Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-455/2025 01.07.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı 02 sentyabr 2025-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından 15 dekabr 2016-cı il təvəllüdlü X8 adlı bir uşaqları doğulmuşdur. Hazırda iddiaçı uşağın maddi ehtiyaclarını qarşılamaq üçün cavabdehdən aliment tələb edir, cavabdeh isə iddianı qismən qəbul edir. İddia tələbi İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahından doğulmuş 15 dekabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 246 manat sabit pul məbləğində alimentin, eləcə də, ödənilmiş 60 manat məhkəmə xərcinin Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, 02 sentyabr 2025-ci il tarixdə cavabdehlə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından 15 dekabr 2016-cı il təvəllüdlü X8 adlı bir uşaqları doğulmuşdur. Məhkəməyə müraciət etməsinin səbəbi cavabdehlə xeyli müddətdir ayrı yaşamaları, habelə cavabdehin övladına könüllü maddi yardım etməməsidir. Buna görə də, məhkəmədən əvvəl Qusar 1 saylı Mediasiya təşkilatına müraciət edərək, bununla əlaqədar müvafiq rüsum olan 60 manat məbləğində pul ödəmişdir. Cavabdeh sessiyada iştirak etməmiş, habelə buna görə ona X4 iştirak etməsi barədə arayış təqdim edilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz edərək uzun müddətdir ki, “parkinson” xəstəliyindən əziyyət çəkdiyini, başından əməliyyat olunduğunu, daimi dərmanlardan istifadə etdiyi üçün hərəkət etməsinin çətinləşdiyini, tələb olunan aliment məbləğinin yüksək olduğunu bildirmiş və tələb olunan məbləğin azaldılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək və məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı olan qızı təxminən 3 ilə yaxın müddətdir ona məxsus evdə, cavabdehdən ayrı yaşayır. Bu müddət ərzində cavabdeh iddiaçı ilə birgə nikahdan doğulmuş azyaşlı övladının saxlanması üçün maddi yardım göstərsə də, bu hal mütəmadi baş verməməklə yanaşı, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiklərindən sonra 150 manat olmaqla, cəmi 500 manata yaxın məbləğ olmuşdur. Hazırda cavabdehin aylıq əmək haqqısını nəzərə alaraq iddia tələbini qismən müdafiə edir və nəvəsi Xəyal Cavadovun yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 160 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək və məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, o, iddia tələbini qismən qəbul edir, İddiaçı ilə birgə nikahından doğulmuş övladı 15 dekabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçının xeyrinə hər ay 160 manat məbləğində aliment ödəməyə etiraz etmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq Hüquqları haqqında” Qanun 5-ci maddəsinə əasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı 8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.4-1 və 8.4-2-cü bəndlərinə əsasən məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci ilin yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında 27 dekabr 2024-cü il tarixli Qanunu ilə 2025-ci il üçün ölkə üzrə yaşayış minimumunun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını təqdim etdikləri ərizələr və iş materialları ilə birgə araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 02 sentyabr 2015-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 024182 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 02 sentyabr 2015-ci il tarixdə 100 nömrəli aktı qeydi ilə nikahlarını bağlamış, nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Cavadova” soyadı verilmişdir. İşdə olan Siyəzən rayon Qeydiyyat şöbəsi tərəfindən 12 yanvar 2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 870976 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası X3 olan X8 15 dekabr 2016-cı il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyadan 21 may 2025-ci il tarixdə verilmiş 50 nömrəli arayışdan görünür ki, Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada tərbiyəçi müəllim işləyən Cavabdeh vergilər çıxıldıqdan sonra aylıq əmək haqqısı 629,58 manat təşkil edir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 15 dekabr 2016-cı il təvəllüdlü X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Məhkəmə, tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini və uşağın əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşağın minimum maddi təminat almaq hüququnu, eyni zamanda alimentin məbləği barədə tərəflərin razılığını nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, 15 dekabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 05 may 2025-ci il tarixdə məhkəməyə müraciət edildiyi nəzərə alınmaqla həmin tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,4 misli həddində (hazırki halda 400x0,4=160 manat) sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə-iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən tələb edilən 60 (altımış) manat mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş xərc Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün İddiaçı ödəməkdən azad edildiyi 39,20 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 15 dekabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 05 may 2025-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (400 manat) 0,4 misli həddində (hazırki halda 400x0,4=160 manat) sabit pul məbləğində aliment tutulmalı, həmçinin 60 (altımış) manat mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş xərc Cavabdeh alınaraq İddiaçı, İddiaçı ödəməkdən azad edildiyi 39,20 manat dövlət rüsumu isə dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. 15 dekabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 05 may 2025-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən 60 (altımış) manat mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş xərc Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddiaçı ödəməkdən azad edildiyi 39,20 (otuz doqquz manat iyirmi qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günel Quluzadə
Məhkəmə qərarları › İş №2(059)-455/2025
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-455/2025
01.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver