Məhkəmə qərarları › İş №2(059)-57/2024

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-57/2024

08.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-57/2024 08.07.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil, Siyəzən Rayon İcra Hakimiyyəti aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X12, Siyəzən şəhər Ş.İsmayılov adına 3 nömrəli tam orta məktəbin nümayəndəsi X5 iştirakları ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin tutulması” tələbinə dair ilk, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə baxış iclasında baxaraq, müəyyən etdi: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin tutulması” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən yetkinlik yaşına çatmayan 01 oktyabr 2012-ci il təvəllüdlü X9 və 27 iyun 2016-cı il təvəllüdlü X2 üçün hər uşağa hər ay 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında Siyəzən rayon İHB-nin Yenikənd İƏV üzrə nümayəndəliyində 03 oktyabr 2011-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 29 nömrə ilə qeyd edilmiş nikahın vaxt verilmədən pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, Cavabdehlə 03 oktyabr 2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla, evlənmiş və bu nikahdan 01 oktyabr 2012-ci il tarixdə Elnurə, 27 iyun 2016-cı il tarixdə Sübhanə adlı övladları doğulmuşdur. O, hazırda heç yerdə işləmir, həmçinin övladlarının təhsili ilə bağlı xərcləri ödəməkdə çətinlik çəkir. Cavabdeh övladları ilə maraqlanmır, habelə uşaqlarının bütün xərclərini özü qarşılamışdır. Eyni zamanda, cavabdehin maddi cəhətdən yaxşı imkana malik olsa da, onlara maddi yardım etmək istəmir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, İddiaçı ilə 03 oktyabr 2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla, evlənmiş və bu nikahdan 01 oktyabr 2012-ci il tarixdə Elnurə, 27 iyun 2016-cı il tarixdə Sübhanə adlı övladları doğulmuşdur. O, artıq xeyli müddətdir qarşı tərəflə ayrı yaşayırlar. Belə ki, İddiaçı övladlarını da götürüb ata evinə getmişdir. O, barışaraq yenidən bir ailə kimi yaşamağı düşünsə də, cavabdehin mediasiya qurumuna və məhkəməyə müraciət edərək ondan aliment tələb etməsi cavabdehin barışmaq fikrinin olmamasını göstərir. Beləliklə, nikahları formal xarakter daşıyır və bundan sonra barışıb ailə kimi yaşamaları mümkün deyildir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qismən müdafiə etdiyi ilk iddia ərizəsində göstərilənləri təsdiq etməklə, qarşılıqlı iddia tələbini isə qəbul edərək izahatında göstərdi ki, o, hazırda hər ay hər uşağa görə 190 manat olmaqla, ümümilikdə 380 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə ödənilməsini istəyir. Siyəzən Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 16(059)-4/2024 saylı qərardadı ilə tutulmalı olan alimenti cavabdeh hər ay vaxtlı-vaxtında tam ödəmiş, heç vaxt gecikməsi olmamışdır. Birgə yaşadıqları dövrdə cavabdehin aylıq qazancı 600 manat təşkil etmiş, habelə ailənin əlavə gəlir mənbəyi kimi Yenikənd kəndində şəxsi mal-qara təsərrüfatı olmuşdur. O, özü isə heç yerdə işləmir. Bundan başqa, aralarındakı nikahın pozulmasına o, da razıdır. Belə ki, 2023-cü ilin may ayından cavabdehdən ayrı yaşayır, habelə həmin vaxtdan uşaqlar onunla birlikdə ata evində qalmaqdadırlar. Hər iki övladı Siyəzən şəhər Ş.İsmayılov adına 3 nömrəli tam orta məktəbdə təhsil alır. Qızlarından böyüyü Elnurə altıncı, kiçiyi Sübhanə isə ikinci sinfi bitirmişdir. Hər iki övladı dərslərini yaxşı oxuyur. O, nikah pozulduqdan sonra uşaqlarının onun yanında qalmasını istəyir. Odur ki, ilk iddia tələbinin qismən, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasına razıdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı ilk iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, təmsil etdiyi şəxs ilk iddia üzrə iddiaçının xeyrinə hər ay hər uşağa görə 130 manat olmaqla, ümümilikdə 360 manat aliment ödəməyə razıdır. Uşaqların anaları ilə qalmalarına isə etirazları yoxdur. Odur ki, ilk iddia tələbinin qismən təmin edilməsinə etiraz etməyərək, qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Siyəzən şəhər Ş.İsmayılov adına 3 nömrəli tam orta məktəbin nümayəndəsi X5 iştirakı ilə dinlənilmiş yetkinlik yaşına çatmayan X13 göstərdi ki, o, Siyəzən şəhər 3 saylı tam orta məktəbin 6-cı sinfində təhsil alır və tədris fənlərinin əksəriyyətindən “5” qiyməti almaqla, dərslərini orta səviyyədə oxuyur. Hal-hazırda anası ilə qalır, valideynləri arasındakı nikah pozulacağı təqdirdə o, anası İddiaçı yanında qalmaq istəyir. Atasını çox istəməsə də, onunla mobil telefon vasitəsilə əlaqə saxlayır. Valideynləri bir ildən çoxdur ayrı yaşayırlar. Bununla belə, valideynləri barışmağa razı olarsa, o da geri qayıtmağa razıdır. O, atası ilə qalmaq istəmir, buna səbəb həmyaşıdları ilə oyun oynadıqları zaman atasının onun üzərinə çox səs-küy saldıqları üçün qışqırmasıdır. Anası tərəfindən onun qida, geyim və digər ehtiyacları qarşılanır. Həmçinin anası İddiaçı orta təhsilli olsa da, onların dərsləri və digər ehtiyacları ilə məşğul olur. Onlar hal-hazırda Siyəzən şəhərində baba və nənələri ilə birlikdə qalırlar. Habelə, hazırda ana babalarının evində xoşbəxt və mehriban yaşayırlar. Məhkəmə iclasında iştirak edən Siyəzən şəhər Ş.İsmayılov adına 3 nömrəli tam orta məktəbin nümayəndəsi X5 iştirakı ilə dinlənilmiş yetkinlik yaşına çatmayan X10 göstərdi ki, o, Siyəzən şəhər 3 saylı tam orta məktəbin ikinci sinfində təhsil alır. Hal-hazırda o, bacısı Elnurə və anası Günellə birgə ana babasının evində qalır. Atasını çox istəmir, nikah pozulacağı təqdirdə o, anası İddiaçı yanında qalmaq istəyir. Məhkəmə iclasında iştirak edən Siyəzən şəhər Ş.İsmayılov adına 3 nömrəli tam orta məktəbin nümayəndəsi X8 bildirdi ki, uşaqları şəxsən tanımasa da Elnurə Ağayevanın təhsil aldığı sinif yaxşı sinifdir və bu günədək onunla bağlı heç bir şikayət eşitməmişdir. Hesab edir ki, yetkinlik yaşına çatmayanların hər ikisi qız uşağı olduqları üçün onların anaları İddiaçı yanında qalmaları daha məqsədəmüvafiqdir. Məhkəmə iclasında iştirak edən Siyəzən Rayon İcra Hakimiyyəti aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 rəyi müdafiə edərək bildirdi ki, mübahisəli məsələ Komissiyada da araşdırılmış, nəticədə 01 oktyabr 2012-ci il təvəllüdlü X9 və 27 iyun 2016-cı il təvəllüdlü X7 anaları İddiaçı himayəsinə verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını, eləcə də yetkinlik yaşına çatmayan uşaqların fikirlərini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia tələbi qismən və qarşılıqlı iddia tələbi isə tam təmin edilməlidir. Belə ki, Siyəzən rayonu İHB-nin Yenikənd İƏV üzrə nümayəndəliyi tərəfindən 03 oktyabr 2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 696715 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı 03 oktyabr 2011-ci il tarixdə, 29 saylı akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər və arvad öz soyadlarında qalmışlar. İşdə olan Siyəzən rayonu İHB-nin Yenikənd İƏD üzrə nümayəndəliyi tərəfindən 10 dekabr 2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 955171 nömrəli doğum haqqında şəhadətnamənin, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 02 noyabr 2023-cü il tarixdə verilmiş 265 nömrəli arayışın surətlərindən görünür ki, müvafiq olaraq atası Cavabdeh, anası İddiaçı olan X13 01 oktyabr 2012-ci il tarixdə, X10 isə 27 iyun 2016-cı il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" ASC-də qablaşdırıcı işləməklə, aylıq 345 manat əmək haqqı alır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, Siyəzən rayonunun Yenikənd kəndində yerləşən, ümumi sahəsi 0,10 ha olan 1 ədəd həyətyanı torpaq sahəsi mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyata alınmışdır. İşdə olan Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Aparatının Qəyyumluq və himayəçilik üzrə komissiyasının 29 aprel 2024-cü il tarixli rəyindən görünür ki, Komissiya, göstərilənləri, uşaqların mənafelərini, onların bir-birilərinə və analarına olan bağlılığını, həmçinin uşaqlardan Elnurənin, tərəflərin izahatlarını nəzərə alaraq, 01 oktyabr 2012-ci il təvəllüdlü X9 və 27 iyun 2016-cı il təvəllüdlü X7 anaları İddiaçı himayəsində yaşamasını məqsədəmüvafiq hesab etmişdir. Eyni zamanda, 01 oktyabr 2012-ci il təvəllüdlü X4 rəyə əlavə edilmiş 01 fevral 2024cü il tarixli izahatında anası İddiaçı yanında qalmaq istədiyini bildirmiş, həmçinin Cavabdeh da, 02 fevral 2024-cü il tarixli izahatında nikah pozulduqdan sonra uşaqların anaları İddiaçı yanında qalmalarına etiraz etmədiyini qeyd etmişdir. İşdə olan 08 aprel 2024-cü il tarixli aktdan görünür ki, İddiaçı mənzil-məişət şəraitinə baxış keçirilərək, yaşadığı birmərtəbəli, üç otaq və mətbəxdən ibarət yaşayış evinin orta təmirli olması, həmçinin bu evin su, işıq və qazla təchiz edilməsi müəyyən edilmişdir. Belə ki, İddiaçı bildirdiyinə görə fərdi yaşayış evi onun atasına məxsusdur. Bu mənzildə yaşayış üçün zəruri əşyalar vardır. Hamam və sanitar qovşağı evdən kənarda həyətyanı sahədə inşa edilmiş və evdə yaşayanların ümumi istifadəsindədir. Eyni zamanda, burada İddiaçı, onun atası X15, anası X6 və yetkinlik yaşına çatmayan övladları Elnurə və Sübhanə olmaqla, cəmi 5 nəfər yaşayır, habelə onların bir-birilərinə qarşı olan münasibətləri səmimi və mehribandır. İşdə olan 15 oktyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı mediasiya xidmətinin göstərilməsi üçün 60 manat məbləğində məhkəmə xərci ödəmişdir. İşdə olan 28 noyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh nikahın pozulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə görə, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda, nikah məhkəmə qaydasında pozulur. Bu Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Qeyd olunan Məcəllənin 21.3-cü maddəsinə əsasən nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə razılıq ərizəsi verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. İşdən görünür ki, nikahın pozulması tələbinə dair hazırkı ilk iddia ərizəsi 14 noyabr 2023-cü il tarixdə, nikahın pozulması ilə bağlı razılıq ərizəsi isə 10 yanvar 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixlərdən 1 (bir) aydan artıq müddət keçmişdir. Həmçinin, məhkəmə hesab edir ki, tərəflərin nikahın pozulmasına qarşılıqlı razılığı olduğundan, onlar arasındakı nikah Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.1-ci və 22.2.2-ci maddələrinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün aliment hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasındakı ər-arvad münasibətləri xeyli müddətdir ki, kəsilmiş, onlar birgə yaşamırlar və ailə faktiki olaraq dağılmışdır. Tərəflərin birgə nikahından doğulmuş 01 oktyabr 2012-ci il təvəllüdlü Elnurə və 27 iyun 2016-cı il təvəllüdlü Sübhanə anaları, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı yanında yaşamaqla, uşaqlar valideynləri arasında nikah pozulduğu təqdirdə, analarının yanında qalmaq istədiklərini bildirmiş, habelə bu istəklərinin səbəbini dolğun, səlis ifadə edə bilmişlər. Həmçinin, Siyəzən Rayon İcra Hakimiyyətinin qəyyumluq və himayəçilik komissiyası da iş üzrə müvafiq rəy verərək Elnurə Ağayevanın və Sübhanə Ağayevanın anaları İddiaçı himayəsində saxlanılmalarını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinə müvafiq olaraq valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır (maddə 43). Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir (maddə 49.2-49.3). Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir (maddə 51.2). Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər (maddə 52). Məcəllə həmçinin müəyyən edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər (maddə 56.1). Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (maddə 58.2). Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz (maddə 60.1). Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar (maddə 60.2). Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir (maddə 60.4). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq olaraq uşaqların hüquq və mənafeləri ilə bağlı mübahisələrin həlli zamanı mübahisə ilə mənafelərinə toxunulan uşaqların fikrinin öyrənilməsi uşağın təhsil aldığı müəssisənin nümayəndəsinin iştirakı ilə aparılır. Zəruri halda həmin iclasda uşağın valideynləri, övladlığa götürənlər, qəyyum və ya himayəçi də iştirak edə bilər. Göstərilən şəxslər sədrlik edənin icazəsi ilə uşağa suallar verə bilərlər (maddə 192.3). Bununla yanaşı, Ailə Məcəlləsinin 52-ci maddəsinin və Mülki Prosessual Məcəlləsinin 192.3-cü maddəsinin tələblərini təmin etmək üçün 01 oktyabr 2012-ci il təvəllüdlü Elnurənin və 27 iyun 2016-cı il təvəllüdlü Sübhanənin, eləcə də təhsil müəssisəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakları təmin edilmiş, uşaqlar anaları İddiaçı yanında qaldıqlarını, sonuncunun onların maddi və mənəvi tələbatlarını ödədiyini, halhazırda da ödəməkdə davam etdiyini, bundan sonra da seçdikləri valideynlərinin (analarının) yanında yaşamaq istədiklərini bildirmişlər. Məhkəmənin qənaətinə görə, ailə qanunvericiliyinin yuxarıda sadalanan normaları baxımından bu cür mübahisələr ilk növbədə uşaqların hüquq və mənafelərinə uyğun həll edilməli, yetkinlik yaşına çatmayan uşaqlar valideynlər arasında yaranmış mübahisə və ədavətin qurbanına çevrilməməlidir. Bu baxımdan yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşaqların üstün mənafeyi rəhbər tutulmaqla, yanaşı uşaqların yaşları, onların fikirləri, uşaqların valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı, valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri, valideynlərdən hər biri ilə uşaqlar arasında yaranmış münasibətlər, uşaqların tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla), ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar nəzərə alınmalıdır. Bundan başqa, ailə qanunvericiliyində ailə tərbiyəsi ilə əlaqədar hərəkətlərin və əməllərin mümkün olan hədləri müəyyən olunur. Bu elə bir istiqamətdir ki, onu həm gündəlik həyatda, həm də uşaqların tərbiyəsi ilə əlaqədar yaranmış mübahisənin və sualların həlli zamanı tutmaq lazımdır. Belə ki, qanunvericilik diqqəti ona yönəldir ki, valideynlər üçün əsas amil öz maraqlarının deyil, uşaqlarının bir şəxsiyyət olaraq maraqlarının təmin edilməsi olmalıdır. Valideynlər uşaqlarının hüquq və mənafelərinin ziyanına həyata keçirilən özlərinin hüquq və vəzifələrinə görə məsuliyyət daşıyırlar. Bununla belə bu halda tək valideyn hüquqlarından sui-istifadə deyil, həm də valideynlərin uşaqlarının hüquq və mənafelərinə ziyan vuran, yaxud ziyan vura biləcək digər hərəkət və əməlləri nəzərdə tutulur. Valideynlərin qayğısından yararlanmaq uşaqların hüququ olduğu kimi uşaqların təlimtərbiyəsi ilə onların şəxsiyyət kimi formalaşmasını və inkişaf etməsi üçün zəruri şəraitin yaradılmasını təmin etmək valideynin borcudur. Övladın kamil şəxsiyyət kimi formalaşması üçün fiziki cəhətdən sağlam mənəvi inkişafına görə valideynlər məsuliyyət daşıyırlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 7 və 7.1-ci bəndinə əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ərarvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Eləcə də, bununla bağlı tələb olarsa, ər-arvadın birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı və əmək qabiliyyəti olmayan arvadın (ərin) saxlanması üçün ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Bu qərarın 7.4-cü bəndinə əsasən uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədəmüvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud “qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmçinin, məhkəmə, Siyəzən Rayon İcra Hakimiyyəti yanında qəyyumluq və himayəçilik komissiyası tərəfindən iş üzrə verilmiş rəyə qiymət verərək qeyd edir ki, verilmiş rəy kifayət qədər əsaslandırılmaqla tərtib edilmiş, habelə bu zaman uşaqların mənafeləri, onların analarına və bir-birinə olan bağlılıqları, tərəflərin özlərinin, eləcə də uşaqlardan Elnurənin komissiyaya yazdığı izahatı nəzərə alınıb, uşaqların daha çox bağlılıqları olduqları anaları ilə qalmaları məqsədəmüvafiq hesab edilərək, bunun onların mənafeyinə xidmət edəcəyi göstərilmişdir. Bu səbəbdən də, həmin rəy əsaslı hesab edilməklə, mötəbər sübut kimi qəbul edilməli və nəzərə alınmalıdır. Eyni zamanda, Elnurənin və Sübhanənin valideyni, anaları İddiaçı ilə qaldıqları müddətdə sonuncunun uşaqlarının əxlaqi və digər şəxsi keyfiyyətlərinin mənfi istiqamətdə inkişafına rəvac verməsi, onların inkişafları və tərbiyələri üçün şərait yaratmaması kimi hallar da müşahidə edilməməklə, yanaşı bunun əksi məhkəmə iclasında sübut edilməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş 01 oktyabr 2012-ci il təvəllüdlü Elnurə və 27 iyun 2016-cı il təvəllüdlü Sübhanə anaları, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı himayəsində və yanında saxlanılmalıdır. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Adı çəkilən Məcəllənin 100.2-ci maddəsinə görə isə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında 05 dekabr 2023-cü il tarixli Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2024-cü il üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 01 oktyabr 2012-ci il təvəllüdlü X9 və 27 iyun 2016-cı il təvəllüdlü X2 üçün ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Həmçinin, qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 16(059)-4/2024 saylı qərardadı ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin tutulması” tələbinə dair ilk, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə 2(059)-57/2024 saylı mülki işdə məhkəmə qətnaməsi çıxarılanadək, 01 oktyabr 2012-ci il təvəllüdlü X9 və 27 iyun 2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh ərizəçi İddiaçı xeyrinə hər ay, hər uşaq üçün 190 manat olmaqla, cəmi 380 manat sabit pul məbləğində alimentin tutulması və alimentin tutulmasının əvvəlinin 25 yanvar 2024-cü il tarixdən hesablanması, qərardadın icrasının Siyəzən rayon icra və probasiya şöbəsinə tapşırılması, qərardadın təmin edilən hissədə dərhal icra edilməsi qərara alınmışdır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən, qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. İşin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasında 2024-cü il üçün uşağa münasibətdə yaşayış minimumunun 235 manat müəyyən edilməsinə baxmayaraq, ilk iddia üzrə cavabdehin aylıq aldığı 345 manat əmək haqqı məbləği, həmçinin bu məbləğlə onun, eləcə də ilk iddia üzrə iddiaçının himayəsində olan uşaqların saxlanılması zərurəti, eləcə də tərəflərin diqqətəlayiq maraqları, həmçinin mülkiyyətində daşınmaz əmlakın (1 ədəd həyətyanı torpaq sahəsi) olması, eyni zamanda ilk iddia üzrə iddiaçının qadın olmaqla, müəyyən işlərdə işləmə imkanının məhdudluğu nəzərə alınsa, sosial ədalət nöqteyi-nəzərdən qeyd olunan yaşayış minimumunun tutulması məqsədəmüvafiq deyildir. Belə ki, tərəflərin ümumi nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlaması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşaqların maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürülməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək, həmçinin tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması vacibliyini, eləcə də uşaqların valideynlərindən təminat almaq hüququnu nəzərə alaraq hesab edir ki, ilk iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə əsaslı olduğundan təmin edilməli, 01 oktyabr 2012-ci il təvəllüdlü X9 və 27 iyun 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 14 noyabr 2023-cü il tarixdən başlayaraq, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə hər ay, hər uşaq üçün 190 manat olmaqla, cəmi 380 manat sabit pul məbləğində aliment (“müvəqqəti təminat tədbirinin tətbiqi barədə” Siyəzən Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 16(059)-4/2024 saylı qərardadı ilə tutulan aliment nəzərə alınmaqla) tutulmalı, eləcə də qətnamə aliment tutulmasına dair hissədə dərhal icra edilməlidir. Eyni zamanda, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında Siyəzən rayonu İHB-nin Yenikənd İƏV üzrə nümayəndəliyində 03 oktyabr 2011-ci il tarixdə, 29 saylı akt qeydi ilə bağlanmış nikah pozulmalı, onların birgə nikahından doğulmuş 01 oktyabr 2012-ci il təvəllüdlü X13 və 27 iyun 2016-cı il təvəllüdlü X10 anaları, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı himayəsində və yanında saxlanılmalıdır. Həmçinin, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsinə münasibətdə qeyd edilir ki, tələb bu hissədə iddiaçı tərəfdən müdafiə edilmədiyindən, eləcə də sübutlarla təsdiq olunmadığından təmin edilməsi istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sözügedən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bu Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş cəmi 60 manat məhkəmə xərcinin tutulması həm ilk iddia ərizəsində, həm də məhkəmə iclasında ilk iddia üzrə iddiaçı tərəfindən ilk iddia üzrə cavabdehdən tələb edilmədiyindən həmin məbləğ ilk iddia üzrə iddiaçının özünə aid edilməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən tələb edilmədiyindən həmin məbləğ qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin, məhkəmə hesab edir ki, ilk iddia tələbi qismən təmin edildiyinə görə tələbin təmin edilmiş hissəsinin məbləğinə mütənasib olaraq, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı azad edildiyi 72,80 manat dövlət rüsumunun 86%-i, yəni 62,61 manatı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qət etdi: İlk iddia qismən təmin edilsin. 01 oktyabr 2012-ci il təvəllüdlü X9 və 27 iyun 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 14 noyabr 2023-cü il tarixdən başlayaraq, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə hər ay, hər uşaq üçün 190 manat olmaqla, cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment (“müvəqqəti təminat tədbirinin tətbiqi barədə” Siyəzən Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 16(059)-4/2024 saylı qərardadı ilə tutulan aliment nəzərə alınmaqla) tutulsun. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icraya yönəldilsin. İlk iddia qalan hissədə təmin edilməsin. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı azad edildiyi 72,80 manat dövlət rüsumunun 86%-i, yəni 62,61 (altmış iki manat 61 qəpik) manatı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qarşılıqlı iddia təmin edilsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında Siyəzən rayonu İHB-nin Yenikənd İƏV üzrə nümayəndəliyində 03 oktyabr 2011-ci il tarixdə, 29 saylı akt qeydi ilə bağlanmış nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş 01 oktyabr 2012-ci il təvəllüdlü X13 və 27 iyun 2016-cı il təvəllüdlü X10 anaları, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı himayəsində və yanında saxlanılsın. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh özünə aid edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar