Məhkəmə qərarları › İş №2(059)-516/2024

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-516/2024

03.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-516/2024 03.07.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclası 03 iyul 2024-cü il tarixə, saat 15:40-a təyin edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, zərurət yarandığına görə iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etdi. Cavabdeh məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə hesab edir ki, İddiaçı sonuncu ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci bəndinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə qeyd edir ki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci bəndinə əsasən iddiaçı hazırkı iddia tələbi üzrə dövlət rüsumu ödəmədiyinə görə ona bu rüsumun qaytarılması da istisna olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. İddiaçı Cavabdeh qızına qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar