cavabdeh xx xxxxxxx 2010-cu il tarixdən başlamaqla, hər ay sonuncunun qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq anası X1 xeyrinə ödənilmişdir. Bundan sonra, o, xx xxxx 2020-ci il tarixdə yetkinlik yaşına çatdığına, yəni 18 yaşı tamam olduğuna görə sözügedən qətnamə ilə onun üçün müəyyən edilmiş alimentin ödənilməsi dayandırılmışdır. Bundan əlavə, o, hazırda Azərbaycan Dövlət Neft və X4 texnologiya fakültəsinin İİ kursunda ödənişli əsaslarla təhsil almaqla, hər il 1800 manat təhsil haqqı ödəyir. Aliment ödənişinin dayanması isə onun təhsilinin davam etməsini mümkünsüz etmişdir. Çünki, o, bu günə qədər ödənilən aliment sayəsində özünü maddi cəhətdən təmin edib yaşamışdır. Hazırda maddi çətinlik səbəbindən təhsilini davam etdirə bilmir. Belə ki, anası Brilyant Məmmədova onun təhsil haqqını çətinliklə də olsa, ödənilməsini təmin etsə də, qalan nəqliyyat və yaşayış xərclərini qarşılaya bilmir. Bu səbəbdən də, o və anası onun təhsilinə maddi yardım göstərməsi üçün dəfələrlə atası Cavabdeh müraciət etmiş, lakin, sonuncu bu müraciətlərə biganə yanaşıb, əhəmiyyət verməmişdir. Atasının hazırda onkoloji xəstəlikdən əziyyət çəkməsinə, habelə məhkəməyə ünvanlandığı etirazında bununla əlaqədar öz xərclərini qarşılaya bilmədiyini qeyd etməsinə baxmayaraq, sonuncu əvvəllər Azərbaycan Respublikası Dövlət X7 İB-nin NQÇİ-də sürücü kimi işləməklə, yüksək əmək haqqı almış, bundan sonra təqaüdə çıxmaqla, yüksək məbləğdə təqaüd almaqda davam etmişdir. Buna görə də, o, atasının verdiyi etirazı əsassız hesab etməklə, bunu atasının ona münasibətdə valideyn kimi xərclərdə iştirak etməkdən yayınmaq istəyi kimi qiymətləndirir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, Cavabdeh məhkəməyə ünvanlandığı etirazında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, iddiaçı övladının yetkinlik yaşına çatanadək saxlanması üçün aliment ödəsə də, hal-hazırda ağır onkoloji xəstə olduğu üçün buna maddi imkanı çatmır. Belə ki, o, hal-hazırda təqaüddə olmaqla, “kəskin perional absess, Dərin intonnasiya” diaqnozlu ağır onkoloji xərçəng xəstəsidir. Sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində ağır cərrahiyyə əməliyyatı keçirmişdir. Bundan əlavə, ömrünə çox az bir vaxt qalmışdır. Onun aldığı aylıq təqaüd heç özünə dərman almaq üçün çatmır. Dərman pulu və digər müalicə xərclərinin əksər hissəsini yaxınları ödəyir, artıq onlardan da yardım qəbul etməkdən utanıb, xəcalət çəkir. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 2002-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli, 2(059)-279/2010 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx xxxxxxx 2010-cu il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulmaqla, xx xxxx 2002-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün X3 ödənilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 768 nömrəli arayışdan görünür ki, İddiaçı bu universitetin kimya texnologiya fakültəsinin İİ kurs 309.19 saylı qrup tələbəsidir. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı yetkinlik yaşına çatdıqdan sonra təhsili ilə əlaqədar yaranmış xərclərin ödənilməsi barədə əlavə xərclərdə cavabdehin iştirakının təmin edilməsi predmetli iddia qaldırmışdır. Həmin məsələni tənzimləyən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsində təsbit edilmişdir ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Maddənin mənasından göründüyü valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Məhkəmə tərəfindən yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün tutulan alimentin miqdarı təyin edilərkən, tərəflərin ailə və maddi vəziyyəti, bütün gəlir mənbələri, habelə onların diqqətəlayiq başqa maraqları (aliment ödəyən valideynin əmək qabiliyyətinin olmaması; yetkinlik yaşına çatmış övladın ağır xəstəliyi səbəbindən müalicə, tutumlu xüsusi qida və qulluq göstərmə xərcləri; valideynin xüsusi qulluğa ehtiyacının olması; aliment alanın başqa valideyndən də aliment alması; aliment verəcək valideynin himayəsində digər övladlarının olması və s.) əsas götürülür. Bu zaman əsas meyar övladın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olmasıdır. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair xx xxxxxx 2015-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıbgətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda həmçinin qeyd etmişdir ki, təhsil cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayan, strateji əhəmiyyəti ilə fərqlənən fəaliyyət sahəsidir. Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. Belə ki, Konstitusiyanın 42-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun (bundan sonra - “Təhsil haqqında” Qanun) 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsil alanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Göründüyü kimi həm qanunvericiliyin istinad olunan normaları və həmin normaların bəzi müddəalarının şərh olunmasına dair Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə valideynlərdən ali təhsil haqqının ödənilməsi ilə bağlı əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsaitin tələb olunması yolverilməzdir. Bundan əlavə, məhkəmə iclasında yetkinlik yaşına çatmış İddiaçı əmək qabiliyyətinin olmaması, o cümlədən digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi, habelə bununla əlaqədar onun zəruri xərclərin qarşılanması üçün maddi yardıma ehtiyacının olması halı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “əlavə xərcə cəlb edilərək, sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə-iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 124-cü maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçının tələbi təmin edilməsə də, hazırkı tələblə çıxış etməsi onu dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasına daxil edir ki, bu zaman tələb rədd edilsə belə, dövlət nəfinə rüsumun tutulması istisna edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “əlavə xərcə cəlb edilərək, sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar