Məhkəmə qərarları › İş №2(059)-533/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-533/2022

03.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-533/2022 03.10.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "nəvələrinin saxlanması üçün alimentin tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "nəvələrinin saxlanması üçün alimentin tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqların maddi vəziyyətləri dəyişənə qədər 19 iyul 2013-cü il təvəllüdlü X3 və 10 may 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehlərdən müştərək qaydada və ya hər birindən hər ay 130 manat məbləğində olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Siyəzən rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qətnaməsinə əsasən birgə nikahından doğulmuş 19 iyul 2013-cü il təvəllüdlü X3 və 10 may 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 17 dekabr 2021-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin X1 alınaraq onun xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edildiyi vaxtdan, yəni 17 dekabr 2021-ci tarixdən bu günədək, Fəsad Məcidov cəmi 260 manat ödəniş etmiş, nəticədə onun 1820 manat aliment borcu qalmışdır. Quba rayon icra və probasiya şöbəsi tərəfindən mövcud icra qanunvericiliyinə müvafiq olaraq, alimentin ödənilməsi məqsədilə nəzərdə tutulmuş bütün icra hərəkətləri yerinə yetirilmiş, o cümlədən Fəsad Məcidovun ümumi və şəxsi əmlaklarının mövcudluğu yoxlanılmış, lakin, sonuncuya aid tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak müəyyən olunmamışdır. Həmçinin, o, müxtəlif aidiyyəti orqanlara müraciət etsə də, cavabdeh Fəsad Məcidov aliment ödəməyə maddi imkanının olmadığını bildirmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məlum olur ki, o, Fəsad Məcidovdan nə hər ay ödəməli olduğu alimentin miqdarını, nə də ki 1820 manat məbləğində aliment borcunu ala bilməyəcəkdir. Dəfələrlə borclunun ata və anasından nəvələrinin saxlanılması üçün ona maddi köməklik etmələrini xahiş etsə də, sonuncular maddi imkanlarının olmasına baxmayaraq, nəvələrini saxlamaqdan boyun qaçırmışlar. Hazırda maddi imkanlarının olmaması səbəbindən uşaqların təhsilini dayandırmaq məcburiyyətində qalacaqdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, cavabdehlər hazırda əmək pensiyası alırlar. Fəsad Məcidovun hazırda harada işləməsinə dair heç fikri olmasa da, sonuncu bu günədək təxminən 300 manat məbləğində aliment ödənişi etmiş, habelə hazırkı vaxtda ona aliment borcu vardır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, bu günədək aliment ödənişini nağd formada həyata keçirmiş, hissə-hissə olmaqla, təxminən cəmi 500-600 manat ödəniş etmişdir. Valideynlərinin hər ikisi əlil olmaqla, pensiyaçıdırlar. Hazırda, özəl sektorda, yəni "xxxx" MMC-də gözətçi işləyərək 400 manat əmək haqqı alır. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Fəsad Məcidovun izahatlarını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Siyəzən rayon İHB Yenikənd İƏD üzrə nümayəndəliyi tərəfindən 01 avqust 2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 118176 nömrəli və Şabran rayon qeydiyyat şöbəsi tərəfindən 15 may 2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 120460 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, müvafiq olaraq ataları X5, anaları İddiaçı olan X6 19 iyul 2013-cü il tarixdə Siyəzən şəhərində, X7 isə 10 may 2018-ci il tarixdə Şabran şəhərində doğulmuşlar. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(059)-101/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilməklə, tərəflərin birgə nikahından doğulmuş 19 iyul 2013-cü il təvəllüdlü X3 və 10 may 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 17 dekabr 2021ci il tarixdən başlayaraq, X1 İddiaçı xeyrinə hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə iclasında proses iştirakçılarının izahatları, tədqiq olunmuş mötəbər sübutlar, həmçinin qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən olundu ki, İddiaçı ilə Fəsad Məcidov 26 sentyabr 2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş və bu nikahdan 19 iyul 2013-cü il tarixdə İlahə adlı qız, 10 may 2018-ci il tarixdə İslam adlı oğlan övladları doğulmuş, habelə onlar evliliklərinin ilk dövrlərində mehriban yaşasalar da, münasibətlərinin pozulması ilə əlaqədar 10 avqust 2020-ci il tarixdən birgə təsərrüfat idarə etməməklə, ayrı-ayrı ünvanlarda yaşamağa başlamışlar. Bundan sonra, İddiaçı tələbi ilə Siyəzən Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qətnaməsi əsasında üçüncü şəxs Fəsad Məcidovdan birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün iddiaçının xeyrinə cəmi 260 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bundan əlavə, hazırda İddiaçı üçüncü şəxs Fəsad Məcidovun alimentin ödənilməsi ilə bağlı öhdəliklərini lazımınca icra edə bilməməsini, bununla əlaqədar sonuncunun aliment borcunun yarandığını, həmçinin cavabdehlərin yetərincə maddi vəsaitə malik olmalarına baxmayaraq, onların nəvələrini saxlamaqdan boyun qaçırdıqlarını, bu səbəbdən də maddi çətinliklərə məruz qaldığını əsas gətirməklə, məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəf iddia üzrə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Belə ki, iddiaçı ərizəsində yetkinlik yaşına çatmayan nəvələrin saxlanması üçün öz valideynlərindən (ata və anadan) maddi yardım ala bilməməsini və cavabdehlərin isə kifayət qədər zəruri vəsaitə malik olmasını vurğulasa da, bu halları təsdiq edə biləcək mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. Bundan başqa, uşaqların atası olan üçüncü şəxs Fəsad Məcidovun "xxxx" MMC-də gözətçi işləməklə, aylıq qazanca malik olması, eləcə də qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qətnaməsi ilə aliment ödənişlərini hissəhissə icra etməsi, habelə bu halın İddiaçı özü tərəfindən də məhkəmə iclasında etiraf edilməsi, eyni zamanda ötən müddət ərzində ata və ananın aliment ödənişləri ilə bağlı icra qaydasında hər hansı kəskin mübahisələrinin olmaması onların birgə nikahından doğulmuş 19 iyul 2013-cü il təvəllüdlü İlahənin və 10 may 2018-ci il təvəllüdlü İslamın saxlanmaları üçün öz valideynlərindən maddi yardım ala bilmələrinə dəlalət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı "nəvələrinin saxlanması üçün alimentin tutulması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə-iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, eləcə də iddiaçı məhkəmə xərcindən azad edilmiş şəxslər kateqoriyasından olduğundan bu hallar dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı "nəvələrinin saxlanması üçün alimentin tutulması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar